Uğurlu xarici siyasətin banisi

 

Müasir tarixi dövrdə uğurlu xarici siyasət kursu müəyyənləşdirmək və həyata keçirmək olduqca çətindir. Burada həm dövrün geosiyasi, iqtisadi, mədəni, sivilizasiya mürəkkəbliklərini və ziddiyyətlərini, həm regionun özəlliklərini, həm də konkret ölkənin tarixi təkamül xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Lakin bu da kifayət etmir. Sadalanan sahələrin hər biri özlüyündə mürəkkəb sistem təşkil edir və çoxlu amillərdən asılıdır.

Xarici siyasət kursunu formalaşdırmaq prosesində isə bu mürəkkəb sistemləri daha geniş sistemdə koordinasiya etmək lazımdır. Elmdə buna metasistem deyilir. Mürəkkəb sistemlərə daxil olan yüzlərlə element arasında metasistem miqyaslı qanunauyğunluqlar tapmaq, onları uzlaşdırmaq böyük hazırlıq və təcrübə tələb edir. Başlıca məqam vahid məqsədi müəyyənləşdirmək və çoxlu sayda elementdən ibarət nəhəng sistemi həmin məqsədə xidmət istiqamətində çalışdırmaqdır.

Təcrübə göstərir ki, nəzəri olaraq hamının qəbul etdiyi məsələlərin praktiki reallaşmasında problemlər yaranır. 1991-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin mövcud reallıqları nəzərə ala bilməməsi səbəbindən yanlış xarici siyasət kursu yeritməsi və ifrat mövqe nümayişi Azərbaycan dövlətçiliyini təhlükə altına atmış və ölkəni uçurum qarşısında qoymuşdu. Dövlət öz maraqlarını qorumaq imkanlarını itirmişdi. Bütün bu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirmək üçün əlverişli geosiyasi mühit formalaşdıran xarici siyasət kursu yaradılmalı idi. Dövlətçilik üçün çox çətin olan bu məqamda məhz ulu öndər Heydər Əliyev fenomeni öz sözünü dedi. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı fundamental dəyişikliklərin əsasını qoydu.

Qlobal səviyyədə gedən geosiyasi proseslərin ümumi məntiqi, postsovet məkanının geosiyasi xüsusiyyətləri, Cənubi Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanın öz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət kursu seçilə bilməzdi. Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi.

Həmin vəzifələr barədə yığcam şəkildə ulu öndər 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində danışmışdır. Ulu öndər bəyan edirdi: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra müstəqilliyini heç kimə güzəştə getməyəcək.

Bu məqsəd fonunda, heç şübhəsiz, xarici siyasətin vəzifələri içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə və suverenliyinə təminat almaq dururdu. Həmin dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin təmininin ən böhranlı mərhələsi adlandırmaq olar. Bu məqamda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə bir insan kimi güclü iradəsi həlledici rol oynadı. Məhz ulu öndərin dəqiqliklə işləyib hazırladığı enerji siyasəti sayəsində ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı.

Enerji amilini xarici siyasətin aktual məsələsinə çevirməklə Azərbaycan özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirirdi. Həmin bağlantını yaratmaq Azərbaycanın xarici siyasəti üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarının müəyyən hissəsi işğal edilmiş ölkənin ərazi bütövlüyünə təminat şansı əldə etməsi üçün bütövlükdə dövlət kimi təhlükəsizliyinə təminat lazım idi. Bu təminatı yalnız regional və beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq müəyyənləşdirməklə əldə etmək mümkün idi.

Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya vəzifə kimi qoyurdu. Xarici siyasətin vəzifələrini həmin bucaq altında bir neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanın beynəlxalq və regional təşkilatlarda təmsil olunmasını, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmasını, dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmasını aid etmək olar. İkinci qrupa ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq şəraitin yaradılmasını, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi təşkilatlarda fəal iştirakının təmin edilməsini, ölkənin mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeridilməsini, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsini aid edə bilərik. Nəhayət, üçüncü qrupa əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsinə şərait yaradılması, regionda mehriban qonşuluq münasibətlərinə üstünlük verilməsi, Azərbaycana qarşı xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayənin və xarici ölkələrlə geniş informasiya mübadiləsinin mexanizmlərini formalaşdırmaq daxildir.

