Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb

 

Aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsində akademik Zərifə Əliyevanın anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarları önünə tər güllər düzüblər.

Anım mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görkəmli oftalmoloqun Azərbaycanın vətənpərvər qadını olduğunu diqqətə çatdıraraq deyib: “Akademik Zərifə Əliyevanın dinə rəğbəti çox böyük idi, o, həmişə nəcib əməlləri ilə İslam dininə münasibətini bildirib. Zərifə Əliyevanı və ailəsini şəxsən tanıyan hər bir kəs onun haqqında xoş, müsbət fikirlər söyləyir. Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir”.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, bu gün xalqımızın böyük oğlu, müstəqil Azərbaycanın memarı, həmişə xalqının yanında olan, onun xoşbəxt və firavan yaşamasına bütün ömrünü sərf edən ulu öndər Heydər Əliyevin ailəsinin sütunlarından biri olan, ümumbəşəri keyfiyyətlərinə görə bir ailə qadını nümunəsi olan Zərifə xanım Əliyevanın anım günüdür. Bu gün xalqımızın həyatında yaddaqalan, unudulmayan günlərdən biridir. Zərifə xanım Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşıdır. Hamıya məlumdur ki, Ulu Öndər 80 illik mənalı həyatını xalqına, Vətəninə həsr edib. Bu gün ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev Zərifə xanımın övladıdır, ailədə ondan ana tərbiyəsini alıb. Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Sonda ehsan süfrəsi açılıb.

 

Azərbaycan.- 2017.-16 aprel.- S.4.