Qeyd olunmayan ad günü

 

Yaxud ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları bir ailənin taleyində

 

Özgə gəmisinə minib gəmiçilik etmək hərisliyi. Özgə torpağında özgə atını minib çapmaq həyasızlığı. “Dost, kirvə” deyib üzünə güldüyün qonşunu qətlə yetirmək. Sənə öz torpağında yaşamağa yer verən xalqa xəyanət etmək, çörəyini yeyib, suyunu içdiyin millətə qarşı əsrlər boyu qətliamlar, qırğınlar, soyqırımları törətmək. Bu, yalnız o mənfur millətə xas olan eybəcərliklərdir. O mənfurlara ki, Xocalı soyqırımında törətdikləri vəhşiliklərin dünyada bənzəri, misli-bərabəri yoxdur...

Bütün bu deyilənlərin Məlahət Əliyeva adlı Azərbaycan vətəndaşının həyatını necə tar-mar etdiyini biləndə, dəhşətə gəlməmək mümkün deyil. Məlahət xanımın başına gələnlər xəyanətkar və vəhşi qonşularımızın zaman-zaman xalqımızı düçar etdiyi böyük bəlaların yalnız bir nümunəsidir.

Məlahət Əliyeva 1955-ci ildə Xocalıda dünyaya gəlib və orada böyüyüb. Sonra Xankəndiyə gəlin köçüb. Tapdıq adlı oğlanla xoşbəxt ailə qurub:

- Mən evdarlıq edirdim, işləməyimə ehtiyac da yox idi. Həyat yoldaşım qaldırıcı kran sürücüsü kimi tikintidə çalışırdı, evə yaxşı qazanc gətirirdi. Böyük bir evin təməlini qoyduq, yavaş-yavaş tikdirməyə başladıq... Artıq iki oğlumuz var idi: Teymur və Seymur. Amma mən çox istəyirdim ki, qız övladımız da olsun. Demə, bu, yoldaşımın da ürəyinin gizli mətləbi imiş... Qızımızın adını Nəzakət qoyduq. O, dünyaya gələn il evimizi də tikib başa çatdırdıq. Elə xoşbəxt idik ki...

Məlahət Xocalı soyqırımından sonra başından açmadığı qara örpəyinin ucu ilə üzünü örtüb hönkürür. Amma söhbətini yarımçıq kəsmək istəmir, olub-keçənlərin hamısını ətraflı danışmaq, həqiqəti, vəhşi erməni xislətini necə varsa çatdırmaq istəyir:

- Hələ də təəccüblənirəm ki, onlar uzun müddət necə maskalana bilmişdilər, əsl sifətlərini hiyləgərcəsinə necə gizlədə bilmişdilər? Xankəndidəki üzdəniraq qonşularımı deyirəm. 1988-ci ilə qədər münasibətlərimizdə bir insident baş verməmişdi. Uşaqlarımız həyətdə birlikdə oynayırdılar, bayramlarda bir-birimizə pay verirdik... Bir gün bizə, azərbaycanlılara mağazada talonla ərzaq verməkdən imtina etdilər. Növbəti gün səhər tezdən oyanıb gördük ki, erməni məktəblərində Azərbaycan dilinin tədris olunduğu dərslikləri cırıb həyətimizə atıblar. Daha uşaqları da bayıra buraxmırdıq, çünki balaca erməni dığaları və axçiləri onlarla oynamırdılar. Beləcə, vəziyyət getdikcə kəskinləşirdi... Mənim kiçik bacım da Xankəndidə yaşayırdı, buraya təzəcə gəlin gəlmişdi. Yoldaşı bir erməninin evini kirayəyə götürmüşdü. Yaranmış xoşagəlməz vəziyyətə görə mən gənc ailəni öz evimə gətirdim. Səhərisi gün sahə müvəkkili həyətə gəlib məni hədələdi, dedi ki, səni də, ərini də cəzalandıracayıq, çünki bizim Stepanakertə azərbaycanlıları yığırsınız.

Xankəndidə mitinqlər başlanır. Artıq orada yaşamaq mümkün olmur və Tapdıq ailəsini Xocalıya, Məlahətin ata evinə gətirir. Burada Məlahətin xəstə anası və evlənmək ərəfəsində olan qardaşı yaşayırdılar. Tapdıq iki il ərzində Xocalıda da ev tikdirir. Deyir ki, artıq Teymurun da, Seymurun da evi var, böyüyəndə biri Xankəndidə, biri Xocalıda yaşayacaq. Xankəndiyə qayıtmaq ümidini əlbəttə itirməmişdilər. Lakin Xocalıda da vəziyyət getdikcə gərginləşirdi.

Tanımadığı bir erməni Tapdığa yaxınlaşıb deyir ki, Bakıda yaşayıram, Bakıxanov qəsəbəsində imarətim və bağ-bağçam var, gəl razılaşaq, onu sənin Xankəndidəki evinlə dəyişək. “Sən kimsən ki, məni Xankəndidən qovmaq istəyirsən? Bakı da, Xocalı da, Xankəndi də mənimdir. Harada yaşamaq seçimini də mən özüm edirəm. Rədd ol buradan”, - deyərək Tapdıq ermənini qovur.

