İslamiada Azərbaycanın növbəti möhtəşəm uğuru olacaq

 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. Cəmi iki həftə sonra bütün İslam dünyasının nəzərləri Azərbaycana yönələcək. 10 gün ərzində 57 müsəlman dövlətini təmsil edən 3 min nəfərdən artıq idmançı İslam aləminin ən böyük idman tədbiri olan bu Oyunlarda qüvvəsini sınayacaq.

 

İslam həmrəyliyinə dəyərli töhfə

 

IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyinin Azərbaycana həvalə edilməsi təsadüfi deyil. Müsəlman dünyasının ölkəmizə etimadının kökündə dayanan birinci amil Azərbaycanın İslam dövlətlərinin həmrəyliyinə verdiyi dəyərli töhfələrdir. Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr veribİslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub.

Ölkəmiz istər regional, istərsə də qlobal miqyasda daim müsəlman ölkələrinin maraqlarının təmin olunmasına çalışmış, xüsusən indiki həssas dönəmdə onların birliyinə xidmət edən təşəbbüslərlə çıxış etmişdir. Bundan başqa, Azərbaycanın, demək olar ki, əksər müsəlman dövlətləri ilə yüksək səviyyədə ikitərəfli bərabərhüquqlu siyasi-iqtisadi və mədəni-humanitar əlaqələri formalaşıb. İstər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmiz bu əlaqələrin daim genişləndirilməsinə xidmət edən fəaliyyət həyata keçirir.

Azərbaycan həm də ənənəvi idman ölkəsidir. Son illər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq bu ənənələr daha da güclənib. Bu gün idmançılarımız dünyanın elə bir mötəbər yarışı yoxdur ki, medal qazanmasınlar. Xüsusilə qeyd etməliyik ki, yay olimpiya oyunlarında qazanılan medalların həm sayına, həm keyfiyyətinə görə Azərbaycan müsəlman ölkələri arasında ilk yerlərdə qərar tutub.

 

Beynəlxalq tədbirlər mərkəzi

 

Bütün bünlar Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsini şərtləndirən əsas amillərdir. Digər mühüm amil isə ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üzrə formalaşan təcrübədir. Xüsusən son 10 ildə Azərbaycanda yüzlərlə siyasi, iqtisadihumanitar mövzulu tədbirlər keçirilib. Bakı Humanitar Forumu və digər beynəlxalq tədbirlər bunu təsdiq edir. “Bakı prosesi” adını alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanı dünyada tanıdan mühüm beynəlxalq tədbirdir. Mədəniyyətlərarası dialoqa xidmət etsə də, daşıdığı siyasi mahiyyəti baxımından bu forum Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

2012-ci ildə Bakıda keçirilən 57-ci “Eurovision” mahnı yarışması Azərbaycanın evsahibliyi etdiyi ilk ən böyük beynəlxalq tədbir kimi tarixə düşdü. Məhz bu mahnı yarışması ilə əlaqədar ölkəmizə on minlərlə xarici qonaq gəldi. Öz ideal təşkilatçılığı ilə Azərbaycan “Eurovision” mahnı yarışmasının mövcud olduğu dövr ərzində yeni tarix yazdı. Azərbaycanın 5 il öncə ortaya qoyduğu təşkilatçılıq nümunəsini hələ heç bir dövlət təkrarlaya bilməyib.

İki il öncə Bakıda keçirilən I Avropa Oyunlarının təşkili ilə bağlı xüsusi təcrübə yox idi. Mövcud təcrübə yay olimpiya oyunlarının keçirilməsi ilə bağlı idi. Ona görə Avropa Oyunlarının təşkili özünəməxsus yanaşma tələb edirdi. Azərbaycan Avropa Olimpiya Komitəsinin ölkəmizə həvalə etdiyi bu mötəbər idman yarışmasını da yüksək səviyyədə təşkil etdi. Hətta təşkilatçılıq əvvəlcədən proqnozlaşdırılandan da ideal oldu. Cəmi iki il ərzində Bakıda 5 möhtəşəm idman qurğusu inşa olundu, mövcud idman kompleksləri tamamilə yenidən quruldu. Beləliklə, Azərbaycan istənilən situasiya və ən qısa zaman çərçivəsində istənilən beynəlxalq tədbiri nəinki ən yüksək, hətta dünyanın belə görmədiyi yeni standartlar səviyyəsində keçirmək imkanlarını ortaya qoydu.

