Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda
qeyri-neft ixracatçılarının respublika müşavirəsi
keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
müşavirəni giriş nitqi ilə açdı.
Prezident İlham
Əliyevin giriş nitqi
-Bu gün Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi keçirilir. Bu müşavirənin böyük əhəmiyyəti var. Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik. Birinci müşavirə Yevlax rayonunda keçirilir.
Son illər ərzində Yevlax rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir çox önəmli addımlar atılmışdır, həm iqtisadi, həm sosial layihələr icra edilmişdir. Mənim bu səfərim çərçivəsində biz bir neçə önəmli obyektin açılışını qeyd etdik. İki yol layihəsi istismara verildi. Uzun illər ərzində demək olar ki, fəaliyyətsiz qalan Varvara Su Elektrik Stansiyasının yenidən qurulması öz həllini tapdı və indi bu stansiya 18 meqavat enerji gücünə malikdir. Eyni zamanda, biz Yevlaxda müasir balıqartırma müəssisəsinin açılışını da qeyd etdik. Bu da böyük müəssisədir və böyük investisiya qoyulubdur, eyni zamanda, bu müəssisənin çox böyük ixrac potensialı var.
Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.
O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, belə gözəl regional inkişaf mərkəzləri yaradılır, bu, ikinci mərkəzdir. Mən Xaçmaz rayonunda birinci mərkəzin açılışında da şəxsən iştirak etmişdim. Sahibkarlar üçün Yevlax rayonundakı bu Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir.
Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.
Əlbəttə, sahibkarlığın inkişafı haqqında danışarkən biz mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcək.
Bu proqramların icrası
nəticəsində biz nələri əldə etdik? İlk növbədə,
regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz
infrastruktur layihələrinə vəsait qoymasaydıq,
heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ
ölkəyə böyük həcmdə neft gəlirləri
gəlməmişdi. Neft gəlirləri
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə
istismara verilməsindən sonra gəlməyə
başlamışdır. Ancaq biz birinci
Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul
etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim
uğurlarımızın təməlində təkcə
maliyyə vəziyyətimiz dayanmır. Eyni
zamanda, düşünülmüş siyasət, güclü
iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz
həm Regional İnkişaf proqramlarının icrasına gətirib
çıxardı və bütövlükdə bütün
digər sahələrdə də biz ardıcıl siyasət
apararaq ölkəmizi gücləndiririk.
Demək olar ki, 2004-cü ildən
bu günə qədər Azərbaycanda əsas infrastruktur
layihələri icra edilmişdir. Biz elektrik enerjisini
idxal edirdik, artıq ixrac etməyə
başlamışıq, 30-a yaxın elektrik stansiyası
tikilib istifadəyə verilmişdir. Bu,
inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni
yaratmaq mümkün olmayacaq. Digər tərəfdən,
infrastruktur layihələrimiz sosial xarakter daşıyır.
Çünki dayanıqlı enerji ilə vətəndaşları
təmin etmək hər bir dövlətin borcudur. Biz buna
da nail olduq. Əvvəlki illəri
yaxşı xatırlayırıq, işıqlar
sönürdü, hətta Bakı şəhərində
fasilələr yaranırdı. Bu gün
isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin
etmişik. Hələ də işlər
gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar
tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri
təzələnir. Ancaq demək olar ki,
biz işlərin böyük hissəsini görə
bilmişik.
Azərbaycanda
qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram,
Prezident kimi bölgələrə ilk səfərlərimdə
vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən
biri də qazlaşdırma ilə bağlı idi. O vaxt
nəinki kəndlərdə, hətta rayon mərkəzlərində
təbii qaz yox idi. Bakı şəhəri 100
faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni
də demək olar ki, həll etdik. Qazlaşdırmanı
92 faizə çatdırmaq hər bir ölkə
üçün böyük nailiyyətdir. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə
çatacağıq.
Birinci proqram qəbul olunandan
sonra 11 min kilometrdən çox uzunluğu olan yollar
salınıb.
Bütün qonşu ölkələrlə bizi
birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq
buna yaxındır. Kənd
yollarının salınması geniş vüsət
almışdır. Dünən Yevlax
rayonunda iki yol layihəsini istismara verdik. Demək
olar ki, Yevlax rayonunda əsas kənd yolları artıq normal vəziyyətdədir.
Bu il yüzlərlə kəndi birləşdirən
yeni yol layihələri icra ediləcək. Bu, həm
sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni
zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq
üçün yolların böyük əhəmiyyəti
var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir
və inkişaf da olmur. Bax, proqramın əsas
istiqamətləri bu idi.
Eyni zamanda, sosial infrastrukturun
yaradılması – 3 mindən çox məktəb, 600-dən
çox xəstəxana tikilmiş, yaxud təmir edilmişdir. Böyük
meliorasiya layihələri icra edilmişdir. Deyə bilərəm ki, onların içərisində
iki layihə - Taxtakörpü və Şəmkirçay su
anbarları tarixi əhəmiyyət daşıyır. Həmin layihələrə böyük dövlət
vəsaiti qoyulmuşdur. Bu su
anbarlarının fəaliyyəti bundan sonra da kənd təsərrüfatına
daim böyük dəstək olacaq. Digər meliorasiya
layihələri icra edilmişdir və bu proses davam edir. Hesab
edirəm ki, bu il bu istiqamətdə ən
ciddi addımlar atılacaq. Mən bunu artıq demişəm,
fermerlərə bu il təxminən 150 min
hektar yeni suvarılan torpaq təhvil veriləcək. Bir il ərzində bu qədər suvarılan
torpağı əldə etməyimiz tarixi nailiyyətdir.
Bir sözlə, regional
inkişaf proqramlarının icrası öz gözəl nəticələrini
vermişdir. Minlərlə yeni müəssisə
yaradılıb. Bir milyon 700 min yeni iş yeri
yaradılmışdır ki, onların bir milyon 300 mini daimi
iş yeridir.
Regionlarımız
abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər
bir bölgəyə səfər edərkən gözəllik,
abadlıq görürsən. Bütün
bunları biz etdik. Bunlar bizim siyasətimiz
nəticəsində mümkün olmuşdur. Bu, bir daha onu göstərir ki, tutduğumuz yol
düzgün yoldur və bu təşəbbüslərin yerinə
yetirilməsi artıq tam yeni bir vəziyyət yaratdı.
Biz bu gün inamla deyə bilərik
ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə
bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın
təxminən 65 faizini təmin edir. İxracatda
isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ
ki, neft və qazla bağlıdır. Bu da
yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı
artırırıq. Ancaq qarşıda
duran vəzifələrdən biri də odur ki, biz ixracda da
şaxələndirməyə nail olaq. Necə
ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna
nail olmalıyıq.
Bu ilin göstəriciləri
də çox sevindiricidir. Mən bu barədə
artıq demişəm, bir daha demək istəyirəm ki, bu
ilin üç ayının göstəriciləri bizi
çox ruhlandırır. Bu, bir daha
göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar
və başladığımız islahatlar qısa müddət
ərzində öz gözəl nəticələrini
vermişdir. Bu ilin üç ayında
iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4
faiz artmışdır. Bu, çox yaxşı
göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı
3,5 faiz artmışdır. Üç ay ərzində
səksən mindən çox yeni iş yeri
yaradılmışdır. Ticarət dövriyyəmiz
15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz
azalmışdır. Kənd təsərrüfatı
məhsullarının ixracı isə 44 faiz
artmışdır. Müsbət saldomuz 1
milyard dollardan artıqdır. Biz
üç ayda 1 milyard dollar vəsait qazanmışıq.
Bizim valyuta ehtiyatlarımız artır. Bu
müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə
gəlib çatacağıq. Çünki
götürdüyümüz bu temp və geniş vüsət
almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən
bizim siyasətimizə göstərilən praktiki dəstək,
- onlar öz işi ilə, öz investisiyaları ilə bunu
göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni
zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra
iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar,
texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik.
Keçən il qəbul
edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və
sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək
üçün yaxşı imkanlar yaratdı. Xüsusilə
qeyri-neft ixracı ilə bağlı atılmış
addımlar artıq öz gözəl nəticələrini
verməkdədir. Biz təşviq sistemini
tətbiq etməyə başladıq. Mən
əvvəlki illərdə də bu barədə demişdim.
Çünki bir neçə ölkədə
təşviq sistemi özünü doğrultmuş və
ixracın sürətli artımına gətirib
çıxarmışdır. Biz
dünyada mövcud olan ən qabaqcıl təcrübəni
öyrənmişik və Azərbaycanda investisiyanın və
ixracın təşviqi sistemlərini tətbiq etməyə
başlamışıq. Hər iki mexanizm
işə salınıb və artıq uğurla icra edilir.
Sahibkarlar bəlkə də ilk anlarda
inanmırdılar ki, dövlət onlara bu güzəşti də
edəcək. Bəzi hallarda buna təəccüb
edirdilər. Ancaq indi görürlər ki,
əgər o, ixracyönümlü məhsulu istehsal edirsə
və onu dünya bazarlarına çıxarırsa, dövlət
onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür.
Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə
qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi
cəhətdən də mənası var. Çünki
sahibkarda inam artır, öz işini daha da böyük inamla
qurur, ölkəmizə daha da böyük inamla sərmayə
cəlb edir.
İnvestisiya təşviqi
mexanizmi işə salındı. Artıq qısa
müddət ərzində investisiya təşviqi üzrə
130 sənəd verilmişdir. Bu proqram
çərçivəsində ölkə iqtisadiyyatına
sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində
sərmayə qoyulur və qoyulacaqdır. Yəni,
bu investisiya təşviqi mexanizmini işə salmaqla
görün, biz investisiya üçün nə qədər
vəsait cəlb etmişik. Sahibkarlar
özləri bunu təşkil edirlər. Dövlət,
əlbəttə ki, öz dəstəyini göstərir.
Qeyd etdiyim kimi, güzəştli
kreditlər, metodiki tövsiyələr və əlbəttə
ki, infrastruktur layihələri öz bəhrələrini
verir. Biz bu il 150 min hektara ilk dəfə olaraq su verəcəyik.
Bütün bunlar iqtisadi potensialımızı
artırır və imkan yaradır ki, sahibkarlar vəsait
qoysunlar, məhsul yetişdirsinlər və xarici bazarlara
çıxarsınlar, daxili bazarı təmin etsinlər.
Yəni, bu iki təşviq təşəbbüsümüz
çox böyük qiymətə layiqdir. Bununla bərabər,
keçən il biz “Azexport”
portalını yaratdıq. Bu da dövlət tərəfindən
atılmış addımdır ki, biz sahibkarların işini
yüngülləşdirək. “Azexport”
portalı bu gün artıq dünya miqyasında
özünü tanıtdıra bilib. Bu
portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki,
biz xaricdən sifariş olunan malların istehsalını təmin
edə bilək. İndi bəzi hallarda
sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət
qədər məhsulumuz hələ ki, olmur. Ancaq “Azexport” portalının yaradılması
çox müsbət hadisədir və getdikcə bu portala
dünyada maraq artacaq.
“Made in Azerbaijan” brendini dünyada
tanıtdırmaq üçün praktiki addımlar
atılır. Artıq bu brend bu gün
dünyada şöhrət qazanır. Əlbəttə
ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər
və o sərgilərdə sahibkarların iştirakı
gözəl nəticələrə gətirib
çıxarır. Mənə verilən
məlumata görə, bir neçə sərgidə artıq
kontraktlar da imzalanmışdır. Əgər
biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar
da imzalanmazdı. Yəni, biz gördük
ki, sahibkarlara əlavə kömək göstərilməlidir.
Mən artıq qeyd etmişəm,
kreditlər verilir, fermerlər torpaq vergisindən başqa
bütün vergilərdən azaddırlar. Texnika
alınır, güzəştli şərtlərlə
gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu
canlandırdı. Ancaq sahibkarlara əlavə
dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını
xarici bazarlara çıxarsınlar. Çünki
bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə, biz bu sərgilərdə
iştirakımızı genişləndirməyə
başladıq. Xarici ölkələrə
bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası
var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın
ticarət evlərini yaradaq və biz artıq buna
yaxınlaşırıq. Yəni, dövlət
tərəfindən atılmış bütün bu
addımlar əlbəttə ki, sahibkarlar üçün yeni
imkanlar yaradır.
Beləliklə, biz bundan
sonra bu gözəl nəticələr əsasında
işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi
genişləndirməliyik. Əlbəttə ki,
qeyri-neft ixracını artırmaq üçün, ilk
növbədə, daxili tələbatı yerli məhsullarla təmin
etməliyik və biz buna yaxınlaşırıq. Hər
il regional inkişaf proqramına yekun
vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla
özümüzü nə qədər təmin edirik, hər
il də dinamikanı görürük.
Ancaq hələ ki, buna tam nail ola bilməmişik.
Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz
çalışmalıyıq ki, əsas istehlak
mallarımızla özümüzü tam şəkildə təmin
edək. Beləliklə, ixrac üçün əlavə
imkanlar yaranacaqdır.
Bir məsələni də
qeyd etmək istəyirəm ki, biz daim inkişafda
olmalıyıq. Çünki ölkə dinamik şəkildə
inkişaf edir və əhali artır. İnkişaf
etmiş ölkələrdə əhalinin sayı ya sabit
qalır, ya da ki, azalır. Bizim ölkəmizdə
isə əhali artır. 2004-cü ildə birinci regional
proqramı qəbul edərkən bizdə əhali az idi. İndi əhalinin sayı
10 milyona yaxınlaşır. Bu, əlbəttə
ki, bizim böyük üstünlüyümüzdür, eyni
zamanda, onu göstərir ki, iqtisadi inkişaf çox sürətli
olmuşdur. Ona görə, insanlar daha da
yaxşı yaşamağa başladılar, rifah yüksəldi
və təbii ki, əhali də artır. Ancaq,
eyni zamanda, bu müsbət tendensiya bizim qarşımızda
çox ciddi vəzifələr qoyur. Biz
istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı
tam ödəyək və ixraca rəqabətqabiliyyətli
mallar təqdim edək. Ona görə,
növbəti illərdə daxili tələbatı yerli məhsullarla
təmin etmək məsələləri birinci dərəcəli
vəzifələrdir. Eyni zamanda, biz
dövlətin dəstəyi ilə yeni bazarlara
çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü
məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə
bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi
tam şəkildə təmin edək.
Biz növbəti illərdə
görüləcək işlər haqqında
danışacağıq. Bu müşavirənin
əsas məqsədi ondan ibarətdir ki, biz gələcək
fəaliyyətimizi planlı şəkildə aparaq. Bu gün veriləcək tapşırıqlar,
qarşıya qoyulacaq vəzifələr, əlbəttə
ki, icra edilməlidir və ediləcəkdir. Onların
icrası nəticəsində biz daha da böyük ixrac
potensialına nail olacağıq. Əlbəttə
ki, biz bunu ancaq sahibkarların köməyi ilə, onların fəaliyyəti
hesabına təmin edə bilərik. Dövlət
isə həmişəki kimi sahibkarların yanında
olacaqdır.
X X X
Sonra iqtisadiyyat naziri Şahin MUSTAFAYEV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Son illər dünya iqtisadiyyatında
davam edən neqativ proseslərdən qaynaqlanan amillərin,
xüsusilə Azərbaycanın ənənəvi əsas
ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin
iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin
davamlı inkişafını təmin etmək məqsədilə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən hərtərəfli islahatların
mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları
ixracının artırılması, yeni bazarlara
çıxışının təmin olunmasıdır.
Təsadüfi deyil ki, Sizin tərəfinizdən
təsdiq edilmiş milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsində hədəf indikatorlardan biri kimi
adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən
azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilmişdir. Bu, azı
üç dəfədən çox artım deməkdir.
Sözsüz ki, bu vəzifənin uğurla yerinə
yetirilməsi üçün ölkə iqtisadiyyatı
güclü və rəqabətqabiliyyətli qeyri-neft sektoruna
malik olmalıdır.
Cənab Prezident, Sizin təşəbbüsünüz
və rəhbərliyinizlə aparılan islahatların əsas
məqsədi məhz qeyri-neft sektorunun inkişafı olub və
onların uğurlu icrası sayəsində bu sahədə
dönüş əldə edilib. Ötən
müddət ərzində dövlət investisiyaları
hesabına rəqabətqabiliyyətli məhsul
istehsalının əsas şərtləri olan etibarlı
elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər
infrastruktur layihələri həyata keçirilib və bu
istiqamətdə işlər davam etdirilir. Təkcə
bu il 150 min hektardan çox torpağı əkin
dövriyyəsinə cəlb etmək və burada yüksək
məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və
elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon
manatdan çox dövlət vəsaiti yönəldilib.
Bununla yanaşı, qeyri-neft sənayesi
və kənd təsərrüfatı, o cümlədən
fındıqçılıq, üzümçülük və
şərabçılıq, tütünçülük,
pambıqçılıq, baramaçılıq, ipəkçilik
sahələrində, turizm və tranzit potensialının
genişləndirilməsi və digər sektorların
inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi,
biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması təmin edilir, müxtəlif
dövlət dəstəyi mexanizmləri həyata
keçirilir.
Bu baxımdan son illərdə sənaye
parklarının və zonalarının, aqroparkların
yaradılmasının, inzibati prosedurların sadələşdirilməsinin,
dövlət xidmətlərinin göstərilməsində
şəffaflığın təmin olunmasının, habelə
“ASAN xidmət” mərkəzləri, Sahibkarlığa Kömək
Milli Fondu, Aqrolizinq, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti
və digər təşkilatlar vasitəsilə
sahibkarlığa verilən dəstəyi xüsusilə
vurğulamaq lazımdır.
Bugünkü tədbirin
keçirildiyi regional inkişaf mərkəzi, burada
yaradılmış biznes inkubator, sərgi və təlim
zalları da Sizin sahibkarlara göstərdiyiniz
dəstəyin və diqqətin bariz nümunəsidir.
