Etibarlı və inamlı tərəfdaş

 

Türkmənistan Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu yüksək qiymətləndirərək ölkəmizlə çoxşaxəli əməkdaşlığı gücləndirir

 

Eyni dil qrupu, tarixi, etnik köklərlə, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi son dərəcə vacibdir. Odur ki, Prezident İlham Əliyev son 14 ildə türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir. Azərbaycanın Türkmənistanla münasibətlərinin ildən-ilə inkişaf etməsi də deyilənlərə əyani misal ola bilər.

İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci il iyunun 9-da qoyulub. Türkmənistanın Azərbaycanda səfirliyi 8 iyun 1999-cu ildə, respublikamızın səfirliyi 18 oktyabr 2002-ci ildə fəaliyyətə başlayıb. Ötən müddətdə Azərbaycan və Türkmənistan arasında əlaqələr uğurla inkişaf edib, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərib. İki dövlət arasında müxtəlif sahələrə dair imzalanmış sazişlər əməkdaşlığın dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradıb. 2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər olub. Tərəflər arasında normativ-hüquqi baza 52 ikitərəfli sənəddən ibarətdir. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. 25 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verir.

Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş nəticələr ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Türkmənistanın yerləşdiyi coğrafi məkanda iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında tutduğu mövqe, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradıb. Hər iki türkdilli dövlət energetika, nəqliyyat və iri infrastruktur layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur.

Türkmənistan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Türkmənistan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması isə ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Türkmənistanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi diqqətdə saxlamışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun budəfəki Azərbaycana rəsmi səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçılarının görüşündə ölkələrimiz arasında ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edildi. Bu səfər bir daha təsdiq etdi ki, Türkmənistan-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə dünyada təhlükəsizlik, sabitlik və inkişafın təmin edilməsi üçün mühüm addımlar atır. Ölkələrimiz bu istiqamətdə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərərək bir-birini dəstəkləyir.

Prezident İlham Əliyev iki ölkə arasında mövcud münasibətləri belə xarakterizə edib: “Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdirondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük”.

Dövlət başçıları arasında görüş başa çatdıqdan sonra Azərbaycan-Türkmənistan sənədlərinin imzalama mərasimi keçirildi. Bu sırada “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xüsusi vurğulamaq lazımdır. Strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamə ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyəyə qalxdığını göstərdi. Türkmənistan və Azərbaycan strateji tərəfdaş olaraq gələcəkdə bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələlərində birgə fəaliyyətlərini gücləndirəcəklər. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir. Ölkə rəhbərlərinin iştirakı ilə imzalanan digər sənədlər - mülki müdafiə, fövqəladə halların qarşısının alınması, dəniz ticarət gəmiçiliyi, ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlığı əhatə etməklə perspektivdə əlaqələrin daha da dərinləşməsinə böyük imkanlar açacaq.

Prezident İlham Əliyev bu məsələlərlə bağlı deyib: “Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyükuğurlu yol keçmişdir”.

Bu gün Azərbaycan və Türkmənistan fəal inkişaf edən iki müstəqil dövlət kimi strateji əməkdaşlıq əlaqələri qurur. Türkmənistan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutubbu, bir daha strateji əməkdaşlıq haqqında bəyannamədə öz əksini tapıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib: “İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik. Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir.

Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.

Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlikregional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır”.

Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri bir daha təsdiqlədi ki, iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Türkmənistan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi deməyə əsas verir ki, iki türkdilli dövlət qarşıdakı illərdə birgə fəaliyyət göstərərək daha da güclənəcəklər.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-10 avqust.- S.1-2.