Nur şəhərində İslamiada bayramı

 

Baharın bu təravətli günlərində elimizdə-obamızda bayram əhvali-ruhiyyəsi yaşanır. Xəzərdən başlayan Su səyahəti yurdumuzu qarış-qarış dolanmaqdadır. Mavi gözlü Xəzərin dumduru suyu ilə doldurulmuş mis səhəngin hər ünvanı şadlığa, sevincə qərq olur. Minillər boyu sinəsinin odu-alovu sönməyən Odlar yurdu indi müqəddəs suyun paklığında, aydınlığında durulur, saflaşır, cilvələnir.

Suyu da od qədər uca tutan, müqəddəs bilən xalqımız artıq xeyli vaxtdır ki, sanki onun sehrinə düşüb. IV İslam Həmrəyliyi Oyunlarına suyun rəmz kimi qəbul edilməsində dərin bir hikmət var. Həyat çeşməsi olan suya İslamda böyük önəm verilir. Bütün canlı aləmin əsas şərti olan su diriliyin, saflığın, təmizliyin, barışın, dostluğun, qardaşlığın simvoludur. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıdakı Daş Salnaməsi Muzeyindən start götürən su səyahətinin növbəti ünvanı ölkəmizin mühüm sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhəridir. Haqlı olaraq Mingəçeviri “nur şəhəri” də adlandırırlar. Respublikanın elektrik enerjisi ilə təminatının əsas ağırlığı illərdir ki, məhz Mingəçevirin üzərinə düşür. Ana Kürün sahilində, Bozdağın ətəyində belə bir möhtəşəm şəhərin tikilib-qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu öndər respublikada hakimiyyətdə olduğu illərdə Mingəçevirin yüksəlişinə davamlı qayğı və diqqət göstərmişdir. Mingəçevirin inkişafına, gözəlliklər diyarına çevrilməsinə dövlət səviyyəsində göstərilən dəstək son illər daha da güclənmişdir. Heydər Əliyevin siyasi kursuna parlaq sədaqət nümayiş etdirən Prezident İlham Əliyev Mingəçevirə və mingəçevirlilərə münasibətdə də bu ənənəni nəinki qoruyub saxlayır, eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq onu daha da zənginləşdirir. Dövlət başçısının Mingəçevirə vaxtaşırı gerçəkləşən səfərləri şəhərin gözəlliyinə vurulan yeni naxışlarla yadda qalır, şəhər sakinlərinin həyat firavanlığına verilən töhfələrlə tarixə çevrilir. Respublika Prezidenti İlham Əliyev demişdir: “Mingəçevir beynəlxalq turizmin mərkəzinə çevrilmişdir. Buna nail olmaq üçün bütün imkanlar - gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu tikilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni Mingəçevir bir turizm mərkəzi olmalıdır”.

Dövlətin qayğısı ilə sürətlə inkişaf edən, gözəlləşən Mingəçevir bu gün əcnəbi və yerli turistlərin sevə-sevə üz tutduqları əsrarəngiz bir məkana çevrilmişdir. İndi burada dünya standartlarına cavab verən dördulduzlu “Riverside”, “Kür” və “Ağ saray” hotelləri fəaliyyət göstərir. Dünyada neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də turizm ölkəsi kimi beynəlxalq aləmin diqqətini çəkir.

Nur şəhəri yenə bayram libasındadır. Əzəmətli çınarların sanki qol-qola girib yol boyunca sıralandığı geniş küçə və prospektlər, yaraşıqlı park və xiyabanlar, səliqəli yaşıllıqlar, əlvan çiçəklər göz oxşayır, baxanı heyran edir. Şəhər sakinlərinin bayram ovqatı təbəssümlü çöhrələrdən, fərəhli gözlərdən aydın hiss olunur. Xəzərdən götürülən su səhəngi könüllərə xoş duyğular, yüksək əhvali-ruhiyyə gətirmişdir. Kür Olimpiya Tədris İdman Mərkəzinin baş direktoru, respublika Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasovun söhbətində bayram notları, xoş ovqat açıq-aydın hiss olunur:

- Ümummilli lider Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikri bu gün dünya miqyasında artan beynəlxalq nüfuzumuzla bir daha öz tarixi təsdiqini tapır. Prezident

İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan bütün regionun mütləq söz sahibinə çevrilmişdir. Xoşdur ki, yaşadığımız regionla bağlı beynəlxalq aləmdə hər hansı bir qərarın qəbul edilməsində, nəhəng layihələrin həyata keçirilməsində ilk növbədə Azərbaycanla hesablaşırlar. Bir vətəndaş olaraq fəxr edir, qürur duyuruq ki, millətimizin imzası, müstəqil dövlətimizin üçrəngli bayrağı dünya birliyində şərəfli bir yerdə qərar tutur. Bizi bu ucalığa çatdıran, çoxlarının həsrətlə baxdığı bu şöhrətə qovuşduran Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətdir. Bir çox möhtəşəm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi məhz bu uğurlu siyasətin tərkib hissəsi olmaqla, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər əhəmiyyətlidir. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edir. Dünyanın nəzərləri yenə Bakıya dikilib. Beynəlxalq aləmdə böyük iqtisadi gücə və ağır siyasi çəkiyə malik İslam dünyasının məhz Bakıda bir araya gəlməsi birmənalı olaraq Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. İslam dövlətləri arasında birliyin, əməkdaşlığın, qardaşlığın son dərəcə mürəkkəb müasir dövrün tələblərinə uyğun şərtlərlə yenidən qurulması Azərbaycanın təşkilatçılığı və vasitəçiliyi ilə reallaşacaqdır. Bu son dərəcə şərəfli missiyanı öz üzərinə götürməklə Azərbaycan adını İslam tarixinə qızıl hərflərlə yazır. Beləcə uğurla keçəcəyinə heç kəsin şübhə etmədiyi IV İslam Həmrəyliyi Oyunlarına sıradan bir idman yarışı kimi yox, Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə sürətlə artan növbəti uğuru kimi baxmaq lazımdır. Hər zaman Prezident İlham Əliyevin yeritdiyi siyasəti birmənalı olaraq dəstəkləyən, zəruri məqamlarda dövlət başçısının ətrafında sıx cərgələrlə birləşən mingəçevirlilər IV İslam Həmrəyliyi Oyunlarının bir el bayramı səviyyəsində keçirilməsinə öz töhfələrini əsirgəmirlər. Bu gün şəhərimiz fərqli bir görkəmdədir. Meydanlar, xiyabanlar bayramlarda olduğu kimi bəzədilib. Şəhər sakinlərinin üzü gülür.

