Könüllülük təşəbbüsü - xeyirxahlıq missiyası

 

“Bakı-2015”də tarix yazan könüllülər ordusu “Bakı-2017”yə qürurla hazırlaşır

 

“Müxtəlif situasiyalarda insanlarla necə davranmağı, ünsiyyət zamanı fərqli dindən, dünyagörüşdən olan adamları tanımağı öyrəndim. Gələcək karyeram üçün çox yaxşı təcrübə topladım, dil bilgimi artırdım və ən nəhayət, gənc olduğumu hiss etdim”. Bu fikirlər həm “Bakı-2015” I Avropa Oyunları, həm “Formula-1” yarışları, həm də 42-ci Şahmat Olimpiadası zamanı könüllü kimi fəaliyyət göstərən Naidə Pirverdiyevaya məxsusdur. O, Azərbaycan Dillər UniversitetininSabah” qruplarında 3-cü kurs tələbəsidir. Yenidən həmin hissləri yaşamaq, əlavə təcrübə qazanmaq üçün IV İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi çalışmağa hazırlaşır.

 

Könüllü nədir?

 

Sadə izah versək, könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi tapşırıqları yerinə yetirmək, maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını yaxşılaşdırmaq üçün çalışmaqdır. Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında özünə dəyər və hörmət qazanır. Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür.

Bu gün ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tuturbu sahəyə maraq olduqca böyükdür. Əslində isə könüllülük xalqımızın milli adət-ənənələri sırasında minilliklər boyu yol gələn bir norma və prinsipə çevrilən xidmətdir. Doğrudan da bu prinsip xeyirxahlıq missiyası daşımaqla hər kəsin öz iradəsinə, sərbəst seçiminə əsaslanır. Həmin xeyirxah, təmənnasız xidmət növü əxlaq kodeksinin bəndlərindən biri kimidaim diqqət mərkəzində olub. Xalqımızın milli-mənəvi sərvətlərindən olanqorunub saxlanan bu xeyirxahlıq nümunəsi ötən il “Bakı-2015” I Avropa Oyunları dövründə könüllülərin fəaliyyətində özünü daha qabarıq formada göstərdi. Belə demək mümkünsə, könüllülük hərəkat səviyyəsindən institut səviyyəsinə qədər yüksəldi. Son bir neçə il ərzində könüllülük mexanizmi o dərəcəyə çatdı ki, artıq nəinki Bakıda, regionlarda da könüllülərin əməyindən geniş istifadə edilir. Bu prosesdə sözsüz ki, “ASAN xidmət” mərkəzlərinin və Təhsil NazirliyininSabah” qruplarının xüsusi rolu danılmazdır.

 

Könüllülük fəaliyyəti ciddi ictimai təşəbbüsdür

 

Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində könüllülərin xüsusi rolu olduğunu dəfələrlə qeyd edən Prezident İlham Əliyev ötən ilin avqust ayında Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı deyib: “Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıb. Səkkiz min gənc könüllü olaraq müxtəlif “ASAN xidmət” mərkəzlərində işləyib və hazırda bütün mərkəzlərdə 700 könüllü fəaliyyət göstərir. Bax, bu könüllülər, eyni zamanda Bakıda keçirilmiş beynəlxalq tədbirlərdə də uğurla iştirak ediblər, xüsusilə, keçən il Avropa Oyunlarında və “Formula-1” yarışmasında könüllülər tədbirlərin keçirilməsində çox mühüm rol oynayıblar.

Mən I Avropa Oyunlarında çox böyük görmüş könüllüləri xüsusilə fərqləndirdim, onlara Prezident diplomu verilibdir. Yəni bu, çox ciddi ictimai təşəbbüsdür. Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir. İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni bu, doğrudan da, çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax könüllülük funksiyası və niyyəti bundan ibarətdir”.

Hazırda isə Azərbaycanın könüllülər ordusu IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün cidd-cəhdlə hazırlaşır. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da könüllülərin bu dəfə də öz işlərinin öhdəsindən layiqincə gələcəklərinə əmindir. Mehriban Əliyeva aprelin 21-də keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası zamanı bildirib: “Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, I Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər”.

 

Könüllülərin İnkişaf Proqramı - “Uğurlu Gələcək”

 

Bir neçə aydır ki, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı həyata keçirilir. Proqram çərçivəsində könüllülər üçün silsilə təlimlər aparılır. Həmin təlimlərin bir neçəsində iştirak etdik.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən “Bədən dili” təliminin birinci hissəsini beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramov apardı. O, təlim zamanı “Bədən dilinin nitqdə yeri, pozitivneqativ jestlər, ünsiyyətdə olduğun insanın gözünə baxmaq nəyə görə vacibdir, neqativ jestlərdən necə yaxa qurtarmaq olar kimi mövzularda könüllülərə faydalı tövsiyələr verdi. Təlimin ikinci hissəsində Azərbaycanın əməkdar artisti Cabir İmanov qonaq qismində iştirak etdi. O, şəxsi təcrübəsi, gördüyü işlər barədə söhbət açdı, könüllülərin suallarını cavablandırdı.

