Dərin iqtisadi
islahatlar strategiyası
Heydər
Əliyev kursu Azərbaycanın tərəqqisinin
davamlılığını təmin edən ən
düzgün yoldur
Xalqımızın
ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan
dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını
yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi
çağdaş tariximizdə əbədiyaşarlıq
qazanmışdır. Onun möhkəm siyasi iradəsi sayəsində
həyata keçirdiyi dərin islahatlar bugünkü modern və
dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan
Respublikasının qlobal miqyasda öz layiqli yerini
tutmasında müstəsna rol oynamışdır.
Respublikanın sosial-iqtisadi,
ictimai-mədəni həyatını əhatə edən
bütün sahələrin inkişafı ulu öndərin
adı ilə bağlıdır. Məhz
dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi,
qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində
müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz
dünya məkanında öz layiqli yerini tutmuşdur.
Azərbaycanın hərtərəfli
inkişafı, gələcək tərəqqisi
üçün möhkəm əsasların
yaradılması zəngin təcrübəyə, yüksək
siyasi idarəçilik və liderlik qabiliyyətinə,
tükənməz enerjiyə malik Heydər Əliyevin
sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində
mümkün olmuşdur. Azərbaycanın milli
iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin
xidmətləri misilsizdir.
1969-cu ildə Heydər
Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə
ölkənin iqtisadi inkişafının əsaslarının
yaradılması, zəngin iqtisadi potensialının gələcək
inkişafına, xalqın rifahının yüksəlməsinə
yönəldilməsi prosesinə start verildi. Azərbaycanın
Sovet İttifaqının ən qabaqcıl respublikalarından
birinə çevrilməsi üçün bütün sahələrdə
geniş islahatlar aparan Heydər Əliyev o dövrdə Azərbaycanın
tarixində böyük dönüş yaratmışdır.
Dahi rəhbərin həyata
keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində
respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri
aparılmış, sənaye və kənd təsərrüfatının
bütün sahələrində inkişafa nail olunmuş,
yeni sənaye sahələri yaradılmış, istehsalla
bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin
inkişafına diqqət artırılmışdır. Mütərəqqi
texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan
bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş,
istehsal olunan məhsulların keyfiyyəti
yaxşılaşmışdır. 1969-1985-ci
illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və
cihaz nümunələri yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Müqayisə üçün qeyd edək ki, əgər XIX əsrdən
1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye
obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı
1048-ə çatdırılmışdı. Bu
illərdə istehsal olunan sənaye məhsulları öz həcminə
görə əvvəlki 50 ildəkinə bərabər idi.
Neft sənayesinin iqtisadi inkişafdakı
rolunu nəzərə alan Heydər
Əliyev 1970-ci illərdə bu sahənin dinamik
inkişafına nail olmuş, neft-kimya sənayesinin modernləşdirilməsini
təmin etmişdir. Məhz ulu öndərin rəhbərliyi
ilə neft sənayesinin inkişafında yeni mərhələ
başlanmış, “qara qızıl”ın Azərbaycanın
rifahına xidmət edən vasitəyə çevrilməsinin
əsası qoyulmuşdur.
Ümummilli liderin uzaqgörən
və müdrik siyasəti nəticəsində Azərbaycan o
zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd
təsərrüfatı, o cümlədən
pambıqçılıq və üzümçülük
respublikasına çevrilmişdi. Bu dövr ərzində
respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri
həyata keçirildi və yeni mütərəqqi sənaye
sahələri - yüzlərlə zavod, fabrik, istehsalat müəssisələri
yaradıldı.
Azərbaycanın gələcək
inkişafına ünvanlanmış strateji əhəmiyyətli
bütün bu işlərə şəxsən rəhbərlik
edən Heydər Əliyev 2000-ci il 29 dekabr tarixində “Yeni
Əsr və üçüncü minillik münasibətilə
Azərbaycan xalqına müraciəti”ndə həmin illərdə
görülən nəhəng işlərin qiymətini belə
vermişdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə
ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına,
iqtisadi və sosial sahələrdə aparılan dərin
struktur islahatlarının xarakterinə, xalqın maddi rifah
halının keyfiyyətcə yeni mərhələyə
keçirilməsinə görə doqquzuncu, onuncu və on
birinci beşilliklər Azərbaycanın yeni tarixində ən
mühüm yerləri tutur”.
