Biləsuvar yenidən pambıqçılıq rayonuna çevrilir

 

Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük.

İlham ƏLİYEV

 

Uzaq və yaxın keçmişə qısa nəzər

 

Biləsuvar camaatı əməksevərdir. Qədimdən əkinçilik və maldarlıqla məşğul olublar. Halal zəhmətləri ilə torpağı əkib-becəriblər, mal-qara saxlayıblar. Onların qazanc yeri, gəlir mənbəyi elə bu sahələr olub. Əvvəllər şum, əkin-biçin işləri əsasən əllə aparılırdı. Hasilə gətirilən məhsulun bəs qədəri qış ruzisi götürüldükdən sonra qalanı satılır və ya digər lazımi şeylərə dəyişilirdi. Məsələn, 20-30 il bundan əvvələdək cənub bölgəsinin ayrı-ayrı yerlərindən, xüsusən Lənkərandan Biləsuvara armud gətirir, buğda ilə dəyişib apararlarmış. Keçən əsrin 40-50-ci illərində, Böyük Vətən müharibəsindən əvvəl və sonra “ÇTZ” traktorlarının gətirilməsi yaşlı nəsil nümayəndələrinin yaxşı yadındadır. Kəndlərə ilk olaraq ayaq açan o traktorlar bir gün işləyib beş gün böyrü üstə qalardı.

Zaman keçdikcə hər şey yaxşılığa doğru dəyişdi, inkişaf etdi. Müharibənin çətinliklərindən, aclıq və səfalətindən çıxan insanlar kollektiv təsərrüfat olan kolxozda böyük həvəslə, inamla işləməyə başladılar. Torpaq da əvəzində səxavətini əsirgəmədi, onun sinəsinə zəhmət təri axıdan insanları ümidsiz qoymadı. Adamların gün-güzəranı əvvəlki illərlə müqayisədə yavaş-yavaş yaxşılaşmağa başladı. Kənd təsərrüfatında dirçəliş dövrü yarandı. Alimlər aqrar sektor üçün yeni texnologiyalar ixtira etdilər. Zaman keçdikcə bunlar da təkmilləşdi, daha mütərəqqi forma aldı, get-gedə əl əməyinin azaldılmasına, istehsal olunan məhsulun kəmiyyətinə və keyfiyyətinə öz müsbət təsirini göstərdi. Keçmiş SSRİ-də istehsal olunan müxtəlif markalı traktorlar, kombaynlar, pambıqyığan maşınlar kəndlərə ayaq açdı. Yeni suvarma kanalları çəkildi, torpaqların duzdan təmizlənməsi, saflaşdırılması üçün meliorativ tədbirlər görüldü. Hər bir rayonda əvvəllər MTS, sonra RTS-lər, suvarma idarələri, torpaq şöbələri yaradıldı. Dövr dəyişdikcə həmin idarələrin strukturu və fəaliyyəti də təkmilləşdi. Daha sonra texnikalar birbaşa kolxozsovxozlara verildi. Bu, təsərrüfatların sərbəstliyini xeyli artırdı, kolxozlar daha çox sahəni əkmək imkanı əldə etdilər. Belə üsulu bol məhsul istehsal etmək üçün imkanlar açdı. Dövlət, hökumət yaxşı işləyən, yüksək məhsuldarlığa nail olan ayrı-ayrı əmək qabaqcıllarını, təsərrüfatları ən yüksək adlara, mükafatlara layiq gördü.

Biləsuvarlılar da ölkədə gedən bu hərəkatın ön cərgəsində idilər. Onlar yorulmaq bilmədən çalışaraq pambıq, taxıl, heyvandarlıq məhsullarının həcmini ildən-ilə artırırdılar. Məşhur pambıq ustası Qızqayıt Həsənova Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü. Şairlər onun şərəfinə şeirlər yazdılar, bəstəkarlar mahnılar bəstələdilər. Q.Həsənova uzun müddət doğulub boya-başa çatdığı Xırmandalı kəndindəki “Telman” adına kolxozun sədri oldu. Onun rəhbərliyi altında təsərrüfat böyüdü, inkişaf etdi, Xırmandalı kəndi gündən-günə abadlaşdı, insanların güzəranı yaxşılaşdı. Kənd təsərrüfatının inkişafında yaxından iştirak etdiklərinə və fədakar əməklərinə görə rayonda daha 3 nəfər - Ərəstun Məmmədov, Yunsur Hacıyev, Sifahi Musayeva Sosialist Əməyi Qəhrəmanı adını aldılar. Onlardan əlavə, Biləsuvarın onlarca zəhmət adamı o dövrün orden və medalları ilə təltif olundu, fəxri adlara layiq görüldü.