Görülən işlər
nəticəsində yüksək texnologiyalara əsaslanan və
rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr
açılıb, yerli tələbatın ödənilməsi
ilə bərabər, bir sıra istiqamətlər üzrə
ixrac potensialı güclənməyə başlayıb. Məsələn, indiyədək
təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
verilmiş güzəştli kreditlər hesabına 51 logistik
mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz
emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16
üzümçülük, 23 bağçılıq və
39 quşçuluq təsərrüfatının, 10 süd
emalı, digər istehsal müəssisələrinin
yaradılması, son illərdə istixanaların ərazisinin
dəfələrlə genişləndirilməsi aqrar sektorda
ixracın artırılmasına böyük töhfə verir.
Sənaye parklarında və
zonalarında müasir müəssisələrin fəaliyyətə
başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi
sənədi üzrə 1,2 milyard manatlıq investisiya
qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon
üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o
cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri
bitkiçilik təsərrüfatının yaradılması
və digər işlər yaxın illərdə qeyri-neft
sektorunda istehsal və ixrac potensialını daha da
artıracaq.
Eyni zamanda, istehsalın dəstəklənməsi
və ixrac potensialının genişləndirilməsi məqsədilə
özünütəminetmə səviyyəsi və yerli
istehsal potensialı yüksək olan 84 məhsul üzrə
idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar
özünütəminetmə səviyyəsi yüksək
olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir.
Belə ki, cari ilin ilk rübündə ümumi
idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb.
Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və
klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan
idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı
49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq
yumurta və soğan idxalı isə demək olar ki,
dayanıb. Ölkəmizdə məhsullar
üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər
aparıldıqdan sonra əlavə məhsullar da siyahıya
daxil ediləcək.
Möhtərəm cənab Prezident,
ötən il ixracın təşviq edilməsi
sahəsində imzaladığınız fərman və sərəncamlar
Azərbaycanın həm iqtisadi inkişafında, həm də
xarici iqtisadi əlaqələrinin genişləndirilməsində
yeni mərhələnin başlanğıcını qoyub.
İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli
məhsulların ənənəvi və yeni bazarlara
çıxışının artırılması ilə
bağlı imzalanmış sənədlərə uyğun
olaraq, “İxrac təşviqinin ödənilməsi
qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların
siyahısı” və “İxrac təşviqi üzrə tətbiq
olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi
şamil olunan malların siyahısına bal, xurma, nar,
qovurulmuş fındıq kimi kənd təsərrüfatı
məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş
meyvə-tərəvəz, mürəbbə və cemlər,
turşular, spirtli içkilər və şərab, mineral
sular və şirələr, unlu qənnadı məmulatları,
habelə dəri məmulatları, ipək parçalar və
xalçalar kimi digər məhsullar daxil edilib. Həmin
məhsulların növündən asılı olaraq,
sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının
gömrük dəyərinin 3 faizdən 6 faizədək
büdcə vəsaitləri hesabına təşviq verilir.
Tətbiq edilməyə
başlandığı qısa müddət ərzində
sahibkarlar tərəfindən mexanizmə böyük maraq
göstərilib. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə
bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya,
ABŞ, Çin, Belarus və digər ölkələrə
ixrac olunmuş kənd təsərrüfatı və sənaye
məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi
ödənilib. Tərəfimizdən ixrac
dinamikası və sahibkarların müraciətləri təhlil
olunur və ixrac potensialı yüksək olan digər məhsullar
da siyahıya daxil ediləcək.
“Xarici ölkələrə ixrac
missiyalarının təşkilinə, xarici bazarların
araşdırılması və marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin
xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli
tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin
dövlət büdcəsi hesabına ödənilməsi
Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni
ötən 5 ay ərzində Çinə, Birləşmiş
Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana,
Pakistana, Qətərə 7 ixrac missiyası həyata
keçirilib. Çin Xalq Respublikasına səfər
çərçivəsində beynəlxalq şərabçılıq
sərgisində yerli şərab məhsullarımızdan biri
qızıl medala layiq görülüb və 500 min
şüşə şərabın Çinə ixracına
dair imzalanmış müqavilənin icrasına
başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində
nar şirəsi, alma və balın
ixracına dair razılaşmalar əldə edilib.
Cari ilin yanvarında 18
şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən
ixrac missiyası çərçivəsində bu ölkəyə
çay və narın ixracı ilə bağlı ilkin
razılaşma əldə edilib, nar şirəsinin
İsveçə ixracı ilə bağlı isə
müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata
keçirilən ixrac missiyaları çərçivəsində
quru süd və süd məhsulları, nar şirəsi, qənnadı
məhsulları, mebel, boru, metal konstruksiyaları və digər
tikinti materiallarının ixracı üzrə, Qətərə
ixrac missiyası çərçivəsində isə ət,
nar şirəsi və Naftalan neftindən istehsal edilən
kosmetoloji və tibbi məhsulların ixracı ilə
bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin “Gulfood” beynəlxalq ərzaq,
“Prowein” şərab sərgilərində sahibkarlarımız
vahid ölkə stendləri ilə iştirak edib,
çeşidli məhsulların ixracı ilə bağlı
ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul
olunub.
Cənab Prezident, ixracın təşviqi
tədbirləri ilə bərabər, bu sahədə inzibati
prosedurların sadələşdirilməsi və şəffaflığın
artırılması təmin olunur, xarici ölkələrdə
ixracatçılarımıza dəstək ola
biləcək təşkilati tədbirlər
görülür. Belə ki, elektron gömrük bəyannaməsinin
tətbiqinə başlanılıb, ixrac üçün tələb
olunan sənədlərin sayı azaldılıb, qeyri-neft məhsulları
üzrə malların mənşə ölkəsinin müəyyən
edilməsi üçün ekspertiza xidmətləri tarifləri
orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə
müddəti üç gündən bir günə endirilib.
İxrac bazarlarında
ölkəmizin və ixracatçıların iqtisadi-ticarət
maraqlarının daha dolğun qorunması və təmsil
edilməsi məqsədilə ticarət nümayəndələrinin
təyin edilməsi ilə bağlı müvafiq Fərmanınızın
icrasına başlanılıb, ölkəmizin ilk ticarət
nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas
ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına
təyin olunub.
Belarusda yaradılmış
Azərbaycan Ticarət Evinin bu yaxınlarda
açılışı gözlənilir. Eyni zamanda,
Ukraynada bununla bağlı işlər aparılmaqla
yanaşı, məhsullarımızın ixrac potensialı
olan digər ölkələrdə də ticarət evlərinin
yaradılması nəzərdən keçirilir.
Tapşırığınıza
əsasən Qazaxıstanın Aktau şəhərində
müasir logistika mərkəzi yaradılıb. Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev bu yaxınlarda mərkəzə
baxış keçirərkən onun fəaliyyətini
yüksək qiymətləndirib və burada xüsusi
gömrük rejiminin tətbiq edilməsi barədə aidiyyəti
orqanlara tapşırıq verib.
Eyni zamanda, ixracın təşviqi tədbirləri
çərçivəsində AZPROMO tərəfindən
cari ilin üç ayında 50-dən çox tədbir
keçirilib, 30-dan çox şirkətə ixrac üzrə
fərdi xidmət göstərilib, ixrac portalları istifadəyə
verilib, “GO EXPORT” layihəsi üzrə 5 proqram təşkil
edilib və regionlarda təlimlər keçirilib.
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə
“İxracatçılar Klubu”, habelə Arıçılar,
Qablaşdırma, Tikinti Materialları
İstehsalçıları, Şərab, Nar, Fındıq,
Meyvə-Tərəvəz İstehsalçıları və
İxracatçıları Assosiasiyaları yaradılıb.
Möhtərəm cənab
Prezident, qeyri-neft məhsulları ixracının təşviqi
istiqamətində həyata keçirilən tədbirlər
sahibkarların öz məhsullarını ixrac etməyə
marağını artırıb, bu isə cari ilin ixrac
göstəricilərində də öz əksini tapıb. Belə ki, bu ilin ilk
rübündə əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək
32,5 faiz), o cümlədən, kənd təsərrüfatı
və emalı məhsullarının ixracı 44 faiz, sənaye
məhsullarının ixracı isə həmin platformanı
istisna etsək 25 faiz artıb.
Bu dövr ərzində tərəvəz
ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı
3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə,
spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal
olunmuş meyvə-tərəvəz məhsulları ixracı
isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi
məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz,
alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz,
avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə
çoxalıb.
Qeyri-neft ixracının 45 faizi MDB
dövlətləri və Gürcüstanın, 26 faizi
Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin,
4 faizi Çinin, 13 faizi isə digər ölkələrin
payına düşüb.
Bununla belə etiraf etmək
lazımdır ki, müsbət meyillərə baxmayaraq,
iqtisadi potensialımız nəzərə alındıqda
qeyri-neft ixracının həcmi arzu olunan səviyyədə
deyil. Buna görə Azərbaycanın müqayisəli
üstünlüyə malik olduğu bir neçə hədəf
mal qrupları üzrə istehsalın və ixracın
artırılması istiqamətində işlər intensiv
şəkildə davam etdirilir.