Ötən əsrin 90-cı illərinin
əvvəllərində yenicə müstəqilliyini bərpa
etmiş Azərbaycanda müstəqilliyin ilk illərində
yaranmış siyasi böhran, Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
ölkəmizin ərazisinin 20 faizinin zəbt olunması və
bunun nəticəsində 1 milyondan artıq
soydaşımızın doğma yurd-yuvasından didərgin
düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş
və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz
vəziyyətə düşmüşdü. Yeni
dövrün tələblərinə uyğun iqtisadiyyatın
qurulmaması, yerli və ittifaq miqyasında olan müəssisələr
arasında mövcud əlaqələrin qırılması,
ölkənin iqtisadi, siyasi, informasiya blokadasına
alınması nəticəsində 1990-cı illərin əvvəllərində
ÜDM-in, sənaye istehsalının, xarici ticarət
dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz
səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan
çıxması nəticəsində işsizlik səviyyəsi
artmış, əhalinin pul gəliri azalmışdı.
1993-cü ilin 15 iyun tarixində
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə
bütün sahələrdə olduğu kimi, ölkəmizin
iqtisadi həyatında da taleyüklü dəyişikliklərin
əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə
iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən
xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi
üçün təcili tədbirlər görməyə
başladı. Qısa müddət ərzində
ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə
qanunvericilik bazası yaradıldı, məqsədli dövlət
proqramları qəbul edildi, institusional islahatlar
aparıldı, mülkiyyət münasibətlərində
köklü dəyişikliklər edilməsi
üçün müvafiq addımlar atıldı.
Dərin islahatlara töhfə
vermək üçün 1993-2003-cü illərdə qəbul
edilmiş 1715 qanun və qərarın böyük əksəriyyəti
məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü
əsasında parlamentə təqdim olunmuşdur. Heydər
Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin
tənzimlənməsi ilə bağlı 70-dən artıq
qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam
imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq
edilmişdir.
Ümummilli liderin dərin
iqtisadi islahatlar strategiyasında ölkə
iqtisadiyyatının hərtərəfli inkişafı
üçün neft amilindən məharətlə istifadə
etməsi faktı xüsusi yer tutur. Ulu öndərin 1994-cü ilin
sentyabrında daxili və xarici təzyiqlərə baxmayaraq 13
şirkətdən ibarət beynəlxalq konsorsiumla Azəri-Çıraq-Günəşli
neft yataqlarının işlənməsinə dair “Əsrin
müqaviləsi”nin imzalanmasına nail
olması yüksək siyasi iradənin və qətiyyətin
təntənəsi idi.
Azərbaycan neftinin dünya
bazarlarına çıxarılması üçün
1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə
Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
inşasına dair sazişin imzalanması ilə ixrac
marşrutlarının diversifikasiyasına nail olunması Heydər
Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.
Düşünülmüş iqtisadi siyasət nəticəsində
makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi
artımın əsası qoyuldu, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində ciddi
nailiyyətlər əldə edildi.
Heydər Əliyevin müəyyən
etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur və
müasir Azərbaycanın qurucusu bu sahədə də
çox mühüm işlərə imza atmışdır. Bu baxımdan
ulu öndərin rəhbərliyi ilə həyata keçirilən
nəqliyyatın inkişafı siyasətinin mərkəzində
ölkə ərazisində beynəlxalq və tranzit dəhliz
və yolların, ölkənin regionlararası, şəhər
və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə
də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına
sürətli inteqrasiyası dururdu. Bu məqsədlə
TRACECA, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin,
İNOGEYT Proqramının həyata keçirilməsinə
başlanıldı. Nəticədə Azərbaycan
Xəzər regionunda əsas multimodal nəqliyyat
qovşağına və beynəlxalq əhəmiyyətli
neft-qaz tranziti ölkəsinə çevrildi.
Ümummilli liderin təşəbbüsü
və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın
bazar münasibətləri əsasında qurulması, aqrar
islahatların həyata keçirilməsi, sovxoz və
kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın
kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi
və s. tədbirlər aqrar bölmənin inkişafına təkan
vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri
aparılmış, yeni sahələr yaranmış, məzmunca
fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla həyata
keçirdiyi torpaq islahatı kənd təsərrüfatını
1990-cı illərin əvvəllərindəki böhranlı
vəziyyətdən xilas etdi və gələcək
inkişafının əsasını qoydu.
