Orta əsrlərdə Azərbaycanda zərgərlik və metalişləmə

 

Azərbaycan xalqının yaratdığı zəngin, çoxşaxəli və təkrarsız mədəni dəyərlərin mühüm bir hissəsi orta əsrlərin payına düşür. Həmin dövrdə sənətkarlıq Azərbaycanın iqtisadi həyatında mühüm rol oynamış, yerli əhalinin məişətinə və mədəniyyətinə geniş daxil olmuşdur. Bunu istər yazılı mənbələrdə, istərsə də arxeoloji qazıntıların nəticələrində görmək olar. Yazılı mənbələrdən əldə edilən məlumatlar və arxeoloji dəlillər müsəlman Şərqinin sənətkarlığı üçün səciyyəvi olan bütün sənət sahələrinin Azərbaycanda fəaliyyət göstərdiyini təsdiqləyir. Məsələn, Beyləqan şəhərində XI-XII əsrlərdə 30-dan çox sənət və peşə sahələrinin mövcud olduğu aşkar edilmişdir. Sənətkarlıq sahələri arasında metalişləmə aparıcı yer tuturdu. Bu sənətin inkişafı, eyni zamanda, əkinçiliyə, hərb sənətinə və digər sahələrə də müsbət təsir göstərirdi.

Metalişləmə sənəti azərbaycanlı ustaların öz istedadlarını bütün dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır. Çox qədimlərdən burada dəmir, mis, qızıl, gümüşs. metallardan müxtəlif məişət və zinət əşyaları hazırlanmışdır. Bunu məşhur tarixçi Moisey Kalankatlının (VII əsr) əsərləri, Azərbaycanda olmuş əcnəbi səyyahların qeydləri və bu gün dünyanın ən məşhur muzeylərini bəzəyən yüksək dəyərli bədii məmulatlar və məişət əşyaları da təsdiqləyir.

Metalişləmə sənəti dəmirçilik, misgərlik, zərgərlik və metalın bədii işlənməsi qruplarına ayrılır.

- Dəmirçilik metalişləmənin aparıcı sahələrindən olub, adından da göründüyü kimi, dəmir məmulatı istehsal edir. Bura silah, məişətdə və kənd təsərrüfatında istifadə olunan alət və ləvazimatları, bəzək əşyaları və aksesuarları da aid edə bilərik.

Orta əsrlərdə tez-tez baş verən xarici basqınlar və daxili feodal müharibələri sənətkarlıqda silah istehsalının xüsusi yer tutmasına səbəb olmuşdur. Silahların hazırlanmasına mahir ustalar cəlb olunur və kütləvi şəkildə müxtəlif növ silah istehsal olunurdu. Ona görə də orta əsr abidələrindən axeoloji qazıntılar nəticəsində başqa maddi-mədəniyyət qalıqları ilə birlikdə xeyli silah növləri aşkar olunmuşdur. Orta əsr abidələrində arxeoloji qazıntılar zamanı tapılmış nizə ucluqları bir neçə nümunə ilə təmsil olunur. Onlar uca doğru sivriləşən yarpaqvarı və konusvarı formalıdırlar. Nizə ilə yanaşı, döyüş silahı kimi qılınc və xəncərdən geniş istifadə edilirdi.

Qılınc tunc dövründə meydana gəlmişdir. Əlbəyaxa döyüşdə digər soyuq silahlarla yanaşı, ikiağızlı xəncərlər də başlıca yer tuturdu. “Şirvanşahlar Sarayı Kompleksi “Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin ekspozisiyasında maraqlı qılınc nümunələri sərgilənmışdir.

İkili səciyyə daşıyan xəncərdən həm hücum, həm də müdafiə məqsədilə istifadə olunmuşdur. Qılınc kimi xəncər də qında gəzdirilirdi. Bu məqsədlə xəncərin qınının yuxarı hissəsinə xüsusi olaraq metal “bənd” düzəldilib bərkidilirdi. Keçmişdə xəncər yaraq olmaqdan əlavə, həm də kişilərin ənənəvi üst geyim dəstini tamamlayan dekorativ bəzək növü sayılırdı. Bu səbəbdən də qınının və qəbzəsinin yaraşıqlı görünməsinə xüsusi diqqət yetirilirdi. Çox vaxt onların səthi zərgərlik üsulu ilə bəzədilirdi. Adətə görə, keçmişdə həddi-büluğa çatandan sonra bütün kişilər yanlarında xəncər gəzdirirdilər. Şirvanşahlar Sarayı Kompleksinin ekspozisiya zalında sərgilənən qılınc və xəncərlər Kubaçi (türkcə adı Kubaçi olan Zirehgeran kəndi) silah ustaları tərəfindən hazırlanmış ən gözəl silah nümunələrindəndir. Belə silahların hazırlanmasında zərgərliyin bütün bədii və texniki üsullarından istifadə edilirdi.

