Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilir

 

2014-2018-ci illəri əhatə edən regional Dövlət Proqramının uğurla icra olunması nəticəsində Naftalan şəhəri tanınmaz dərəcədə dəyişmişdir. Başqa sözlə,  infrastruktur yenidən qurulmuş, istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilmiş, şəhər yaxın və uzaq xaricdə daha da məşhurlaşmışdır.

Beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri - “Çinar”, “Qaşaltı”, “Qarabağkimi dünya standartlarına cavab verən mərkəzlər fəaliyyətə başlamışdır. Artıq nəinki isti yay aylarında, hətta qış fəslində də Naftalan  turistlərin diqqətini cəlb edir. Məhz bunun nəticəsidir ki, keçən il burada dincələn və müalicə olunan turistlərin sayı 35 min nəfərə çatmışdır ki, onun da 40 faizə qədərini 52 ölkədən olan xarici vətəndaşlar təşkil etmişdir.

Möcüzəli naftalan neftinin müalicəvi əhəmiyyəti xarici ölkələrin mətbuatında da işıqlandırılır. Türkiyədə nəşr olunanAkşam” qəzetinin əməkdaşı Eminə BiyikXam neftdən gələn şəfa” sərlövhəli məqaləsində Naftalan şəhərindəki beşulduzlu hotellərdən və burada göstərilən xidmətlərdən söz açır, bu möcüzəli məkana dünyanın bir çox ölkəsindən, Türkiyə ilə yanaşı, Avropa ölkələri və Rusiyadan coxlu sayda turistlərin gəldiyini qeyd edir. Bildirir ki, İstanbuldan Gəncəyə təyyarə ilə 2 saata gəldikdən sonra 45 dəqiqəyə avtomobillə yol qət etməklə Naftalana çatmaq olar. Burada sizi təkcə müalicə deyil, böyük təbiət mənzərələri, unudulmaz təəssüratlar gözləyir. Təbii gözəlliklər məskəni olan Azərbaycanla bağlı səyahət xatirələriniz sizi uzun zaman tərk etməyəcək.

Moskvada nəşr olunanMoskovskiy komsomolets” qəzeti yazır  ki, naftalan məlhəmi çoxlarının yadında hələ uşaqlıq dövründən “möcüzəli” bir vasitə kimi qalıb: onu uşaqlara diatezdən xilas olmaq üçün, yaşlılara isə dərinin sağlamlığı, gözəlliyi və hamarlığı üçün məsləhət görürdülər. Haqlı olaraq “Cənubi Qafqazın Baden-Badeni” ləqəbi almış Naftalan kurortu sağlamlaşdırıcı turizm mülahizələrinə görə İsrailin Ölü dəniz kurortu və Avropanın məşhur müalicəvi kurortları ilə layiqincə rəqabət aparır.

Naftalan haqqında Polşa mətbuatında  Neft məhsulları ilə müalicə” sərlövhəli, Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən “goldenbridgenews.com” saytında “Naftalan nefti - möcüzə” adlı məqalə yayılıb. Hər iki məqalədə Azərbaycanın bu unikal müalicəvi nefti haqqında maraqlı fikirlər söylənilir.

Naftalan nefti əsasında hazırlanan yeni məhsullar üzərində aparılır. “Qətransız naftalan məlhəmi” MMC-nin təsisçisi, Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev deyir ki, 70-dən artıq xəstəliyin müalicəsində tətbiq edilən bu məlhəmlər uzun illər yalnız Naftalanda fəaliyyət göstərən sağlamlıq mərkəzlərində istifadə olunub. Xarici turistlər ölkələrinə qayıdarkən özləri ilə naftalan məlhəmini aparmaq arzusunda olduqlarını bildirirlər. Lakin bu vaxta qədər naftalan məlhəminin sənaye üsulu ilə istehsalı və qablaşdırılması həyata keçirilmədiyindən bu mumkün olmurdu. İndi isə yüksək texnologiya əsasında qablaşdırılaraq “Made in Azerbaijanbrendi ilə  onun istehsalına başlanılmışdır. Hazırda həmin məlhəmlərin satışı üçün Ukrayna, Rusiya və Qazaxıstanla danışıqlar aparılır. Yaxın vaxtlarda isə bu məlhəmlərin Rusiyada, Polşada, İtaliyadaFransada sərgi-satışının keçirilməsi nəzərdə tutulmuşdur.

“Qaşaltı” sağlamlıq mərkəzinin baş həkimi Şahin Babayev söhbət zamanı dedi ki, bu sağlamlıq mərkəzi 350 yerlikdir və demək olar ki, ilin bütün fəsillərində burada boş yer olmur. Bu da ondan irəli gəlir ki, etdiyimiz müalicələr effektli olur. Bir gələn bir də gəlir. Hazırda mərkəzdə 70-dən artıq xəstəliyin müalicəsi aparılır. Xəstələri ən müasir tibb avadanlıqları ilə müayinə edir, müalicə aparırıq.

Müalicə kursu keçən Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən gəlmiş Sergey Mosetsev dedi ki, ikinci ildir burada müalicə alıram. Çox böyük nəticələr görürəm. Keçən il 10 naftalan vannası qəbul etmişdimsə, bu il həkimlər 5-ni məsləhət gördülər. Xidmətdən də çox razıyam.

Qazaxıstanlı Vladimir İqzotov həyat yoldaşı Tatyana ilə birlikdə gəlmişdi. O dedi ki, Azərbaycanda belə bir yerin olduğunu turizm bürosundan öyrəndim. İndi görürəm ki, bura gəlməkdə yanılmamışıq. Özümüzü çox gümrah hiss edirik. Müalicə ilə yanaşı, yaxşı dincəlirik. Bunun üçün şəhərdə hər cür şərait yaradılıb. Axşamlar Azərbaycanın incəsənət ustalarının konsertlərini dinləyirik. Hərdən ətraf bölgələrə ekskursiyalar da təşkil edilir.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.-9 avqust.- S.7.