Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib

 

 Aprelin 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində quraşdırılmış fotostendlə və Komissiya tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Sonra XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində ermənilər tərəfindən soyqırımına məruz qalmış türk-müsəlmanların və hər iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən konfransın məqsədi qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixielmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir. Həmçinin ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Türkiyənin “Tələt Paşa” Komitəsinin sədri, ehtiyatda olan general-leytenant Ali Erdinç “1915-ci il aprelin 24-də həqiqətdə nə baş vermişdir? Erməni yalanlarına cavabbu sahədə Azərbaycan–Türkiyə əlaqələrinin önəmi” mövzusunda məruzə ilə çıxış edərək rəhbərlik etdiyi qurumun 17 ildir fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, komitənin məqsədi əsassız erməni iddialarını ortaya çıxarmaq, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü, milli təhlükəsizliyi uğrunda əsl həqiqətləri dünyaya çatdırmaqdır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hər bir ölkədə çox mühüm önəm daşıdığını vurğulayan A.Erdinç ermənilərin xalqlarımıza qarşı törətdikləri soyqırımlarının araşdırılmasında və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan, Türkiyə və Özbəkistanın müvafiq ictimai təşkilatlarının təşəbbüsü ilə yeni bir QHT hərəkatının başlandığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Dövlət Komissiyasının üzvü, akademik İsa Həbibbəyli çıxışında ermənilərin hər il aprelin 24-nü özlərinin soyqırımına məruz qaldıqları gün kimi bütün dünyada qeyd edirlər. Ermənilərin bu əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati işin müsbət bəhrə verdiyini vurğulayan İ.Həbibbəyli qeyd edib ki, bu, hücum taktikasının uğurlarının göstəriciləridir. Akademik ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının araşdırılması və dünyaya çatdırılmasında AMEA-nın bir neçə institutunun təşəbbüsü ilə sanballı elmi əsərlərin hazırlanaraq müxtəlif dillərə tərcümə olunmasının, konfransların və seminarların keçirilməsinin önəmini diqqətə çatdırıb. Ermənilərin tarixboyu Qafqazda sülhü, sabitliyi pozduqlarını, müxtəlif cinayətlər, qətliamlar törətdiklərini, böyük dövlətlərin əlaltısı kimi onların çirkin niyyətlərinin icraçısı olduqlarını vurğulayan İ.Həbibbəyli onların bu əməllərini bu gündavam etdirdiklərini vurğulayıb.

Məruzələrdən sonra mövzu ətrafında aparılan müzakirələrdə ermənilərin törətdikləri soyqırımları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında belə konfransların əhəmiyyəti yüksək qiymətləndirilib. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, “beyin mərkəzləri”nin vahid mövqedən çıxış etməsinin, gənc alimlərin həvəsləndirilməsinin və dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov səmərəli müzakirələrin aparıldığı konfransda səslənən məruzələrin vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilib yayılacağını vurğulayıb.

Bununla da “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans işini başa çatdırıb.

 

Azərbaycan.- 2017.-25 aprel.- S. 4.