Tütünçülüyə
dövlət qayğısının getdikcə artması bu
sahədə çalışanlara stimul verib
Avqustun 3-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri
çərçivəsində tütün qəbulu məntəqəsində
yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Qax rayonu bu baxımdan böyük potensiala malik bölgələrimizdən biridir. Bu sahənin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir.
Təsadüfi deyil ki, dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc bir trilyon dollara çatır. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Azərbaycanda da tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var.
Dövlətimizin başçısına məlumat verildi ki, sovet dövründə respublika üzrə tütün tədarükünün xeyli hissəsi Qax rayonunun payına düşürdü. Respublikada ən çox tütün tədarükü də həmin dövrə - 1986-cı ilə təsadüf edirdi. Hazırda yeni tütün təsərrüfatlarının salınması, tütünçülüyə dövlət qayğısının getdikcə artması bu sahədə çalışanlara stimul olub. Fermerlərlə bağlanan müqavilələrin sayı da bunu təsdiqləyir. Əgər ötən il fermerlər tərəfindən məntəqəyə 30 müraciət daxil olmuşdusa, indi bu göstərici 60-ı keçib. Bu il rayonda 6500-7000 ton yaşıl tütün tədarükü gözlənilir. Artıq məntəqədə tütün qəbuluna başlanıb. Yerli fermerlər müxtəlif tütün sortları yetişdirirlər. Üstünlük isə əsasən yüksək məhsuldarlığa malik Virciniya sortuna verilir. Sahələrdən toplanan yaşıl tütün məntəqəyə qəbul olunduqdan sonra buradakı 60 kamerada bir həftə ərzində qurudulur. Hazırda müəssisədə 90 nəfər işlə təmin olunub.
Tütünçülüyün
inkişafına göstərilən diqqət onu
deməyə əsas verir ki,
yaxın perspektivdə istehsalı dəfələrlə
artırmaq mümkün olacaq.
Bu baxımdan satış bazarını tapmaq, ilk növbədə,
daxili bazarı tam təmin
etmək, sonrakı mərhələdə ixrac
imkanlarını genişləndirmək hazırda
qarşıda duran əsas vəzifədir.
Bu məqsədlərə
nail olmaq üçün dövlətimizin
başçısı hökumət qarşısında ciddi tələblər qoyub.
Çünki tütünçülük
post-neft dövründə ölkə
iqtisadiyyatının inkişafını təmin edə biləcək
əsas sahələrdən sayılır. Ən azı daxili tələbatı yerli məhsul hesabına ödəməklə,
idxaldan asılılığı aradan qaldırmaq mümkündür.
Şübhə yoxdur ki,
tezliklə tütün sektorunun
Azərbaycan iqtisadiyyatında çəkisi ciddi
şəkildə artacaq. Ölkəmiz
tütünçülükdən böyük
gəlirlər əldə edəcək, bu
sahənin inkişafı həm də on
minlərlə yeni iş
yerinin yaranmasına səbəb olacaq.
Azərbaycan.-
2017.-4 avqust.- S.6.