Özəlləşdirilmiş
torpaqlarda səmərəli təsərrüfatçılığın,
sahibkarlığın inkişafının təmin
olunması məqsədilə ümummilli liderin təşəbbüsü
ilə kənd təsərrüfatı məhsulları
istehsalçılarının əvvəlki vergi borcları
silindi, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə
başlandı və bu proses hazırda da davam edir. Bu gün də kənd təsərrüfatı
istehsalı ilə məşğul olan hüquqi və fiziki
şəxslər torpaq vergisindən başqa bütün digər
vergi ödəmələrindən azaddırlar.
Ulu öndərin müəyyən
etdiyi və onun rəhbərliyi ilə uğurla həyata
keçirilən sahibkarlığın inkişafı
strategiyası özəl bölmənin inkişafına
yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin
liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin
institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul
olunmuş dövlət proqramlarının bu sahənin
inkişafında xüsusi rolu oldu, kiçik və orta
sahibkarlığın inkişafını iqtisadi siyasətin
prioritet istiqamətlərindən birinə çevirdi. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin
qanunvericilik bazası yaradıldı və bu sahədə
müvafiq dövlət proqramları təsdiq olundu.
1996-cı ilin 24 iyun tarixində
Prezident sarayında “Respublikada aqrar islahatların gedişi vəziyyətinə
və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə
həsr olunmuş müşavirə”də ulu öndər
ölkəmizin gələcək inkişaf kursunu böyük
uzaqgörənliklə belə ifadə etmişdir: “Bir
Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət
siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə
istehsalın artırılması, inkişaf etdirilməsi,
mülkiyyətin özəlləşdirilməsi, özəl
bölmənin inkişafına geniş yer verilməsi, bazar
iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi,
sahibkarlığa, təşəbbüskarlığa şərait
yaradılmasıdır. Bu, dövlət
siyasətimizin əsas prinsipləridir”.
Bu gün 1995-2003-cü illərin
sosial-iqtisadi göstəricilərinə baxanda aparılan
iqtisadi islahatların müsbət nəticələrini
görə bilərik. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul
90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə,
ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun
həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı
52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə,
iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı
6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər
endirildi. Bu dövrdə iqtisadiyyata bütün
maliyyə mənbələri hesabına 20 milyard ABŞ
dolları həcmində investisiyanın qoyulması təmin
olunmuşdu.
Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti kimi fəaliyyətə
başladığı ilk gündən vətəndaşların
həyat səviyyəsinin yüksəldilməsini
başlıca məqsəd kimi müəyyənləşdirmişdi.
Müasir Azərbaycan
dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik
qabiliyyəti, gərgin əməyi nəticəsində əldə
olunmuş nailiyyətlər sonrakı illərdə ölkə
iqtisadiyyatının davamlı və dinamik inkişafı
üçün möhkəm zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin dövrün tələbləri
nəzərə alınaraq daim təkmilləşən,
çevik, qətiyyətli və uzaqgörən iqtisadi siyasəti
sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş,
ölkəmiz iqtisadi sahədə keçid dövrünü
uğurla başa vurmuş, liberal bazar iqtisadiyyatına
keçidi təmin edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə 2003-2014-cü illərdə dərin iqtisadi islahatlar
davam etdirilmiş, Azərbaycan iqtisadiyyatı dünyanın ən
sürətlə artan iqtisadiyyatlarından birinə
çevrilmişdir. Azərbaycan qısa müddətdə
yüksək-orta gəlirli ölkəyə çevrilmiş,
sosial-iqtisadi infrastruktur tamamilə yenilənmiş, qlobal rəqabət
qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşmışdır.
Bu illər ərzində ölkə
iqtisadiyyatı 6 dəfə böyümüş,
adambaşına düşən milli gəlir 5 dəfədən
çox artmışdır. Ölkədə
qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin
əhəmiyyətli artması nəticəsində
böyük həcmdə strateji valyuta ehtiyatları
formalaşdırılmış, milli valyutanın məzənnəsinin
izafi möhkəmlənməsinə yol verilməməklə
beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur. Adambaşına düşən xarici
investisiyaların həcminə görə MDB və Şərqi
Avropada aparıcı dövlətlərdən olan Azərbaycan
artıq xaricə investisiya yatıran ölkəyə
çevrilmişdir.