Təhlillər göstərir ki, bəzi
kimya məhsulları, qara metal və alüminium, elektrik
avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz,
pambıq, tütün, fındıq, barama, xalça və
bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi
üçün xüsusilə böyük imkanlar
mövcuddur. Bu baxımdan ixracyönümlü müəssisələrin
yaradılmasının dəstəklənməsi, prioritet
ixrac bazarlarında ticarət evlərinin açılması və
ticarət nümayəndələrinin təyin olunması,
ixrac prosedurlarının daha da sadələşdirilməsi,
Azərbaycanda istehsal olunan məhsullara verilən
sertifikatların xarici ölkələrdə tanınması,
ixrac məhsullarında keyfiyyət, qablaşdırma və
etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi,
ixrac üzrə mütəxəssislərin hazırlanması
tədbirləri bundan sonra da davam etdiriləcək.
Bununla yanaşı, cənab
Prezident, tapşırığınıza uyğun olaraq,
xarici kütləvi informasiya vasitələrində Azərbaycan
məhsullarının reklam kampaniyası aparılacaq.
Sahibkarlarımız da öz
müəssisələrini müasir tələblərə
uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli
məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan
geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını
artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.
Möhtərəm cənab
Prezident.
Sizi əmin etmək istərdim
ki, ixracın təşviqi istiqamətində imzalanmış
fərman və sərəncamlardan irəli gələn vəzifələrin,
tərəfinizdən verilən bütün
tapşırıqların tam, yüksək səviyyədə
və vaxtında icra olunması üçün bütün
imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
Şərab
İstehsalçıları və
İxracatçıları Assosiasiyasının sədri
Elçin MƏDƏTOV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Respublikada həyata
keçirilən sosial-iqtisadi siyasətin və islahatların
nəticəsi olaraq, qeyri-neft sektorunun, o cümlədən
aqrar sənayenin inkişafı təmin olunub. Bu, biz
sahibkarlara və özəl sektora böyük dəstəkdir.
Cənab Prezident, Sizin tərəfinizdən
təsdiq olunmuş dövlət proqramları, strateji sənədlər
və mexanizmlər qeyri-neft sektorunun inkişafına, yeni
ixracyönümlü istehsal sahələrinin
yaradılmasına, ixracın genişləndirilməsinə
böyük təkan verir.
Məlum olduğu kimi, 1980-ci illərin
ikinci yarısından başlayaraq, Ulu Öndərimizin
böyük zəhməti sayəsində respublikamızın
bütün rayonlarında salınmış üzüm
bağları Sovet hökumətinin yanlış “yenidənqurma”
siyasəti nəticəsində demək olar ki, məhv
edilmiş, şərab emalı müəssisələri
istifadəsiz qalmışdı. Bu sahədə
müşahidə olunan tənəzzülün
qarşısı Heydər Əliyevin ölkə rəhbərliyinə
yenidən dönüşündən sonra alındı,
üzümçülük və şərabçılığa
diqqət yenidən artmağa başladı.
Cənab Prezident, Sizin tərəfinizdən
təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı
proqramları və “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı” ölkəmizdə
üzümçülük və şərabçılığın
inkişafına böyük dəstək olub. Bu sahədə
əhəmiyyətli işlər görülüb,
üzüm istehsalı və emalı sahəsinin
inkişafına dövlət tərəfindən 40 milyon
manatdan çox güzəştli kredit verilib, müasir
bağlar salınıb, son texnoloji avadanlıqlarla təchiz
olunmuş şərab zavodları qurulub, məhsulların
çeşidləri və keyfiyyətində inqilabi
dönüş edilib.
Bütün bunların nəticəsidir
ki, Azərbaycanın şərab və konyakları mötəbər
sərgi və dequstasiyalarda ən yüksək qiymətə
və təltiflərə layiq görülməyə
başladı.
Təkcə son aylar ərzində şərablarımız
Çində keçirilən sərgidə qızıl
medala, Bolqarıstanda keçirilən müsabiqədə isə
gümüş medala layiq görülüb.
Şərab və konyak məhsullarımızın
qeyri-neft ixracında payı da artmaqdadır. Ötən illə
müqayisədə bu ilin ilk üç ayı ərzində
şərab ixracımız 29 faiz, konyak məhsullarımızın
ixracı isə 2,3 dəfə artıb. Lakin şərabçılarımızın
potensialı bundan dəfələrlə çoxdur və biz
müvafiq dövlət qurumları və AZPROMO ilə əməkdaşlıq
edərək bu potensialın tam reallaşdırılmasına
çalışırıq.
Möhtərəm cənab
Prezident, tərəfinizdən təsdiq edilmiş
ixracatçılara dəstək mexanizmləri və “Made in
Azerbaijan” brendinin təşviqi tədbirlərindən ən
aktiv bəhrələnən məhz şərab
istehsalçılarıdır. İxrac təşviqi
mexanizminin başladığı 2016-cı ilin noyabrından
bu günədək şərab və konyak məhsullarının
ixracına görə 460 min manatdan çox məbləğdə
ixrac təşviqi məhz şərabçılarımıza
ödənilib. Şirkətlərimiz
Çinə və Almaniyaya təşkil olunmuş ixrac
missiyalarında, Belarusda və Ukraynada biznes forumlarda, digər
çoxsaylı işgüzar görüşlərdə
iştirak edib, məhsulları təşviq etmək imkanı
qazanıb və uğurlu nəticələr əldə edib.
Mart ayında respublikamızın
qabaqcıl 9 şərab istehsalçısı
dünyanın şərabçılıq sahəsində ən
mötəbər, 60 mindən çox qonağı və 6200
stendi olan “Provayn Düsseldorf” sərgisində vahid ölkə
stendi ilə iştirak edib. Sərgiyə
qatılan 59 şərab istehsalçısı ölkəsinin
sırasında Azərbaycanın bayrağını görməyimizdən
böyük qürur hissi duyduq.
Yaradılmış
bütün bu imkanlara görə, cənab Prezident, Sizə
minnətdarıq.
Azərbaycan Şərab
İstehsalçıları və
İxracatçıları Assosiasiyası yarandığı
qısa müddət ərzində ətrafına 25-dən
çox müəssisənı birləşdirib, bu sahədə
fəaliyyət göstərən yerli mütəxəssisləri
cəlb edib.
Məqsədimiz şərabçılıq sahəsində
ölkəmizin potensialını tam reallaşdırmaq, bu sahədə
müəssisələrimizin fəaliyyətini əlaqələndirmək,
respublikada mövcud olan üzümçülük təsərrüfatları,
üzüm sortları və əkin sahələrinin
statistikasının təkmilləşdirilməsinə və
müasir normativ texniki sənədlərin hazırlanmasına
dəstək vermək, yerli kadrların yetişdirilməsində
və milli əmtəə nişanlarının reyestrinin tərtib
olunmasında iştirak etmək, şərab turlarını təşviq
etməkdir.
Möhtərəm cənab Prezident,
bu sahəyə göstərdiyiniz qayğıya görə
bütün şərabçılar adından Sizə öz
minnətdarlığımızı bildirir və əmin
edirik ki, dövlət qurumları ilə sıx əməkdaşlıq
edərək Azərbaycan şərabçılığının
şöhrətini bərpa etmək və dünyada
tanıtmaq üçün var gücümüzlə
çalışacağıq.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
Fındıq
İstehsalçıları və
İxracatçıları Assosiasiyasının sədri
İsmayıl ORUCOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Sizin rəhbərliyinizlə
həyata keçirilən islahatlar, qeyri-neft sektorunun
inkişafı, biznes mühitinin
yaxşılaşdırılması və sahibkarlara göstərilən
dəstək ölkəmizdə biznes imkanlarının
genişlənməsi və yeni investisiyalar üçün əlverişli
şərait yaradıb.
Fındıqçılıq
ölkəmizin kənd təsərrüfatının ən
önəmli sahələrindən biridir. 2016-cı il
16 noyabr tarixli Sərəncamınıza uyğun olaraq,
dövlət tərəfindən fındıq pöhrələrinin
alınaraq fermerlərə pulsuz verilməsi məhsul
istehsalının genişləndirilməsinə böyük
töhfə verir. Bununla yanaşı,
fındıq istehsalçılarına verilən 10 milyon manat
məbləğində güzəştli kreditlər bu sahənin
inkişafına dəstək olub.
Hazırda ölkəmizdə
50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə
yeni bağlar salınıb və bu işlər hazırda da
davam edir. Cari ilin ilk üç ayı ərzində
Assosiasiya tərəfindən 62 min fındıq ağacı
yetişdirilərək yeni tingçilik təcrübə
stansiyası yaradılıb.
Hava şəraitinin
fındıqçılıq üçün əlverişli
olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə
alaraq, bu il 60 min tonadək məhsul
yığılmasını və ya keçən illə
müqayisədə təqribən 50 faizlik artım gözləyirik.
