Yayda istirahət üçün Azərbaycana gələnlərin sayı artıb

 

Təbii iqlim şəraitinə və zənginliklərinə görə Azərbaycan xarici turistlər üçün də cəlbedicidir. Burada ilin bütün fəsillərində turizmin müxtəlif növlərindən istifadə etmək üçün əlverişli şərait var.

Müstəqillik dövründə, xüsusilə son on ildə ölkə həyatının bütün sahələri kimi, turizm sənayesinin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Xüsusilə də son illər yaradılan müvafiq infrastrukturlar respublikamızda turizmin ayrı-ayrı sahələrinin inkişafına imkanlar açıb.

İsti yay fəslinin davam etdiyi bu günlərdə istirahət üçün ölkəmizi seçənlər istər paytaxt Bakıda, istərsə də bölgələrdə rahat, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və bir sıra mərkəzlərdə dincələ bilirlər. Ən əsası, ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə evsahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar da dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.

Xatırladaq ki, iyunun 15-də start verilən yay turizm mövsümü sentyabrın 15-dək davam edəcək. Bununla əlaqədar həm Mədəniyyət və Turizm Nazirliyi, həm də aidiyyəti qurumlar tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Yay mövsümü ilə bağlı turizm şirkətləri də istirahət həvəskarlarına çeşidli istiqamətlərdə turlar təklif edirlər.

Turizm sənayesinin inkişafına yaradılan şərait, Mədəniyyət və Turizm Nazirliyinin bir sıra ölkələrdə turizm nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizə turist axının ildən-ilə artmasına səbəb olub. Belə ki, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım deməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilir ki, bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər), İran (180 103 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər), Ukrayna (27 342 nəfər) və İraq (19 355 nəfər) tutur.

Cari   ildə ərəb ölkələrindən Azərbaycana səfər edənlərin sayında böyük artım nəzərə çarpır. Belə ki, ötən ilin ilk altı ayı ilə müqayisədə Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.

Regionlar üzrə isə MDB ölkələri, Avropa İttifaqı ölkələri, İran körfəzi və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, AmerikaAvstraliyadan ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım olub.

Azərbaycan dövləti turizm sənayesini qeyri-neft sektorunun prioritet sahələrindən hesab edərək onun inkişafını diqqət mərkəzində saxlayır. Son bir neçə ildə turizmin sistemli şəkildə tərəqqisini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması, Azərbaycan Turizm Şurasının, Milli Turizm Təbliğat Bürosunun yaradılması, habelə Bakıda ilk dəfə olaraq Şopinq festivalın keçirilməsi bu sahəyə diqqətin bariz nümunəsidir.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 4 avqust.- S.12.