Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri daha da möhkəmləndirəcək

 

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İlielan etməsi və ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanda “İslam Həmrəyliyi İlielan edilməsi və İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda aprelin 20-də Bakıda Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İlielan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu təşəbbüslə Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Bu, həmçinin Azərbaycan Prezidentinin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir. Əflatun Amaşov bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Ölkəmizin ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Bu gün Səudiyyə Ərəbistanı, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr saxlayır ki, bu da İslamın ruhuna ziddir. Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək yolverilməzdir.

Qeyd edilib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malik, İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İlielan etməsi böyük önəm kəsb edir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda əsrlərdir multikultural həyat tərzi hökm sürür. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinə diqqət və qayğı artıb. Ötən müddətdə xeyli məscid tikilib, bərpa olunub. Bu gün Azərbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malikdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bu yolda bir sınaq idi. Azərbaycan bu sınaqdan uğurla çıxdı. Gələn ay “Bakı-2017” İslam Həmrəyliyi Oyunları başlayacaq. Azərbaycan bu Oyunları da yüksək səviyyədə keçirməyə tam hazırdır. Bu mötəbər idman tədbiri də ölkəmizin beynəlxalq miqyasda tanıdılması və təbliğində mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib ki, IV İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçmiş iştirakçıları və media nümayəndələri Azərbaycana vizasız daxil ola biləcəklər. Yarışları işıqlandırmaq üçün minə yaxın yerlixarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etdirilir.

Bu il Azərbaycanın bir sıra müsəlman ölkələri ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən H.Hacıyev əlavə edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq mühüm addımlar atıb, bir sıra beynəlxalq təşkilatlara qoşulub. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən müsəlman ölkələri birmənalı şəkildə bizə dəstək verdilər. Bu da əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu məqsədlə bütün mədəniyyət ocaqlarında milli dəyərlərimizi, xüsusən də İslam mədəniyyətini təbliğ edən mərkəzlərdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin ölkəmizin turizm gəlirlərinin artması baxımından da böyük əhəmiyyətə malik olduğunu deyən V.Şixəmmədov nazirlik tərəfindən bütün istirahət mərkəzlərinə xidmətin keyfiyyəti və qonaqların təhlükəsizliyi ilə bağlı tapşırıqların verildiyini əlavə edib.

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İlielan etməklə bütün İslam dünyasını həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətimizin başçısının bu qərarı zamanında verdiyini söyləyib. O, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulduğunu, Azərbaycan Prezidentinin bu təşəbbüsünün dostluq və qardaşlıq ideallarına xidmət etdiyini diqqətə çatdırıb.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən B.Sadıqov bu mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycanın bütün imkanlarının olduğunu qeyd edib. O, Oyunların təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın birbaşa diqqətində olduğunu deyib, “Bakı-2015” ilk Avropa Oyunları kimi bu idman bayramının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

 

Azərbaycan.- 2017.-21 aprel.- S.6.