Cənab Prezident, Azərbaycan
dünyada dördüncü fındıq
ixracatçısıdır. Keçən il
fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac
məhsulu olub. Belə ki, ölkəmizdən
105 milyon ABŞ dolları məbləğində
fındıq ixrac olunub. Bu ilin ilk
üç ayında isə 20 milyon dollar dəyərində
fındıq ixrac edilib. Ötən ilin
eyni dövrü ilə müqayisə etsək, 3 faizlik
artıma nail olmuşuq. İlin sonunadək
fındıq ixracında böyük həcmdə artım
gözləyirik.
Bu sahədə dövlət
dəstəyi ilə keçirilən təşviq tədbirlərinin
rolu böyükdür. Biz İqtisadiyyat Nazirliyi və AZPROMO ilə
əməkdaşlıq edərək yeni dəstək mexanizmləri,
xüsusilə ixrac təşviqi və “Made in Azərbaycan” brendinin
tanıdılması ilə bağlı tədbirlərdən
geniş yararlanırıq.
Cari ildə Almaniya və Ukraynaya ixrac
missiyaları, o cümlədən Almaniyada keçirilmiş
“Yaşıl həftə” və Dubay şəhərində
keçirilmiş “Gulfood” sərgilərində iştirak
etmişik və nəticədə yeni bazarlarda müştərilər
tapmışıq. Hazırda onlarla intensiv
danışıqlar aparırıq.
Məlumat üçün bildirirəm
ki, 2017-ci il üçün beynəlxalq
proqnozlara görə, dünya üzrə fındıq
istehsalının artımı gözlənilir. Nəticədə dünya bazarında əsas
fındıq istehsalçı və təchizatçı ölkələri
arasında rəqabət artacaq. Bu rəqabətə
davamlılığı saxlamaq üçün
Assosiasiyamız tərəfindən fındığın
yüksək keyfiyyətinin saxlanması üçün
fermer təsərrüfatları ilə təbliğat işləri
aparılır və texniki dəstək göstərilir.
Keyfiyyət göstəriciləri
ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi
önəmlidir. Assosiasiya tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi
və ixracın rəsmiləşdirilməsi prosedurları
istiqamətində aidiyyəti qurumlarla birgə iş
aparılır. Eyni zamanda, məhsullarımız
üçün yeni bazarlar araşdırır və orada fəaliyyət
göstərən idxalçı və alıcılarla əlaqə
qururuq. Azərbaycana məxsus və
dünyada ən keyfiyyətli fındıq növlərindən
olan “Ata-baba” sortunu xarici müştərilər arasında təbliğ
edirik.
Möhtərəm cənab
Prezident, Sizin fındıqçılığın
inkişafı və qeyri-neft ixracının
artırılması ilə bağlı verdiyiniz
tapşırıqların icra olunmasında biz sahibkarların
üzərinə düşən məsuliyyəti dərk
edirik. Sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə
görə Sizə öz minnətdarlığımızı
bildirir və əmin edirik ki, bu istiqamətdə bütün
səylərimizi səfərbər edəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
“Azersun Holdinq” MMC-nin baş
icraçı direktoru Savaş UZAN çıxış edərək
dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Mənə
çıxış üçün
yaratdığınız imkana görə təşəkkürümü
bildirir, Sizi çoxminli “Azərsun” kollektivi adından
salamlayıram.
Möhtərəm cənab
Prezident.
Sürətli inkişaf yolu
keçən Azərbaycanın əyalət şəhərində
belə bir tədbirin keçirilməsi, bu regionun qısa bir
zamanda yüksək infrastruktura malik olması ölkənin
inkişaf tempinin bariz göstəricisidir.
Möhtərəm cənab
Prezident, “Azersun Holdinq” 25 ildir Azərbaycanda fəaliyyət
göstərir. Ulu Öndərimizin qayğı və dəstəyi
ilə qurulmuş minlərlə Azərbaycan şirkəti
kimi, “Azersun Holdinq”də dövlətin dəstəyi ilə
böyük uğurlara imza atır, infrastruktur və kənd təsərrüfatı
layihələrinin icrasını uğurla həyata
keçirməkdədir. Hazırda “Made in
Azerbaijan” brendi ilə ixrac olunan məhsulların adının
altında “Azersun Holdinq” imzasının olması bizi
qürurlandırır. “Azersun Holdinq” ikisi Amerika qitəsinə,
21-i Avropaya, 6-sı MDB-yə, 7-si Uzaq Şərqə və
Asiyaya olmaqla, dünyada ümumilikdə 36 ölkəyə 320
adda məhsul ixrac etməkdədir.
2016-cı ildə “Azersun
Holdinq”in müəssisələrində istehsal olunan 164 min ton
məhsul ixrac edilib və ümumilikdə ölkəyə 110
milyon dollar valyuta gətirilib. 2017-ci ilin birinci
rübündə isə ümumilikdə 32 min ton məhsulun
müqabilində ölkəyə 27 milyon dollar valyuta cəlb
edilib.
Sizin bilavasitə göstərişləriniz
əsasında reallaşdırılan islahatlar Azərbaycan
iqtisadiyyatına öz müsbət təsirlərini göstərir. Qeyd etmək istəyirəm
ki, son zamanlar Sahibkarlığa Kömək Milli Fondunun,
Dövlət İnvestisiya Şirkətinin
ayırdığı kreditlərdən də istifadə edən
şirkətimiz böyük istehsal sahələri yaradaraq minlərlə
yeni iş yeri açıb. Məhz bu dəstəyin nəticəsində
Aktauda İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Şirkəti
ilə birlikdə açdığımız “Azərsun”
Logistika Mərkəzi, Azərbaycanın bitki yağlarına tələbatını
tam ödəmək gücünə malik Sumqayıt yağ
zavodu, “Green Tech” müasir istixana kompleksi kimi onlarla müəssisə
tikilərək istifadəyə verilib. Hazırda
Padarda 5 min hektar ərazidə müasir kənd təsərrüfatı
kompleksində işlər sürətlə davam etdirilir.
Yeni müasir avadanlıqla təchiz olunan bu
müəssisələr yüksək keyfiyyətli, beynəlxalq
standartlara uyğun məhsul istehsal etməklə ölkəmizin
ərzaq təminatına töhfələr verir.
Möhtərəm Prezident, “Made in
Azerbaijan” brendinin təbliği və inkişaf etdirilməsi
istiqamətində imzaladığınız fərman və
verdiyiniz göstərişlər öz müsbət təsirini
göstərməkdədir. Hazırda Azərbaycan istehsalı
olan və üzərində “Made in Azerbaijan”
yazısını daşıyan “Azerçay” markamız,
“Saville” və “Bizim tarla” nar şirəmiz xaricdə ölkəmizi
layiqincə təmsil edir. Almaniyanın “Heinemann”
şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən,
“Azerçay” markamız dünyanın 50-dən çox hava
limanında “Duty Free” mağazalarında istehlakçılara təqdim
olunur.
Cənab Prezident,
“Azerçay”ın uğurları Ümummilli Liderimiz çay
fabrikimizi ziyarət edərkən bizə ciddi surətdə
tapşırdığı “Bu markanı inkişaf etdirin, bu
markanın gələcəyi var, bu markaya diqqətlə
yanaşın” tövsiyəsi ilə əldə edilib. Həmin diqqətin,
qayğının nəticəsidir ki, bu gün “Azerçay”
dünyanın aparıcı idman yarışlarında, beynəlxalq
tədbirlərində baş sponsor kimi iştirak edir, Azərbaycanın
çay ənənələrini, mədəniyyətini, milli
maraqlarını uğurla təmsil edir. Rusiyanın
tanınmış telekanallarında bir çox populyar
televiziya verilişlərində “Azerçay” bir nömrəli
çay markası kimi ölkəmizin uğurlu brendi kimi təqdim
olunur. Eyni zamanda, “Saville” nar şirəmiz
Amerika və Avropanın bir çox ölkəsinə ixrac
edilir və ona olan maraq gündən-günə artmaqdadır.
Yağ zavodunda istehsal olunan məhsullarımız
dünyanın ən böyük iki “fast-food” şirkətinin
beynəlxalq yoxlamalarından yüksək nəticələrlə
keçib və bu regiondakı mağaza şəbəkələrində
təklif olunmağa başlanıb. Eyni
zamanda, şəkər zavodunda istehsal olunan “Azərşəkər”
markalı şəkərimiz dünyanın içki sektorunda
aparıcı lider firmalarının Avropadakı laboratoriyalarında
yoxlanılıb, təsdiqlənib və regiondakı
bütün zavodlarda istifadə edilir. Bu uğurlar Sizin uzaqgörənliyiniz və dəstəyiniz
nəticəsində mümkün olub.
