Heyrət

 

...Və bu şəkil qarşısında ayaq saxladığım həmin o an!..

...Aman Allah, bu nə şəkildir, bu nə baxışlardır?!.

Uzun zaman xəyala dalıram...

Foto qəhrəmanımın dünyaya heyrətlə baxan gözlərinin ifadə gücündən sehirlənirəm...

...Bu - həyatın bir anı, həm də bir anın əbədiyyətidir və ağ-qara rəng çalarlarından Vaxtın, Əbədiyyətin özü sənə baxır...

Qəlbimdəki sözlər bitib tükənmir   adi kəlmələrlə təsviri mümkünsüz əbədiyyət anı qarşısında sözün gücsüzlüyünü də... boynuma alıram...

 ...Və bu gözlərə nəzər saldıqca,

düşüncələrimdə qor kimi közərən cümlələr də yol götürüb gedir...

 

***

Hə, əzizlərim!..

Bu dünyada bəlkə də hər şey adicə bir heyrətdən başlanır və sonra Böyük Heyrətə çevrilir.

İndiki dünyamızın özü elə bir heyrət hissinin nəticəsi deyilmi?!

HEYRƏT  - təbiətin sirləri haqqında saysız-hesabsız maraqlarının ardınca düşən insanın misilsiz ixtiralarına, kəşflərinə doğru aparan yoldur, zəngin mədəniyyətlərin, böyük sivilizasiyaların başlanğıc nöqtəsidir.

HEYRƏT - insanın öyrənmək istəyidir, bilmək ehtiyacıdır, şüurun, düşüncənin ətraf aləmlə ilk tanışlıq anıdır.

Ulu öndər Heydər Əliyevin  - öz ömürlüyü ilə böyük bir tarix yaratmış bu dahi şəxsiyyətin uşaqlıq dövrünün fotosu yenə gözlərim qarşısındadır. Onun çöhrəsindəki ifadə fotoaparata baxan körpələrin heyrətinə bənzəmir əsla, o, fotoobyektivə yox, bütünlüklə dünyaya baxır.

Baxın,  O, bu təlatümlü, qarmaqarışıq dünyaya öz heyrətini necə də gizlədə bilmirdi...

***

Bu şəklin çəkildiyi həmin an qocaman tarixin hansı vədəsidir görəsən?!

Düşüncələrimə güc verib, xatırlamağa çalışıram.

Amma zamanın nə dəxli var ki, əsas olan bu heyrƏtin varlığıdır...

...Əsr o qədər də yaxşı başlanmayıb, dünya hələ də Birinci Dünya müharibəsinin sarsıntıları içindədir. Üstəlik, yeni təlatümlər bitib tükənmir və bu təlatümlərin ən sərt rüzgarları keçmiş imperiyanın ucqarlarında əsir.

Bolşeviklər çar Nikolayı yenicə taxtdan salıblar, inqilabın dağıtdıqlarını yenidən qurub-yaratmaq hələ uzun çəkəcək. İctimai düşüncə yerlə yeksandır. Adamların bu gündən sabaha ümidi yoxdur.

Vəziyyət o həddə çatıb ki, keçmiş çar imperiyasının Azərbaycandan uzaq ayrı-ayrı əyalətlərində adamlar aclıqdan ölməməyin əlacındadır.

Silahlı erməni daşnaklarının bir neçə il əvvəlki fürsətdən yararlanıb Azərbaycanın müxtəlif bölgələrində soyqırıma məruz qoyduqları, min bir sitəm etdikləri Azərbaycan ailələrinin yaraları qaysaq bağlamayıb...

Hələ qabaqda repressiya dalğası var, bu dalğanın Azərbaycanın ictimai fikir tarixinə vuracağı dəhşətli zərbələr var, hələ qabaqda İkinci Dünya müharibəsinin müdhiş acıları var, bu müharibənin Azərbaycan ailələrinə yaşadacağı faciələr, aclıq, mərhumiyyət, min bir əziyyətlər var...