Təbii ki, bu bölgü şərtidir, çünki reallıqda xarici siyasət vahid sistemdir, onun komponentləri bir-birini tamamlayır. Belə bir təsnifat bizə güclü dövlət quruculuğu prosesində Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərini aydın təsəvvür etmək üçün lazımdır. Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var.

Xarici siyasətin istiqamətlərinin birinci qrupu müasir geosiyasi şəraitdə qlobal dəstəyə nail olmağı nəzərdə tutur. Bunun üçün dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq vacibdir. Azərbaycan üçün bunun ən optimal mexanizmi beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq idi. Müasir dövrün xüsusiyyəti bundadır ki, əsas geosiyasi və geoiqtisadi problemlərin həlli məhz bu cür təşkilatlardakı fəaliyyət zamanı reallaşa bilər. Azərbaycanın BMT, Avropa Şurası, UNESCO, İƏT, MDB, QDİƏT və digər beynəlxalq qurumlara üzvlüyü onun təsir imkanlarını xeyli artırdı. Sirr deyil ki, Azərbaycan keçən əsrin 90-cı illərində dünyada az tanınırdı. Ölkəmizin həqiqi simasının tanınmasına nail olmaq lazım idi.

Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaq və orada fəallaşmaq istiqamətində atdığı addımların müşahidəsi göstərir ki, Azərbaycan diplomatiyası böyük səylər hesabına beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirdi. Xarici siyasətin ardıcıl və sistemli aparılması bu prosesdə həlledici rol oynadı. Ulu öndər Heydər Əliyev xarici siyasətin ardıcıl yeridilməsinə və səmərəliliyinə daim diqqət yetirirdi. Proses dəqiq mexanizmlə həyata keçirilirdi. Buna görə də qısa zamanda Azərbaycan diplomatiyası beynəlxalq təşkilatlarda ölkəmizə olan münasibəti müsbətə doğru dəyişdi. Azərbaycanın beynəlxalq strukturlarda üzvlüyünün, onun bu strukturlar çərçivəsində fəaliyyətinin əsas məqsədlərindən biri ümummilli problemimizin həllinin dəstəklənməsinə nail olmaqdan ibarət idi. Bu sahədə böyük uğurlarımız var. Bu gün BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyan və erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasını, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının təmin olunmasını tələb edən qərarlar və qətnamələr qəbul ediblər.

Təbii ki, dövlətlərin elə strateji maraqlar dairəsi var ki, buraya beynəlxalq təşkilatlar çərçivəsində nüfuz etmək çətindir. Bu halda konkret ölkələrlə ikitərəfli münasibətlər ön plana çıxır. Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi, zəngin təbii ehtiyatları nəzərə alınarsa, xüsusən bir-biri ilə geosiyasi ziddiyyətləri olan dövlətlərlə eyni dərəcədə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərin qurulmasının nə qədər çətin olduğunu təsvir etməyə ehtiyac yoxdur. Yalnız ulu öndər Heydər Əliyevin strateji təfəkkürü və siyasi peşəkarlığı dövlətçiliyimiz üçün tarixi əhəmiyyətli həmin vəzifənin öhdəsindən gəldi.

Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas ruhunu formalaşdırmağa başlamışdı. Əvvələn, nəzərə alınırdı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişmişdi. İkincisi, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsiz idi. Üçüncüsü, məlum səbəblərdən Türkiyə bölgədə strateji tərəfdaş statusuna yiyələnməli idi. Dördüncüsü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xarici siyasətdə ciddi yer almalı idi. Buna görə də İranla dostluq və sıx əməkdaşlıq xətti seçilməli idi. Beşincisi, strateji istiqamət olaraq Qərbə yaxınlaşma xətti götürülməli idi. Çünki proseslər göstərirdi ki, yaxın perspektivdə dünya miqyasında geosiyasi, hərbi, mədəni, iqtisadi və siyasi inkişaf baxımından Qərbə alternativi bir müddət gözləmək lazım idi.

Bu konsepsiyanın fonunda Heydər Əliyev Azərbaycanın regionda olan digər dövlətlərə yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi. Bununla da balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu.