Ölkəmizin, o cümlədən qədim Muğan düzündə yerləşən Biləsuvarın da sürətli inkişafı 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra başlamışdır. Ötən əsrin 70-ci illərində rayonda pambıq istehsalı 42 min tona çatmışdı. Suvarma sisteminin yenidən qurulması nəticəsində relyefi yüksək olan sahələrə belə, su çıxarılmışdı. O illər Puşkin adlanan Biləsuvar rayonu pambıq yığımında həmişə ön sıralarda olmuşdu. Ulu öndər tez-tez buraya səfər edər, rayon zəhmətkeşləri ilə görüşüb səmimi söhbətlər aparar, onların ehtiyaclarını, problemlərini, arzu və təkliflərini öyrənərdi. Ümummilli lider Azərbaycana rəhbərliyinin ikinci dövründə də Biləsuvara dəfələrlə səfərlər etmişdir. Birinci dövr səfərləri əsasən kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, sosial quruculuğun inkişafı ilə əlaqəli olurdusa, müstəqillik illərindəki hər gəlişi dədə-baba yurdlarından didərgin düşərək Biləsuvarda məskunlaşan qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı idi. Eyni zamanda rayondakı ümumi vəziyyət də diqqətindən kənarda qalmırdı.

O dövr Azərbaycanın həyatında ağır illər idi. SSRİ süquta uğradıqdan sonra iqtisadiyyatın bütün sahələri çökmüşdü. Ancaq cəbhə xəttində atəşkəs elan edilməsi, sabitliyin yaradılması, neft kontraktlarının imzalanması iqtisadiyyatımızın dirçəlməsinə, ölkəmizin hərtərəfli inkişafına şərait yaratdı. Həyata keçirilən torpaq islahatı kəndlilərə öz mülkiyyətlərinə sahib olmaq hüququ verdi. Bununla belə, uzun müddət kolxozsovxozlarda işləmiş bəzi kəndlilər ilk vaxtlar yeni şəraitə uyğunlaşa bilmədilər. Ancaq çaşqınlıq Biləsuvarda az yaşandı. Biləsuvar kəndlisi pay torpaqlarını həvəslə əkib-becərdi. Bir çoxlarının pambıqçılığa dodaq büzməsinə də əhəmiyyət vermədilər. Lakin 2004-2005-ci illərdən başlayaraq mahlıcın qiymətinin kəskin şəkildə aşağı düşməsi torpaq mülkiyyətçilərinin işini xeyli çətinləşdirdi. Pambıq əkilən torpaqların əksər hissəsində günəbaxan, qarğıdalı və s. bitkilər yetişdirildi. Buna görə kənd adamlarını qınamaq da olmazdı. Amma vəziyyətin belə şəkil alması onları çox rahatsız edirdi. Qazancdan, gəlirdən əlavə, növbəli əkinin aradan götürülməsi torpaq mülkiyyətçilərini çətin vəziyyətə salmışdı. Elə buna görə də pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tövsiyəsi onların ürəyindən xəbər verdi.

 

Yeni dövrün yeni tələbi

 

Zaman, vaxt bir yerdə durmur. Hər dövrün öz tələbi var. Bunu dünyada gedən siyasi-iqtisadi proseslər də göstərir. Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması respublikamızın iqtisadiyyatına da təsirsiz ötüşmədi. Belə bir şəraitdə ölkə rəhbəri İlham Əliyev ehtiyat mənbələrini işə salmaq zərurətini görüb yeni qərarlar qəbul etdi, göstərişlər verdi, müvafiq sərəncamlar imzaladı. Həm ayrı-ayrı sənaye sahələrini, həm də kənd təsərrüfatını inkişaf etdirmək üçün konkret addımlar atdı. Qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Prezident 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr, aprel ayının əvvəllərində cari ilin birinci rübünün yekunları ilə əlaqədar keçirilən iclaslarda, aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci ümumrespublika müşavirəsində müvafiq icra strukturları, mərkəzi və yerli icra orqanları qarşısında həlli vacib vəzifələr qoydu. Bu vəzifələr kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün idxaldan azad olmaq, daha keyfiyyətli məhsullar istehsalemal etməklə onların ixracına nail olmaq, kənd əhalisi üçün yeni yerləri yaratmaqdan ibarətdir.

Məlum olduğu kimi, yeni dövrün yeni tələblərinə uyğun olaraq dövlət başçısı “Pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” 22 sentyabr 2016-cı il tarixdə sərəncam imzalamışdır. Həmin sərəncamda xam pambığın alış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi, yeni texnikaların alınıb gətirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, meliorasiyairriqasiya işlərinin yaxşılaşdırılması məsələlərinin irəli sürülməsi pambıq əkən mülkiyyətçilərə və kənd təsərrüfatı ilə məşğul olanlara stimul vermişdir.

