Koroğlu” Azərbaycan opera sənətinin şah əsəridir

 

Üzeyir bəy Hacıbəylinin bu əsəri 80 ildir səhnədən düşməyərək alqışlarla qarşılanır

 

Azərbaycan musiqisini dünya xalqları incəsənətinin bir hissəsi kimi təqdim edən dahi bəstəkar, musiqişünas, filosof, bir sözlə, mədəniyyət tariximizin şərəfli səhifələrinə imzasını əbədi yazan Üzeyir bəy Hacıbəylinin operaları “cavanlıq pasportunu qocaltmır.

Azərbaycan opera sənətini klassik ənənələrə yaxınlaşdıran bəstəkar onu hazır üsullara tabe etmədi. Əksinə, onları doğma xalq incəsənətinin əsasları ilə əlaqələndirməyi bacardı. Xalq auditoriyasının tələblərinə diqqəti və qayğısı sayəsində tətbiq etdiyi yeniliklər bütünlüklə musiqi incəsənətinə böyük təsir göstərdi.

Leyli və Məcnun”dan sonra Üzeyir bəy “Şeyx Sənan”ı tamamlayıb 1909-cu ildə tamaşaya qoydu. Məqsədi aydın idi: ənənəvi opera formalarına maraq yaratmaq. Bəzi texniki və yaradıcılıq qüsurlarına görə sonra bəstəkar operanın not yazılarını atdı. Professor Ramazan Xəlilov bunun səbəblərinə toxunarkən deyirdi: “Bir dəfə Üzeyir bəydən soruşdum ki, “Şeyx Sənan”ı atanda heyfin gəlmədi? Dedi ki, operanı kağızlarda ləğv etdim, başımdan ki çıxarmadım. Vaxtı çatanda istifadə edəcəyəm. Belə də oldu”.

Dahi bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olanKoroğludünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. Operanın musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini tapır. “Koroğlutipik xalq qəhrəmanlıq dastanıdır. Dastanda opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü süzgəcindən keçərək kamillik səviyyəsində ortaya qoyuldu. Opera haqqında qələmə aldığı məqaləsində bəstəkar yazırdı: “Koroğlu” operasını yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Burada qarşımda duran əsas məqsəd yazacağım operanın Azərbaycan xalqının, eyni zamanda bütün digər xalqların asanlıqla dərk edə biləcəyi bir əsər halında alınması idi. Başqa operalarda olduğu kimi, “Koroğluda da opera elementləri - ariyalar, duetlər, triolarbaşqa leytmotivlər tələb olunurdu. Bu qaydalar formasını da Azərbaycan muğamları üzərində qurmaq lazım gəlirdi”.

Xatırladaq ki, türkdilli xalqların səhnəsindən düşməyən “Koroğlu” operasını bəstəkar 1932-ci ildə yazmağa başlayıb və 1936-cı ildə bitirib. Onun yaranması Azərbaycan operasının inkişafında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Üzeyir bəy Hacıbəyli “Koroğlu” operasının qəlbləri vəcdə gətirən möhtəşəm uvertürasını isə 1938-ci ildə Moskvada keçirilən mədəniyyət ongünlüyü ərəfəsində yazıb.

Dünya şöhrətli bəstəkarın xidmətləri xalq və dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Üzeyir bəyin anadan olmasının 125-ci ildönümünün Heydər Əliyev Sarayında böyük təntənə ilə keçirilməsi də məhz bu sevginin təzahürü idi. Eləcə də Milli Akademik OperaBalet Teatrının 102-ci mövsümündə “Koroğlunun yenidən tamaşaya qoyulması onun Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə kimi yaddaşlarda qalmasına səbəb oldu. Respublikanın əməkdar artisti Həsən Enaminin həmin tamaşada Koroğlu rolunda çıxışı tamaşaçıları məmnun etdi. Axı tələbkar tamaşaçılar çoxdan idi ki, Koroğlu - Rövşən yaşında gənc ifaçı görməyin həsrətində idilər.

SSRİ xalq artisti mərhum Lütfiyar İmanovun ifaçılığı dövründə yuxarı notların götürülə bilməsi problemi həll edilmişdi. Onun geniş diapazonlu səsi “Koroğlu” tamaşasının həmişə uğurla oynanılmasının təminatçısı olmuşdu. Ölməz sənətkar hətta 73 yaşında belə səhnəyə çıxıb Koroğlu partiyasını təəccübdoğuracaq dərəcədə yaxşı oxumuşdu. O, Koroğlu partiyasının fanatı idi.