Bakıda arxeoloji qazıntılar zamanı aşkar edilən XIV-XVII əsrlərə aid məzar daşlarının üzərində ox, kaman, qalxansair silahlarla yanaşı, qılınc və xəncər rəsmləri də təsvir edilmişdir. Döyüşçülərə aid edilən başdaşılarındakı silahlar arasında qılınc və xəncərin olması həmin dövrdə ordu heyətində bu növ silahlardan kütləvi şəkildə istifadə edilməsi haqqındakı tarixi mənbələrin məlumatını təsdiq edir. Bu silahlar adətən, dəstəklə birlikdə hazırlanır və dəstəyinin üzərinə ağacya sümükdən sap bərkidilirdi. Bu cür silah növlərinə Beyləqanda aparılmış arxeoloji qazıntılar zamanı rast gəlinmişdir. 1938-1939-cu illərdə Şirvanşahlar sarayının həyətində Seyid Yəhya Bakuvinin məqbərəsi yanında aparılan arxeoloji qazıntılar zamanı 4 metr dərinlikdə içərisində dəstəyi əqiqlə bəzədilmiş qılınc və ya xəncərə aid dəstək də tapılmışdır. Onun üzəri parlaqdır. Dəstəyinin üstü qiymətli daşdan olan bu qılınc və ya xəncər çox güman ki, zadəganlara, ümumiyyətlə, yüksək rütbəli hərbçilərə məxsus olmuşdur. Nizami Gəncəvi və Xaqani Şirvaninin şeirlərində ordu, döyüş səhnələri, müxtəlif hücum və müdafiə silahları, o cümlədən zireh, qalxan, və dəbilqələr haqda qiymətli məlumatlar verilmişdir. Nizami Gəncəvinin şeirlərindən birində qalxan, zireh və qılınc kimi silahlar belə təsvir edilib:

Belində gövhərlə bəzənmiş kəmər,

Başında polad bir qalxan çilvəgər,

Əynində zirehli mavi qıvırcıq,

Yəməni qılınca içirmiş zəhər.

Kəsici silahların tipik nümunələrindən biri də təbərzindir. Doyüş silahı sayılan təbərzin-baltalar da tunc dövründə meydana gəlmişdir. Bu silah növü ilk vaxtlar tökmə-qəlib üsulu, sonrakı dövrlərdə isti döymə üsulu ilə hazırlanırdı. Aparılan araşdırmalar nəticəsində Moskva Kremlinin Silah Palatasında, Dövlət Ermitaj Muzeyində, Metropolitan Muzeyində, Britaniya Muzeyində və başqa məşhur muzeylərdə orta əsrlərə aid Azərbaycan silahlarının nümayiş olunduğu təsbit edilmişdir. Türkiyə və Azərbaycan arasında əlaqələrin daha sıx inkişafı nəticəsində Türkiyə muzeylərində də araşdırma aparmaq imkanları yaranmışdır. Bunun nəticəsində üzərindəki yazıları onların Şirvanşahlara (861-1538), Ağqoyunlulara (1468-1503) və Səfəvilərə (1501-1736) aid olmasını sübut edən silah nümunələri tapılmışdır. Hazırda Şirvanşah I Keyqubad və I Xəlilullahın zirehli geyimləri, Fərrux Yəsarın dəbilqələri Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Əsgəri Muzeyinin ekspozisiyalarında nümayiş edilir.

Metaldan məişət əşyaları da hazırlanırdı. Bu baxımdan “taqqılbab” çox maraqlı bir eksponatdır. Taqq səsin təqlididir, taqqıltı sözündəndir, bab isə ərəb sözündən olub, qapı deməkdir. Müasir dövrdə “taqqılbab”ı çöl qapıların üzərindəki elektrik zəngləri əvəz edir. Şərq dünyasının zəngin mədəniyyətinə dəlalət edən taqqılbablara indinin özündə “İçərişəhər” qoruğu ərazisində, həmçinin Azərbaycanın bir çox tarixi bölgələrində rast gəlinir. “Şirvanşahlar Sarayı Kompleksimuzeyinin fond saxlanclarında XIX əsrə aid taqqılbab nümunəsi qorunub saxlanılır.

Orta əsrdə Azərbaycanda müxtəlif metallardan məişət avadanlığı, bəzək əşyalarının hazırlanması geniş yayılmışdı. Gəncə, Dəbil, Şamaxı, Lahıc, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil kimi Azərbaycan şəhərləri mis məmulatı istehsalında öncül mövqe tuturdular. Misgər emalatxanalarında tətbiq olunan istehsal texnologiyası ənənəvi olaraq əritmə, istisoyuq döymədən ibarət idi. Bundan başqa, istehsal prosesində zərbetmə, kəsmə, lehimləmə, məftilçəkmə, deşmə və digər texniki üsullardan istifadə olunurdu. Bəzən bir əşyanın hazırlanmasında bir neçə texniki üsul tətbiq olunurdu. Orta əsr misgərlərinin yüksək texniki nailiyyətlərini nümayiş etdirən faktlardan biri də misdən tük naziklikdə simlər-saplar hazırlanmasıdır. Belə saplar bədii tikmə sənətində geniş işlədilirdi. Beyləqan, Bakı və Qəbələdə aparılan arxeoloji qazıntılar zamanı misdən döymə üsulu ilə hazırlanmış süfrə qabları - camlar tapılmışdır. Onların həm naxışlı, həm də saya nümunələrinə təsadüf olunmuşdur. Bəzi nümunələr üçayaqlıdır. Döymə üsulu ilə mis təbəqədən hazırlanmış məmulatlar arasında ləyən, qapaq, parç, dolça, məcməyi, qaşıq, tərəzi gözləri də vardır. Şirvanşahlar Sarayı həyətində aparılan arxeoloji qazıntılar zamanı tapılmış iki çıraq da (şamdan) orijinal formaya malikdir. Onlar hündür ayağı aşağıya doğru genişlənən badə formasındadır. Necə deyərlər, insan əlləri metala gözəllik, incəlik, cazibədarlıq bəxş edirdi. Nəticədə zərgərlik sənəti yarandı. Bu sənət növü Azərbaycan dekorativ-tətbiqi sənətinin ən qədim və geniş yayılmış növlərindən biridir.