Proqram çərçivəsində könüllülərin sosial fəallığını artırmaq məqsədilə qocalaruşaq evlərinə, eləcə də hərbi hissəyə ziyarətlər, ağacəkmə aksiyaları və s. kimi bir sıra sosial tədbirlər də keçirilib.

“Bakı-2017” könüllülərinin şəxsi və peşəkar inkişafı” istiqaməti üzrə artıq sonuncu təlim keçirilib. Təqdimat bacarığına həsr olunan təlimdə qarşılıqlı əlaqə qurma, məlumatı aydın formada auditoriyaya çatdırmaq qabiliyyətindən söz açıldı. İngilis dilində ünsiyyət və şəxsi inkişaf proqramı olan “GR8”in həmtəsisçisi, peşəkar təlimçi Coşqun Kərimov təlimin birinci hissəsində könüllülərə təqdimatın düzgün strukturu, vacib məlumatların insanlara səmərəli formada çatdırılması qaydaları barədə məlumat verdi. Sonra könüllülər onları maraqlandıran sualları səsləndirdilər. İnteraktiv şəkildə davam edən təlimin ikinci hissəsində tanınmış televiziya aparıcısı Nərgiz Cəlilova öz təcrübəsini gənclərlə bölüşərək, onların suallarını cavablandırdı.

 

Təcrübə, yeni dostlar və özünəinam

 

Azərbaycan Dövlət Neft Akademiyasında təşkil edilən seminara isə 350 nəfərdən çox könüllü qatılmışdı. Onların əksəriyyəti daha öncəki tədbirlərdə könüllü kimi fəaliyyət göstərən gənclər idi. Təlimdən sonra həmin gənclərdən Samirə İsmayılzadə, Könül Mustafayeva, Nərmin Tağıyeva, Ümid İsmayılov, Samir Səlimov və ilk dəfə olaraq könüllülük fəaliyyətinə başlayan İbrahim Məmmədovla həmsöhbət olduq. Bildirdilər ki, könüllülük həm qürurverici, həm də məsuliyyətli bir işdir. I Avropa Oyunları dövründən könüllülük təcrübəsi topladıqlarından bu dəfə də onlar üçün çətin olmayacaq. Onu da dedilər ki, könüllülərin hər biri IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçməsi üçün işini maksimum dərəcədə yaxşı görməlidir. Bunun üçün gənclərimiz üzərlərindəki məsuliyyəti dərk edirlər. Həmçinin könüllülük fəaliyyəti gənclərə ilk olaraq təcrübə, yeni dostlar, özünəinam qazandırır. Könüllü olmuş gənc özünə şərait yaradıldığı təqdirdə nələrə qadir ola biləcəyini öyrənir və bu onun gələcək həyatı üçün stimul rolunu oynayır.

Proqramın “Bakı-2017” könüllülərinin şəxsi və peşəkar inkişafı” istiqaməti üzrə keçirilən təlimlər silsiləsi başa çatsa da, “Bakı-2017” könüllülərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı” istiqaməti üzrə keçirilən “Rol” və “Məkan” təlimləri aprel ayının sonunadək davam edəcək. Bu istiqamət üzrə təlimlər əsasən Atletlər kəndində - idmançıların və digər qonaqların qarşılandığı, yerləşdirildiyi məkanda həyata keçirilir. Növbəti təlimdə könüllülərə kəndlə tanışlıq, kənd komandası, kənddə yaşayış, kənddə təhlükəsizlik və ümumi davranış qaydaları kimi mühüm məqamlar öyrədildi. Bundan başqa, qonaqların qarşılanma, yola salınma vaxtları və yerləri barədə məlumatlar verildi. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Elnur Hacıbabayev yanğın zamanı təhlükəsizlik və odsöndürən balondan istifadə qaydaları barədə könüllüləri məlumatlandırdı.

 

Biz həm tarix yazdıq, həm də tarixə yazıldıq”

 

Təlimdən sonra bir neçə könüllü ilə söhbətləşmək imkanımız oldu. Onlar bugünədək iştirak etdikləri bütün təlimlərin çox maraqlı və məlumatyüklü olduğunu dedilər. Həmçinin könüllülük fəaliyyətlərinin məqsədləri barədə fikirlərini bölüşdülər.

