Əsrləri qovuşduran musiqi

 

Musiqi sanki dilə gəlib. Tamaşaçıları öz ardınca çəkib uzaq-uzaq zamana aparır. Bu dəfə anlatdığı nə əfsanə, nə də nağıldır. Bəstəkar bir tarixi musiqi biçiminə salıb. Musiqi tarix “danışır”.

Altı əsr əvvəl, 1417-ci ildir. Böyük Azərbaycan mütəfəkkiri, sufi-şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Musiqi haray çəkir. Şair Nəsiminin də nəsibi budur. O da öz ölümünü edam meydanında tapıb. Nəsimini dara çəkirlər. Müsiqi sədaları sanki bir dəniz kimi qabarır, gah həyəcana gələrək şahə qalxır, gah da həzin-həzin enir, damla-damla könüllərə səpələnir. Haqq aşıqlərinə göz dağı olmaq üçün şairə işgəncələr verirlər, dərisini soyurlar. Ancaq nə can qorxusu var, nə də ölüm həyəcanı. Musiqi əsərinin dili ilə təsvir edilən mənzərə - Haqqa sevdalı şairin iradəsi, dözümü dinləyiciləri heyrətləndirir. İmaddəddin Nəsimidən bəhs edən əsərin hər notunda, hər çalarında mübarizlik var.

Səhnədə məkan Hələbdir. Zaman XV əsrdir. Şairin iradəsini qıra bilməyiblər. Nəsimi ölüm ayağında da “Ənəlhəqq” deyir.

Tamaşa salonunda isə məkan Hollandiyadır. Zaman XXI əsrdir. “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri təqdim olunur. Azərbaycanlı bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan, hər zaman maraq doğuran sirli bir aləmə aparıb. Dinləyicinin təsəvvüründə azərbaycanlı mütəfəkkirin, sufi-şairin canlı obrazını yarada bilib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla şairin söz və könül dünyasını, sufi zikrlərindəki ab-havanı tamaşa salonuna gətirib.

“Nasimi Passion” böyük bir layihə çərçivəsində təqdim olunub. Son illər Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən müxtəlif dinlərə - pravoslav, katolik, iudaizm və buddizmə məxsus “Passions” - “İlahilər” layihəsi həyata keçirilir. Dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub, səsləndirilib. Nəhayət, 2015-ci ildə növbə müsəlmanlara da çatıb. İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Əsərin hazırlanması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq artisti Firəngiz Əlizadəyə həvalə olunub. Bəstəkar “Nasimi Passion” adlı möhtəşəm bir əsər yaradıb. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. 35 dəqiqəlik əsərin məşqləri bir neçə ay ərzində şöhrətli ingilis dirijoru Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılıb.

Premyerası Hollandiyada keçirilən və artıq Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğuran bu iri həcmli musiqi əsəri aprelin 28-də Azərbaycan Bəstəkarlar Birliyində səsləndirilib. Konsertdən öncə Firəngiz Əlizadə öz sevincini və həyəcanını musiqisevərlərlə bölüşüb: “Bizim hamımız üçün əlamətdar hadisə baş verdi. Ona görə ki, nəhayət, müsəlman dünyasına aid olan “İlahilər” səsləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il “İslam həmrəyliyi ili” elan olunub. Bu mühüm mədəni hadisə mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da artırır”.

Azərbaycan tolerant bir ölkədir. Burada insanlara dininə və irqinə görə fərq qoymurlar. İmadəddin Nəsimi və Azərbaycanın digər dahi şəxsiyyətləri bəşəri duyğularla yaşayıb, yaradıblar. Onlar dünyanı haqqın mizan-tərəzisi ilə görüb, təbliğ ediblər.

Əsərin müəllifi bildirir: “Bu böyük, məsuliyyətli yükü daşımaq mənə nəsib oldu. Mən şair Nəsimini seçdim və onun sözlərinə ilahilər bəstələdim. Amma bunlar təbii ki, müasir üslubda yazılan ilahilərdir. Əsəri ifa edən ifaçılar mənə dəfələrlə təşəkkür etdilər və dedilər ki, əsərin sözləri çox gözəldir, süjeti maraqlı qurulub. Amma bizim üçün bir az çətin olacaq. Əsərdə Nəsimi dövrünün dili, üslubu var. Dedilər ki, olar biz bunu ingilis dilində oxuyaq? Razılıq vermədim. Bir az sonra təklif gəldi ki, bəlkə alman dilində ifa edək. Dedim ki, siz zəhmət çəkdiniz çin dilində, serb dilində ifa etdiniz. Bu əsəri də necə yazılıbsa, elə ifa edin. Minnətdaram ki, mənim sözlərimi qəbul etdilər, Nəsiminin sözləri səsləndi. Holland dilinə də tərcümə etdilər”. Konsert zamanı da əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verdi.

“Nasimi Passion” qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşa nağara və milli “səs” qərb alətlərində imitasiya olunub, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edir.

Musiqişünas Thea Derks, bəstəkar və musiqi meneceri Gabriel Teschner, ingiltərəli dirijor Martin Brabbins “Nasimi Passion” əsəri haqqında heyranlıqla danışıblar. Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimidən söz açan Thea Derks dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyaları və fəlsəfi düşüncə tərzini xüsusi diqqətə çatdırıb: “Əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi yanaşı işlənib”. O, seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunduğunu söyləyib.

Gabriel Teschner də qeyd edib ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir.

“Nasimi Passion” əsəri səsləndikcə havalanan musiqi sədalarında sanki əsrlər görüşür. XV əsrdə Hələbdə şairi edam edirlər. XXI əsr o şəhərdə başqa faciəli mənzərələr var. Hələbdə hər kəs hər gün ölümlə göz-gözə, nəfəs-nəfəsədir. Şəhər hər gün bombalanır. Orada indi yalnız böyük mütəfəkkirləri öldürmürlər. Hər gün uşaqlar da, qocalar da, gənclər də həlak olurlar. “İlahilər” üzərində işləyərkən Hələb şəhərində vəziyyətin gündən-günə gərginləşməsi müəllifə təsirsiz ötüşməyib. “Nasimi Passion”da dünyamızın bu günündən bir narahatlıq, həyəcan ifadə olunub.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.- 30 aprel.- S.7.