Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi ölkənin sürətli inkişafını təmin edir

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı həyatın bütün sahələrində fundamental dəyişikliklərin əsasını qoydu. Azərbaycan cəmiyyətinin köklü surətdə dəyişməsi bütünlükdə yeni bir cəmiyyətin formalaşmasını gerçəyə çevirən dəyişikliklərin mühüm hissəsini təşkil edirdi. Heydər Əliyevin həyata keçirdiyi islahatların vüsəti, əhatə dairəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qaçılmaz edirdi.

Bu dövrdə bazar iqtisadiyyatına keçidin, yeni mülkiyyətin formalaşması prosesinin diktə etdiyi ən başlıca şərtin məhz özəl sektorun fəaliyyəti üçün dövlət səviyyəsində maksimum imkanların yaradılmasından, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasından ibarət olması heç kəsə sirr deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, ÜDM istehsalında bu təbəqənin rolunu artırmadan dinamik iqtisadi yüksəlişi təmin etmək qeyri-mümkündür. Bu baxımdan sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının əsas qayəsini təşkil etməli idi.

“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, buna mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu görüş Azərbaycan sahibkarlığı tarixində yeni islahatlar dövrünün başlanğıcını qoymuşdur. Belə ki, respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, sahibkarların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdur.

Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ötən 13 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir.

Ölkədə iqtisadiyyatın bütün sahələri üzrə müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradılmış, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırılmışdır.

Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmışdır. Son 13 ildə iqtisadiyyatımıza 200 milyard dollar investisiya qoyulmuş, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir. Bu dövrdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir.

Məhz Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmizdə 2016-cı ildə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılmış, son 13 ildə isə bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88 faizi iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür.

Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

2017-ci il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir.

Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər hesabat ilində də davam etdirilib. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib.

2016-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində “Doing Business 2017” hesabatında Azərbaycan 3 və daha çox islahat aparan 29 ölkədən biri olması, eyni zamanda 138 ölkəni əhatə edən “Qlobal Rəqabətlilik Hesabatı”nda ötən illə müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 40-cı pillədən 37-ci pilləyə yüksəlməsi, MDB məkanında isə, əvvəlki illərdə olduğu kimi, liderliyini qoruyub saxlaması ölkədə aparılan iqtisadi islahatların bariz nümunəsidir.

Bu gün qarşıda duran ümdə vəzifələrdən biri də ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.

Ölkə rəhbərliyi tərəfindən qəbul edilən mühüm qərarlar sayəsində qlobal miqyasda baş verən maliyyə böhranından Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan ölkədir. İqtisadi dayanıqlılığın təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək.

Ötən müddət ərzində dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtlərindən olan elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Cari ilin birinci rübündə 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətlərinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən razılıqla qarşılanır.

Ölkə Prezidentinin tapşırığı ilə ixracın təşviqi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə və ixrac missiyalarının təşkilinə başlanılmışdır.

İxrac təşviqi mexanizminin başladığı 2016-cı ilin noyabrından bugünədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür. Eyni zamanda xarici ölkələrə ixrac olunan məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək həcmində büdcə vəsaitləri hesabına güzəştlər edilir.

Azərbaycan ümumilikdə 186 ölkə ilə ticarət əlaqələrinə malikdir. Ən uğurlu göstərici isə ixrac prosesindədir. Belə ki, respublikamız 2921 çeşiddə məhsulu 116 ölkəyə ixrac edir.

Aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur.

Ölkə Prezidenti iclasda haqlı olaraq bildirdi: “Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür”.

Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri açılmışdır.

Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz, o cümlədən sənaye məhsullarının ixracı 25 faiz artıb. Bu gün iqtisadiyyatımızın təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Bu dövrdə kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artmışdır. Məhz bu hesaba xarici ticarət dövriyyəsində 1 milyard dollarlıq müsbət saldo yaranmışdır.

Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün aqrar bölmədə özəl sektorun xüsusi çəkisi, demək olar ki, 100 faizə çatıb. Azərbaycanda turizmin sürətlə inkişaf etməsi sahibkarlar üçün yeni imkanlar yaratmışdır. 2016-cı ildə Azərbaycanın bütün bölgələrində turistlərin sayı 11 faiz, bu ilin 3 ayında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artmışdır.

2017-ci ilin birinci rübünün yekunlarına əsasən deyə bilərik ki, respublikamızda bütün sahələri əhatə edən inkişaf, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlar üçün isə uğurlu il olacaqdır.

Bu dövr ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.

Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Bu gün ölkə əhalisi arasında, xüsusilə də sahibkarlar tərəfindən daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələridir.

10 bölmədən, 14 bənddən və 11 hissədən ibarət olan bu sənəd qısa, orta və uzunmüddətli dövrlərə hesablanıb. O, təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və tələb olunan investisiya göstəricilərini əhatə edir. Strateji Yol Xəritəsində qarşıya qoyulmuş vəzifələri icra etməklə qısamüddətli zaman üçün seçilmiş prioritetlərə istiqamətlənərək orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaq. Sənəd həmçinin iqtisadi inkişafa səbəb olan bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcək.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.

Qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında məhz bu məqsəd durur.

Sadalanan nailiyyətlərin əldə olunmasında Azərbaycan sahibkarlarının xüsusi rolunun olduğu qeyd edilməlidir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları iri infrastruktur layihələrinin həyata keçirilməsinə, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsinə, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaratmışdır. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirdi: “Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir”.

Görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. İndiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.

Eyni zamanda istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir.

Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir.

Bütün bu tədbirlərin nəticəsi kimi Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 2016-cı ilin sonuna 80 faizə yüksəlmişdir.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklər edilməsi və icrasının təmini, bir sıra əmək və sosial-iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Azərbaycanın möhtəşəm uğurlarına sahibkarlar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu, dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə edilən uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaslı işlər aparırıq.

Müasir dünyada ölkəmiz xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında və Prezident İlham Əliyevin böyük dövlət quruculuğu əzminin, yaradıcı təfəkkürünün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir dövlət kimi qəbul olunur.

Yalnız ixrac sahəsində qazanılan uğurlar ilk növbədə qeyri-neft sektorunun aparıcı sahəsi olan sahibkarlığın inkişafının nəticəsidir. Bəli, əgər 10-15 il əvvəl bütün səylər, o cümlədən verilən qərarlar ölkədə sahibkarlar təbəqəsinin formalaşmasına xidmət edirdisə, bu gün artıq güclü iqtisadi təbəqə kimi formalaşmış sahibkarlarımızın qarşısında, göründüyü kimi, böyük vəzifələr durur. İndi dövlətin onlardan gözləntisi daha çoxdur, çünki Azərbaycan dünyada iş adamlarına saysız güzəştlər olunan, özəl sektorun inkişafı üçün əlverişli şərait yaradan azsaylı ölkələrdəndir.

Biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - Sahibkarlar Günü münasibətilə təbrik edir, onlara iş uğurları arzu edirik. İnanıram ki, ölkə sahibkarları dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək bilik və bacarıqlarını xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialı, “Made in Azerbaijan” brendinin bütün dünyada tanınması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini səfərbər edəcəklər.

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan.- 2017.- 26 aprel.- S.6.