Türkiyəli nazir:
“Qadınların güclənməsi bütün
cəmiyyətin güclənməsi deməkdir”
Aprelin 25-də Azərbaycanın
Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin
müavini-İcra katibi Əli Əhmədov və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin
Ailə və Sosial Siyasət naziri xanım Fatma Betül Sayan
Kaya ilə görüşü keçirilib. AZƏRTAC
xəbər verir ki,
görüşdə ikitərəfli əməkdaşlığın
gələcək inkişafı və qadın
sahibkarlığına dəstək məsələləri
müzakirə edilib.
Baş nazirin müavini Əli Əhmədov
konfransda müzakirə olunacaq mövzuların Azərbaycanın
olduğu kimi Türkiyənin də maraq dairəsində
olduğuna əminliyini bildirib.
Türkiyədə keçirilən
referenduma toxunan Baş nazirin müavini müsbət nəticələrin
qardaş ölkədə olduğu kimi Azərbaycanda da
çox böyük sevinclə
qarşılandığını bildirib. Bu nəticənin
xalqın ölkə başçısına inamının
göstəricisi olduğu, Azərbaycan xalqının da bu
fikri dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan
ilə Türkiyə arasındakı qardaşlıq
münasibətləri bütün dünya üçün
bir örnəkdir. Ə.Əhmədov keçirilən
konqresin Azərbaycan qadınları kimi Türkiyə
qadınları üçün də əhəmiyyətini
vurğulayıb. Bildirilib ki, qadın
sahibkarlığının inkişaf etdirilməsi
qadınların cəmiyyətdə fəaliyyətinin
yaxşılaşdırılması ilə yanaşı,
iqtisadiyyatın inkişafı istiqamətində də
böyük rol oynayır. Azərbaycanda qadın və
uşaq hüquqlarının müdafiəsi istiqamətində
atılan addımlar barədə qonağa məlumat verən
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və
qayğısı nəticəsində Azərbaycan
qadınları müxtəlif sahələrdə layiqli şəkildə
təmsil olunurlar.
Yüksək səviyyəli təşkilatçılığa
görə öz minnətdarlığını bildirən
xanım Fatma Betül Sayan Kaya bütün çətinliklərə
baxmayaraq qardaş Azərbaycanın hər zaman Türkiyənin
yanında olduğunu vurğulayıb. Tədbirin mahiyyətindən
danışan qonaq qeyd
edib ki, bizim ən böyük hədəfimiz
qadınların güclənməsidir. Belə olduğu təqdirdə ailədən başlayaraq bütün cəmiyyətin
gücləməsinə nail olmaq mümkündür.