İndi Məlahət xanım qəlbi göynəyə-göynəyə danışır ki, bəlkə də o vaxt bu təkliflə razı olub Bakıya köçsə idilər, nə Tapdığı itirərdi, nə də sevimli Nəzakətini. Lakin bu, Xocalıda törədilən ağlagəlməz qətliam, faciə, soyqırımından yalnız bir ailənin xilası olardı. Xocalı dərdi isə elliklə gəlmişdi. Bir xalqın faciəsidir və bütün bəşəriyyətin dərdi olmalıdır.

Xocalıda baş verən xoşagəlməz olaylar, qızlarının Xankəndidəki ev-eşiklərindən didərgin düşməsi səhhəti onsuz da zəif olan Qumru xanımı (nəvələri ona Qu nənə deyirdilər) üzür və qadın 1991-ci ilin may ayında dünyasını dəyişir. Məlahət fikirləşir ki, anasının ölümünün ildönümünü qeyd edəndən sonra qardaşını evləndirər və özü ailəsi ilə birlikdə təzə tikdirdikləri evə köçər. Lakin reallıq başqa idi. Artıq Xocalıda ərzaqla da bağlı problemlər yaranmışdı. Kim nə tapırdı, onu yeyirdi. Süfrə açılan vaxt bir də görürdün ki, atəş səsləri gəlir, aləm titrəyir, yeməyin içinə toz-torpaq tökülürdü.

- Uşaqlarımın birinin 11, digərinin 10, balacanın 8 yaşı vardı. Mən onları üst paltarlarını soyundurmadan yatızdırırdım ki, birdən qaçaqaç düşər, - deyə Məlahət acı hekayəti davam etdirir, - günlərlə uşaqları çimdirə bilmirdim. İnsana yaraşmayan bir həyat yaşayırdıq. Xocalıda demək olar ki, işıq yox idi. Ona görə çörəkbişirmə müəssisəsindən evlərə xəmir paylanırdı.

Soyqırımından bir gün əvvəl balaca Nəzakət anasına yuxuda gördüklərini danışır: “Gördüm ki, həyətimizdə çoxlu adam toplaşıb. Mən də dayanmışam ortalıqda, qucağımda çoxlu şirin çörəklər var. Qu nənəm də sağdır. Gəlib mənim əlimdən tutur və biz uzaqlara gedirik...”

Məlahət yuxunu ürəyində yozub vahimələnir. Ancaq qorxunc fikirləri özündən uzaqlaşdırıb növbələri çatdığına görə, aldıqları xəmirdən odun sobasının üstündə kiçik kökələr bişirib uşağa verir...

Sonra da qardaşını evləndirmək üçün anasının sağ ikən tədarük etdiyi zinət əşyalarını, eləcə də özünə toyunda bağışlanan sırğa-üzüyü və əllərində olub-qalan çörəkpulunu kiçik bir çantaya yığır. Uşaqları qalın geyindirir. Artıq Xocalını tərk etmək məqamı idi. Atəş səsləri aləmi bürümüşdü. Bir azdan yer-göy alışıb-yanacaqdı...

Bundan sonra baş verənləri onlar ən dəhşətli kinolarda da görməmişdilər. Biri “anam vay”, digəri “balam vay” deyərək qışqırır, evlər bir-birinin ardınca od tutub yanırdı. Xəbər gəlmişdi ki, artıq kəndin o başında evlər alınıb. Bir dəstə qonşu yığılıb od-alov içərisindən yola düzəldi. Göydən od yağırdı. Məlahət də üç balası ilə birlikdə çətinliklə irəliləyirdi. Elə bəri başdaca içərisində çörəkpulu və ər yadigarı, ana hədiyyəsi olan çantası əlindən düşüb itdi. Məktəbin zirzəmisində daldalanmaq istədilər. Lakin kimsə dedi ki, dayanmaq olmaz, kəndi tərk etmək lazımdır.

- Uşaqları növbə ilə qucağımda çaydan keçirdim. Üçüncüsünü keçirəndə çox yorulmuşdum, uşağın üst-başı suda islandı. Sonra da meşə, daş-qaya, kol-kos... Artıq ayaqqabılarımı çıxarıb atmışdım, indi corabların da mənə mane olduğunu hiss edib yolun qalanını tamamilə ayaqyalın irəlilədim. Uşaqları düz yerə çıxarandan sonra nəfəsimi dərmək istədim. Qeyri-ixtiyari dönüb arxaya baxdım. Xocalı tüstü içərisində görünməz olmuşdu. Atəş açıldıqca ermənilərin maşınlarla qarət daşıdıqları görünürdü. Biz irəlilədikcə sıralarımız seyrəlirdi. Erməni cəlladları insanları amansızcasına məhv edirdilər. Bizim dəstənin başında Əlif Hacıyev gedirdi. Qabağımızdan ötən UAZ maşınındakı ermənilər bizə “keçin, keçin” dedilər. Bu, həm bizi öldürmək üçün bir fənd, həm də özlərinin bir-birinə parolu, işarəsi idi... Artıq milli ordumuzdan bir dəstə gəlib bizə çatmışdı. Gördüm ki, Tapdıq - yoldaşım da buradadır. Sonrasını kaş görməyəydim, gözlərim kor olaydı... - Məlahət təzədən daha da kövrəlib ağlayır.