Heydər Əliyevin uşaqlıq şəklindən heyrətlə baxdığı dünyanın qurşun kimi ağır havasına dövrün sərt tufanları qarışıb, param-parça olmuş insan taleləri uçuşur bu havada, zaman öz ağırlığı ilə ömürləri, ümidləri, xoşbəxtlikləri əzib keçir...

Və Heydər Əliyev belə bir dünyaya heyrətlə baxır, baxırdı...

Bəlkə həyatının ilk böyük suallarıdır onu heyrətləndirən, kim bilir, bəlkə o vaxt bu şəkli çəkmiş üçayaq fotoaparatın alovundan gələcəyə düşən işıqdır, bu balaca işıqda gözlərinə görünən böyük missiyadır?!..

Tarixi missiyalar da elə bir anlıq heyrətdən başlamırmı?!

...Və Heydər Əliyevin düşüncələrimi ovsunlayan o uşaqlıq fotosunun sirri yavaş-yavaş açılır deyəsən...

O bu dünyada nələr gördü və nələri görəcəkdi?!

O, nəyə və niyə heyrət edirdi, özü nələrlə heyrətləndirəcəkdi?!

Bu tarixi yaradan fotoqraf kimmişsə, özü də bilmədən, o çöhrədəki HEYRƏTDƏ böyük bir xalqın tarixini dəyişəcək aydın, işıqlı yolun şəklini çəkirmiş...  

***

Bu yol dünyaya heyrətli baxışlarla başlanmışdı, böyüyüb yaşa dolduqca Tanrının Heydər Əliyevin həyatına və onun şəxsində Azərbaycan tarixinin böyük bir dönəminə verdiyi heyrətamiz nizamlarla, bəzən kəskin dönüşlərlə davam etdi.

TALE ona yüksək rəssamlıq istedadı bəxş etmişdi, üstəlik, orta təhsilinin son pillələrinə doğru gələcək peşə-sənət yolunu müəyyən etməyə başlayanda böyük qardaşı artıq Azərbaycanın yenicə tanınmağa başlayan gənc rəssamlarından idi. Əgər bu marağın ardınca getsəydi, şəksiz ki, Heydər Əliyev də zəmanəsinin adlı-sanlı rəssamlarından olardı.

TANRI yüksək sənət talantını da ondan əsirgəməmişdi, yeniyetmə ikən Naxçıvandakı dram dərnəyinin fəal üzvü kimi teatr səhnəsindəki uğurlarına təəccübü gizlədə bilmirdilər.

Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi edən HƏYAT Heydər Əliyevin taleyində bu sahəyə doğru bir yol müəyyənləşdirmişdi. O zəka, o məsuliyyət, məşğul olduğu işə o sevgi ilə Heydər Əliyev çox uğurlu bir müəllim, yaxud görkəmli bir Azərbaycan alimi olacaqdı.

Azərbaycan Sənaye İnstitutunda yiyələnməyə başladığı memarlıq sənəti də dövrün ən yüksək perspektivli sənətlərindən sayılırdı. Əgər həyatını memar kimi davam etdirsəydi, Azərbaycanın ötən əsrdə yetirdiyi ən məşhur memarların ilk sırasında yəqin ki, Heydər Əliyevin də adı gələcəkdi, Azərbaycanın çağdaş memarlıq tarixinin zirvəsində qərar tutan əsərlər cərgəsində Heydər Əliyevin ucaltdığı binalar da görünəcəkdi.

Amma yenə HEYRƏT!..

TALE, bu dəfə də, onun həyat yollarında öz təshihlərini edərək, Heydər Əliyevi yolların ən çətininə səmtləndirdi. O, gənc çekist kimi xüsusi xidmət orqanlarında fəaliyyətə başladı, kiçik bir vəzifə ilə daxil olduğu bu sistemdə tədricən irəlilədi, çiynindəki paqonlarda ulduzların sayı artdı və bu ulduzların parıltısı da böyüdü.