İqtisadiyyatın
diversifikasiyası ilə bağlı nəzərdə
tutulmuş tədbirlərin sistemli və ardıcıl
reallaşdırılması, qeyri-neft sektorunun və
regionların inkişafının davamlılığının
təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin
daha da yaxşılaşdırılması məqsədilə
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində
iki beşillik Dövlət Proqramı həyata
keçirilmişdir. Proqramların icra olunduğu 10 il ərzində ümumi
daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft
sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı
1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri
6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə
artmışdır. Həyata keçirilmiş tədbirlər
nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2
milyondan çox yeni iş yeri, 55,6 min müəssisə
yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi
isə 5,3 faizə enmişdir. Azərbaycan iqtisadiyyatına 130
milyard dollardan artıq investisiya qoyulmuş, xarici ticarət
dövriyyəsi 6,4 dəfə, qeyri-neft
ixracı 4,5 dəfə artmışdır.
Bu müddətdə 19,4
min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli
dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min
yeni iş yerinin açılmasına imkan
yaratmışdır. Dövlət büdcəsinin gəlirləri
14,2 dəfədən, vergi daxilolmaları 7,3 dəfədən,
dövlət büdcəsinin xərcləri 13,9 dəfədən,
əhalinin əmanətləri 24 dəfədən, bank aktivləri
isə 18 dəfədən çox artmışdır.
Hazırda ümumi daxili məhsulda özəl bölmənin
payı 83 faiz, məşğulluqda isə 73,9
faizdir.
Azərbaycanın əldə
etdiyi uğurlar beynəlxalq təşkilatların,
aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində
öz əksini tapır. Belə ki, “Doing Business” hesabatına
görə 2009-cu ildə ölkəmiz dünya ölkələri
arasında “Ən islahatçı ölkə” kimi qiymətləndirilmişdir.
Cənab Prezidentin rəhbərliyi
ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Qlobal iqtisadi çağırışların milli
iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi
islahat istiqamətləri müəyyən edilmişdir.
Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən
iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının
inkişafı, investisiya və biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlığın
genişləndirilməsi üçün əlverişli
imkanların yaradılması, qeyri-neft ixrac potensialının
artırılması, idxalın əvəzlənməsi, o
cümlədən yerli sahibkarlara dövlət dəstəyinin
gücləndirilməsi istiqamətində bir sıra
mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli
dərin iqtisadi islahatların aparılması əsas hədəf
kimi müəyyən edilmişdir.
Dünya İqtisadi Forumunun
son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən
rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil
olmuş və MDB ölkələri arasında birincilik
mövqeyini saxlamışdır. BMT-nin İnsan
İnkişafı Hesabatına əsasən isə Azərbaycan
“İnsan inkişafı indeksi”nə görə yüksək
insan inkişafı qrupunda yer almışdır.
Möhtərəm Prezident
İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda
duran ən başlıca məqsəd Azərbaycanı
inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Bu gün ölkədə aparılan hər
bir iqtisadi islahatın kökündə sosial problemlərin
aradan qaldırılması, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi və hər bir ölkə vətəndaşının
rifahının artırılmasına imkan verən mühitin
yaradılması məqsədi dayanır. Belə
bir mühitin yaradılması dayanıqlı iqtisadi
inkişafın təmin edilməsi, maliyyə sisteminin,
sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların
hüquqlarının və qanunla qorunan maraqlarının
müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin
birbaşa həllinə yönələn tədbirlər vasitəsilə
həyata keçirilə bilər.
Eyni zamanda Azərbaycan Respublikası
Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində
biznes mühitinin yaxşılaşdırılması,
lisenziya tələb olunan fəaliyyət növlərinin
sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti
növlərinə verilən icazələrin sayının təqribən
4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə
bağlı mühüm qərarlar qəbul olunmuşdur.
