“Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda elmi-praktik konfrans keçirildi

 

Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları - dünya möcüzəsi” mövzusunda elmi-praktiki  konfrans keçirilib.

Bilik FondununEkoloji maarifləndirmə” proqramı əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Respublika Seysmoloji Xidmət Mərkəzinin  təşkilati və informasiya dəstəyi ilə keçirilən konfransın iştirakçıları Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsi ilə əyani tanış olublar.

Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin tələbələrinin, KİV nümayəndələrinin qatıldıqları ekskursiya zamanı AMEA-nın Geofizika İnstitutunun professoru Adil Əliyev palçıq vulkanları barədə onlara ətraflı maarifləndirici məlumat verib.

Konfrans öz işini Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində davam etdirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, əhalinin ekoloji maarifləndirilməsinə töhfə verən tədbirin məhz Qaradağ rayonunda keçirilməsi sevindirici hadisədir.

Azərbaycanın unikal sərvəti sayılan palçıq vulkanlarının mahiyyətinin dəqiqliyi ilə açılmasına böyük ehtiyac olduğunu deyən icra başçısı alimlərin konfransda  səsləndirəcəkləri fikirlərin dinləyicilərə  dəqiq bilgilər verəcəyinə əminliyini vurğulayıb.

Bilik Fondunun  aparat rəhbəri, professor İsaxan Vəliyev fondun layihələri barədə məlumat verdikdən sonra ölkədə ekoloji maarifləndirmə sahəsində görülən işlərə diqqət çəkib, Azərbaycan Prezidentinin sərəncam, fərman, tövsiyə və tapşırıqlarını xatırladıb.

Tədbirdə Qaradağ rayon icra başçısına Bilik Fondunun xatirə hədiyyələri təqdim olunub.

Konfransda AMEA-nın Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev “Azərbaycan palçıq vulkanları diyarıdır” mövzusunda çıxış edərək ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanları olduğunu söyləyib. Onun fikrincə, sayına, tərkibinə, aktiv fəaliyyətinə görə, Azərbaycandakı palçıq vulkanlarının  dünyada analoqu yoxdur. Lökbatan vulkanları 2 ildə 24 dəfə püskürməklə rekord nəticə verib. Palçıq vulkanlarına münasibətin tarixi mərhələlərinə toxunan professor vulkanların neft-qaz mədənlərini dağıtması ilə bağlı iddiaların özünü doğrultmadığını, əksinə, prosesin yataqlar üçün əlverişli olduğunu deyib.

A.Əliyev palçıq vulkanlarının köməyi ilə zəlzələlər haqqında informasiya almağın mümkünlüyünə aydınlıq gətirib. Professor palçıq vulkanlarını təbii sərvətimiz, milli dəyərimiz adlandırıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi-Bərpa  İnstitutunun direktoru, professor Əlişir MusayevVulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi” mövzusunda söylədiyi məruzəsində bu təbii sərvətin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, vulkan palçıqlarından qənaətbəxş səviyyədə istifadə edə bilmirik. Ölü dənizdən götürülən maddələrdən hazırlanan dərmanları xaricdən alırıq, amma Azərbaycan ərazisində olan palçıqlara biganəlik göstəririk.

 İnstitut direktoru vulkan palçıqlarının müalicəvi əhəmiyyətini vurğulayaraq,  həm sağlamlığa, həm də iqtisadi inkişafa dəstək baxımından Ələt ərazisində kurortlar salınması təklifini irəli sürüb.

“Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri” mövzusunda   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov çıxış edib.

Natiq palçıq vulkanlarının turizm sektoruna verə biləcəyi xeyirlərdən söz açıb. S.Nəsənov bildirib ki, ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədiyindən cəlbediciliyinə görə, ilk 20-liyə düşüb. Bununla yanaşı, güclü müalicəvi təsirlərə malik olması ekoturistlərin diqqətini cəlb edir.

Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayev “Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri” mövzusunda qoruğun yaradılması və idarə olunmasının mexanizmləri barədə məlumat verib. C.Paşayev qeyd edib ki, palçıq vulkanlarının təbii komponentlərinin ciddi qorunması məqsədi ilə yaradılan qoruq bir müddət sonra Milli Park kimi fəaliyyət göstərə biləcək.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, fəlsəfə elmləri doktoru Rauf Muradov deyib ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər qazanmaq mümkündür.

Sonda tələbələr adından danışan BDU-nun magistrantı Arzu Bağırlı konfransın təşkilatçılarına təşəkkürünü bildirərək yaşıdlarını palçıq vulkanlarının dərindən öyrənilməsi və tətbiqi istiqamətində səy göstərməyə çağırıb.

 

Azərbaycan.- 2017.-23 aprel.- S.5.