Dövlətin beynəlxalq geosiyasi mühitdə dayanıqlı yer tutması və uğurlu siyasət aparması üçün dünya iqtisadi sisteminə inteqrasiya mühüm şərtdir. Bunun üçün isə Azərbaycan dünyanın nüfuzlu iqtisadi təşkilatları ilə əlaqələr qurmalı idi. Xarici siyasətin ikinci istiqamətinə daxil olan vəzifələrin öhdəsindən bu yolla gəlmək olardı. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getməyi qərara almışdı. Bu istiqamət olduqca vacib sayılır. Dövlətin iqtisadi gücü olmasa, onun güclü dövlət kimi formalaşması mümkün deyildir. Güclü dövlətin təşəkkülü ilə güclü xarici siyasətin formalaşması problemi daha çox bu sahədə bir-birini tamamlamalıdır. Onu nəzərə almalıyıq ki, intensiv və hərtərəfli xarici siyasət yeritmək üçün lazımi iqtisadi təminat olmalıdır. Dövlətin maliyyə gücü və informasiya təminatı səviyyəsi xarici siyasətin səmərəliliyinin əsas şərtlərindən biridir. Azərbaycan hələ 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına üzv olmuşdu. Lakin ölkəmiz yalnız 1993-cü ilin ikinci yarısından etibarən xarici siyasətdə azad bazar iqtisadiyyatı sisteminə keçidin təmin edilməsi yönündə ciddi addımlar atmağa başladı. Burada əsas məqsəd ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etməkdən ibarət idi.

Bunun üçün Azərbaycan xarici siyasətində lazımi addımlar atmalı idi. Hər şeydən əvvəl, yeni neft strategiyasının verə biləcəyi geosiyasi və geoiqtisadi dividendlərdən xarici siyasətdə maksimum yararlanmaq gərək idi. Ona görə də xarici siyasətin əsas vəzifələrindən biri Azərbaycanın beynəlxalq iqtisadi qurumlar və şirkətlərlə əlaqələrini maksimum intensivləşdirmək və bu əsasda dünya iqtisadi sisteminə daxil olmaq idi. Tarixi baxımdan qısa müddətdə ölkə iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşuna məhz xarici siyasətdə neft strategiyasının dividendləri ilə dövlət maraqlarının sintezi sayəsində nail olundu. Bu sahədə 1993-1995-ci illərdə görülən ciddi işlərin nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. 1995-ci ildən isə yeni mərhələ - bərpa və dinamik inkişaf dövrü başladı.

Bərpa və dinamik inkişaf mərhələsinin iki əsas hədəfi vardı. Birincisi, diversifikasiya olunmuş iqtisadi infrastruktur yaratmaq. İkincisi, Azərbaycan iqtisadiyyatını dünya iqtisadi sisteminə inteqrasiya etmək. Hər iki hədəf reallaşdı və artıq XXI əsrin əvvəllərində Azərbaycan müasir iqtisadi infrastruktur yarada bildi. Xarici siyasətin bu aspektində əldə edilən uğurlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Təsadüfi deyil ki, beynəlxalq iqtisadi təşkilatların reytinq cədvəllərində Azərbaycan əksər göstəricilər üzrə MDB-də lider idi.

Bütün bunlar Azərbaycanın xarici siyasətinin ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası üçün səmərəli fəaliyyət göstərdiyini təsdiq edir. Faktiki olaraq, ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi üçün müvafiq beynəlxalq şəraitin yaradılmasına nail olunur. Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, o cümlədən iqtisadi yönümlü təşkilatlarda fəal iştirakı təmin edilir. Dövlətin mənafeyinə uyğun olan xarici iqtisadi siyasətin yeridilməsi reallaşır. Ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlinir.

Azərbaycanın xarici siyasətinin qarşısında duran və üçüncü istiqamətə aid etdiyimiz vəzifələr də uğurla yerinə yetirildi. Bunların arasında əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsi xüsusi yer tutur. Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir.

Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır. Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdləri hiss olunur: bir tərəfdən, Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq. Onların sırasında “Azadlığa Dəstək Aktı”na olan məlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini, Avropa Şurasının söz azadlığı və “siyasi məhbuslar”la bağlı daha çox keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aparılan kampaniyanı, milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (Cənubi Qafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarını misal gətirə bilərik.