Bu işlərin davamı olaraq
2016-cı ildən etibarən dünyada baş verən iqtisadi
proseslər fonunda ölkə iqtisadiyyatının
inkişafı, investisiya və biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlığın
genişləndirilməsi üçün əlverişli
imkanların yaradılması, qeyri-neft ixrac potensialının
artırılması, idxalın əvəzlənməsi, o
cümlədən yerli sahibkarlara dövlət dəstəyinin
gücləndirilməsi istiqamətində bir sıra
mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli
iqtisadi islahatların aparılması əsas hədəf kimi
müəyyən edilmişdir.
Belə ki, cənab Prezidentin
2016-cı ilin əvvəlində imzaladığı
müvafiq fərmanlarla ölkədə sahibkarların
şikayətlərinə baxılması sahəsində
şəffaflığın və obyektivliyin təmin edilməsi,
bu sahədə şəxslərin hüquqlarının və
qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya
Şuraları yaradılmışdır.
“İnvestisiyaların təşviqi
ilə bağlı əlavə tədbirlər haqqında”
ölkə başçısının 2016-cı il 18 yanvar tarixli sərəncamı ilə
qeyri-neft məhsullarının ixracı ilə məşğul
olan şəxslərə dövlət büdcəsinin vəsaiti
hesabına geri ödəmə dəstəyinin verilməsi ilə
bağlı hüquqi baza yaradılmışdır.
Ölkənin maliyyə-bank sisteminin
səmərəli inkişafının və
dayanıqlılığının təmin olunması, maliyyə
bazarlarının rəqabət qabiliyyətliliyinin
artırılması, kreditorların, sığortalıların,
investorların və maliyyə bazarlarının digər
istehlakçılarının hüquqlarının
qorunması məqsədilə Azərbaycan
Respublikasının Prezidentinin 2016-cı il 3 fevral tarixli fərmanı
ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik
hüquqi şəxs yaradılmışdır. Struktur,
institusional, təşkilati və tənzimləmə sisteminin
təkmilləşdirilməsi məqsədilə aparılan
kompleks islahatların tərkib hissəsi kimi yeni fəaliyyət
mandatına malik palatanın yaradılmasında əsas məqsəd
Azərbaycanda maliyyə sektorunun tənzimlənmə çərçivəsini
müasir qlobal çağırışlar fonunda yeni keyfiyyət
müstəvisinə qaldırmaq, habelə real sektorun
inkişafında aparıcı rola malik maliyyə
bazarlarının, təşkilati bazar
iştirakçılarının və maliyyə
institutlarının davamlı və dayanıqlı
inkişafını təmin etməkdir.
Cənab Prezidentin 2016-cı il 1 mart
tarixli “Qeyri-neft ixracının təşviqi ilə
bağlı əlavə tədbirlər haqqında” daha bir fərmanı
ilə 2016-2020-ci illərdə Azərbaycan
Respublikasının ərazisində istehsal olunan və istehsal
prosesində istifadə edilən yerli komponentlərin və
qeyri-neft məhsullarının dəyərinin xüsusi
çəkisindən, habelə ixrac edilən həmin məhsulların
növündən asılı olaraq, qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin
ödənilməsi nəzərdə tutulmuşdur.
2016-cı il aprel
ayının 20-də ölkə
başçısının müvafiq fərmanı ilə
“İnvestisiya təşviqi sənədinin verilməsi
Qaydası” təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə əsasən,
İnvestisiya təşviqi sənədini almış
sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən,
əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri
texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda
ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə
azad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 iyul tarixli sərəncamları ilə
sahibkarlıq sahəsində son illər ərzində nail
olunmuş sürətli inkişafın
davamlılığının təmin edilməsi və rəqabət
qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq
reytinqlərdə Azərbaycanın mövqeyinin daha da
yaxşılaşdırılması məqsədilə
komissiyanın, habelə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi
və maliyyə dayanıqlılığının təmin
edilməsi məqsədilə Maliyyə Sabitliyi
Şurasının yaradılmasının da əhəmiyyəti
böyükdür.
Aparılan iqtisadi
islahatların əhatə dairəsinin genişləndirilməsini
və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin
təmin edilməsi üçün cənab Prezident tərəfindən
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası
Mərkəzi yaradılmışdır.
