İslam həmrəyliyi ili”nə həsr olunmuş fərdi sərgi

 

Hər kəs duyğularını bir cür ifadə edir. Yaratdığı əsərlər də onun könlünün səsi, hisslərinin təzahürüdür. Uşaq yaşlarından rəsmlər çəkməyə maraq göstərdi. Rəssamlığa meyli ötəri həvəs olmadı, onunla birlikdə böyüdü. Rəssamlıqla bərabər toxuma əl işləri və müxtəlif suvenir əşyalar hazırlamaqla da məşğuldur.

Dilbər Tahirovanın Qəbələ rayonunun Nohurqışlaq kənd orta məktəbində oxuduğu illərdə artıq əsərlərinin tamaşaçıları var idi. Məktəbi bitirdikdən sonra - 2010-cu ildə Sumqayıt Dövlət Universitetinə daxil oldu. Çox keçmədi ki, oxuduğu ali təhsil ocağında da onun rəssamlıq istedadından çoxları xəbər tutdu. Tələbəlik illərində universitetdə təşkil olunan sərgilərdə istirak etdi. Yüksək yerləri tutdu.

2014-cü ildə ali məktəbi başa vuran Dilbər Tahirova Təhsil Nazirliyinin təyinatı ilə İsmayıllı rayonu Vəng kənd orta məktəbində biologiya müəllimi kimi işə başladı. Həyatında yeni səhifə açıldı. Orta məktəb həyatı, şagirdləri ona seçdiyi müəllimlik sənətini daha da sevdirdi. Artıq üç ildir ki, Dilbər Tahirova pedaqoji fəaliyyətini davam etdirir. Ancaq yenə böyük həvəslə rəssamlıqla məşğul olur, arzularını, xəyallarını, ümidlərini yaratdığı əsərlərində əks etdirir. O, İsmayıllı rayonunda keçirilən müxtəlif tədbirlərdə çalışdığı məktəbi təmsil edir, öz işlərini sərgiləyir.

Dünən Dilbər Tahirovanın “İslam həmrəyliyi ili”nə həsr olunmuş rəsm və əl işlərindən ibarət ilk fərdi sərgisi Qəbələ Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib. D.Tahirova deyir ki, rəsm əsərləri, əl işləri rayonda keçirilən bir çox sərgilərdə nümayiş olunub. Fərdi sərgisinə isə xeyli vaxtdır hazırlaşır. Sərgiyə 50-yə yaxın rəsm əsəri və digər əl işləri təqdim edilib.

Dilbər Tahirova ilk sərgisini “İslam  həmrəyliyi ili”nə töhfəsi hesab edir, xüsusi vurğulayır ki, 2017-ci ilin respublikamızda “İslam həmrəyliyi ilielan edilməsi onu belə bir təşəbbüs göstərməyə həvəsləndirdi. “Bu ilə öz marağımı mən də belə ifadə etmək istədim. Biz qürur duyulası bir ölkədə yaşayırıq. Ölkə rəhbəri İlham Əliyevin verdiyi sərəncamda deyilir: “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddiqeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır”. Doğulub boya-başa çatdığım və bu gün yaşayıb fəaliyyət göstərdiyim yerlər də Azərbaycanın ən qədim yaşayış məskənləridir. Buralar yalnız təbiət gözəlliklərinin ünvanı deyil, eyni zamanda, tariximizi əks etdirən, yaşadan bir məkandır. Yurdumuzun maddi və mənəvi sərvətləri, milli dəyərlərimiz yaradıcı insanlarımıza yeni ideyalar verir, maraqlı əsərlər yaratmağa həvəsləndirir”.

“Əsərlərim mənim dünyamdır” - deyir Dilbər Tahirova. O, rəssamlıq sahəsində təhsil almayıb, müəllim yanına getməyib. Deyir ki, müxtəlif əl işlərim var. Toxuma, muncuqlarla toxuma, suvenir əşyalar düzəldirəm. Bu zaman daşlardan, şüşə qırıqları, toxumlar, iplər, fındıq, qoz, qarabaşaq, balıqqulağı, bir sözlə, gördüyüm əksər materiallardan istifadə edirəm. Hər şey diqqətimi çəkir, ecazkar təbiət, musiqi, rəsm əsərləri məni ruhlandırır.

D.Tahirova gələcək arzularını da qısaca ifadə etdi: daha çox çalışmaq və sərgilər açmaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.8.