Mədəniyyətimizin inkişafına dövlət dəstəyi gücləndirilir

 

Prezident mədəniyyət sahəsinə 6,9 milyon manat vəsait ayırdı

 

Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Azərbaycan islam dünyasında milli teatrın, operanın və baletin əsasının qoyulduğu ilk ölkədir.

Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq, onun təmsil olunduğu dövlət inkişafda olan xalqların çağırışlarına uyğun hərəkət etməklə tərəqqi yolunda inamla addımlamağa qadirdir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına qayğı ilə yanaşmış, bu istiqamətdə fəaliyyət göstərən adıçəkilən sahəyə aid müəssisələrin bərpasını və yenidən qurulmasını ümdə vəzifə kimi qarşıya qoymuşdur. Bunun nəticəsidir ki, Azərbaycanın bütün bölgələrində ulu öndərin saysız-hesabsız yadigarları var. Ümummilli liderin siyasi kursu Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Aparılan əsaslı islahatlar mədəniyyət sahəsində ardıcıl inkişafın təməlini qoyub. Azərbaycan Prezidentinin sərəncamı ilə “2006-2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf konsepsiyası”nın qəbul edilməsi uğurlu inkişafa və nailiyyətlərə zəmin yaratmışdır. Son illər həyata keçirilmiş böyük investisiya proqramları çərçivəsində paytaxtdaregionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyalarının zənginləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bütün bunlar Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına güclü stimul vermişdir. Milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam, eləcə də xalçaçılıq UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilmiş, ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəyə üzv seçilmişdir. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri - Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, muğam, Azərbaycan aşıq sənəti, Novruz, Azərbaycan xalça toxuculuğu, Qarabağ atı ilə oynanılan çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti və s. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycanın zəngin tolerantlıq irsinin, mədəniyyət və qədim abidələrin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Prezident İlham Əliyevin 14 avqust 2017-ci il tarixli “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı buna bariz nümunədir. Tarixi-dini, mədəni abidələrin qorunması və bərpası həmişə Azərbaycan Prezidentinin diqqət mərkəzində olmuşdur.

Ölkədəki tarixi abidələr, milli memarlıq üslubunu özündə ehtiva edən binalar, məscidlər, sinaqoqlar, kilsələr, inanc yerlərimiz əsaslı təmir olunur, abadlaşdırılır, müasirləşdirilir, Bakıda və ətraf kəndlərdə, eləcə də bölgələrdə yeni mədəniyyət ocaqları inşa edilir, köhnə, qədim abidələrə ikinci həyat verilir.

Geniş imkanlara malik yeni, müasir tələblərə cavab verən klub, mədəniyyət sarayları, evləri, kitabxanalars. tikilir. Müxtəlif mədəniyyətlərə məxsus abidələrin bərpasına da böyük qayğı ilə yanaşılır. Mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzeykitabxana fondlarının komplektləşdirilməsi, ekspozisiyalarının zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülür.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına dövlət qayğısı ildən-ilə gücləndirilir. Ölkə başçısının “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsindəki H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisi və təchizatı üçün bir milyon iki yüz yetmiş iki min manat, Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki mədəniyyət mərkəzinin tikintisi və təchizatı üçün bir milyon doqquz yüz otuz iki min manat, Xəzər rayonunun Şağan qəsəbəsindəki mədəniyyət mərkəzinin tikintisi və təchizatı üçün bir milyon iki yüz səkkiz min manat, eləcə də paytaxtın Nərimanov rayonunda yerləşən 21 nömrəli musiqi məktəbinin inşası və təchizatı üçün bir milyon üç yüz yetmiş min manat, Bərdə şəhərindəki “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün bir milyon iki yüz beş min manat vəsait ayrılması nəzərdə tutulmuşdur.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə malıyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə qarşıya qoyulan məsələləri həll etmək tapşırılıb.

Bu müəssisələr istifadəyə veriləndən sonra burada yeni qruplar yaradılacaq, teatr, musiqi, təsviri incəsənət, rəqs və s. bölmələr fəaliyyət göstərəcək. Bu da yüzlərlə uşaq, yeniyetmə və gəncin öz istedadlarını təkmilləşdirməsində mühüm rol oynayacaq.

Dövlət başçısının yalnız Bakı və ətraf qəsəbələrdə deyil, paytaxtdan uzaq kənd və rayonlarda da olan mədəniyyət ocaqlarının əsaslı bərpasına və tikintisinə xüsusi diqqət yetirməsi insanlarda xoş ovqat yaradıb. Nəinki Azərbaycan mədəniyyətinin inkişafına, bütövlükdə xalqımızın, cəmiyyətimizin ümumi səviyyəsinin yüksəldilməsinə xidmət edən bu sərəncamı respublika ictimaiyyəti mühüm sənəd kimi dəyərləndirir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.-17 avqust.- S.1-2.