 

Ölkəmiz bu dəfə də ideal təşkilatçılıq nümunəsi göstərəcək

 

Həm “Eurovision” mahnı yarışmasında, həm də I Avropa Oyunlarında Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva idi. O zaman Mehriban Əliyeva hələ Birinci vitse-prezident olmasa da, onun istər Heydər Əliyev Fondunun prezidenti, istər Milli Məclisin deputatı kimi çoxşaxəli ictimaisiyasi fəaliyyəti bu məsul vəzifələrin Prezident İlham Əliyev tərəfindən məhz ona həvalə olunmasını şərtləndirmişdi. Hər iki tədbir isə, qeyd etdiyimiz kimi, ən yüksək səviyyədə baş tutdubu, Mehriban Əliyevanın göstərilən etimadı layiqincə doğrultmasının təsdiqidir. Xüsusilə I Avropa Oyunları nəinki bizim, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman tədbiri kimi qalıb.

Bu mənada qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarında Təşkilat Komitəsinə sədrliyin Mehriban Əliyevaya həvalə olunması bu idman yarışmasının da yüksək səviyyədə keçirilməsinin zəmanətidir. Xatırladaq ki, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Artıq yarışların cədvəli tam hazırdır. Bununla yanaşı, artıq komanda yarışlarının püşkatma mərasimi də keçirilib. İdman Əməliyyat Proqramı çərçivəsində 20 idman növünün formatı və standartı müvafiq beynəlxalq idman federasiyaları ilə razılaşdırılıb. Yarışlar 17 müxtəlif idman obyektində keçiriləcək. Bununla yanaşı, Oyunlar zamanı 21 qeyri-yarış məkanından istifadə olunacaq. Nəzərdə tutulan bütün idman obyektləri Oyunlara tam hazırdır.

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin aprelin 21-də keçirilən yekun iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizin Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazır olduğunu bəyan etdi: “Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Bizdünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir”.

 

Bakı Oyunların keçirilməsinə tam hazırdır

 

Təbii ki, istənilən beynəlxalq tədbirin keçirilməsi zamanı qarşıda duran ən mühüm vəzifələrdən biri təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan isə ümumiyyətlə təhlükəsizlik baxımından dünyanın və regionun nümunəvi ölkəsidir. Bununla belə, qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarında da təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçiriləcək. Təşkilat Komitəsinin yekun iclasında bu barədə danışan daxili işlər naziri Ramil Usubov bildirib ki, Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq.

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələcək idmançıların, nümayəndə heyətlərinin, yerlixarici turistlərin, eləcə də paytaxt sakinlərinin rahatlığı üçün nəqliyyat xidmətlərinin koordinasiyalı təşkili olduqca vacib amildir. Məhz nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək. Oyunların açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunacaq.

Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə ediləcək. 144 ədəd “Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobuslar atletlərin gediş-gəlişi üçün istifadə olunacaq.

Təşkilati işlər göstərir ki, Azərbaycan Oyunların müvəffəqiyyətlə keçirilməsinə tam hazırdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi I Avropa Oyunlarının yüksək səviyyədə hazırlanıb keçirilməsi zamanı böyük təcrübə əldə edib. Bu təcrübəyə əsaslanaraq ölkəmiz müsəlman aləminin əlamətdar hadisəsi olan IV İslam Həmrəyliyi Oyunlarını da ən yüksək səviyyədə keçirəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 28 aprel.- S.1; 7.