Bu yolda Heydər Əliyevin uğurları qədər qarşısına çıxan əngəllər də çox oldu, onun peşəkarlıqdan doğan imkanlarını, əzmkarlığını, məqsədyönlülüyünü, liderlik xüsusiyyətlərini gözü götürməyənlər tapıldı.

Amma qəribədir ki, bu məqamların hər birində sanki hansısa fövqəl bir qüvvə Heydər Əliyevi qorudu, onu üzləşdiyi bütün sınaqlardan daha da güclü çıxardı, tarixin çox az hallarda yetirdiyi bu işıqlı şəxsiyyəti Azərbaycan dövlətinin, xalqının gələcəyi üçün mühafizə etdi.

Bütün bunların özü də bir insanın ömürlüyündəki HEYRƏT dolu anlar deyilmi?!

***

Əgər böyük şəxsiyyətlərdən və onların yerinə yetirdikləri missiyalardan bəhs ediriksə, gərək razılaşaq ki, tarixdə bu insanların yerinə başqasını qoymaq mümkünsüzdür.

Çünki şəxsiyyətləri yetirən, onların missiyalarını müəyyənləşdirən zamandır, mühitdir, insanlardan fərqli olaraq bu amilləri dəyişmək, başqası ilə əvəz etməksə, hətta xəyali də olsa, alınmaz...

HEYDƏR ƏLİYEV öz zəmanəsinin yetişdirdiyi böyük dövlət adamı idi.

Heydər Əliyev fenomeninin yaranmasından ötrü, Azərbaycanın milli dövlətçilik tarixində onun dövrü kimi xatırlanan intibah mərhələsinin başlanmasından ötrü bir neçə vacib istiqamət heyrətamiz şəkildə üst-üstə düşürdü.

Sovet dövründə Heydər Əliyevə qədər Azərbaycana rəhbərlik etmiş azərbaycanlı rəhbərlərdən heç birinin siyasi taleyində zaman, şəxsiyyət və missiyanın bu qədər uzlaşmasını, ahəngini görə bilməzsən.

Ötən əsrin 60-cı illərində müharibədən yenicə çıxmış SSRİ-nin mühüm regionlarından biri kimi Azərbaycanı, bu respublikanın axsayan iqtisadiyyatını dirçəltmək lazım gəlirdi. Azərbaycan yeni bir yolun başlanğıcında idi. İnkişaf xəttinin hansı səmtə yönələcəyi ölkənin taleyinə görə məsuliyyəti üzərinə götürən şəxsin öz xalqına, xalqın tarixinə, milli dövlətçilik dəyərlərinə münasibətindən asılı olacaqdı. Azərbaycanı min illər boyu zərrə-zərrə üst-üstə toplanmış bu dəyərlərdən bilmərrə uzaqlaşdıraraq, öz tarixinə, dilinə, milli kimliyinə tamamilə yad bir ölkəyə də çevirə bilərdin, bu dəyərlər üzərində Azərbaycanın milli dövlətçilik tarixinin yeni və qüdrətli bir mərhələsini başlada da...

İkinci istiqaməti seçib irəli aparmaq, xalqına, milli dəyərlərinə sevgidən savayı, yüksək liderlik qabiliyyəti, qətiyyət, əzmkarlıq, güzəştsiz idarəçilik istedadı və eyni zamanda ziyalılıq, müdriklik tələb edirdi.  

Bütün bunlardan əlavə, dünyada və keçmiş sovetlər məkanında müəyyən dəyişikliklər, nisbətən yumşalmalar da baş verməli idi ki, milli məsələlərin inkişafından, cəmiyyətdə haqq-ədalətin öz yerini tutması üçün atdığın səs-küylü addımlardan dolayı üzərinə yönələn təzyiq və təhdidlərdən də özünü qoruya biləsən.

Belə bir məqamda məhz HEYDƏR ƏLİYEV öz şəxsiyyəti, ideoloji baxışları, işə münasibəti, qətiyyəti, peşəkarlığı ilə bütün zəruri istiqamətləri zərgər dəqiqliyi ilə tamamlayan ümummilli lider obrazı kimi tarix səhnəsinə çıxdı.

