Su səyahətinin Qəbələ dayanacağı

 

Nəhayət ki, növbə Qəbələyə çatdı. Burada adamların sevinci təsvirə gəlmir. Səbəb isə çox sadədir. Yaddaş təzələnmişdir. Uzun illərdən sonra insan təmtəraqla mis səhəngi götürüb su aparırdı. Korşalan səhəng yaddaşımız, mis mədəniyyətimiz böyük fasilədən sonra yenidən öz yerini tutmaq istəyirdi, deyəsən.

Bu anda məhz illərdir neçə-neçə insanın istirahət, dinclik məkanı olan Nohurgölünü görmək lazım idi. Narın köpüklərlə haşiyələnmiş ləpələri üzə çıxaraq ətrafa yayılan ruhaniyyət məkanı indi hansısa dəryaçadan çox saçı tumarlı gəlinə bənzəyirdi. Burula-burula sahilə yayılaraq təbii rəsm nümunəsi yaratması isə onun nazından, ərköyünlüyündən pərvazlanırdı. Məhz illər keçəndən sonra mis səhəng hansısa bulağa, artezian quyusuna deyil, Nohurgölə pənah gətirmişdi. Bu isə mis səhəngin də, onu gətirənin və müayiət edənlərin də, hətta Böyük Qafqaz dağlarının yaxınlığında, dumanlı dağlar arasında yerləşən, göy suları ilə yadda qalan Nohurgölün də IV İslam Həmrəyliyi Oyunları ilə birlikdə tarixiləşəcəyinin real anonsları idi.

Təbii ki, nədən bəhs olunduğu hər kəsə bəllidir. Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ayrı-ayrı bölgələrdə reallaşdırılan “Xəzərdən başlayan su səyahəti”nin bu dəfəki ünvanı qədimliklə müasirliyi özündə birləşdirən abad yurdlarımızdan birindədir. Qonaqpərvərliyi ilə seçilən qəbələlilər dövlət müstəqilliyimizin bərpasından ötən 25 il ərzində daha çox qonaq-qaralı olublar. Özü də dünyanın, demək olar ki, hər guşəsindən bu məkanı ziyarət edənləri görmək mümkündür. Onların arasında turist kimi gələnlər də var, müxtəlif aktual mövzulara həsr olunan çoxsaylı beynəlxalq tədbirlərə dəvət alanlar da... Ümumilikdə isə yurdumuzun hüdudlarından çox-çox uzaqlarda tanınan Qəbələyə minlərlə kilometrlik məsafələri qət edərək qədəm qoyan və gəlmək niyyətində olan on minlərlə insan var.

Bu diyara marağın artması heç də əsassız deyil. Böyük Əmili kəndində miladdan əvvəl I minilliyə aid olan daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid alban məbədi, Nic qəsəbəsində antik dövrə aid nekropol buna nümunə ola bilər. Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimal-qərbində yerləşən, VII əsrə aid Komurad məqbərəsi bu kompleksi daha da zənginləşdirir. Qəbələ şəhərindəki bütxana qalıqları, XVIII əsrə aid səkkizguşəli məscid, XIX-XX əsrlərin başlanğıcında inşa edilmiş Cümə məscidi, İsmayıl bəy Qutqaşınlının XIX əsrə aid ev-muzeyi və məzarüstü abidəsi və s. rayonun tarixi inciləri olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir.

2400 illik tarixi olan, qədim İpək yolunun üstündə yerləşən Qəbələ şəhərinin adı hələ miladın I əsrində yaşamış Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka kimi xatırlanır, yunan coğrafiyaşünası Klavdi Ptolemey (II əsr) Xabala, ərəb tarixçisi Bəlazuri (IX əsr) isə onu Xəzər adlandırır. İlk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) “Gülüstani-İrəm” əsərində Kabalaya Xabalanın Qəbələ olduğunu göstərib.

Rayon mərkəzindən tutmuş tədbirin keçirildiyi məkan da daxil olmaqla hər tərəfdə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı plakatlar görmək mümkündür. İnsanların üzündə xoş təbəssüm hiss olunur. Sanki onlar ölkəmizdə keçiriləcək belə bir mötəbər tədbirin, su səyahətinin burada da reallaşmasından, Qəbələnin suyunun da fərqli regionlarımızdakı sularla birlikdə Bakıya aparılmasından məmnunluq yaşayırlar. Rayon sakini Rasim Ağayevə yaxınlaşırıq. O deyir: “Biz qəbələlilər onsuz da qonaq qarşılamağa və yola salmağa öyrəncəliyik. Elə vəziyyət yaranıb ki, hətta ayda demirik, azından 10 gündə bir böyük tədbir keçirilməyəndə darıxırıq. Qonaqlı evin ruzisibol olar. Şükürlər olsun ki, bizimruzimiz ilbəil artır. Gələn turistlərin çoxluğu daha çox yerli sakinin işlə təmin olunması deməkdir ki, bu da nəticədə insanların büdcəsinə müsbət təsir edir. IV İslam Həmrəyliyi Oyunarının isə bütün müsəlman dünyasına əmin-amanlıq, süfrələrinə bərəkət gətirməsini arzulayırıq”.