Bu proseslərin fonunda Azərbaycana qarşı xarici təzyiqlərin qarşısının alınmasına yönəlmiş beynəlxalq mexanizmin yaradılmasına ehtiyac aydın hiss edilirdi. Həmin məqam xarici siyasət kursunda xüsusi yer tutmalı idi. Özlüyündə bu məsələ strateji xarakterlidir. O, müxtəlif aspektləri özündə birləşdirir, o cümlədən azərbaycanlıların diaspor fəaliyyətini də əhatə edir. Ulu öndər Heydər Əliyev diaspor məsələsinə son dərəcə diqqətlə yanaşırdı. Bu baxımdan, Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ənənəsinin əsası məhz 2001-ci ildə Heydər Əliyev tərəfindən qoyuldu. Diaspor məsələsi müasir dövrdə beynəlxalq himayə mexanizmlərinin yaradılmasında iki aspektdə prinsipial rol oynaya bilərdi. Birincisi, diaspor vətəndən kənarda xalqın mədəniyyətini təmsil edir. Azərbaycanlılar yaşadıqları ölkələrdə yerli mədəni mühitə uyğunlaşmaqla yanaşı, öz milli-mənəvi dəyərlərini qorumalı və təbliğ etməlidirlər. İkincisi, diaspor mövcud olduğu ölkədə cəmiyyətin yüksək təbəqələri ilə münasibətləri inkişaf etdirməli və rəsmi orqanlarda nümayəndələrlə təmsil olunmalıdır.

Beynəlxalq himayə mexanizminin yaradılmasının başqa mühüm tərəfini dünyanın müxtəlif ölkələrində yerli qurumlarla fəal işin aparılması təşkil edir. Bu qurumlar hökumət və ya qeyri-hökumət təşkilatları, rəsmi orqanlar, media ola bilər. Müasir dövrdə informasiyadan maksimum yararlanmaq prinsipi adi qaydaya çevrilmişdir. O cümlədən dövlətlər ehtiyac yarandıqda xaricdə lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Bu isə müəyyən həssas məqamlarda Azərbaycanın maraqlarının qorunması, ona ədalətli mövqe formalaşdırılması baxımından çox əhəmiyyətlidir. Məsələn, son zamanlar erməni siyasətçiləri və rəsmi şəxsləri Azərbaycanın ABŞ Konqresində və Avropa parlamentlərində lobbiçiliklə bağlı fəaliyyətini genişləndirdiyindən narahatlıq keçirdiklərini dilə gətirirlər.

Keçən müddət xarici siyasət kursunun bu aspektinin nə dərəcədə səmərəli olduğunu tam təsdiq etdi. Proseslərin gedişatı göstərir ki, artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb. Dövlətin xarici siyasətində indi də bu prosesi inkişaf etdirmək mühüm yer tutur.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun, onun müəyyən etdiyi məqsəd və vəzifələrin ardıcıl və davamlı şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan böyük uğurlar əldə edib.

Ölkəmiz demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşmış və bu təsəvvür artıq oturuşmuşdur. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir.

BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etməsi, Azərbaycanın 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Prezident İlham Əliyevin TŞ-nin iclasına sədrlik etməsi beynəlxalq təşkilatlarda aparılan siyasətin konkret bəhrələrindəndir. Azərbaycan yeritdiyi xarici siyasətin əsl mahiyyətini yüksək tribunalardan izah edir, dövlətin sülhpərvər obrazını tam açıqlayır, xalqımızın gerçək mənəvi-əxlaqi keyfiyyətləri haqqında geniş məlumatlar verir.

Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Bu, həmin dövlətlərin heç birinin təsiri altına düşmədən Azərbaycanın dövlət maraqlarını təmin etmək şansı verir. Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətin qlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir.

Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb. Ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir.

Heç şübhəsiz, bütün bu uğurların təməlində dayanan ən mühüm faktor lider amilidir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və gələcək inkişafının əsaslarını, dövlətin müstəqilliyini və suverenliyini təmin edən xarici siyasəti formalaşdırıb. Prezident İlham Əliyev isə ulu öndərin siyasi kursunu yaradıcılıqla davam etdirərək Azərbaycanı siyasi, sosial və iqtisadi inkişafın daha yüksək pilləsinə qaldırıb və müasir beynəlxalq münasibətlər sisteminin əhəmiyyətli iştirakçısına çevirib.

Dünyada geosiyasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin metodlarında da yeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcı risklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizə olunur. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan çevik xarici siyasət strategiyasının daha da inkişaf etdirilməsinə ehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun inkişaf etdiyini təsdiqləyir.

Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara adekvat və konstruktiv reaksiya verir.

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini,

Xarici əlaqələr şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.-20 aprel.- S.3.