***

Bundan sonrasında isə yenə HEYRƏT başlanır...

Ölkənin geridə qalmış sosial-iqtisadi həyatını qısa zamanda nizama salmaq, bütün fəaliyyət sahələrinə dəmir intizam gətirmək, cəmiyyətdə haqqı-ədaləti bərqərar etmək, insanlarda sabaha inam yaradıb bu inamın gücü ilə Azərbaycanı bütün ittifaq məkanında qabaqcıllar cərgəsinə yetirməkdən ötrü Heydər Əliyevin heyrətamiz liderlik bacarığına sahib olmaq lazım idi.

Ötən əsrin 50-ci illərinin ortalarına qədər gərgin psixoloji sarsıntılar yaşamış, repressiya xofundan illərlə özünə qapanıb öz içinə çəkilmiş cəmiyyətdə milli şüurun oyanışına nail olmağı, ana dilimizi dirçəltməyi, bu xalqın əsrlər boyu yetişdirdiyi tarixi şəxsiyyətlərə, Vətən tarixinə, ədəbiyyatına, mədəniyyətinə, elminə, milli-mənəvi dəyərlərinə sahib çıxmağı, xalqın azadlıq ruhunun daşıyıcısı olan ziyalıları repressiya maşınından qorumağı, onların fəaliyyətini istiqamətləndirməyi ancaq Heydər Əliyev bacarardı.

Mərkəzin min bir maneələrinə baxmayaraq, Azərbaycanın inkişafı ilə bağlı böyük proqramların qəbul etdirilməsi, ölkənin gələcəyi üçün milli kadr potensialının formalaşdırılması, mədəniyyət diplomatiyasının gücü ilə Azərbaycanın dünyada tanıdılması, cəmiyyətin tədricən, addım-addım müstəqil həyata hazırlanması və indiyə qədər bütün bu sadaladıqlarımın bir-birinə paralel, bir-biri ilə həmahəng həyata keçirilməsi kimi çətin bir missiyanın mərkəzində də Heydər Əliyevdən savayı başqa bir LİDERİ təsəvvür edə bilmirsən.

Moskvada çalışmağa başlayarkən, həmin illərdə xarici mətbuatın da yazdığı kimi, Heydər Əliyevin şəxsində Kremldə parlayan türk ulduzu tarixi heyrətləndirmişdi. 

Keçmiş imperiyanın ucqar bir şəhərində, sadə əməkçi ailəsində dünyaya gəlmiş insanın, üstəlik Azərbaycan türkünün, İslam ümmətinin köməksiz, dəstəksiz, yalnız zəkasının gücü ilə addım-addım irəliləyərək SSRİ  boyda ucsuz-bucaqsız nəhəng imperiyanın əsas rəhbərlərindən olması nümunəsini  türk və İslam  dünyası tarixində yeganə olaraq, yəqin ki, ancaq Heydər Əliyev yarada bilərdi.

***

Ötən əsrin 70-ci illərində Azərbaycanın taleyi digər şəxslərin əlində olardısa,  baş verəcəkləri təsəvvürünə gətirməyə çalışırsan. 1987-ci ildə dünya ermənilərinin əli ilə və keçmiş ittifaq rəhbərliyinin, xüsusilə də  Qorbaçov kimilərinin qısqanclığı ucbatından vəzifəsindən uzaqlaşdırılandan, respublikaya təsir imkanları məhdudlaşdırılandan sonra Azərbaycanın başına gətirilən fəlakətlər, Dağlıq Qarabağ düyünü daş kimi adamın ürəyindən asılır.

Müstəqilliyin ilk illərində üzləşdiyimiz faciələr, çətinliklər, yaşadığımız ictimai sarsıntılar gəlir adamın gözünün önünə.

Real vətəndaş müharibəsi, parçalanma təhlükəsi ilə üz-üzə qalmış, ucqarlarında düşmənlə savaş, mərkəzində isə hakimiyyət uğrunda dartışmalar  gedən kövrək bir Vətənin yaşadıqları düşür yadına.      