 

Ötən ilin uğurlu nəticələri

 

Biləsuvarlılar keçən ili də yüksək göstəricilərlə yola saldılar. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev: “Biləsuvar rayonu dinamik inkişaf edir. Aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri əhali tərəfindən razılıqla qarşılanır. Ölkə rəhbərinin müəyyən etdiyi və hazırda həyata keçirilən iqtisadi kurs, bu kursun tərkib hissəsi olan aqrar sahənin inkişafı ilə əlaqədar görülən işlər, mühüm tədbirlər müsbət nəticələr verir. Pambıqçılığın inkişafına dair ötən il Sabirabad rayonunda keçirilən respublika müşavirəsində qarşıya qoyulan vəzifələr biləsuvarlılar tərəfindən əsasən yerinə yetirilmişdir. Biləsuvarın pambıqçılıq rayonu kimi əvvəlki şöhrəti qayıdır. 2016-cı ildə havaların əlverişsiz keçməsinə baxmayaraq, əvvəlki ilə nisbətən 2 dəfə çox, yəni 6 min 74 hektar sahədə pambıq əkilmiş, bitkilərə lazımi səviyyədə aqrotexniki qulluq edilmişdir. Yazda əkinin nisbətən gecikməsi, pambıq yığımı üçün həlledici aylar olan sentyabroktyabr aylarının hədsiz yağmurlu keçməsi məhsuldarlığa mənfi təsir göstərsə də, torpaq mülkiyyətçiləri, fermerlər əzmkarlıq nümunəsi göstərərək hər hektardan 20 sentner məhsul götürdülər. Bütövlükdə rayon üzrə pambıq istehsalı 12 min tona çatdı ki, bu da 2015-ci ildəkindən demək olar 2 dəfə çoxdur. Hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar məhsulun 70 faizi əllə yığıldı. Əllə pambıq yığmağın nə demək olduğunu hər birimiz yaxşı bilirik. Pambıq tarlalarında ötən il 12 min nəfərdən çox adam çalışmışdır. Pambıqçılar yetişdirdikləri məhsula görə keçən il 1,2 milyon manat subsidiya almışlar. Rayon üzrə orta məhsuldarlıq 20 sentner olduğu halda, təcrübəli pambıqçı Lətif Cəfərov 26 hektardan 146 ton məhsul götürdü ki, bu da hər hektardan 56 sentnerdən də çox məhsul deməkdir. Bu ilonun təsərrüfatına bir neçə dəfə baş çəkmişəm. Lətif kişi ömrünü-gününü torpağa bağlayan, pambıqçılıqdan heç vaxt ayrı düşməyən, elinin-gününün xeyirinə-şərinə yarayan əsl el ağsaqqalıdır”.

Biz də Lətif kişini yaxşı tanıyırıq. Əsl zəhmət adamıdır. Sovetlər dövründə uzun müddət pambıqçılıq briqadiri işləyib. Pambıqçılıqda qazandığı nailiyyətlərə görə 1976-cı ildə ulu öndər Heydər Əliyev ona “QAZ-24” markalı minik maşını hədiyyə etmişdi. Lətif kişi keçmiş SSRİ-nin orden və medalları ilə də təltif olunub. Yaşı 83-ü ötsə də, maşallah, gümrahdır. Övladlarını yığıb başına, pambıq, taxıl, yonca, bostan-tərəvəz əkib-becərir, mal-qara, davar, toyuq-cücə saxlayır. Dörd oğlu yaratdığı təsərrüfatda çalışır, nəticələrindən də yanında işləyəni var. Halal zəhmətlə ev-eşik qurublar, minik maşınları alıblar. L.Cəfərov təsərrüfatını hər cəhətdən inkişaf etdirir. Kifayət qədər texnika alıb. O, yaxşı şahmat da oynayır. Xüsusilə qış aylarında tez-tez rayon mərkəzinə gedib təcrübəli şahmatçıların çoxunu məyus edir.

Bu gün rayonda keçmişin əmək qəhrəmanlarının ənənələrini yaşadan təsərrüfatçılar az deyil. Fazil Musayev və Hikmət Kərimov belələrindəndir. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısının “Əmək ordenini təsis etməsi kənd adamlarını daha yaxşı nəticələr əldə etməyə ruhlandırmışdır.