Ölkənin perspektiv inkişaf hədəflərini
və istiqamətlərini müəyyənləşdirmək,
onların gerçəkləşdirilməsini təmin etmək
məqsədilə dövlət başçısının
2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə
təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin
icrası da qarşıya qoyulmuş mühüm vəzifələrin
yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Strateji yol xəritələri 2016-2020-ci illər
üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər
planını, 2025-ci ilədək olan dövr
üçün uzunmüddətli baxışı və
2025-ci ildən sonrakı dövrə hədəf baxışı
özündə ehtiva edir. Bu strateji yol xəritələrinin
sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində
Azərbaycanın gələcək inkişaf perspektivlərini
dərin elmi əsaslarla müəyyənləşdirən
konseptual əhəmiyyətli sənəddir.
“Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən vergi yoxlamaları,
insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına
mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar
istisna olmaqla 2015-ci il 1 noyabr tarixindən
sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar
iki il müddətinə dayandırılmışdır.
Ölkənin iqtisadiyyatında
sahibkarların artan rolunu, məşğulluğun təmin
olunmasında sahibkarlığın inkişafının
müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə
sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin
artırılmasına təkan vermək məqsədilə cənab
Prezident tərəfindən “Sahibkarlar günü” təsis
edilmiş və hər il aprelin 25-i ölkədə
“Sahibkarlar günü” kimi qeyd olunmağa
başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli fərmanı ilə malların və
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin
daha çevik və şəffaf həyata keçirilməsi
və məmur-vətəndaş münasibətlərinin
müasir idarəçilik prinsipləri əsasında
inkişaf etdirilməsi məqsədilə gömrük sərhəd
buraxılış məntəqələrindən
sahibkarların buraxılışının risk qiymətləndirilməsi
əsasında buraxılışı təmin olunmuş,
Dövlət Gömrük Komitəsi tərəfindən
“Yaşıl dəhliz” və digər buraxılış
sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq
infrastruktur yaradılmışdır. 2016-cı il 1 avqust tarixindən etibarən sahibkarlar
“Yaşıl dəhliz” və digər buraxılış
sistemlərindən istifadə etmək imkanı
qazanmışlar.
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 4 avqust tarixində “2016-cı ildə
vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin
təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi
haqqında” sərəncamını da xüsusi qeyd etmək
lazımdır. Sərəncamın icrası ilə Azərbaycan
Respublikasının Vergi Məcəlləsində ümumilikdə
56 maddəni əhatə edən 201 dəyişiklik olunmuşdur.
Mülki dövriyyənin
iştirakçıları arasında aparılan əməliyyatların
və hesablaşmaların şəffaflığının
artırılması məqsədilə “Nağdsız
hesablaşmalar haqqında” Azərbaycan Respublikasının
yeni qanunu qəbul olunmuşdur. Ümumilikdə
dəyişikliklər ölkədə iqtisadi fəallığın
artırılmasını, sahibkarlığın inkişaf
etdirilməsini, bütövlükdə ölkənin
davamlı inkişafını nəzərdə tutur.
Bundan başqa, cənab
Prezident tərəfindən qanunvericilik təşəbbüsü
qaydasında Milli Məclisdə qəbul olunmuş “Vergi ödəyicilərinin
2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi
borclarının tənzimlənməsi haqqında” qanun
ölkədə sahibkarlığın inkişafının
stimullaşdırılması, əlverişli biznes
mühitinin formalaşdırılması və vergi
yükünün optimallaşdırılması məqsədi
daşıyır. Qanuna əsasən, vergi ödəyicilərinin
vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə
görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1
yanvar tarixinə mövcud olan borcları tamamilə, maliyyə
sanksiyaları üzrə borcları isə ödəniş
müddətinə mütənasib şəkildə
silinmişdir.
Sahibkarlığa verilən dəstəyin
davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 15 sentyabr tarixli “İcra hakimiyyəti orqanlarının və
dövlət büdcəsindən maliyyələşən təşkilatların
fəaliyyətində satınalmaların səmərəliliyinin
artırılması ilə bağlı əlavə tədbirlər
haqqında” fərmanını da qeyd edə bilərik. Bu fərman icra hakimiyyəti orqanlarının və
dövlət büdcəsindən maliyyələşən təşkilatların
fəaliyyətində səmərəliliyi artırmaqla
yanaşı, ölkədə sahibkarlıq fəaliyyətini
genişləndirmək, habelə biznes və investisiya
mühitinin əlverişliliyini və rəqabətqabiliyyətini
daha da artırmaq məqsədi daşıyır. Əminliklə qeyd edə bilərik ki, bu fərman
idxalın əvəzlənməsi, eləcə də
ixracın artırılması üçün Azərbaycan
sahibkarlarına yeni imkanlar açır.