Möhtərəm Prezident, məhsulların
ixracının təşviqi istiqamətində verdiyiniz
göstərişlər, fərman və sərəncamlar
yerli sahibkarlarda, istehsalçılarda böyük ruh yüksəkliyi
yaradıb. Hazırda ixraca verilən dövlət
dəstəyi də bu sahədə öz sözünü
deyir. Qeyd etməliyəm ki, Sizin iradəniz
və dəstəyiniz nəticəsində Azərbaycanın əkinə
yararsız on minlərlə hektar torpağı yenidən
yararlı vəziyyətə gətirilib və ölkəmizin
ərzaq təhlükəsizliyinə mühüm töhfə
olub. Bütün bu islahatlarla ayaqlaşmaq
üçün biz də şəkər çuğunduru əkinlərinin
20 min hektara çatdırılmasını
qarşımıza hədəf qoymu-şuq. Hazırda 14 min hektar ərazidə şəkər
çuğunduru əkinləri davam etməkdədir. Eyni zamanda, İmişlidəki şəkər
zavodunun gündəlik şəkər çuğunduru emal
potensialı 10 min tona çatdırılıb. Zavod Azərbaycanın tələbatını
üç dəfə ödəyəcək gücə
malikdir.
Eyni zamanda, “Aqrolizinq” vasitəsilə
gətirilən aqrar texnikalardan istifadə məhsuldarlığın
artmasına səbəb olub. Belə ki, artıq
ölkəmizin müxtəlif bölgələrində
sahibkarlıq təsərrüfatlarında dünyanın məşhur
şirkətlərinə məxsus müasir kənd təsərrüfatı
texnikalarından istifadə edilməkdədir. Bu da kənd təsərrüfatı bitkilərinə
lazımi aqrotexniki xidmətlər göstərilməsinə
və məhsulun vaxtında yığılmasına şərait
yaradır.
Cənab Prezident, Sizin rəhbərliyinizlə
Azərbaycanın inkişafı sahəsində görülən
işlər, şəxsi nüfuzunuz, ölkəmizin Birinci
vitse-prezidenti hörmətli Mehriban xanımın Avropa ölkələrində
apardığı səmərəli fəaliyyət nəticəsində
biz istənilən şirkətlə bərabərhüquqlu əlaqələr
yarada bilirik. İqtisadiyyat Nazirliyinin və
AZPROMO-nun dəstəyi ilə beynəlxalq sərgilərdə,
biznes forumlarda iştirakımız zamanı Azərbaycanın
müasir, çağdaş bir ölkə kimi
tanınmasının şahidi oluruq.
Möhtərəm Prezident,
çıxışımın sonunda sahibkarlara göstərdiyiniz
diqqətə görə Sizə dərin minnətdarlığımızı
bildirir və fəaliyyətinizdə uğurlar
arzulayırıq. Sizin Azərbaycanın
inkişafı istiqamətində qarşımıza
qoyduğunuz vəzifələrin icrası üçün əlimizdən
gələn bütün imkanları səfərbər edəcəyimizə
söz veririk.
Allah Sizi qorusun. Diqqətinizə görə
çox sağ olun.
X X X
“Az-Granata” MMC-nin direktoru Rövşən
FƏRHADOV çıxış edərək dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Sizin rəhbərliyinizlə
ölkədə yaradılmış siyasi sabitliklə
yanaşı, iqtisadiyyatın şaxələndirilməsi,
biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması, sahibkarlığın
inkişafı, eləcə də mövcud
çağırışların tələblərinə
uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində
ölkə iqtisadiyyatı öz
dayanıqlılığını möhkəmləndirir. Ölkənin
sosial-iqtisadi inkişafı məqsədilə qeyri-neft
sektorunun inkişafı naminə yürütdüyünüz
siyasət hər zaman başlıca istiqamət olub. Əldə olunan bütün nailiyyətlər Sizin
fədakar əməyinizin, apardığınız uğurlu
siyasətin nəticəsidir.
Şirkətimiz artıq bir
neçə ildir ki, fəaliyyətini daxili və xarici
bazarlarda uğurla davam etdirir. Müəssisəmizin
500-ə qədər ixtisaslaşmış daimi işçi
heyəti var və eyni zamanda, mövsüm ərzində əlavə
olaraq, 300-dən çox mövsümi işçilər
işə cəlb olunur. Zamanında
peşəkarlıqla təsis edilmiş müəssisəmizin
məhsulları ölkədaxili və xarici müştərilərimizin
tərcih edilən brendinə çevrilib. Fəaliyyətə başladığımız ilk
günlərdən etibarən hər zaman gələcəyi
düşündüyümüz üçün bazarın
mövcud və yaxın gələcəkdəki tələblərinin
nədən ibarət olacağını fikirləşmişik.
Müəssisəmizin avadanlıq və
texnologiyalarının müasir tələblərə cavab
verməsi üçün daim yenilənməsinə
investisiyalar qoyulub. Məhsul
çeşidliliyini artırmaqla imkanlarımızdan maksimum
istifadə etmişik ki, bazarda daha çox adda məhsulla rəqabət
apararaq gəlirlərimizi artıra bilək.
İstehsalatda keyfiyyətli məhsul
əldə etmək üçün imkanlar daxilində bütün
proseslər istehsalçının nəzarəti altında
olmalıdır. Məhz bu səbəbdəndir ki, yüksək keyfiyyətli
xammal ehtiyacımızı ödəmək üçün
Ağsu rayonunda 350 hektar nar və Şamaxı rayonunda 400
hektara yaxın üzüm bağlarımız var.
Bağlarımızda texnologiyanın son nailiyyətlərindən
istifadə edərək ağaclara çox yüksək
aqrotexniki qulluq edilir. Nar bağlarımıza
Almaniyanın “Lacon” firması tərəfindən “BİO”
sertifikatı verilib. Dünyanın bir
çox ölkəsində orqanik məhsullara olan tələbat
gündən-günə artır və bizim ixrac imkanlarımız
genişlənir.
Meyvələrimizin bir qismi
ölkədaxili və xarici bazarlarda satışa göndərilir,
digər bir qismi isə müəssisəmizdə xammal kimi
istifadə olunur. Müəssisəmizdə İsveç,
İtaliya, Almaniya, Fransa, Bolqarıstan, Türkiyə
istehsalı olan avadanlıqlar sayəsində müasir
standartlara cavab verən məhsullar istehsal edirik. Fəaliyyətimizi bir neçə istiqamətdə
qurmuşuq və bu istiqamətlərdə brendləşməyə
xüsusi diqqət yetiririk. Misal üçün, meyvə
şirələri sahəsində “Frumba”, “Vita1000”, “+more”,
spirtli içkilər sahəsində isə “Rubai”, “Kəhrəba”,
“Sərkərdə”, “Belıy Volk”, “White Water” brendləri
mövcuddur.
Daxili bazarda əldə
etdiyimiz nailiyyətlər artıq bizdə özünə
inam hissi yaradıb. Bunun nəticəsidir ki, keyfiyyətli və
rəqabətqabiliyyətli məhsullarımızı ixrac edərək
ixracın şaxələndirilməsi siyasətinə biz də
öz töhfəmizi vermək istəyirik. Əminəm ki, Azərbaycanda istehsal olunmuş məhsullar
dünyanın bir çox yerlərində süfrələrin
sevilən dadı olacaq. “Made in Azerbaijan” brendi ilə
satdığımız məhsullarımızı tərcih
edən xarici müştərilər ölkəmizi daha da
yaxından tanımaq üçün internetdə “Azerbaijan”
yazıb axtarış edəcək.
Artıq bir neçə
ildir ki, ixracımız artan tendensiya ilə davam edir. Eyni zamanda, dövlətimizin
apardığı islahatlar nəticəsində iş
adamlarına yaratdığı imkanlardan faydalanaraq,
İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi
alaraq zavodumuzun şərabçılıq hissəsini daha da
genişləndirmək üçün yeni avadanlıqlar
sifariş vermişik.
Yeni müştərilər
tapmaq və mövcud müştərilərimizin istəklərini
təmin etmək üçün imkanlarımızdan tam
istifadə edirik. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı
ilə təşkil edilən ixrac missiyaları, biznes forumlar və
sərgilər bizə daha geniş müştəri
bazarlarına çıxmağa kömək edir. Bu səfərlərdə biz rahatlıqla xarici
müştərilərlə əlaqə saxlayıb,
onların istəklərini öyrənirik. Xarici bazarlardakı rəqiblərimizi
tanıyırıq ki, onlarla rəqabət apara bilək.
Möhtərəm cənab Prezident,
Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya,
Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya,
Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb
Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn,
İsrail, Avstraliya kimi ölkələrdə “Made in Azerbaijan”
adı ilə satılan məhsulumuzun hesabına ölkəmizə
valyuta gətirilməsi işində az da olsa, əməyimizin
olması bizi xüsusilə fərəhləndirir. Bir az öncə vurğuladığım kimi,
ölkədə həyata keçirilən iqtisadi siyasətə
kiçik də olsa, töhfəmizi verməyə
çalışırıq. Artıq onlarla
müştərimiz ölkəmizi və firmamızı daha
da yaxından tanımaq üçün respublikamıza səyahət
ediblər. Səfərlərinin bir gününü
müəssisəmizə ayırsalar da, digər günlərdə
ölkəmizin zənginlikləri və qonaqpərvərliyimizlə
tanış olurlar.
Cənab Prezident,
apardığınız uğurlu və məqsədyönlü
iqtisadi siyasət ölkəmizin ixrac qabiliyyətini və
çevikliliyini artırıb. İxrac sənədləşmələrində
aparılan islahatlar nəticəsində ixrac üçün
daha qısa zaman tələb olunur ki, nəticədə xərclərimiz
azalır.