Nəhayət, tədbirin əsas hissəsi başlayır. Taekvondo üzrə veteran idmançı, beynəlxalq turnirlərin qalibi, qara kəmər III dan sahibi, hazırda taekvondo üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərən Xəyal Əzizov və boks üzrə dəfələrlə ölkə çempionu, beynəlxalq turnirlərin, dünya birinciliyinin qalibi Cavid Çələbiyev Nohurgöldən xüsusi qab ilə götürülən suyu mis səhəngə tökərək Qəbələ şəhər 1 saylı tam orta məktəbinin 5-ci sinif şagirdi, 11 yaşlı Şəfiqə Bayramzadəyə təqdim edirlər.

Günorta saatlarında “Domestik Grassroots” proqramı çərçivəsində rayon Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə - “Sport joys - Regional idman tədbiri” keçirildi. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb edilməsi məqsədilə həyata keçirilən tədbirdə müxtəlif müsabiqələr təşkil olundu. Tədbirin qonaqları arasında İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.

Yurdumuzun gözəlliklərlə zəngin olan bu oymağına marağın bu qədər çox olması, həmişə seçilməsi əbəs yerə deyil. Hazırda Qəbələ rayonunda 19 turizm istirahət obyekti fəaliyyət göstərir. Onların 5-i beşulduzlu hotellərdir. Qəbələdə yerləşən mehmanxana tipli obyektlərdə gündə 2500-dən artıq turisti qəbul etmək mümkündür. İlin əvvəlindən bəri bura 12 min nəfərdən çox turist gəlib.

Qeyd olunanlar isə illər əvvəl Prezident İlham Əliyevin səsləndirdiyi bu fikri bir daha təsdiqləyir: “Qəbələnin çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur. Mən hər dəfə Qəbələdə olarkən bu məsələni xüsusilə vurğulayıram ki, gözəl təbiəti, zəngin tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu görürük. Qəbələdə beşulduzlu hotellər, hotel kompleksləri, sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir”.

Beynəlxalq əlaqələrin qurulması istiqamətində də əhəmiyyətli addımlar atılıb. Belə ki, yanvar ayında İran İslam Respublikasının Azərbaycan vilayətinin valisinin, fevral ayında Moldova xarici işlər nazirinin müavinininmart ayında Koreya Respublikasının Qyonqcu şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyətləri Qəbələyə səfər ediblər.

Qonaqlara rayonun tarixi, mədəni həyatı, burada keçirilən beynəlxalq tədbirlər, idman yarışları, dövlət başçılarının görüşləri, eləcə də bütün istiqamətlərdə əldə edilən uğurlar barədə məlumat verilib. Onlar rayonun aqrar sektoru, yeni yaradılmış emal müəssisələri, tarixi infrastukturu ilə tanış olublar.

Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində 19 tədbir həyata keçirilib. Bunlardan 9-u gənclərlə sahəsini, 10-u isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.

Yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş, bokscüdo üzrə zona yarışlarının rayon seçim mərhələsi, yeniyetmələr arasında keçirilən qol güləşi, stolüstü tennis, kişilər arasında şahmat üzrə rayon birinciliyi, taekvondo növü üzrə Qəbələ rayon açıq turniri daha yaddaqalan olub.

“Qəbələ Olimpiya İdman Kompleksi” MMC 2017-ci ilin birinci rübündə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə öz işini təşkil etmişdir.

Rayonda idmanın müxtəlif növləri üzrə nailiyyət qazanmış çoxlu sayda idmançı var. Bunlardan beynəlxalq turnirlərdə və Avropa çempionatlarında qaliblər sırasında yer tutan Ruhin Mikayılov, Elvin Cabbarlı, Cavid Çələbiyev, Fuad Musayev, Nurtəkin Məhəmmədli və digərlərini göstərmək olar. Emin Həsənov, Mircavad Sultanov, Sənan Şükürov, Nurlan Abdurahmanov, Xəyyam Ağalarov, Kənan Şəfiyev və Sənan Cəlilov isə ölkə çempionatlarının, açıq zona birinciliklərinin qalibləri olublar.

Axşam saatlarında Qəbələdəki Heydər Əliyev adına park fərqli işıq effektləri ilə nura boyanmışdı. Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən bayram konsertində tamaşaçılar “Mirvari” rəqs qrupunun, “Zop-zopuetnoqrafik rəqs qrupunun, eləcə də ayrı-ayrı ifaçıların məharətindən zövq aldılar. Tədbir atəşfəşanlıqla başa çatdı.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.- 28 aprel.- S. 7.