 

Bu ilin vəzifələri daha məsuliyyətlidir

 

Biləsuvar pambıqçıları cari ildə daha çoxdaha keyfiyyətli pambıq yetişdirmək əzmindədirlər. Onları gün çıxandan hava qaralana qədər tarlalarda görmək olur. Kimi sahələrə mala çəkdirir, kimi çiyid səpdirir, kimi də taxıl və yonca sahələrini suvartdırır. Hər biri mexanizatorun, suçunun yanındadır, lazım gələndə qollarını çirməyib işə qoşulurlar.

Aqronom işləyən Əsgərağa Məmmədovla pambıqçılarla səpin aparılan sahələrdə başında görüşmək üçün Şəhriyar düzü istiqamətinə gedirik. Yazın gəlişi ilə çöllərin çəmənliyə çevrildiyini gördükcə adamın gözünə-könlünə bir rahatlıq gəlir. Bu yerdə qeyd edək ki, cari il rayonda 22 min ton pambıq istehsal edilməsi planlaşdırılıb. Bunun üçün 11 min hektara çiyid səpilməlidir. Şum işi vaxtında aparılıb. İndi torpaq malalanır və çiyid səpilir. Tezliklə becərmə işlərinə başlanılacaq. Bu, normaya görə hər hektara 2 nəfər düşməklə 2 min nəfər üçün mövsümi yeri deməkdir. Yaxın gələcəkdə isə 17 min hektardan çox torpağın əkin dövriyyəsinə daxil edilməsi həm məhsul istehsalının artmasına, həm də daha çox sayda yerinin yaradılmasına imkan verəcək. Həmin sahələrdə növbə ilə buğda, pambıq, soya, qarğıdalı, günəbaxan, yoncas. kənd təsərrüfatı bitkiləri yetişdiriləcək.

Torpaq yolla irəlilədikcə ərazilərdə mala, əkin, suvarma işlərinin getdiyini görürük. Ə.Məmmədov bizi “MKT” şirkətinin Biləsuvar rayonu üzrə filialının baş aqronomu Hikmət Kərimovla və ərazi aqronomu Rafiq Mirzəyevlə tanış edir. Qısa hal-əhvaldan sonra çiyid səpilən sahələrə yollanırıq. Təxminən 2 kilometr getdikdən sonra fermer İlqar Babayevin sahəsinə çatırıq. Onun 25 hektar torpaq sahəsi var. Keçən il 2 hektarda pambıq əkib, 6 ton, yəni hektardan 30 sentner məhsul götürüb. Bu il isə 13 hektarda pambıq əkməyi qərara alıb. Şum, mala işlərini nəzərdə tutulan müddətdə görüb. Mexanizator Nizami İsmayılov deyir ki, çalışırıq səpini keyfiyyətlə aparaq: “Bunun üçün isə texnikanın sazlığı əsas şərtdir. Allah dövlətimizdən razı olsun. Bizim üçün hər cür şərait yaradıb. Keçən il pambığın qiyməti artırıldı. Üstəlik, hər kiloqram üçün 10 qəpik subsidiya aldıq. Bunlar bizə çox böyük kömək etdi. İndi hamı pambıqçılığa üz tutub. Neçə illərdir Biləsuvar Pambıq Zavodunda işləyirəm. “MTZ-80” markalı traktorum təzədir. Çiyidsəpən aqreqata da söz ola bilməz, qardaş Türkiyənin istehsalıdır”. Mexanizator toxumsəpən aqreqatın işinə nəzarət edən köməkçiləri Şəhriyar BabayevAqşin Bayramovun öz işlərinin öhdəsindən canla-başla gəldiklərini, məsuliyyətlə işlədiklərini də bildirdi.

