“Bakı-2017”nin biletləri böyük coşqu ilə alınır

 

İslamiadanın açılış-bağlanış mərasimləri və 190 idman yarışı üçün 500 min bilet satışı nəzərdə tutulub

 

İslam dünyasının səbirsizliklə gözlədiyi sayca IV Həmrəylik Oyunlarının başlamasına 29 gün qalır. Müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından unikal təbliğat platformasına çevrilən “Bakı-2015” I Avropa Oyunlarından sonra ölkəmizin IV İslamiadaya evsahibliyi etməsi müstəqilliyinin cəmi 25 yaşı tamam olan dövlətimizin qüdrətindən xəbər verir.

Odlar Yurdunun evsahibliyi edəcəyi növbəti beynəlxalq turnir sivil dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək və hər zaman bölgədə sülhün, əmin-amanlığın tərəfdarı olduğunu sübut edəcəkdir.

 

Azərbaycan yeni rekorda hazırlaşır

 

Artıq IV Həmrəylik Oyunlarının keçiriləcəyi günlər və məkanlar bəllidir. Bir çox beynəlxalq yarışların keçirildiyi Bakı şəhəri idmançıları və ölkəmizə təşrif buyuracaq qonaqları qəbul etməyə tam hazırdır. Bu Oyunları keçirməklə Azərbaycan həm də yeni rekord müəyyənləşdirəcək. Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017”nin Xəzərdən başlayan su səyahətinə start verilmə mərasimində Prezident İlham Əliyev bunu belə izah etdi: “Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaq”.

17 obyektdə idmanın 22 növü üzrə keçiriləcək yarışların artıq bilet satışlarına da start verilib. Oyunlara tamaşa etmək istəyənlər mart ayının 19-dan satış məntəqələrinə və İslamiadanın rəsmi internet səhifəsinə müraciət etməyə başlayıblar.

Öncə onu vurğulayaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri martın 18-də - Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyevə və xanımı, Birinci-vitse-prezident, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub.

 

“Bakı-2017”nin biletləri necə əldə edilir?

 

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılıb. Bunun üçün paytaxtda 12 şəhər bilet satışı məntəqəsi fəaliyyət göstərir. Biletləri əsasən “Park Bulvar”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, “28 Mall” və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar. Bununla yanaşı, Oyunların keçiriləcəyi 17 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.

“Bakı-2017”nin Əməliyyat Komitəsi biletlərin I Avropa Oyunlarında olduğu kimi, münasib və əlverişli qiymətlərlə satılmasını təmin edib ki, daha çox ailələr və gənc azarkeşlər bu yaz baş tutacaq mötəbər idman yarışından zövq ala bilsinlər.

Artıq bir aya yaxındır ki, bilet satışı davam edir. Bir neçə şəhər bilet satışı məntəqəsinə baş çəkərək proseslə maraqlandıq.

Qeyd edək ki, biletləri internet vasitəsilə www.baku2017.com saytına daxil olmaqla əldə etmək də mümkündür. Bilet almaq üçün qeydiyyatdan keçilməli və hesab yaradılmalıdır. Bilet alışı üçün ödəniş tam şəkildə və yalnız plastik ödəniş kartı vasitəsilə edilməlidir.

16 yaşdan yuxarı olan yerli tamaşaçılardan şəxsiyyət vəsiqəsi, etibarlı əlaqə məlumatları və ödəniş kartı (Visa, Visa Electron, MasterCard, Maestro), 16 yaşdan yuxarı olan əcnəbilərdən isə səfər üçün etibarlı sənədlər, əlaqə məlumatları və etibarlı ödəniş kartı tələb olunur. Vizaya ehtiyacı olan bütün bilet sahibləri ölkəyə daxil olmaq üçün bilet almazdan öncə viza tələbinin təminatına inanmalıdırlar. Azərbaycana səyahət edən şəxslər, vizanı Azərbaycanın diplomatik xidmətlərindən birindən, yaxud E-viza vasitəsilə əldə edə bilərlər. Biletlərin çatdırılma xidməti olmayacaq. Onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə götürülməlidir. Biletləri şəhər bilet satışı məntəqələrindən və oyunlar zamanı yarış obyektinin bilet satışı kassalarından əldə etmək mümkündür.

 

Gənclər İslamiadaya böyük maraq göstərirlər

 

“Gənclik Mall” Ticarət Mərkəzi izdihamlı yer olduğundan ilk müşahidəmizə elə buradakı bilet satışı məntəqəsindən başladıq. Öncə kənardan müşahidə apardıq. Məntəqədə çalışan gənclər onlara yaxınlaşan hər bir şəxsin bütün suallarını cavablandırır və yarışlar barədə ətraflı məlumat verirlər.

