Horadizdə büsat var

 

17 aprel 2017-ci il. Havadan bahar çiçəklərinin ətri duyulduğu bu yaz səhərində Xan Arazın sahilinə xoş məramla gəlmişik. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıdakı Daş Salnaməsi Muzeyindən start götürən su səyahəti qədim Naxçıvan torpağını dolanıb, Astarada, Şirvanda, Sabirabadda, Ağcabədidə bayram əhvali-ruhiyyəsi yaratdı.

Növbəti ünvan isə Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə ən yaxın məsafədə yerləşən Horadiz şəhəridir. Erməni işğalçıları bu yerləri iki dəfə odlara qalayıblar. Qarabağ savaşının ilk mərhələsində ermənilər Füzulini, onun çox sayda yaşayış məntəqələrini işğal edib viran qoydular. O zaman yenicə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin yenilməz sərkərdə iradəsi ilə Horadiz onun ətrafındakı böyük bir ərazidə bəzi yaşayış məntəqələri erməni işğalından azad edildi. Dövlətin qayğısı ilə bu ərazilərdə sosial infrastruktur bərpa olundu.

Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Horadiz bu gün bayram libasındadır. Bütün küçələr boyu yamyaşıl sərv ağacları, al-əlvan gül-çiçək kolları, təmizlik, səliqə-sahman göz oxşayır.

Həmin günün qəhrəmanı Horadiz şəhəri 1 saylı orta məktəbin üçüncü sinif şagirdi Zenfira Zalovadır. Bakıdakı Daş Salnaməsi Muzeyində Xəzərdən başlayan səyahətin başlanğıc tədbirində iştirak edib. Xəzərdən götürülən suyu Horadizə çatdıran balaca Zenfira indi miniatür mis səhəngi Xan Arazın suyu ilə dolduracaq. Baharın özü kimi zərif Zenfiranı təcrübəli idmançılar İsrail Əsgərov Fərrux Qurbanov müşayiət edirlər. İsrail Əsgərov karate do idman növü üzrə dünya Avropa çempionudur. Fərrux Qurbanov isə respublikanın fəxri bədən tərbiyəçisi, milli güləş üzrə respublika komandasının məşqçisidir, beynəlxalq dərəcəli hakimdir.

Xəzərdən start götürən su səyahəti cəbhə bölgəsi olan Horadizdə əsl el şənliyinə çevrilir, gerçək bir bayrama dönür. Bu gün Füzuli camaatının üzü gülür. Rayon ağsaqqallar şurasının sədri Məcnun Namazəliyev bayram ovqatını bizimlə bölüşür:

- Bakıda İslam dünyasının bir araya gəlməsi ölkəmizdə haqlı olaraq hər kəsi qürurlandırır. IV İslam Həmrəyliyi Oyunları gərgin idman mübarizəsi olmaqla yanaşı, müsəlman dövlətləri arasındakı dostluq, qardaşlıq əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yeni töhfələr verəcək, bu birliyin əhəmiyyətini daha da artıracaqdır.

Prezident İlham Əliyevin müdrik uzaqgörən siyasət yürütməsi Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artmasını, Milli Ordumuzun gündən-günə güclənməsini, xalqın həyat səviyyəsinin daha da yaxşılaşmasını təmin edir. Dövlət başçısı Horadizə dəfələrlə səfər etmişdir. Minnətdarıq ki, onun hər səfəri Horadizin inkişafında, yüksəlişində yeni səhifələr açır. Burada gerçəkləşən su səyahəti keçənilki uğurlu aprel döyüşlərinin birinci ildönümü günlərinə təsadüf edir. Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə aprel döyüşlərində şanlı tarix yazdı. Bir çox strateji yüksəkliklər, xeyli ərazi işğaldan azad edildi. Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi  Horadizin beş addımlığındadır. Dəfələrlə Cocuq Mərcanlı kəndinə baş çəkmişəm. Ermənilərin viran qoyduğu o kəndin yerində indi geniş quruculuq işləri aparılır. Orada kimi yol çəkir, kimi məktəb tikir, kimi abadlıq işləri görür.

Sıra ilə yaraşıqlı evlər tikilir. Qarabağa böyük qayıdışın bünövrəsi Cocuq Mərcanlıda qoyulur. Yüksək əhvali-ruhiyyənin yaşandığı bu bölgədə su festivalının keçirilməsi sevincimizə sevinc qatır, qələbənin tezliklə reallaşacağına olan inamımızı daha da artırır. Su həyatdır, su dirilikdir, əbədiyyət simvoludur. Qoy, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları dövlətlərin dostluğunu, qardaşlığını əbədi etsin.

Bu gün horadizli uşaqların da sevinci aşıb-daşır. “Su festivalıçərçivəsində Horadiz Olimpiya idman kompleksində məktəblilərin maraqlı yarışı keçirilir. Həmin yarışa 100 nəfər məktəbli qatılıb. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının təbliği gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə qaliblərə əməliyyat komitəsi tərəfindən kubok, diplom, məlumat kitabçaları möhtəşəm bağlanış mərasiminə biletlər təqdim olunur.

Əngin göylərin tacı olan günəş dağların arxasına çəkilir. Yavaş-yavaş axşam düşür. Sən demə, Horadizin gecələri gündüzündən gözəl imiş. Elə bil səmadakı ulduzlar səpələnib şəhərin üstünə. Bu gün çıraqban toy mağarına bənzəyir Horadiz. Hər tərəf nur saçır. Bayraq meydanı bayram libasındadır. “Su festivalı”nın tamaşasına gələnlərin sayı-hesabı yoxdur. Musiqi sədaları yaz mehinin qanadlarında dalğa-dalğa ətrafa yayılır. Bu gün Xan Arazın oynaq ləpələri elə bil bayrama köklənib. Sanki ana təbiət sülh, dostluq, qardaşlıq, birlik nəğməsi oxuyur. Səmada əlvan çiçəklər kimi açılan fişənglər gecəni daha əsrarəngiz edir. Sanki yerlə göy birləşir, ulduzlar, lampalar bir-birinə qarışıb qəribə mənzərə yaradır. Heç şübhəsiz, atəşfəşanlığı uzaqdan da seyr edənlər var. Təbii ki, Arazın o tayındakı qardaşlarımız çal-çağırımıza sevinib şadlanırlar. Təpələrin arxasındakı mənfur düşmənlərimiz isə  aləmi nura qərq edən büsatımızı ürək ağrısı ilə seyr etməyə məhkumdurlar.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-18 aprel.- S.11.