Rayonda hazırda pambıq emal edən 3 müəssisə fəaliyyət göstərir. Onlardan 2-si sonralar fəaliyyətə başlamışdır. “MKT-Biləsuvar” şirkəti isə sovetlər dönəmindən mövcuddur, amma o zamanlar sadəcə Biləsuvar pambıq zavodu adlanırdı. Müəssisə torpaq mülkiyyətçiləri, fermerlər ilə yaxşı əlaqələri qura bilmişdir. Şumdan, əkindən, becərmədən tutmuş yığıma qədər şirkətin filialının mütəxəssisləri istehsalçıların yanındadırlar. Filial tərəfindən 2016-cı ildə 562 mülkiyyətçi ilə 2 min 792 hektar üçün müqavilə bağlanılmışdısa, 2017-ci təsərrüfat ilində bu rəqəm təxminən 3 dəfə artmışdır. Daha dəqiq desək, cari ildə 1114 mülkiyyətçi 6 min 433 hektarda pambıq əkir. Müəssisənin köməyi ilə sahələrdə 2 dəfə şummala işləri aparılmışdır. Kifayət qədər toxum tədarük edilmiş, əkinçilərə mineral gübrələr, səpin zamanı istifadə olunan dərmanlar verilmişdir. Mülkiyyətçilərin, fermerlərin texnikaya olan tələbatını ödəmək üçün filialın maşın-traktor parkında kifayət qədər texnikası - 11 şum, 26 becərmə traktoru, 48 çiyidsəpən aqreqatı, 18 kultivasiya, 9 zəhərsəpən, 2 gübrəsəpən aqreqat, 8 dişli mala, 4 kanalqazan, 8 kotan, 7 tandem diski, 10 pambıqyığan kombayn var. Mövsüm ərzində əlavə olaraq 10 becərmə, 5 şum traktoru, 5 pambıqyığan kombayn, 5 rotor mala, 20 kultivator aqreqatı, 5 tandem diski, 40 qoşqu lafeti alınması nəzərdə tutulmuşdur.

Rayonda pambıq istehsalı və emalı ilə məşğul olan digər bir müəssisə “CTS Aqro” Biləsuvar MMC-dir. Keçən il müəssisə üzrə 4 min 902 ton pambıq istehsal olunmuşdur. Cari ildə isə Biləsuvar rayonunda 2 min 500, Cəlilabadda 250 hektarda pambıq yetişdirməyi planlaşdırmışdır. Şum başa çatdırılmışdır. Hazırda malalamaçiyid səpini işləri görülür.

Biləsuvarda pambıq istehsalı ilə məşğul olan digər bir təsərrüfat isə bu yaxınlarda yaradılmışdır. Cari ildə “Biləsuvar Kənd Təsərrüfatı” MMC 940 hektar sahədə məhsul yetişdirməyi planlaşdırır.

Biləsuvarda bir çox yerlərdən fərqli olaraq çiyidi torpağı arat etmədən əkirlər. Buna el arasında “səp-suvar” da deyilir. Yəni toxum əkildikdən sonra kultivator vasitəsilə dayaz barazlar çəkilir. Həmin barazlarla narın su axıdılmaqla 3-4 santimetr torpaq altına düşən çiyid islanaraq cücərməyə başlayır. İlk suvarmanın bitkinin torpaqdan baş qaldırmasında rolu böyükdür. Vegetasiya dövründə isə suyun pambıq üçünolduğunu izah etməyə ehtiyac yoxdur. Biləsuvar rayonuna su cənub su kanalı vasitəsilə gəlir. Rayon suvarma sistemi bu mənbədən götürdüyü suyu nasosların köməyi ilə sahələrə çatdırır. Ərazidə sahələrin relyefi müxtəlif olduğundan bir çox hallarda su əkinlərə 2-3 pilləli verilir - öncə bir kanala, oradan digərinə vurulur. Nasosların bir qismi elektrik enerjisi, digər qismi dizel yanacağı ilə işləyir. Suyun sahələrə tezitkisiz çatdırılması üçün 863 kilometr baş suvarma kanalı çəkilmiş, 958 kilometr uzunluğunda kanal lildən təmizlənmişdir. Eyni zamanda 16 sunizamlayıcı hidrotexniki qurğu, 1 kilometr latok kanal, 900 metr uzunluğu olan beton kanal, 2 min 500 metr uzunluğundakı beton üzlüklü kanal təmizlənmişdir. Yeni mövsümdə nasos stansiyasının dizel yanacağından elektrik enerjisi rejiminə keçirilməsi nəzərdə tutulur. Qalan nasos stansiyalarının mühərrikləri və digər avadanlıqları saz hala gətirilmişdir.

Biləsuvarlılar bu il 11 min hektarda 22 min ton pambıq istehsal etməyi nəzərdə tuturlar. Bundan başqa, cari il rayonda 24 min 308 hektarda taxıl, 235 hektarda yonca, 389 hektarda şəkər çuğunduru, 128 hektarda günəbaxan, 2 hektarda qarğıdalı, 99 hektarda bostan-tərəvəz, 85 hektarda kartof becərilir. Yevlaxda qeyri-neft ixracatçılarının birinci ümumrespublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri biləsuvarlılar ölkəmizin daha sürətli inkişafı üçün bir çağırış kimi qəbul etmişlər. Onlar vədlərinə həmişə sadiq qalmışlar. Söz yox ki, bu il də belə olacaq. Sahələrdə gedən qızğın , adamlardakı yüksək əhvali-ruhiyyə, əzmkarlıq bunu deməyə əsas verir.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.- 27 aprel.- S. 6.