Bir qədər keçdikdən sonra üç xanım məntəqəyə yaxınlaşdı. Onlardan birinin İslamiadanın açılış və bağlanış mərasiminə 8 bilet sifariş etməsi diqqətimizi çəkdi. Dərhal xanıma yaxınlaşıb özümüzü təqdim etdik. Özünü Aynur Arazova kimi təqdim edən xanım biletlərin pulunu ödədikdən sonra təəssüratlarını bölüşdü: “Çox sevinirəm ki, ölkəmizdə daha bir mötəbər idman yarışı keçiriləcək.

I Avropa Oyunlarının açılış və bağlanış mərasimi möhtəşəm oldu və yaddaşımızda xoş xatirə kimi qalır. İndi Azərbaycan İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edir və inanıram ki, açılış mərasimi heç də Avropa Oyunlarının açılışından fərqlənməyəcək. Ona görə də böyük səbirsizliklə mayın 12-sini gözləyirik. 8 bilet aldım.

4-ü açılış, 4-ü isə bağlanış mərasimləri üçün. Yarışların biletlərini isə Oyunlar başlayandan sonra arenaların bilet satış kassalarından alacağıq. Əsasən gimnastika yarışlarına tamaşa etməyi xoşlayıram. İnanıram ki, Azərbaycan idmançıları yenə də qələbələri ilə xalqımızı sevindirəcəklər”.

Açılış mərasiminə bilet alan digər şəxs isə Gülnarə Mustafazadə idi. Gənc xanım əlində tutduğu biletə tamaşa edib sevinc hissi keçirirdi. Elə sevincini bizimlə də bölüşdü: “Çox sevincliyəm. Çünki eşitmişdim ki, açılış mərasiminə biletlər artıq qurtarıb. Gəlib soruşanda dedilər ki, var. Avropa Oyunlarının açılış mərasimini də canlı izləmişəm və hələ də o gözəl anları rəfiqələrimlə birlikdə olanda paylaşıram. Bu gözəl anların canlı şahidi olmaq tam başqadır. Düşünürəm ki, yenə də möhtəşəm açılış mərasimi ilə Azərbaycan dünyaya səs salacaq”.

 

Güzəştli və pulsuz biletlər də var

 

Gülnarə xanımın xoş təəssüratlarını dinlədikdən sonra satış məntəqəsinin supervayzeri Aytən Ağasıyeva ilə söhbətləşdik. Bəlli oldu ki, həftənin bütün günü səhər saat 11:00-dan axşam 21:00-a qədər bilet satışı həyata keçirilir. Bilet alıcılarının çox hissəsini 25-35 yaş arası gənclər təşkil edir. Biletlərin qiymətinə gəldikdə isə bütün Oyunlara görə məbləğ 2-5 manat arasında dəyişir. Yalnız Oyunların açılış və bağlanış mərasimlərinin qiymətləri fərqlidir. Açılış mərasiminə bilet alışının qiyməti kateqoriyalara görə 20-200 manat, bağlanış mərasiminə olan biletlərin dəyəri isə 10-100 manat arasındadır. Bununla belə, 16 yaşından aşağı olan uşaqlar 13 yarış sessiyalarına pulsuz girmək hüququna malikdirlər. Bu pulsuz biletləri şəhər bilet satışı məntəqələrindən və yarış obyektlərinin kassalarından doğum haqqında şəhadətnaməni, fiziki qüsurlu şəxslər üçün isə tibbi şəhadətnaməni göstərməklə əldə edə bilərlər.

Əməliyyat Komitəsi bərabər imkanlar prinsipini dəstəkləyir və fiziki məhdudiyyətli şəxslərin bilet əldə etməkdə ayrı-seçkiliyə məruz qalmamalarına təminat verir. Fiziki məhdudiyyətli şəxslər və onları müşayiət edənlər bütün yarış sessiyalarına (açılış və bağlanış mərasimlərindən başqa) pulsuz biletlər əldə edə biləcəklər.

16 yaşından aşağı olan uşaqlar isə yarışlara himayəçi şəxslə birgə buraxılacaqlar. Hər böyük yalnız bir uşağı müşayiət edə bilər. Pulsuz bilet alarkən və yarış obyektinə daxil olarkən doğum haqqında şəhadətnamə təqdim edilməlidir. Pulsuz bilet üçün lazımi sənədin olmadığı təqdirdə yarış obyektinə keçmək mümkün olmayacaq. 2 yaşdan aşağı uşaqlar üçün bilet tələb olunmur. Valideyn, yaxud himayəçi şəxs onu qucaqda tutmalı və yarış obyektində başqa yerin tutulmamasına diqqət etməlidir.

