Atabala Manafzadə: “Qəbələdə dincələn xarici turistlər beynəlxalq musiqi festivalına böyük maraq göstərirlər”

 

Qəbələ Beynəlxalq Musiqi Festivalı çox gözəl təşkil edilib. Musiqiçilərin çıxışı isə tamaşaçılara zövq verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə deyib.

“Mən 2009-cu ildə bu festival çərçivəsində təşkil edilən Gənc Pianoçuların II Beynəlxalq Müsabiqəsində birinci yeri tutmuşdum. Bilirəm ki, Qəbələ festivalının gənc musiqiçilər üçün böyük üstünlükləri var. Burada musiqinin bir çox janrları üzrə konsertlər keçirilir” - deyə Atabala Manafzadə qeyd edib.

Gənc pianoçu Qəbələ Beynəlxalq Musiqi Festivalının ənənəvi hal almasını yüksək dəyərləndirərək bildirib ki, Azərbaycanın müxtəlif bölgələrindən minlərlə insan bu füsunkar məkana gələrək festivalı zövqlə izləyir. Xüsusilə Qəbələdə dincələn xarici turistlər festivala böyük maraq göstərirlər. Bu, Qəbələ Beynəlxalq Musiqi Festivalının uğurlu gələcəyindən xəbər verir.

 

Azərbaycan.- 2017.-2 avqust.- S.5.