Dövlət turizmin inkişafında maraqlıdır

 

Mingəçevir Turizm Kollecində “Turizm təhsilində işəgötürənlərlə əməkdaşlığın rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi, Regional Turizm İnformasiya mərkəzlərinin rəhbərləri, çoxsayda işə götürən şəxs və sahibkarlar, hotel, mehmanxana menecerləri və digər mütəxəssislər iştirak edirdi.

Öncə konfrans iştirakçıları kollec tələbələrinin əl işlərindən ibarət “Azərbaycan turizminin perspektivləri” adlı sərgiyə baxış keçirdilər. Ardınca Mingəçevir Turizm Kollecinin tədris-təlim bazasında tələbə və məzunların uğurlarından, habelə beynəlxalq əlaqələrindən bəhs edən sənədli film nümayiş olundu. Bundan sonra konfrans öz işinə başladı.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov konfransın məram və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycan turizminin inkişafını nəzərdə tutan sərəncamlarına və təsdiq olunmuş strateji yol xəritəsinə müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi perspektiv istiqamətlər üzrə fəal müzakirələr aparılmasını qərara almışdır.

Əyyub Əyyubov turizm sahəsi üzrə mütəxəssis hazırlığı prosesində ciddi nailiyyətlər əldə edildiyini xatırladaraq tədris işlərində, mövcud beynəlxalq əlaqələr sayəsində Avropanın ən qabaqcıl metodlarından yararlandıqlarını və nəticə etibarilə rəhbərlik etdiyi təhsil müəssisəsinin timsalında kollektivin uğurlar qazandığını iştirakçıların diqqətinə çatdırdı. O, işə götürənlərlə təhsil müəssisələri arasındakı əlaqəyə də toxunaraq həmin əlaqələrin yeni innovativ münasibətlər müstəvisinə çıxarılmasının vacib olduğunu vurğuladı. Bu mənada konfransın hər kəs üçün əhəmiyyətli ola biləcəyini qeyd etdi.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin məsul əməkdaşı Cavid Əliyevin və Mingəçevir Şəhər İcra Hakimiyyəti rəsmisi Sahib Əliyevin konfransa təbrik nitqləri səsləndi. Ardınca Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov, Mingəçevir Turizm Kollecinin Turizm və hotelçilik şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, “Mingəçevir E&C Travel”in direktoru Elnarə Alışova, “Ağsaray Deluxe Otel” MFB-nin meneceri Aypərən Tirt, Kür Olimpiya Tədris-İdman Mərkəzinin Təsərrüfat şöbəsinin müdiri Azər Hüseynov, Kür Olimpiya Tədris-İdman Mərkəzinin Qəbul xidmətləri şöbəsinin rəisi Babək İsakov, Mingəçevir Turizm Kollecinin “Turizm və təsviri sənət” fənn birliyinin sədri Aydın Rəhimov müvafiq olaraq “Mingəçevir Turizm Kolleci ilə respublikamızda olan turizm müəssisələri arasında uğurlu əməkdaşlığın perspektivləri”, “Turizm və təhsil”, “Turizm və gənclik”, “Tərəfdaşlıq işinin qurulması”, “Beynəlxalq təcrübənin yerli kadrlara aşılanması”, “Turizmdə təsərrüfat işləri üzrə kadrların iş prinsipi” və “Turizmdə kadr hazırlığı” mövzularında əhatəli məruzələrlə çıxış etdilər.

Konfrans kollecin tələbə özfəaliyyət qrupu fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın təqdimi ilə başa çatdı.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2017.- 30 aprel.- S.8.