Bakıdakı Daş Salnaməsi Muzeyində təntənəli su təqdimatı mərasimində Mingəçevir məktəblisi İsfəndiyar Hikmət oğlu Kərimov da vardı. İsfəndiyar Mingəçevir şəhəri 3 saylı məktəbin altıncı sinif şagirdidir. Dərs əlaçısı olan İsfəndiyarın da bu gün deməyə sözü var:

- Bakıdakı Daş Salnaməsi Muzeyində keçirilən təntənəli mərasim mənim üçün unudulmaz bir hadisəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevdən Xəzərin suyu ilə doldurulmuş səhəngi qəbul edəndə keçirdiyim hisləri ifadə etmək mənim üçün çox çətindir. Çox həyəcanlı idim. Prezidentin mehribanlığı, səmimiliyi isə həyəcanımı yüngülləşdirirdi. Sanki sehrli bir aləmdə idim. Amma heç nəyə baxmayaraq, bütün qüvvəmi toplayıb üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim. Doğma Mingəçevirə qayıdanda məni qəhrəman kimi qarşıladılar. Bu gün yenə fərəh içindəyəm. Bu dəfə mis səhəngi Mingəçevir Su Anbarından doldurub Bakıya, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə aparacağam. Belə bir şərəfli vəzifə mənə həvalə edildiyi üçün özümü xoşbəxt sayıram. Çalışacağam ki, göstərilən etimadı doğruldub ölkəmiz üçün layiqli vətəndaş olum, Azərbaycanın daha da çiçəklənməsində, inkişaf etməsində mən də fəal iştirak edim.

Bayram ovqatı yaşanan Mingəçevirdə bu gün təbii olaraq uşaqlar daha çox sevinirlər. Kür Olimpiya Tədris İdman Mərkəzinin geniş zalı məktəblilərlə doludur. IV İslam Həmrəyliyi Oyunları “Domestic Grassroots” proqramı çərçivəsində regionlarda İslam Oyunlarının təbliği və gənclərin idmana daha geniş şəkildə cəlb olunması məqsədilə məktəblilər arasında idman yarışları təşkil olunur. Bu gün gərgin idman mübarizəsi şəraitində keçən yarış da çox maraqlıdır. IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin layihə üzrə məsul nümayəndələri, təşkilatçılar və İslam Həmrəyliyi Oyunlarının seçilmiş ulduz səfirləri tamaşaçılar arasında yer almışdı. 9-13 yaşlı şagirdlər arasında keçirilən yarışa 100 nəfər məktəbli qatılmışdı. Gərgin mübarizə başa çatır. Qaliblər Əməliyyat Komitəsinin kubokları, diplomları ilə təltif olunur, onlara IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində iştirak üçün biletlər təqdim edilir.

Mingəçevirdə bayram əhvali-ruhiyyəsi davam edir. Diqqət mərkəzində isə İsfəndiyar Kərimovdur. Günün qəhrəmanına çevrilmiş balaca İsfəndiyar ona etibar edilmiş missiyanı - mis səhəngin Mingəçevir Su Anbarından doldurulmasını da uğurla icra edir. Onu adlı-sanlı idmançılar, sambo üzrə Avropa və dünya çempionatının gümüş və bürünc mükafatçısı Ayaz Umudəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu, gənclərdən ibarət milli komandanın üzvü Cavanşir Qasımov müşayiət edirdilər.

Yavaş-yavaş axşam düşür. İşıqlar yanır. Şəhər çıraqban olur. Gecələri gündüzlərindən gözəl olan Mingəçevir yeni bir təntənənin meydanına çevrilir. “Su festivalı” şəhərdə hökm sürən bayram ovqatına yeni çalarlar qatır. Ulu öndərin adını daşıyan Heydər Əliyev meydanı qələbəlikdir. Şəhər sakinləri bu çal-çağırlı anların zövqünü yaşayır, incəsənət ustalarının maraqlı çıxışlarını alqışlarla qarşılayırlar. Tamaşaçılar lazer şousunu heyranlıqla izləyirlər. Atəşfəşanlığın yaratdığı gözəl mənzərə göz oxşayır. Nur şəhəri beləcə bayram ovqatlı, çal-çağırlı, toylu-büsatlı bir gün yaşayır.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.- 25 aprel.- S. 7.