Teymur və Seymur anasından qabağa düşüb iməkləyə-iməkləyə, yerlə sürünə-sürünə irəliləyirdilər. Nəzakəti isə Məlahət qucağında aparırdı. Çünki o həm kiçik idi, həm də təzəcə keçirdiyi qızılcadan sonra zəifləmişdi.

Olduqca qızğın atışma baş verir. Əlif də elə bu zaman şəhid olur. Neçə vaxtdır mühasirədə qalıb mənəvi və fiziki cəhətdən taqətdən düşmüş insanlar güllə yarası alan kimi yıxılıb qalırdı. Bəziləri isə irəliyə getməyə özündə güc tapırdı.

Bu zaman Məlahət qızını yerə uzadıb onu öz bədəni ilə örtür. Balasının təhlükəsizliyini təmin etdiyini düşünsə də, düşmən gülləsi onlardan yan keçmir. Uşaq ufuldanıb “ana, mənə nə isə dəydi” deyir. Məlahət özünün qolu boyu qan axdığını görür. Bu, qolundan yaralanan ananın və qılçasından yara alan balanın bir-birinə qarışan qanı idi.

Kimsə uşağın corabını aşağı çəkir. Məlahətin gözləri dumanlansa da, yanında yoldaşını görür və dərk edir ki, artıq onlar ailənin sevimli sonbeşiyini itiriblər.

Məlahət ərinə yalvarır ki, belə məqamda məndən çox uzaqlaşma. Tapdıq isə əlindəki avtomatı yuxarı qaldıraraq az qala nərə çəkir: “Bu silah mənə qənim olar! Mən təkcə sənin deyiləm, Məlahət! Camaat qırılır, mən onlara da kömək etməliyəm...”

Məlahət cansız qızını qucağına götürmək istəyir, ancaq buna gücü çatmayıb yıxılır.

- Artıq Ağdama çatmağımıza az qalmışdı. Burayadək necə gəlmişdim, məni necə gətirmişdilər, bilmirəm, xatırlamıram. Özümə gəlməyimlə yoldaşımın yerə yıxıldığını görməyim bir oldu. Bütün gücümü toplayıb ona tərəf getmək istədim. “Yaxın gəlmə, səni də vuracaqlar, - deyə qışqırdı, - uşaqları gözdən qoyma”. Bu onun son sözləri oldu. Ağdama çatanda qardaşımla rastlaşdıq. Bir-birimizə sarılıb ağlayırdıq. Qardaşım o qədər meyit, o cümlədən öz doğmalarımızın cəsədlərini görmüşdü ki, “mən niyə sağ qaldım?” - deyə dəhşətlə hayqırırdı... - Məlahətin səsi yenidən qırılır.

Şelli kəndində Məlahəti və iki oğlunu bir ailə öz isti ocağına gətirir. Ev sahibəsi ayaqları donmuş qadına ilk yardım göstərir. Bir-iki gündən sonra ona deyirlər ki, həyat yoldaşının cəsədini yuyub, kəfənə tutub Ağdamda dəfn ediblər.

Sonra heç nə bildirmədən Məlahəti Ağdama gətirirlər. Demə, burada onu çox çətin və çox dəhşətli bir sınaq gözləyirmiş. Meyitləri tanınmaz hala düşmüş uşaqlar arasında öz qızını tapmalı olur...

- Nəzakəti yalnız qulaqlarındakı balaca sırğalara görə seçə bildim. Axı biz əhd eləmişdik ki, qızımız olsun və Nəzakət doğulanda atası ona qızıl sırğa almışdı... Kimsə dedi ki, sırğaları uşağın qulağından çıxarmaq lazımdır, şəriətə görə belə dəfn etmək olmaz. Mən qoymadım... - Məlahət əlləri ilə üzünü qapayıb hönkürür. Sanki o günü təzədən yaşayır.

Bu, 1992-ci ilin 28 fevral günü idi. Məlahətin iki təzə məzar - ömür-gün yoldaşının və ciyərparasının məzarları başında dayandığı gün. Həmin gün Məlahətin 37 yaşı tamam olurdu və o vaxtdan bəri ad gününü qeyd etməyi ağlına belə gətirmir. Hətta oğullarının, gəlinlərinin, nəvələrinin şərti olaraq başqa bir tarix seçib ona ad günü keçirmək təkliflərinə də razı olmayıb.

Hər il fevralın 26-da isə Goranboy rayonunda qaçqınlar və məcburi köçkünlər üçün salınmış məhəllədəki evində məclis düzəldib qızını və həyat yoldaşını bir daha anmaqla bərabər, Xocalı soyqırımının bütün şəhidlərini yad edir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 23 aprel.- S. 5.