Dəli Kürlə Xan Arazın qovuşduğu məkanda bayram ovqatı

 

Bütün dünyanın diqqəti yenə də Bakıya - IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi cənnətməkan diyara yönəlib. Bakının bu möhtəşəm idman yarışlarına evsahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə sürətlə artan nüfuzunun, Prezident İlham Əliyevin çağdaş dünya düzənində söz sahibinə çevrilməsinin gerçək göstəricisidir.

Son illər sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də ölkəmiz üçün böyük siyasi əhəmiyyət kəsb edir. Ərazilərimizin 20 faizdən çoxunu işğal altında saxlayan Ermənistan silahlı qüvvələri təxribatlarına bu günara vermir. Cəbhə bölgələrində kəndlər, qəsəbələr atəşə tutulur. Gücü, qüdrəti günbəgün artan Azərbaycan Ordusu azğın düşmənlərimizin heç bir təxribatını cavabsız qoymur. Ötən ilin aprelində Milli Ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq hərb tariximizə şanlı səhifələr yazdı. Xeyli ərazi işğaldan azad edildi, düşmən canlı qüvvə və texnika itirdi.

Ümumiyyətlə, müharibə şəraitində yaşayan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə İslam dünyasında birləşdirici, barışdırıcı missiyanı bu gün şərəflə həyata keçirir. Artıq bir neçə gündür ki, Bakıdakı Daş Salnaməsi Muzeyində İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilmişdir. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu müxtəlif bölgələrdən gəlmiş uşaqlara təqdim etmişdir. Uşaqlar isə onu təmsil etdikləri bölgələrə çatdırmaqla Xəzərin suyunun ölkəni dolanmasını təmin edəcəklər. İslam Həmrəyliyi Oyunları üçün suyun rəmz kimi seçilməsi də təsadüfi deyil. Yaranışın dörd vacib ünsüründən biri olan suya İslamda böyük önəm verilir. Həyatımızı susuz təsəvvür etmək qeyri-mümkündür. Su aydınlıqdır, saflıqdır, təmizlikdir.

Daş Salnaməsi Muzeyində Prezident İlham Əliyevin, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun da iştirak etdiyi təntənəli mərasimdə Sabirabaddan gəlmiş 10 yaşlı futbolçu, dərs əlaçısı Tahir Fuad oğlu Quliyev də vardı. Tahir dövlət başçısından qəbul etdiyi suyu xoş arzularla doğma Sabirabada gətirmişdi...

13 aprel 2017-ci il. Bərəkətli Muğan düzünə xoş bir yaz səhəri açılıb. Çöl-çəmən zümrüd libasa bürünüb, ağaclar əlvan çiçəklərdən sanki başlarına çətir tutub. Xan Arazla dəli Kürün qovuşduğu bu müqəddəs məkanda izdiham yaşanır. Tarixi min illərlə ölçülən Suqovuşan adlı bu əsrarəngiz məkanda yurdumuzun ən böyük iki çayı birləşir. Yerli əhalinin and yerinə, inanc ünvanına çevrilən Suqovuşan zaman-zaman şairlərə ilham verib, dillərdə şirin nəğmə kimi yaşayıb. Xəzərdən başlayan su səyahətinə bu müqəddəs və tarixi məkanın daxil edilməsi də çox böyük sevinclə qarşılanıb.

Budur, Tahir Quliyev qaydasız döyüş üzrə dünya çempionu Azad Əsgərovun və sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyevin müşaiyəti ilə Suqovuşana yaxınlaşırlar. Azad Əsgərov çayların qovuşduğu yerdən suyu götürərək Seyfulla Mehdiyevin əlindəki mis səhəngə doldurdu. Seyfulla  su dolu səhəngi Tahirə təqdim etdi. Balaca Tahir isə böyük Azərbaycan torpağının ətri hopmuş su ilə dolu səhəngi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə aparacaq.

Muğan düzünün mərkəz şəhəri olan Sabirabad bayram libasındadır. Yaraşıqlı park və xiyabanları, səliqə-sahmanı, abad görkəmi, təmizliyi, zümrüd libası ilə göz oxşayan şəhər bayram ovqatı yaşayır. Bir-birinə gözaydınlığı verən rayon sakinlərinin üz-gözündən fərəh süzülür. Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Hadir Quliyev təəssüratlarını bizimlə bölüşür:

- Bu gün hər birimiz müstəqillik tarixinin əsl intibah dövrünü yaşayan Azərbaycanımızla fəxr edir, onun yüksəlişi ilə qürur duyuruq. İndi Azərbaycan da dünyada söz sahibidir. Onun qərarı, razılığı olmadan bizim regionda hər hansı bir layihə həyata keçirmək qeyri-mümkündür. Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət, qətiyyəti və prinsipiallığı xalqımızın ürəyincədir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də məhz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu yarışlara təkcə idman, əyləncə kimi baxmaq sadəlöhvlük olardı. Böyük İslam dünyasının Bakıda bir araya gəlməsi ilk növbədə mənfur düşmənimiz Ermənistana ağrı-acılar yaşadır. Qonağımız olan çoxsaylı dostlar isə Azərbaycanı daha yaxından tanıyır, Qarabağ münaqişəsinin əsl mahiyyətindən halı olurlar. Beləcə dostlarımızın sırası sıxlaşır.

Yeri gəlmişkən, Azərbaycanın bir parçası olan Sabirabad da son illər sürətlə inkişaf edir. Dövlətin davamlı qayğısından güc alan sabirabadlılar doğma yurdun hər qarışını cənnətə döndərmək, gözəlləşdirmək üçün əsl fədakarlıq göstərirlər. Yeni rahat yollar çəkilir, sosial obyektlər tikilir, parklar, xiyabanlar salınır, bol kənd təsərrüfatı məhsulları istehsal olunur. Rayonda vətənini, xalqını canından artıq sevən yeni nəsil yetişir. Dövlət gənclər siyasəti rayonumuzda uğurla həyata keçirilir. Gənclər mərkəzi, olimpiya idman kompleksi, çoxsaylı mədəniyyət müəssisələri gənclərin sevimli məkanına çevrilib.

Xəzərdən başlayan səyahət çərçivəsində bu gün SabirabaddaSu festivalı” reallaşır. Rayon məktəblilərinin əyləncəli idman tədbirləri bayram ovqatlı günü daha da zənginləşdirir. Üçüncü və altıncı sinif şagirdlərindən ibarət 100 nəfər məktəblinin qatıldığı yarışları IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Çoşqun Rəhimov və Rəfael İskəndərov izləyirlər.

Axşam Heydər Əliyev adına parkda  möhtəşəm “Su festivalı” keçirildi. Paytaxtdan gəlmiş incəsənət ustaları ilə yanaşı, rayon mədəniyyət evinin özfəaliyyət kollektivi də tədbir iştirakçılarına maraqlı musiqi proqramı təqdim edirlər. Lazer şousu, atəşfəşanlıq “Su festivalı”nı daha da baxımlı etdi.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-14 aprel.- S.5.