Dini-mənəvi dəyərlər Azərbaycan xalqının əbədi sərvətidir

 

Bu zəngin sərvətdən sui-istifadə etmək fikrinə düşənlərin cəhdləri əbəsdir

 

Bu il Azərbaycanda “İslam həmrəyliyi ilielan edilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin hazırladığı tədbirlər planı ardıcıl həyata keçirilir. Gələn ay ölkəmizdə möhtəşəm idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq.  Oyunlara hazırlıq işləri başa çatmaq üzrədir. Müsəlman ölkələrini təmsil edən minlərlə idmançının qatılacağı bu böyük idman festivalı hazırda mürəkkəb tarixi mərhələdən keçən İslam dünyasının bir araya gəlməsinə imkan verəcək.

Azərbaycan bir parçası olduğu İslam aləmindən 70 il uzaq düşmüşdü. Sovet imperiyasının süqutu ilə Odlar yurdu yenidən öz təbii mühitinə qovuşmaq imkanı əldə etdi. Amma bu proses rəvan keçmədi. Milli müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkəmizdə həyatın bütün sahələrində böhran hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində  ərazimizin böyük bir hissəsinin işğal olunması, yüz minlərlə soydaşımızın və həmvətənimizin yurd-yuvasından didərgin düşməsi, iqtisadi tənəzzül, siyasi sabitliyin pozulması  cəmiyyətdə gərgin ab-hava yaratmışdı. Belə bir vəziyyətdə Azərbaycanın xalq və dövlət kimi mövcudluğu böyük sual altında idi. Eyni zamanda ateizm ideologiyasının süqutu ilə mənəvi sahədə boşluq yaranmışdı. Böhran vəziyyətindən və siyasi qeyri-sabitlikdən sui-istifadə edən qeyri-ənənəvi dinlərin, məzhəb və sektaların nümayəndələri bu boşluğu dolduraraq öz məqsədlərinə nail olmaq üçün fürsət tapmışdılar. Ölkəyə çoxlu sayda dini ədəbiyyat gətirilir, xarici missionerlər meydan sulayırdılar. Din pərdəsi altında fəaliyyət göstərən ekstremist, pozucu qüvvələr Azərbaycana axışırdı. Bu, azmış kimi, ayrı-ayrı siyasi təşkilatlar dini siyasətə cəlb edib ondan faydalanmağa çalışırdı. Belə bir şəraitdə xalqın dini-mənəvi dəyərləri böyük bir təhlükə ilə üz-üzə qalmışdı.

Təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vəziyyət köklü şəkildə dəyişdi. Bir neçə il ərzində cəmiyyət həyatının bütün sahələrində islahatlar keçirildi, demokratik, hüquqi dövlət quruculuğu geniş vüsət aldı. Zaman keçdikcə dövlətin möhkəmlənməsi, qanunvericilik bazasının təkmilləşməsi ilə din sahəsində də təhlükəli meyillərin qarşısını almaq mümkün oldu. 1992-ci ildə qəbul olunmuşDini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilərək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasına qadağa qoyuldu. Eyni zamanda dini icmaların qeydiyyatdan keçməsi və normal fəaliyyət göstərməsi üçün şərait yaradıldı. Tədricən din cəmiyyətdə layiq olduğu mövqeyi tutdu.

Dövlətin dinə münasibətdə yeritdiyi siyasətin əsas istiqamətlərindən biri vətəndaşların dini ayinləri icra etməsi üçün şərait yaratmaqdır. Bu baxımdan məbədlərin və ziyarətgahların bərpası və yenidən qurulması sahəsində görülən işlər diqqəti cəlb edir. Məlum olduğu kimi, məscidlər sovet dövründə baxımsız vəziyyətdə idi, bir çoxları yararsız hala düşmüşdü. Hələ 1990-cı illərdə ölkədə iqtisadi vəziyyətin mürəkkəb olmasına, maliyyə imkanlarının məhdudluğuna baxmayaraq, dövlət rəhbərliyi bu sahədə  diqqətəlayiq işlər görmüşdür. Onlardan biri Bibiheybət məscid-ziyarətgahının inşası idi. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına paytaxtda belə bir möhtəşəm məscid kompleksi ucaldılmış və möminlərin istifadəsinə verilmişdir.

Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə məscidlərin bərpası və təmiri işi indidavam edir. Dörd il əvvəl ölkənin, eləcə də Qafqazın ən qədim məscidi - 743-cü ildə inşa olunmuş Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Paytaxtın nadir memarlıq abidəsi - Təzəpir məscid-kompleksi əsaslı şəkildə təmir olunmuşdur. Üç il əvvəl isə ölkənin ən böyük məscidi - Heydər məscidi qapılarını möminlərin üzünə açmışdır. Həmçinin Əjdərbəy məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Gəncə “İmamzadə” kompleksi, eləcə də onlarca digər məscid və ziyarətgah təmir və bərpa olunmuşdur. Xatırlatmaq yerinə düşər ki, sovet dövründə ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi. Bu gün isə müstəqil Azərbaycanda məscidlərin sayı 2166-ya çatmışdır. Məscidlərimizin 306-sı tarixi abidə kimi dövlət tərəfindən qorunur. Eyni zamanda dini təhsilin genişləndirilməsi, yenidən təşkili istiqamətində ciddi addımlar atılmışdır.

Hazırda ölkəmizdə dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Prezident İlham Əliyev müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Dövlət başçısının özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət etmişlər.

Dövlətin dinə və dindarlara belə bir xoş münasibəti təsadüfi deyil. Axı Azərbaycan dünyəvi dövlət olsa da, yəni dövlət dindən ayrı olsa da, dövlətin vətəndaşı dindən ayrı deyil. Digər tərəfdən, Azərbaycan dövləti İslam sivilizasiyasının qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyanın islamofob dairələrinə qarşı mübarizə sahəsində həmişə xüsusi fəallığı ilə seçilir, bəzi xaricidin təəssübkeşləri”dən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirir.

Təəssüflər olsun ki, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda dindən başqa məqsədlər üçün istifadə etmək fikrinə düşənlər var. Özü də irimiqyaslı beynəlxalq tədbirlər ərəfəsində. Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə, paytaxtımız İslam mədəniyyətinin paytaxtı elan ediləndə “din fədailəri”nin canfəşanlığını müşahidə etmişdik.

Bu yaxınlarda  din təəssübkeşləri”nin  bir dəstəsi Bakıda yenidən meydana çıxmışdı. “Təəssübkeşlər”in növbəti hərəkəti payxtaxtın “Sovetskiadlanan köhnə ərazisinin tamamilə yenidən qurulması prosesində Hacı Cavad məscidinin sökülməsi ilə əlaqədar idi.

Hamıya aydındır ki, Bakının müasirləşdirilməsi işi davam etməlidir. “Sovetskitipli gecəqondu massivlərinin şəhərin mərkəzindən yığışdırılması günün tələbidir. Dövlət əyri yolları, havasız, üfunətli məhəllələri, ötən əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür. Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir.

Belə bir məqamı qeyd edək ki, şəriət məscidin sökülməsinə qadağa qoymur. Məscidin binası yararsız hala düşübsə, yaxud irimiqyaslı abadlıq işlərinə mane olursa, onu sökməkdə heç bir qəbahət yoxdur. Yəni ibadət evinin sökülməsi zərurətdən irəli gəlir. Üstəlik, Azərbaycan dövləti məscid sökən yox, məscid tikən dövlətdir. Paytaxtın buya digər ərazisi yenidən qurularkən dindarların ibadətxana ehtiyacı mütləq nəzərə alınacaq. Odur ki, “din təəssübkeşləri”nin, eləcə də vəziyyətdən istifadə edib gündəmdə qalmaq istəyən hərşeyşünasların cəhdləri əbəsdir. 

Konkret olaraq Hacı Cavad məscidinə gəlincə, bu ibadətgah ətrafında yaranmış vəziyyət narahatlıq doğurmaya bilməzdi, çünki məscid adi bina olmadığından ərazinin abadlaşdırılması zamanı onun qorunub saxlanması imkanına yenidən baxıla bilər. Odur ki, Prezident İlham Əliyev vəziyyətə müdaxilə etməli oldu. Dövlət başçısı sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdir. Problem yalnız xüsusi komissiyanın rəyi və irəli sürüləcək təkliflər dəyərləndirilərək həll olunacaq.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2017.- 15 aprel.- S. 5.