Azərbaycan ərazisində aşkar edilmiş ən qədim zərgərlik nümunələri miladdan əvvəlki II minilliyə aiddir. Zərgərlik sənəti sırf şəhər sənətkarlığı idi. Qiymətli metallardan bəzək məmulatı, müxtəlif əşyalar hazırlanması işinə qızıl və gümüş sikkələrin ticarət dövriyyəsində artmasının da güclü təsiri olmuşdur.

Arxeoloji materiallardan bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları yaradarkən qiymətli metallarla - qızıl və gümüşlə yanaşı, mistuncdan da istifadə etmişlər. Arxeoloji qazıntılar vaxtı tapılmış metal toqqaların ən bəsit forması birgözlü olub, dairəvi və ya oval şəkilli başlıqdan ibarətdir. Toqqaların əksəriyyəti ikigözlüdür. Adətən, kəmərin bənd edildiyi göz düzbucaqlıdır. Beyləqandan tapılmış toqqalardan birinin, yalnız kəmərə bənd edilən hissəsi qorunub saxlanılmışdır. Onun tərəfində üç yerdə çıxıntı var. Toqqa kiçik dəlikləri olan çıxıntılar vasitəsi ilə kəmərə bənd edilirdi.

XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət və zinət əşyaları əsas etibarı ilə altı texniki üsulla bəzədilirdi. Bunlar əsasən döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minaçılıqdır.

Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda məişət və zinət əşyaları, silahlar əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurdular. Sonra bu qiymətli metal parçasının üzərinə elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırdılar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alırdı. Basma üsul daha çox kəmər, düymə, qolbaqs. əşyaların düzəldilməsində işlədilirdi.

Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara tonda daha təmiz və xətlər verir. Döyülmüş hamar gümüş səthin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhlulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət əşyaları: kəmər, xəncər, tapança, barıt qabı və s. bəzədilirdi.

Şirvanşahlar Sarayı Kompleksimuzeyinin fond saxlancında da belə dəri kəmər qorunub saxlanılır. Bu kəmər döymə və qarasavad işləmə texnikası ilə hazırlanmışdır. Kəmərin uzunluğu 82, eni 7 sm-dir. Kəmərə dəri üzərində üç sırada 1912-1916-cı illərdə buraxılmış 65 ədəd gümüş sikkə bərkidilmişdir.

Zərgərlikdə şəbəkə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur; birincisi qızıl və gümüş tellərlə əşyanın əsasını təşkil edir, ikincisi həmin əşyanın üzərini bəzəyir.

Xatəmkarlıq Azərbaycanda zərgərlik sənəti sahəsində böyük irsə malikdir. Xəncər, qılınc, müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəmək üçün istənilən çeşni əsasında həmin cismi üzdən azacıq deşir, sonra dəliklər qızıl, gümüşs. rəngli metal mıxlarla doldurulur. Bu proses qurtardıqdan sonra cismin üstü hamarlanır və elə bil gözəl bir mozaikanı andırır.

Azərbaycan zərgərlik sənətinin maraq doguran sahələrindən biri də minaçılıqdır. Minaçılığın ən çətin və maraqlı sahələrindən biri pərdəli minadır. O, ən çox Təbrizdə, Naxçıvanda və Bakıda işlənirdi. Minaçılıq sənətinin üsulu oyulmuş bir rəsmin, naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurmaqdan ibarətdir. Bundan ötrü qızıl, gümüşqeyri-metal parçası üzərində lazım olan (quş, heyvan, bitkis.) rəsmli, naxışlı qəlibi basma üsulu ilə ona keçirdikdən sonra əmələ gələn boşluqları mina mayesi ilə doldururlar. Azərbaycan minaçılığında ən çox işlədilən rənglər açıq-çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı olmuşdur. Yaşılla əsasən yarpaqbudaqlar örtülmüş, firuzəyi və göy rənglərlə nəbati rəsmlərdən ibarət naxışların bəzi ara sahə yerlikləri, qırmızı rənglə adətən, ləçəkləri, çəhrayı rəngdə olan güllərin ləçək dibləri işlənmişdir.

 

Günel ASTANOVA,

Şirvanşahlar Sarayı Kompleksinin baş mütəxəssisi

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.7.