Türkiyədə keçirilən beynəlxalq sağlamlıq turizmi konqres-sərgisində Azərbaycan da təmsil olunub

 

Türkiyədə növbəti ənənəvi HESTOUREX – Səhiyyə, İdmanAlternativ Turizm Konqres və Sərgisi təşkil edilib. Hər il olduğu kimi, bu il də tədbir Türkiyənin Xarici İşlər Nazirliyinin koordinasiyası, Səhiyyə, İqtisadiyyat, Gənclik və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə Antalyada keçirilib.

HESTOUREX-in açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybekçi, mədəniyyət və turizm naziri Nebi Avçı, gənclər və idman naziri Akif Kılıç, səhiyyə naziri Receb Akdağ, Antalya valisi Münir Karaloğlu, tədbirin strateji tərəfdaşı olan Türkiyə Sağlamlıq Turizmi Assosiasiyasının qurucusu və rəhbəri Emin Çakmak iştirak ediblər.

Çıxış edənlər tədbirin keçirilməsində əsas məqsədin Türkiyə Respublikasının sağlamlıq və turizm baxımından inkişafı, ölkədə fəaliyyət göstərən tibb müəssisələrində və sağlamlıq komplekslərində müayinə və müalicə olunmaq üçün dünyanın hər yerindən pasiyentlərin cəlb edilməsinə nail olmaq, səhiyyə sahəsində təcrübə və fikir mübadiləsinə, ən müasir tibbi avadanlıqların və alternativ müalicə metodlarının araşdırılmasına, həmçinin mütəxəssislərin qarşılıqlı fikir mübadiləsinə və treninqlərin təşkilinə şərait yaradılması olduğunu bildiriblər.

Dünyada analoqu olmayan tədbirdə 150 ölkədən 4 mindən çox tibbturizm mütəxəssisi, sığortaçı, habelə klinikaların və otellərin nümayəndələri iştirak ediblər. Azərbaycandan səhiyyə işçilərindən, turizm şirkətlərinin mütəxəssislərindən və jurnalistlərdən ibarət 62 nəfərlik nümayəndə heyəti tədbirə qatılıb. Tədbir çərçivəsində seminarlar, mühazirələr, master klass-lar, B2B formatında təkbətək görüşlər keçirilib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən “Gilan Turizm” MMC ilə Türkiyə Sağlamlıq Turizmi Assosiasiyası arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Müqaviləni Assosiasiyanın prezidenti Emin Çakmak və layihənin ölkəmizdəki koordinatoru, assosiasiyanın “Gilan Turizm MMC” nəzdindəki şəbəkə ofisinin direktoru Fərid Məcidov imzalayıblar. Sazişə əsasən, bundan sonra Türkiyədə müalicə olunmaq istəyən Azərbaycan vətəndaşları pərakəndə və məlumatsız şəkildə deyil, əvvəlcədən bütün şərtlərdən məlumatlı olaraq seçim edə biləcəklər. Bunun üçünGilan Turizm MMC”yə müraciət edənlərə klinika seçimi, transfer, otel, xidmətlər üçün ödəniləcək vəsaitin miqdarı və digər lazımlı nüansları əhatə edən paketlər təqdim olunacaq. Beləliklə, insanlar həm müraciət etmək istədikləri sağlamlıq ocağı haqda öncədən daha geniş məlumat alacaq, həm də əlavə xərclərdən azad olacaqlar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 14 aprel.- S.8.