İnanırıq ki, Sizin
diqqət və qayğınız nəticəsində biz
sahibkarlar bundan sonra da daha rahat və problemsiz işləyəcəyik.
Xarici bazarlarda yeni müştərilər
qazanaraq ixrac imkanlarımızı artıracağıq.
Bizə göstərdiyiniz bu qayğıya və
diqqətə görə Sizə dərin minnətdarlığımızı
bildiririk.
X X X
“Gök-NUR Bakı” MMC-nin müdiri Fərid
FƏRHADZADƏ çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları.
Son illər Azərbaycanın
müstəqil dövlət kimi qazandığı uğurlar,
hərtərəfli inkişafı biz sahibkarları da ürəkdən
sevindirir və fəaliyyətimiz üçün əlverişli
mühit formalaşdırır. Ölkəmizdə
sahibkarlığa Sizin tərəfinizdən göstərilən
yüksək diqqət və qayğı nəticəsində
biznes mühiti daha da yaxşılaşıb ki, bu da biz
sahibkarları öz işlərimizi daha həvəslə
yerinə yetirməyə sövq edir.
Möhtərəm cənab
Prezident.
Ölkəmizdə yeni
texnika və mütərəqqi texnologiya əsasında modernləşdirilmiş
və beynəlxalq standartlara uyğun yüksək rəqabətqabiliyyətli
məhsul istehsal etmək potensialı olan müəssisənin
yaradılması bizim əsas hədəfimiz idi. Bu məqsədlə
Xəzər rayonunun Zirə qəsəbəsində
2003-cü ildə “Gök-NUR Bakı” kabel şirkətini təsis
etdik. Bu gün müəssisəmiz
uğurla fəaliyyət göstərir. Biz
enerji, təsisat, alçaq və orta gərginlik kabelləri,
alova dözümlü yanmaz kabellər, hava elektrik verilişi
xətləri üçün naqillər, neft və qaz sənayesinə
istiqamətli kabellər və sair məhsullar istehsal edirik.
Müəssisəmizin illik istehsal gücü 6
min ton alüminium və 18 min ton mis kabellərdir. Müasir avadanlıqlarla təsis edilmiş istehsal
sahəmiz 20 min kvadratmetri əhatə edir. Hazırda müəssisəmizdə 350 nəfər
çalışır.
Bütün mәhsullarımız dünya
standartlarına uyğun istehsal olunur. Belə ki, “Gök-NUR
Bakı” şirkəti yüksək keyfiyyət səviyyəsinə
və təhlükəsizlik göstəricilərinə
görə “İSO 9001-2008” və “OHSAS 18001-2007”
sertifikatlarını əldə edib. İxracat
ən prioritet məqsədlərimizdən biri olduğuna
görə bizim bu sahədə nailiyyətimiz məhsulumuzun
Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan
və Qazaxıstan respublikalarına ixrac edilməsidir.
Şirkətimizin son illər ərzində ixrac etdiyi məhsulun
dəyəri 21 milyon 639 min ABŞ dolları miqdarında
ölçülür ki, hədəfimiz bu rəqəmi
növbəti illərdə daha da artırmaqdır.
2016-cı ildən etibarən
şirkətimiz xaricdə keçirilən bütün
energetika və inşaat sərgilərində aktiv iştirak
edir, məhsullarımızı “Made in Azerbaijan” brendi
altında tanıdırıq. Qazaxıstanın Almatı,
Gürcüstanın Tbilisi, Albaniyanın Terana şəhərində
şirkətimizin rəsmi nümayəndəlikləri
açılıb, məhsullarımız artıq
Gürcüstan və Qazaxıstana ixrac olunur. “Gök-NUR
Bakı” Azərbaycanda ilk şirkətdir ki, məhsulları
Kema və “VDE” Beynəlxalq standart sertifikatlarına layiq
görülüb. Məhz bu sertifikatlar əsasında
məhsullarımızı nəinki MDB və yaxın Şərq
ölkələrinə, hətta Avropa ölkələrinə
ixrac etmək imkanı yaranıb. Bu məqsədlə
şirkətimiz 2017-ci ilin fevralında Orta Şərq Enerji Sərgisində
iştirak edib. Həmin sərgidə Birləşmiş
Ərəb Əmirlikləri, Orta Şərq və bir
çox Afrika şirkətləri məhsullarımıza
yaxından maraq göstərib. Nəticə
etibarilə artıq Küveyt şirkətlərindən biri
ilə memorandum imzalanıb və hazırda digər şirkətlərlə
danışıqlar aparılır.
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə
ölkədə həyata keçirilən uğurlu iqtisadi
siyasətin nəticəsi olaraq, biz də digər sahibkarlar
kimi yaradılmış əlverişli şəraitdən
maksimum yararlanmağa çalışırıq. Bu uğurlu sənaye siyasəti
Sizin tərəfinizdən təsdiqlənmiş
Dövlət proqramlarında prioritet sahələrdən biri
olaraq müəyyən edilib və həmin proqramlarda sənayenin
inkişafını təmin edən bir sıra dövlət dəstəyi
mexanizmləri nəzərdə tutulub. Buna misal
olaraq, bu ilin fevralından sənaye üsulu ilə
saflaşdırılmayan mis məmulatlarının ölkədən
ixracına yeni rüsumların tətbiqi xammal bazasının
genişlənməsinə şərait yaradıb. Bununla yanaşı, ixracın dəstəklənməsi
mexanizmlərinin, o cümlədən geriödəmə
mexanizminin uğurla tətbiqi sahibkarlar tərəfindən
olduqca yüksək qiymətləndirilir.
Əminliklə deyə bilərik
ki, həyata keçirdiyiniz uğurlu iqtisadi islahatlar nəticəsində
müəssisəmiz daha da inkişaf edir və günbəgün
ixracatını artırır.
Möhtərəm cənab
Prezident, biz sahibkarlara göstərdiyiniz böyük diqqətə
və qayğıya görə müəssisəmizin
kollektivi adından Sizə bir daha minnətdarlığımızı
çatdırırıq.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
“D-Fruits Kəndli Təsərrüfatı”
MMC-nin təsisçisi İsaməddin DƏMİROV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Ulu Öndərin
başladığı işlər sonrakı illərdə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir və Azərbaycanın dayanıqlı və
bütün sahələr üzrə inkişafını təmin
edən islahatlar strategiyası ölkəmizin hərtərəfli
inkişafında, qazanılan nailiyyətlərdə öz
parlaq təsdiqini tapır. Bəyan etdiyiniz kimi,
ölkənin inkişafının hazırkı mərhələsində
qarşıya qoyulmuş əsas hədəflər
çoxşaxəli, innovasiyayönümlü
iqtisadiyyatın formalaşdırılması, əhalinin
rifahının davamlı olaraq
yaxşılaşdırılmasıdır. Bu istiqamətdə göstərdiyiniz fədakar fəaliyyətə
görə, bütün sahibkarlar adından Sizə dərin təşəkkürümüzü
bildiririk.
Möhtərəm cənab
Prezident.
Bizim əsas fəaliyyət
istiqamətimiz meyvə istehsalı və
satışıdır. İstehsal fəaliyyətinə
başladığımız ilk vaxtlarda məhsullarımızın
əsasən mövsüm vaxtı satışına nail
olurduq. Bu isə bir çox hallarda sata bilmədiyimiz
məhsulların zay olmasına və tullantıya çevrilərək
itkiyə getməsinə səbəb olurdu. Belə hallar baş verdikdə isə müəssisəmiz
zərərə düşür, qarşıya qoyduğumuz hədəflərə
nail olmağımız çətinləşirdi. Lakin
Sizin tapşırığınıza uyğun olaraq, 2009-cu
ildən etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən dövlətin
güzəştli kreditləri hesabına regionlarda meyvə, tərəvəz
və digər ərzaq məhsullarının tədarükü,
saxlanması və satışı üçün logistik mərkəzlərin
yaradılmasına start verilməsi bizim də perspektiv
planlarımızın həyata keçirilməsi
üçün bir stimul oldu. Beləliklə, həm
özümüzün, həm də digər fermerlərin
istehsal etdikləri meyvə-tərəvəzlərin tədarükünü
və saxlanılmasını təşkil etmək, eləcə
də və qeyri-mövsüm vaxtı davamlı
satışını həyata keçirmək
üçün Quba rayonunda logistik mərkəzin tikilməsinə
qərar verdik.
Ümumi dəyəri 22 milyon manat
olan layihəyə ilkin olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən mərhələlərlə
4 milyon 400 min manat güzəştli kredit vəsaiti
ayrıldı. Logistik mərkəzin tikintisində
Fransa şirkətinin soyutma və atmosfer nəzarət sistemlərindən
istifadə edilib və ümumi tutumu 7 min ton olan logistik mərkəz
və eyni zamanda, Hollandiya istehsalı olan tam
avtomatlaşdırılmış çeşidləmə və
qablaşdırma fabriki yaradılıb.