İndiki dünyamızın müsəlman ölkələrində çağdaş səlib yürüşlərinin törətdiyi fəlakətləri izlədikcə, dünyaları əllərindən alınmış körpələrin gözlərindəki kədərinə, anaların göz yaşlarına, bombalardan canını qurtarmaq istəyərkən, dənizlərdə qərq olan zavallı mühacirlərin müsibətinə şahid olduqca taleyin 1993-cü ildə Azərbaycanı Heydər Əliyevin əli ilə nə qədər böyük fəlakətdən hifz etdiyinə əmin olursan. 

Və yenə heyrətlənirsən!..

Birdən o həlledici məqamda Heydər Əliyev olmasaydı?..

Bəs onda Azərbaycan indiki günlərinə gəlib çıxa biləcəkdimi?!

Bəs bütün ömrü boyu sovet sistemində çalışmış dövlət xadiminin siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlətin gələcəyini, inkişaf istiqamətlərini bu qədər aydınlıqla təsəvvür edə bilməsi, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasından ötrü apardığı islahatlar, həyata keçirdiyi hüquqi dövlət quruculuğu prosesləri, azad bazar iqtisadiyyatı yolunda qısa müddətə ölkəyə qazandırdığı böyük nailiyyətlər?!

İndi Siz deyin, bunların hərəsi bir HEYRƏT nümunəsi deyilmi?!

***

Heydər Əliyev dünyanın bütün kamil insanları kimi ömrü boyu zora, silaha deyil, ağla, zəkaya bel bağlamağı təlqin edirdi, kamalın zor üzərində üstünlüyünü dövlət rəhbəri kimi şəxsi nümunəsində bütün dünyaya sərgiləyirdi, dövlətə silah çəkənlərin üstünə həmişə ağlı, müdrikliyi ilə gedirdi və hər dəfəsində də qələbə qazanırdı.

Lider üçün gərək olan bütün xüsusiyyətlərin onun şəxsiyyətində bir-birini uğurla tamamlamasının özü də Tanrının bir möcüzəsi idi...

Uca və şux qamət, yaraşıqlı sima, sağlam bədən və ruh, mahir natiqlik qabiliyyəti, dərin zəka, əhatəli biliklər, öyrənmək həvəsi, məqsədyönlülük, kübar davranışlar, yüksək zövq. Bunların hansısa biri olmasaydı, Heydər Əliyevin tarixdəki obrazı natamam qalardı bəlkə, amma bu xüsusiyyətlərin hər biri bu böyük dövlət adamının şəxsiyyətində bir-birini incəliklə tamamlayırdı. 

Bir də uzaqgörənlik!..

HEYDƏR ƏLİYEV XXI əsrin ortalarına doğru dünyada hansı küləklərin əsəcəyini, yer üzünün hansı gərginliklərlə üz-üzə qalacağını aydın bəsirəti ilə irəlicədən görürdü və bilirdi ki, belə laübalı bir dünyada Azərbaycanı ancaq onun siyasi xəttinə sadiq qalan, qurucu Atanın yetiri olan qətiyyətli lider qoruyaraq inkişaf etdirə bilər.

2003-cü ildə ulu öndərin Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVİ nəzərdə tutaraq söylədiyi “MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM!..” əminliyi ATANIN öz ÖVLADINA olan inamı ilə bərabər, həm də Azərbaycanın bugünkü qüdrətli günləri ilə bağlı aydın təsəvvürlərdən irəli gələn bir xatircəmlik idi...

Heydər Əliyev xoşbəxt ATA idi - çünki bu gün öz xoş əməlləri ilə onun inamını doğruldan, üzünü ağ edən saleh övladları var, arzularındakı Azərbaycanı qurub yaradan, Vətəni tarixinin ən qüdrətli çağlarına yetirən, Heydər Əliyev missiyasını yaşadan və davam etdirən Prezident İlham Əliyev var!..

...Və bu məfkurəni indi layiqincə yaşadan, ailə ocağının qoşa qanad kimi cəfakeş qoruyucusu Mehriban xanım Əliyevanın milyonlar tərəfindən sevilməsi, qəbul olunması ulu öndərin cənnətməkan RUHUNA, həm də, əbədi rahatlıq bəxş edir...

