Vladimir Doroxin: Builki festivalda dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım

 

Səkkiz ildir ki, Azərbaycandayam. Ötən illər ərzində beş dəfə Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmişəm. İmkan daxilində belə möhtəşəm musiqi festivalını canlı izləməyə çalışıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələdə jurnalistlərə müsahibəsində Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin deyib.

Rusiyalı diplomat IX Qəbələ Beynəlxalq Musiqi Festivalının çox yüksək səviyyədə təşkil edildiyini bildirib: “Hər il burada dünyanın tanınmış musiqiçilərinin ifasını canlı dinləmək imkanım olur. Builki konsertdə dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım. Qəbələ festivalının yüksək səviyyəli bir tədbir olduğunu bilirəm. Tədbirin təşkilatçılarına təşəkkür edirəm. İsti yay günlərində istirahət üçün Qəbələni seçdim. Ona görə ki, gözəl təbiəti, istirahət mərkəzləri, qonaqpərvər insanları olan Qəbələyə gəlməklə, həm beynəlxalq musiqi festivalına tamaşa edim”.

Musiqi sərhəd tanımadığı üçün indiyədək Qəbələ festivallarında Rusiyanın bir neçə tanınmış orkestri, solisti, dirijoru çıxış edib. Həmçinin ötən illərdə Qəbələdəki bütün musiqi festivallarında rusiyalı bəstəkarların əsərləri səsləndirilib. Bu da iki ölkə arasındakı mədəni və tarixi bağların dərinliyindən xəbər verir”, - deyə səfir Vladimir Doroxin bildirib.

 

Azərbaycan.- 2017.-3 avqust.- S.4.