Ölkə başçısı tərəfindən
imzalanan fərmana əsasən, yaradılmış
azexport.azinternet portalı, “Azərbaycan Rəqəmsal Ticarət
Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) qeyri-neft
sektorunun ixrac imkanlarının genişlənməsinə xidmət
etməklə yanaşı, regional əhəmiyyətli rəqəmsal
ticarət qovşağı kimi Azərbaycan
Respublikasının mövqeyini daha da gücləndirmək məqsədi
daşıyır.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, aparılan islahatlar çərçivəsində
Mənzil İnşaatı Dövlət Agentliyi, Ərzaq Məhsullarının
Tədarükü və Təchizatı Agentliyi, Dövlət
İmtahan Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi
yaradılmış, standartlaşdırma, metrologiya,
akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi
sahələrində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan
Standartlaşdırma İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”
və “Patent və Əmtəə Nişanları Mərkəzi”
publik hüquqi şəxslərin yaradılması ilə
bağlı tapşırıq verilmiş, dövlət əmlakının
özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi,
bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin
sadələşdirilməsi, metallurgiya kompleksində
sağlamlaşdırma, korporativ idarəetmə
standartlarının tətbiqi və iqtisadiyyatın digər
sahələrində islahatlar aparılmışdır.
Bundan başqa, Azərbaycanda yüksək
iqtisadi, sosial və ekoloji tələblərə cavab verən
müasir turizm sənayesinin formalaşdırılması, onun
ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin
artırılması, ölkəyə olan turist
axınının daha da sürətləndirilməsi, turizm
sektoruna investisiya qoyuluşunun təşviq edilməsi, beynəlxalq
təcrübədə geniş tətbiq olunan ticarət
festivallarının təşkil edilməsi, yeni turizm
marşrutlarının yaradılması, təbliğat-təşviqat
işlərinin görülməsi və Azərbaycanın əlverişli
turizm mərkəzinə çevrilməsi ilə bağlı
cənab Prezident tərəfindən müvafiq aktlar
imzalanmış, aidiyyəti üzrə tapşırıqlar
verilmişdir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev haqlı olaraq “2016-cı il
dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq” demişdir.
Azərbaycan Respublikasının
mövcudluğu üçün möhkəm bünövrənin
yaradılması yüksək siyasi idarəçilik və
liderlik qabiliyyətinə malik Heydər Əliyev tərəfindən
dərin islahatların həyata keçirilməsi nəticəsində
mümkün olmuşdur. Bu gün də əsası Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş dərin islahatlar strategiyası Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Bu isə
vaxtilə uzaqgörənliklə həyata keçirdiyi dərin
islahatlara görə Azərbaycan tarixinə adı qızıl
hərflərlə həkk olunmuş ulu öndərin
ideyalarının yaşamasına xidmət edir və edəcəkdir.
Bu işdə ulu öndərin siyasi
ideyalarını davam etdirən Yeni Azərbaycan
Partiyasının da çox böyük rolu var. Məhz
üzvlərinin sayı günbəgün artaraq bu gün 700
minə yaxınlaşan, Azərbaycanın nüfuzlu siyasi təşkilatına
və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə
çevrilmiş Yeni Azərbaycan Partiyasının
sıralarında Azərbaycan xalqı daha da sıx birləşərək,
ölkədə həyata keçirilən ictimai-siyasi proseslərdə
fəal iştirak edir. Bu həm də partiya sədrinin,
ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi
və həmin siyasətin həyata keçirilməsində fəal
iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir.
Ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında müntəzəm əsaslarla həyata keçiriləcək
sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi
çağırışlara uyğun olaraq
hazırlanmış strateji yol xəritələrinin
icrası nəticəsində ölkədə sahibkarlarla
birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət
etibarilə fərqli bir modeli - Azərbaycan modeli daha da
inkişaf etdiriləcəkdir.
Natiq
ƏMİROV,
Azərbaycan
Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə
köməkçisi
Azərbaycan. - 2017.-26 aprel.-
S.1;3.