Heydər Əliyev uğurlu dövlət adamı idi - bir liderin öz xalqının milli dövlətçilik tarixində görə biləcəyi bütün nəcib işləri yerinə yetirmişdi, çünki. Öz missiyası ilə tarixin ən yüksək ucalıqlarına yüksəlmişdi.

Heydər Əliyev qalib şəxsiyyət idi - bütün sınaqlardan mətinliklə çıxmışdı, həyatının ən böyük ideallarını gerçəkləşdirə bilmişdi, onu yetirən XALQI öz milli hədəflərinə çatdırmışdı. 

...Və yəqin ki, bu da bir Tanrı qisməti idi...

***

İllər öncə bir yaz günü Naxçıvana ziyarətim zamanı şəhərin mərkəzindəki Heydər Əliyev Muzeyində diqqətimi çəkən bir şəkil də düşüncələrimi ovsunlamışdı... Adi bir şəkildən daha çox insanın alın yazısına işarə, qismət dediyimiz sirrin hansısa formada şifrələnib qabaqcadan əyan olması faktı kimi gözlərimə köçürmüşdüm o şəkli də...

Seyrinə və sehrinə daldığım eksponat böyük rəssamlıq istedadına malik Heydər Əliyev o vaxtın pero-qələmi ilə yeniyetmə bir qızın rəsmini çəkib və altında da öz dəst- xətti ilə beləcə yazıb: “Zərifənin şəkli 12 yaşında çəkilib. 1942-ci il aprelin 27-də, axşam saat 9.30-da”.

Əvvəl təəccüblənmişdim, axı Heydər Əliyev gələcək ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə illər sonra rastlaşıb peyman bağlayacaqdı, o zaman bu rəsm 1942-ci ildə necə çəkilə bilərdi?!

Yenə HEYRƏT məni bürümüşdü...

Həmin rəsmi çəkərkən, Heydər Əliyev 12 yaşlı qızdan adını soruşur, qız özünü Zarya kimi təqdim edir, belə məqamlara həssaslıq göstərən (bir telegörüntüdə çay süfrəsi arxasında ulu öndərin “kəklikotu” sözünün “kəkotu” kimi tələffüzünə iradını xatırlayıram) Heydər Əliyev təhrif olunmuş adla təqdimata etirazını bildirir və rəsmin altında da öz əlləri ilə məhz belə yazır: “Zərifənin şəkli...”

HEYRƏTDƏN necə donmayasan?!.

Tanrım, ilk baxışdan adi görünən ömür faktı ilə, bəlkə, öz sevimli bəndənə yazdığın Yazını, günlərin birində qarşısına çıxaracağın ömür-gün qismətinin adını əvvəlcədən əyan edirmişsən və öz qismƏtini Ona öz əlləri ilə yazdırırmışsan...

Heydər Əliyevin o dövrdən dünyaya heyrətlə baxan gözləri də bəlkə Azərbaycanın bu baxışlarla o tarixə düşən xoş bir yazısı imiş, kim bilir...

...Hə, əzizlərim...

...Bir də, bir də baxışlarınızı qaldırıb bu şəklə baxın, gələcək dühanın sabaha heyrətlə baxdığı bu şəklə bir də diqqət yetirin...

O, bu dünyaya gəldi və bu dünyaya HEYRƏTLƏNDİ...

O, bu dünyaya gəldi və bu dünyanı HEYRƏTLƏNDİRDİ...

Bəlkə bu heyrətli baxışlar sabahkı günlərə bir ismarıc idi?..

Bəlkə bizim bu heyrətdən başlanan Ulu Tarix qarşısında  gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz və düşündüklərimizdir?..

...Hər şey, hər şey,  həqiqətən də, düşündürücü və heyrətləndiricidir!..

 

İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı,

əməkdar jurnalist

 

Azərbaycan.- 2017.-13 aprel.- S.3.