Humay Hüseynova:

- İlk dəfə 2015-cil ildə I Avropa Oyunları zamanı könüllü olmuşam. İlk gün hamı üçün gərgin idi. Çünki tanımadığımız məkanda, tanımadığımız insanlarla bir yerdə idik. Amma əksəriyyət gənclər olduğu üçün çox asan şəkildə bir-birimizlə dil tapdıq. Düzünü deyim ki, ilk gündən axırıncı günədək fəaliyyətimiz çox həyəcanlı və maraqlı oldu. Ona görə də sonralar həm “Formula-1”ə, həm 42-ci Şahmat Olimpiadasına, həm də “Bakı-2017”yə qatıldım. Bundan sonra da həm Azərbaycanda, həm də xaricdə keçiriləcək beynəlxalq tədbirlərdə könüllü kimi iştirak etmək istərdim.

Vüqar Abdullayev:

- I Avropa Oyunlarına qoşulanda əsas məqsədim dost və təcrübə qazanmaq idi. Sonradan hiss etdim ki, bu fəaliyyət mənim karyerama da dəyişiklik edə bilər. Belə ki, ilk Avropa Oyunları zamanı adi bir könüllü idim. Amma sonradan məni “mobilitel” seçdilər. Çünki sürücülük vəsiqəm vardı. Mən əsasən əlillərə, fiziki cəhətdən sağlam olmayan insanlara kömək edirdim. Bu, tamamilə fərqli bir hissi idi. Nə qədər xoş hiss keçirirdimsə, gün ərzində iki növbədə işləyirdim. Biz orada bir ailə kimi idik. Bütün könüllülər bir-biri ilə tanış olmuşdu. Ona görə bu dəfə IV İslam Həmrəyliyi Oyunlarına qatıldım ki, daha da çox dostlar qazanım, təcrübə əldə edim.

Naidə Pirverdiyeva:

- “Bakı-2015”dən etibarən könüllü fəaliyyətinə qoşulmuşam. İlk Avropa Oyunları ölkəmizə yeni nəfəs gətirdi. Yəni Azərbaycan üçün bir könüllü ordusu yarandı. O gündən bu günə həmin orduya xeyli sayda gənclər qoşulub. Gənclərin şəxsi inkişafı, könüllülük fəaliyyəti onlara yeni uğurlar qazandırdı. Mən özüm yeni dostlar qazandım, dil biliklərimi inkişaf etdirdim, peşəkarlarla bir arada işləmək şansım oldu. Sonra “Formula-1” yarışlarında və şahmat olimpiadasında iştirak etdim. Öncəki fəaliyyətimə görə mən “Formula-1” yarışlarında artıq işçi kimi çalşmağa başladım. Eləcə də 42-ci Şahmat Olimpiadasında iştirak etdim. İndi isə İslam Həmrəyliyi Oyunlarına hazırlaşıram.

Yetər Feyziyeva:

- Həqiqətən də “Bakı-2015”də özümü inkişaf etdirmək baxımından yaxşı təcrübə əldə etdim. Əvvəllər çox kompleksli idim, insanlara yaxınlaşmaqda çətinlik çəkirdimsə, indi bir qədər irəli gedə bilirəm. İnsanlarla ünsiyyət qurmağı bacarıram. Könüllü olaraq müxtəlif departamentlərin prinsipləri ilə tanış olmuşam. Bu da mənə karyeramı inkişaf etdirmək imkanı yaradır. İslam Həmrəyliyi Oyunlarından da yeni dostlar, daha çox təcrübə qazanmağı gözləyirəm...

Beləliklə, bir daha əmin olduq ki, istər I Avropa Oyunlarında, istər “Formula-1” yarışlarında, istərsə də 42-ci Şahmat Olimpiadasında əldə etdiyimiz nailiyyətlərə görə könüllülərin rolu danılmazdır. Sevindirici haldır ki, ölkəmizdə daha fəal və çevik fəaliyyət növünə çevrilən könüllü xidmətə qoşulanların sayı durmadan artır. Könüllülərin ölkəmizdə bundan sonra da keçirilən beynəlxalq kütləvi tədbirlərdəki fəaliyyətlərinin mühüm əhəmiyyət daşıyacağı şübhəsizdir. Onlar “Bakı-2015”, “Formula-1” və 42-ci Şahmat Olimpiadasına istinad edərək bu gün də fəxr və qürurlaBiz həm tarix yazdıq, həm də tarixə yazıldıq” deyirlər. Bu fikirdə olan gənc könüllülər təmənnasız xidmətlə şərəfli missiya daşıdıqlarını bir daha təsdiq edirlər.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.-26 aprel.- S. 1; 7.