Opera səhnəsini Koroğlusuz təsəvvür etmək çətindir. Ona görə də gənc vokalçılar arasından bu obrazı arayıb-axtarmaq məsələsi ortaya qoyuldu. Akademik OperaBalet Teatrı rəhbərliyinin təşəbbüsü ilə cəlb olunan gənclər - Ülvi Qılınc, Samir Cəfərov, Həsən Enami Koroğlu partiyasının layiqli ifaçıları olmaq yolunda uğurlu addımlar atmağa başladılar. Akademik OperaBalet Teatrının 102-ci mövsümünün açılışı və Üzeyir bəy Hacıbəylinin anadan olmasının 125-ci ildönümü münasibətilə göstərilən “Koroğlu” tamaşasında Həsən Enami Koroğlu obrazını el qəhrəmanı kimi uğurla yaratdı. Onun ifasında ariyalar və duetlər ürəyəyatımlı səsləndi.

Musiqişünas, son illər opera səhnəsinin ən gənc Koroğlusu, vokalçı Ramil Qasımov deyir ki, “Koroğludünya klassik operaları sırasında parlaq nümunələrdən biridir: “Beşpərdəli bu operanın libretto müəllifləri H.İsmayılov və M.S.Ordubadidir. İlk tamaşası 1937-ci il aprelin 30-da Azərbaycan Opera-Balet Teatrında göstərilən opera respublikamızda və ümumiyyətlə, Cənubi Qafqazda, Orta Asiya, Türkiyə və İranda geniş yayılmış “Koroğluxalq dastanının süjeti əsasında yaradılıb”.

Ramil Qasımov operaya gəlişini belə xatırlayır: “Üzeyir bəyin ev-muzeyində hər il ənənəvi olaraq sentyabr ayının 18-də - anadan olduğu gün, yəni Milli Musiqi Günündə bir çox musiqi xadimi tərəfindən dahi bəstəkar daim yad edilir. 12 yaşım olarkən mən də müəllimimlə orada idim. Birdən içəri iti baxışlı bir nəfər daxil oldu. Onu görcək tanıdım və müəllimimə dedim ki, Mobil baba (onu belə çağırardım), Koroğlu gəldi. Bu, Lütfiyar İmanov idi. O günKoroğlu” operasından Koroğlunun ariyasını, aşıq mahnısını ifa etdi. Səsi o qədər güclü idi ki, əzəməti insanı heyran edirdi. Sonda müəllimimlə Lütfiyar İmanova yaxınlaşıb onu təbrik etdik. Özümdən asılı olmayaraq astadan, onun zorla eşidəcəyi dərəcədə dedim: “Mən də, vaxt gələcək, belə oxuyacam”. Elə bu zaman Lütfiyar müəllim üzünü mənə tutub dedi: “O gün olsun ki, sən bu operanı məndən də yaxşı ifa edəsən. Amma unutma ki, bu operanı ifa etmək üçün Koroğlunun 7777 dəlisindən biri olmaq lazımdır”.

Bu sözləri Lütfiyar İmanov Ramil Qasımov tələbə ikən verdiyi ilk solo konsertində də dedi. İllər ötdü, operanı gənc vokalçı Ramil Qasımov da ifa etdi: “Bu, özümlə birlikdə ustadımın ən böyük arzusu idi. Mən bu operanı ilk dəfə müəllimimin ustadına, dahi Bülbülün əziz xatirəsinə ithaf etdim”.

Dahi Üzeyir bəy bu əsəri yazanda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün səs diapazonunu nəzərdə tutub. 1938-ci ildə opera Moskvada Azərbaycan incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanıb. Bu, mədəniyyətimiz üçün böyük bir hadisə idi. 1938-ci ildə əsər Dövlət mükafatına layiq görülüb.

Koroğlu” operasına görə Üzeyir bəy Hacıbəyli 1941-ci ildə Stalin mükafatı ilə təltif olunub. Operanın ilk tamaşasının rejissoru İ.Hidayətzadə, rəssamı R.Mustafayev, Koroğlusu Bülbül olub.

Koroğlu” 1943-cü ildə rus dilində, 1939-cu ildə Aşqabadda türkmən dilində, 1942-ci ildə İrəvanda və 1950-ci ildə Daşkənddə özbək dilində tamaşaya qoyulub. Operanın 1959-cu (rejissor M.Məmmədov, dirijor Niyazi, rəssam Ə.Fətəliyev) və 1975-ci illərdə (rejissor F.Səfərov, dirijor R.Abdullayev, rəssam T.Salahov) yeni quruluşları hazırlanıb. Qastrol tamaşaları zamanı “Koroğlu” Təbriz, Tiflis, Kiyev, Peterburqs. şəhərlərin səhnələrində müvəffəqiyyətlə göstərilib.

Koroğluçox illər səhnədən düşməyəcək. Yeni nəsil koroğlular da operanın uzunömürlüyünə istedadları ilə öz töhfələrini verirlər ki, bu da ölməz Üzeyir bəyin yaradıcılığına xalq sevgisinin ifadəsidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-21 aprel.- S.8.