Kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə problemləri tezliklə həll olunacaq

 

Prezidentin bu barədə imzaladığı sərəncam aqrar sektorun inkişafını ləngidən bütün maneələrin aradan qaldırılmasına hədəflənib

 

Qeyri-neft sektorunun əsas sahəsi kimi kənd təsərrüfatı bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında, o cümlədən regionlarda yaşayan əhalinin məşğulluğunun təminatında müstəsna rol oynayır. Dünya enerji bazarında yaşanan məlum proseslərin ölkəmizin iqtisadiyyatına göstərdiyi təsir nəticəsində yaranan problemlərin dəf edilməsində də aqrar sektorun əhəmiyyəti az deyil.

Təsadüfi deyil ki, indi Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi bir tərəfdən ölkəmizin ərzaq təhlükəsizliyini təmin edir, digər tərəfdən onun əməktutumlu sahələrinin genişlənməsi nəticəsində daha çox insan özünə iş yeri tapır, güzəranını yaxşılaşdırır. Bunlar isə ümumilikdə təbii ki, ölkənin sosial-iqtisadi inkişafını şərtləndirir.

Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir”.

Bu nəticələr isə həm dövlət başçısının sözügedən iclasda qeyd etdiyi son rəqəmlərdən, həm də Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-fevral ayları üzrə aqrar sektorun inkişafına aid açıqladığı hesabatdan göründüyü kimi, yüksəkdir. Belə ki, ilin əvvəlindən ötən 2 ay ərzində ölkədə ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalı 3,2, o cümlədən bitkiçilik məhsulları istehsalı 28,8, heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artmışdır. Bu artım ölkənin ixrac potensialının yüksəlməsinə də təsir edib. Yanvar ayına olan son məlumata görə, Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə 49,5 faiz çoxalmışdır ki, bu da ümumi ixracın 11,2 faizi deməkdir. İxrac edilən qeyri-neft məhsullarının siyahısında isə, şübhəsiz ki, kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi daha yüksəkdir.

Yeri gəlmişkən qeyd edək ki, Dünya Bankının Azərbaycanla bağlı hesabatlarında kənd təsərrüfatı məhsulları istehsalının 2017-2018-ci illərdə hər il 4 faiz olmaqla artımı proqnozlaşdırılmışdır. Bu hesabatlarda ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılmasının Azərbaycanın davamlı inkişafı üçün çox vacib amil olduğu vurğulanır. Təqdirəlayiq haldır ki, ölkəmizdə bu istiqamətdə də son illər mühüm addımlar atılır. Artıq ölkənin bir çox rayonunda iri fermer təsərrüfatları yaradılmışdır. Həmin təsərrüfatlarda məhsuldarlıq orta hesabla arpabuğda üzrə 60, qarğıdalı üzrə 120 sentnerdir. Bununla belə, hələ də ölkəmizin buğdaya olan tələbatı idxaldan asılı vəziyyətdədir. Odur ki, qarşıdakı illərdə buğda idxalının çox hissəsinin yerli istehsalla əvəzlənəcəyi bir vəzifə kimi qarşıya qoyulmuşdur. Nazirlər Kabinetinin qeyd etdiyimiz iclasında Prezident İlham Əliyev bu barədə bildirmişdir: “...bizim yeganə zəif yerimiz taxılçılıqdır. ...Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də, onun arxasında bir çox məqamlar var. Ona görə də dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq”.

Onu da qeyd edək ki, kənd təsərrüfatında təkcə taxılçılıq yox, həm də digər sahələr üzrə həllini gözləyən bir sıra məsələlər var. Elə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 aprel 2017-ci il tarixli sərəncamı bu məsələlərin həllinə yönəldilmişdir.

Həmin sərəncama görə, aqrar sektorun dayanıqlı inkişafının və gələcəkdə maliyyə resurslarının diversifikasiyasının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması üçün istehsalçıların maliyyə resursları ilə təminatı səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi günün vacib tələbləri sırasındadır. Sərəncamda göstərilir ki, bu baxımdan Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli üçüncü strateji hədəfində nəzərdə tutulmuş prioritetlərdə əhatə edilmiş tədbirlərin həyata keçirilməsini sürətləndirmək lazımdır.

Odur ki, dövlət başçısı sözügedən sərəncamla Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına qeyd edilən məsələlərə aid konkret tapşırıqlar vermişdir. Bu tapşırıqlar arasında kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, kənd təsərrüfatında innovativgirovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması, kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinə stimullaşdırılması, eləcə də kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi, aqrar sektor üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, karantin rejimin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş zərərin ödənilməsi mexanizminin yaradılması, aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin hazırlanması, aqrar sahədə investisiya mühitinin yaxşılaşdırılması kimi mühümvacib məsələlər yer almışdır. Həmin məsələlər üzrə Maliyyə Sabitliyi Şurası bir ay müddətində icraçılar və icra müddəti göstərilməklə təfsilatlı və geniş tədbirlər planını təsdiq edərək Prezidentə məlumat verməlidir.

Göründüyü kimi, dövlət başçısının bu sərəncamı kənd təsərrüfatı məhsulları istehsalının artmasını təmin edən və ümumiyyətlə, aqrar sektorun inkişafını sürətləndirən mühüm məsələyə - sahənin maliyyələşməsindəki bir çox məsələlərin həllinə yönəldilmişdir. Sənəddə sadalanan tədbirlərin həyata keçirilməsi yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları istehsalçılarına uzun müddət problem yaratmış maliyyə məsələlərini onlara asanlıqla həll etmək imkanı yaradacaq. Bu isə xüsusən indiki mürəkkəb dövrdə və maliyyə çətinliyi şəraitində çox vacib məsələdir. Amma sözsüz ki, ölkənin ərzaq təhlükəsizliyinin təminatı və kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın azaldılması bundan da vacibdir. Bu baxımdan Prezidentin sözügedən sərəncamının həm ölkəmizin iqtisadiyyatının səmərəliliyinin artırılmasında və qeyri-neft sektorunun inkişafının sürətlənməsində, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə qayğısından azad edilməsində əhəmiyyəti böyükdür.

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2017.-13 aprel.- S.1; 5.