Logistik mərkəzin,
çeşidləmə və qablaşdırma fabrikinin
yaradılması bizi yeni intensiv meyvə bağlarının
salınmasına həvəsləndirdi və biz bağlarımızın
sahəsini artırmaqla 300 hektara çatdırdıq. Meyvə
bağlarımızda müasir suvarma sistemləri qurulub və
intensiv texnologiyalar əsasında alma,
armud, gavalı, şaftalı, gilas və ərik
yetişdiririk. İstehsal olunan məhsullarımız
“DAD” brendi ilə daxili və xarici bazarlarda tanınıb.
Təkcə 2016-cı ildə bu bağlarımızdan,
ümumilikdə, 10 min tonadək meyvə
yığılıb və bunun da 50 faizə qədəri
xarici bazarlara ixrac olunub. Məhsullarımız ənənəvi
olaraq, Rusiya bazarları ilə yanaşı, Qazaxıstan,
Türkmənistan, Gürcüstan və ilk dəfə Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri, Oman, Maldiv adaları, Malayziya, İraq və
digər ölkələrə ixrac edilib.
Cənab Prezident.
Sizin qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması, ixrac məhsullarının
çeşidinin və həcminin artırılması, eləcə
də ixrac coğrafiyasının genişləndirilməsi ilə
bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq,
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Avropanın bir
çox ölkələrində təşkil edilən kənd
təsərrüfatı sərgilərində iştirak edərək
məhsullarımızı təqdim etmişik və Azərbaycanın
vahid brendi ilə Avropa ölkələrinə də ixrac edilməsi
üçün danışıqlara başlanılıb.
Ötən dövr ərzində
dövlətin vəsaiti hesabına ilkin mərhələdə
ayrılmış güzəştli kreditlərimizi artıq
tamamilə ödəmişik.
Möhtərəm cənab
Prezident.
Biz sahibkarlar fəaliyyət
sahələrimizi genişləndirərkən təkcə
dövlətin maddi dəstəyini deyil, həmçinin də
Sizin böyük mənəvi dəstəyinizi də hiss
edirik. Zaman-zaman ölkədə sahibkarlığın,
xüsusən qeyri-neft sektorunun inkişafı ilə
bağlı verdiyiniz qərarlar və biz sahibkarlara tövsiyələriniz
gələcək fəaliyyətimizə böyük stimul
yaradıb.
Dövlətimizin daimi diqqət
və dəstəyinə güvənərək fəaliyyətimizi
daha da genişləndirmək məqsədilə meyvə
bağlarımızın və logistik mərkəzimizin daha
da genişləndirilməsinə başlamışıq. Hazırda Quba rayonunda
mövcud bağlarımızın 300 hektardan 400 hektara,
logistik mərkəzin tutumunun 7 min tondan 10 min tona
çatdırılmasını qarşımıza məqsəd
qoymuşuq və bu işlərin icrasına
başlamışıq. Bundan əlavə, Qəbələ
rayonu ərazisində 100 hektar yeni intensiv alma
bağı salmışıq. Bu layihələrin
də həyata keçirilməsinə İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
əlavə olaraq 10 milyon manat güzəştli kredit
ayrılıb.
Bizim əsas fəaliyyət
sahələrimizin yerləşdiyi Quba rayonu regional nəqliyyat
dəhlizinin üzərində olduğundan gələcəkdə
fəaliyyətimizin daha da genişləndirilməsini və
beynəlxalq logistika mərkəzinə çevrilməsini
qarşımıza əsas məqsəd qoymuşuq.
Möhtərəm cənab
Prezident.
Sizin iqtisadi sahədə
apardığınız siyasət, xüsusilə də
regionların inkişafı, infrastruktur layihələrin
icrası, yaradılan yeni müəssisələr, iş yerlərinin
açılması, abadlıq-quruculuq işləri ölkəmizi
daha da gözəlləşdirir və qüdrətini
artırır. Bütün sahibkarların himayədarı
və dayağı olduğunuz üçün Sizə
sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı
bildirirəm.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
Biznes İnkubator
iştirakçısı Ariz MİKAYILOV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
İlk olaraq Sizi və tədbir
iştirakçılarını salamlayıram. Bu mötəbər
tədbirdə çıxış üçün mənə
imkan yaradıldığına görə dərin təşəkkürümü
bildirirəm.
Cənab Prezident, Sizin rəhbərliyinizlə
uğurla davam etdirilən iqtisadi siyasət nəticəsində
ölkəmizdə davamlı və dayanıqlı inkişaf,
makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və
investisiya mühiti yaradılıb, sahibkarlığın
inkişafı sahəsində bir sıra nailiyyətlər əldə
edilib.
Ölkəmizdə
sahibkarlığın inkişafı müasir infrastrukturun
yaradılmasından əhəmiyyətli dərəcədə
asılıdır. Bu baxımdan regionlarda yaşayan gənclərin
sahibkarlıq fəaliyyətinə başlaması
üçün zəruri bilik və bacarıqlara, müasir
biznes idarəçiliyi vərdişlərinə, beynəlxalq
təcrübəyə yiyələnməsinə kömək
məqsədilə istifadəyə verilən Quba-Xaçmaz və
Aran regional inkişaf mərkəzlərinin əhəmiyyəti
olduqca böyükdür. Bu gün Sizin
iştirakınızla açılışı olan
müasir görünüşə malik Aran Regional Inkişaf
Mərkəzinin istifadəyə verilməsi əlamətdar
hadisədir və biz gənclər bunu yüksək qiymətləndiririk.
Ümid edirik ki, bu Mərkəz sahibkarların
bilik-bacarıqlarının artırılması və
müxtəlif tədbirlərin keçiriləcəyi bir məkan
olmaqla yanaşı, gələcəkdə
startapçıların və gənc sahibkarların beyin mərkəzinə
çevriləcək.
Cənab Prezident.
Sizin tapşırıqlarınıza
əsasən, gənclərin sahibkarlıq təşəbbüslərinin
dəstəklənməsi, yeni biznes və məşğulluq
imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən
dövlət dəstəyinin gücləndirilməsi,
işgüzar fəallığın artırılması məqsədilə
İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən
regionlarda gənclər üçün biznes inkubatorların
yaradılmasına başlanılıb. Gənclər
üçün Azərbaycanda ilk regional biznes inkubator
2013-cü ildə Sizin iştirakınızla Xaçmaz şəhərində
yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində,
növbəti biznes inkubator isə cari ildə bu mötəbər
binada - Aran Regional İnkişaf Mərkəzində
yaradılıb. Mən Yevlax şəhərindənəm
və Aran Regional İnkişaf Mərkəzində təşkil
olunmuş biznes inkubatorun müsabiqə əsasında
seçilmiş 20 gənc rezidentlərindən biriyəm.
Biznes inkubatorda 3 ay müddətində biznes ideyanın
yaradılması və işlənməsi üzrə təcrübəli
ekspertlər tərəfindən müvafiq mövzularda ödənişsiz
treninqlərin keçirilməsi, növbəti 6 ay müddətində
isə biznes ideyanın reallaşdırılması və
biznesin qurulması üzrə dövlət və özəl
qurumlar tərəfindən ödənişsiz məsləhət
xidmətlərinin göstərilməsi və digər dəstək
tədbirlərinin həyata keçirilməsi nəzərdə
tutulur. Bununla yanaşı, biz bu mötəbər
binada müasir tələblərə cavab verən ofislərlə
təmin edilirik. Bütün bunlar gənclərin
innovativ potensialının və təşəbbüskarlığının
dəstəklənməsinə, Azərbaycanda gənc
sahibkarlığın inkişafına, məşğulluğun
artırılmasına hərtərəfli dövlət dəstəyinin
əyani göstəricisidir.
Ümid edirəm ki, təcrübəli
ekspertlər tərəfindən təşkil olunacaq təlim
və proqramlar biz gənclərin sahibkarlıq sahəsində
bilik və bacarıqlarının artırılmasında,
hazırladığımız biznes planların təkmilləşdirilməsində,
qısa müddət ərzində gənc sahibkar kimi
formalaşmağımızda önəmli rol oynayacaq. Yaradılan
belə gözəl şəraitə, həmçinin Azərbaycan
gəncliyinin inkişafı istiqamətində
atdığınız əhəmiyyətli addımlara, əhatə
olunduğumuz yüksək diqqət və xüsusi
qayğıya görə regionumuzun bütün gəncləri
adından Sizə öz dərin minnətdarlığımı
bildirirəm. Biz, gənclər də,
öz növbəmizdə çalışacağıq ki,
yaradılan bütün imkanlardan, göstərilən dövlət
dəstəyindən maksimum yararlanıb Aran regionunun və Azərbaycanın
sosial-iqtisadi inkişafına öz töhfəmizi verək.
Möhtərəm cənab
Prezident, qarşınızda çıxış etmək mənim
kimi gənc üçün böyük şərəfdir.
Sonda Sizə Allahdan möhkəm
cansağlığı və çiçəklənən
Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayıram.
Diqqətinizə görə çox
sağ olun!
X X X
Dövlətimizin
başçısı müşavirədə yekun nitqi
söylədi.
Azərbaycan.-
2017.-18 aprel.- S. 1, 4, 5, 6.