2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına İdman Sarayına, Milli Gimnastika Arenasına və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır.

Aytən Ağasıyevanın sözlərinə görə, təqvimlər açıqlandıqdan sonra gənclər əsasən futbol, güləş, cüdo yarışlarına biletlər almağa üstünlük verirlər. Gimnastika yarışlarının biletləri aprelin ortasından satışa çıxarılacaq.

 

“2017” Tamaşaçı Məlumat Mərkəzindən bütün məlumatlar əldə oluna bilər

 

“28 Mall” Ticarət Mərkəzində də fəallıq müşahidə olunur. Burada bilet satışı uğurla həyata keçirilir. İnsanlar biletlərin qiymətləri, yarışların keçirilmə vaxtı ilə maraqlanırlar. Onlara broşürlər təqdim olunur. Satış məntəqəsində “2017” qaynar xətti də gözümüzə dəydi. Bu, İslamiadanın Tamaşaçı Məlumat Mərkəzidir. İnsanlar heç bir yerə getmədən bu xətt vasitəsilə Oyunların keçiriləcəyi yerlər, biletlər və s. ilə bağlı istədikləri məlumatı öyrənə bilərlər.

Bilet satışı ilə maraqlanan gənclər Nadir İbrahimov, Cavid Əskərov və Xəyyam Xəlilov bildirdilər ki, Azərbaycan bütün idman tədbirlərini yüksək səviyyədə təşkil edir və tamaşaçıların yarışları rahat izləməsi üçün hər cür şərait yaradılır. Gənclər deyirlər ki, ölkəmiz dünyada idman dövləti kimi tanınır. Çünki dövlətin idmana və idmançılara göstərdiyi qayğı çox müsbət nəticələr verir. Bu səbəbdən də yetişməkdə olan yeniyetmələrin idmana marağı getdikcə böyüyür. İslam Həmrəyliyi Oyunlarında qazanılacaq qələbələr də Azərbaycan gənclərini çox sevindirəcək.

 

Çox möhtəşəm və unudulmaz anların canlı şahidi olacağıq

 

“Park Bulvar” Ticarət Mərkəzindəki bilet satışı məntəqəsinə baş çəkdik. Məntəqədə biletlər üzrə menecer Seymur Məmmədov qeyd etdi ki, biletlərin satışına burada da gənclər daha çox maraq göstərirlər: “Elə günlər olur ki, burada növbə yaranır. İnsanlar həm yarışlarla maraqlanır, həm də bilet alırlar. Bizim əməkdaşlarımız yorulmadan istənilən şəxsə bütün məlumatları ətraflı şəkildə başa salırlar”. Seymur deyir ki, gənclərin əksəriyyəti güləş, cüdo, futbol, üzgüçülük yarışları ilə maraqlanır və müxtəlif təqvim günləri üçün biletlər alırlar.

Menecerlə söhbət zamanı 2 gənc - Rövşən Əsədov və Məhəmməd Əliyev satış məntəqəsinə yaxınlaşıb biletlərin qiyməti ilə maraqlanaraq açılış mərasimi üçün iki bilet aldılar. Bizim jurnalist olduğumuzu bildikdə çəkinmədən fikirlərini də bildirdilər: “Avropa Oyunlarının açılış mərasimini canlı izləyə bilmədik. Televiziya önündə izləyəndə gözlərimizə inanmadıq. Belə bir möhtəşəm mərasimi canlı izləyə bilmədiyimizə çox təəssüfləndik. İndi ölkəmiz daha bir idman bayramına hazırlaşır. Qərara gəldik ki, necə olur-olsun biz də Olimpiya Stadionunda unudulmaz anların canlı şahidi olaq. İnanırıq ki, çox əzəmətli açılış olacaq və o anları canlı şəkildə görməyə dəyər”.

 

Qiymətlərin münasib olması hər bir tamaşaçıya yarışları seyr etmək şansı yaradır

 

“Bakı-2017”nin Əməliyyat Komitəsi hər bir tamaşaçıya yüksək səviyyəli beynəlxalq idman yarışlarını seyr etmək şansı yaradır. Bilet qiymətlərinin münasib olması hər bir kəsin keçiriləcək 190 idman sessiyasını canlı izləməsinə imkan verir.

Beləliklə, may ayının 12-də Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biri sayılan paytaxtımız Bakıda möhtəşəm açılış mərasimi ilə İslamiadaya start veriləcək və 57 ölkəni təmsil edən 3 mindən çox idmançı mübarizəyə başlayacaq. Müsəlman aləmini bir araya gətirəcək İslamiada əsl bayram təntənəsinə çevriləcək və uzun müddət xoş təəssüratlarla xatırlanacaq.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 13 aprel.- S. 1; 6.