İslamiada ərəfəsində möhtəşəm idman tədbirləri keçirilir

 

May ayının 12-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına bir aydan da az vaxt qalıb. Geniş coğrafiyanı əhatə edəcək əhəmiyyətli idman yarışı kimi tarixiləşəcəyi gözlənilən beynəlxalq tədbirin başlanacağı günə elə də böyük zaman qalmayıb.

Hesab edilir ki, İslamiada Azərbaycan da daxil olmaqla bütövlükdə İslam dünyasının tolerantlığının növbəti təsdiqinə çevriləcək. İndidən əminliklə demək mümkündür ki, təşkilatçılıq işi yenə ən yüksək və nümunəvi səviyyədə olacaq. Azərbaycanın İslam Oyunlarının da tarixində yeni səhifə açacağı birmənalıdır. Bu inamı yaradan isə artıq Azərbaycanın bir sıra beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməsidir. Bu, dünyanın ən inkişaf etmiş ölkələrində də etiraf olunur.

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində respublikamızın ayrı-ayrı regionlarında su festivallarının keçirilməsi ilə paralel olaraq müxtəlif idman komplekslərində mühüm əhəmiyyətli tədbirlər, yarışlar da reallaşmaqdadır. Son günlər İsmayıllı Olimpiya İdman Kompleksibir sıra idman tədbirlərinə evsahibliyi edir. Voleybol, həndbol və atletika federasiyalarının təşkil etdiyi zona birinciliyinin ardından dünən Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə uşaqlar arasında bədii gimnastika üzrə “İsmayıllı açıq birinciliyikeçirildi.

Son illər idmanın bütün növləri üzrə uşaq və yeniyetmələrin formalaşmasına  diqqət yetirilməsi, onların potensiallarından düzgün istifadə olunmağa başlanması əlamətdar hal kimi dəyərləndirilməlidir. Bu, çoxsaylı idman uğurları olan xalqımıza idmançıların gələcəkdə daha çox yüksək əyarlı medallar gətirəcəyinə inamı artırır.

İsmayıllılılar da belə əhvali-ruhiyyədə idilər. Tədbiri açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev iştirakçılara uğurlar arzuladı.

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümmətov isə  güclülərə uğur qazanmasını arzuladı. Bildirdi ki, bu kompleks 2009-cu il oktyabrın 29-da möhtərəm Prezident İlham Əliyev tərəfindən açılıb. Həmin dövrdən də kompleks fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Hazırda burada idmanın 20-dək növü üzrə qruplar fəaliyyət göstərir. Kompleks respublikada olan bütün federasiyalarla məhsuldar şəkildə əməkdaşlıq edir. Onların arasında Azərbaycan Gimnastika Federasiyası da var.

Federasiyalarla aparılan sıx əməkdaşlığın nəticəsi olaraq kompleksdə respublika əhəmiyyətli idman tədbirləri, təlim-məşq toplantıları keçirilir. Gələn idmançılar yüksək səviyyədə qarşılanır və təşkilati işlər lazımi səviyyədə təmin olunur. Bu da davamlı əməkdaşlıq üçün zəmin yaradır. İsmayıllı Olimpiya İdman Kompleksi Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə 4 ildir əməkdaşlıq edir. Kompleksdə iki qrup üzrə gimnastika bölümü fəaliyyət göstərir. 2013-cü ildə federasiya rəhbərliyi tərəfindən etimad göstərilərək kompleksdə respublika çempionatı da keçirilib.

Hazırda 11 komandanı təmsil edən 62 idmançı arasında keçirilən yarış da növbəti diqqətin təzahürüdür.

AGF tərəfindən yarışın keçirilməsinə məsul edilən Rəşid Məmmədov əvvəlcə tədbirin yüksək səviyyədə təşkil olunmasına görə İsmayıllı Olimpiya Kompleksinin rəhbərliyinə minnətdarlığını ifadə etdi. Bildirdi ki, tədbirin başlıca məqsədi respublikamızın şəhər və rayonlarında idmanın bu növünə uşaq və gənclərdə maraq oyatmaqdır. Yarış iştirakçıları isə 2007-2012-ci illər təvəllüdlü uşaq və yeniyetmələrdir.

Çıxışlardan sonra Azərbaycanın Dövlət himni səsləndirildi və yarışmaya start verildi.

Əvvəlcə Göyçay, İsmayıllı, Mingəçevir, Ağdaş, Sumqayıt, Zabrat, Hövsan, Kürdəmir, Zirə, Zirvə, Şağan komandalarının iştirakçıları meydana daxil oldular. Yarışma bədii gimnastikaya aid olduğu üçün iştirakçılar əsasən top, halqa, qaval və sairədən ibarət alətlərlə çıxış etdilər.

İstər milli, istərsə də gimnast geyimlərində müxtəlif nömrələrlə çıxış edən idmançılar iştirakçılar tərəfindən alqışlarla qarşılanırdılar. Bu da, sözsüz ki, yarandığı dövrdən Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətini düzgün qurmasının və orada toplaşan çoxsaylı peşəkarların fəaliyyətinin müsbət nəticəsidir.

Yüksək səviyyədə keçirilən yarışın nəticələrinə uyğun olaraq münsiflər qalibləri müəyyənləşdirdilər. İlk 3 yerdə qərarlaşan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.-16 aprel.- S.6.