Hamı onun tez-tez səhnədə görünməsini istəyirdi

 

O aktyor ki, illər boyu öz yaradıcılığının orijinal dünyası ilə tamaşaçılara hakim kəsilir, onun hər obrazını sevə-sevə izləyir, düşünürilk növbədə, onu anlayırsan. Belə insanların sənətə gəlişi ilə bütöv bir mərhələ başlayır, fikir, düşüncə məktəbi, yeni dəyərlər, prinsiplər, zövqlər formalaşır, sanki hər şey başqalaşır, təzədən doğulur. Görkəmli teatr xadimi, xalq artisti Ağasadıq Gəraybəyli belə sənətkarlardandır. 80 il səhnədə olmaq, ixtiyar yaşında da cavanlıq həvəsi ilə çalışmaq və oynadığı rola həyat bəxş etmək bu insanı dünyanın ən yaxşı aktyorları sırasına gətirən nadir xoşbəxtlikdir. Gəraybəylinin səhnə yaradıcılığı böyük sənətə tükənməz məhəbbətin ifadəsi idi.

Onun qəhrəmanları ilk nəzərdə adi adamlardır. Lakin onlar zahirən göründüklərindən qat-qat mürəkkəb, təzadlı hisslər və düşüncələr aləmində dolaşan insanlardır. Görkəmli aktyor yaratdığı obrazların əhvali-ruhiyyəsinə, onların dünyanı öz daxili aləmində necə qəbul etdiklərinə, bir sözlə, qəhrəmanlarının düşüncələrinə geniş yer verirdi. Bu isə Gəraybəylinin yaradıcılıq üslubunu xarakterizə edən mühüm keyfiyyətlərdən idi: unudulmaz surətlər yaratmaq, hər bir obraza həssas ürəklə yanaşmaq, onu yaddaşlarda yaşatmaq.

1959-cu ildə xalq yazıçısı Mirzə İbrahimov görkəmli aktyor haqqında məqaləsində yazırdı: “30-cu ilin əvvəllərində bir dəstə gənc yazıçı o zamankı Bakı İşçi Teatrına getmişdik. Teatrda “Yanğın” əsəri tamaşaya qoyulmuşdu... Xatırlayıram ki, “Yanğın”a baxanlar arasında yalnız bizim deyil, demək olar ki, bütün tamaşaçıların mübahisəsiz bəyəndiyi, təqdir etdiyi bir şey vardı - o da Ağasadıq Gəraybəylinin oyunu idi. Yaratdığı Məmmədcəfər obrazı hamının xoşuna gəlmişdi. Hamı bu artistin tez-tez səhnədə görünməsini istəyirdi. Çünki o, özü ilə səhnəyə həm sağlam bir gülüş, həm də həyatilik gətirirdi”.

Məqalə yazılan vaxtlarda Ağasadıq Gəraybəyli artıq respublikanın xalq artisti idi. Bir çox mükafatlara layiq görülmüşdü, yaratdığı obrazlarla şöhrətlənmişdi, yeni yaradıcılıq zirvələrinə doğru irəliləyirdi. Onu qabaqda hələ nə qədər böyük uğurlar, nailiyyətlər gözləyirdi...

Aktyor sənəti çox böyük yaradıcılıqdır. Bu sahədə iz qoymaq üçün güclü istedad, həssas ürək, yaxşını yamandan seçən iti göz lazımdır - deyirlər. Sənətkarın isə gözü o zaman iti olur ki, hissiyyatı yüksək ola, həyatı və insanları yaxşı duyub tanıya. Ağasadıq Gəraybəyli məhz bu keyfiyyətlərə sahib idi. O, elə bir sənətkar idi ki, tamaşaçısını inandıra bilir, həm də bu inam coşqun hissiyyatın, ürəyi titrədən həyəcanların, iztirab və sevinclərin nəticəsi kimi meydana çıxırdı. Yəni aktyor öz təbii, mənalı oyunu ilə sanki səhnədən tamaşaçının əlini tutur, onu hadisələrin iştirakçısına çevirir, ürəklərdə yaxşıya məhəbbət, pisə nifrət oyadırdı. Bütün bunları teatr xadiminin uzun illərdən bəri səhnəmizdə yaratmış olduğu zəngin surətlər silsiləsinin hamısında müşahidə etmişik.

Ağasadıq Gəraybəyli təkcə rollarına deyil, həm də görünüşü, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə daim seçilib fərqlənmişdi. Hər dəfə səhnəyə çıxanda onu alqışlayır, ürəkdən gülür və yenə də alqışlarla yola salırdılar. Milyonları güldürən, həm də düşündürən bu gülüşün orijinallığı və inandırıcı gücü yüksək səviyyədə özünü göstərirdi. Gəraybəylinin keçdiyi mürəkkəb və zəngin yaradıcılıq yoluna nəzər salanda, onun yaratdığı surətlər haqqında düşünəndə bir daha əmin olursan ki, bu aktyorun oyunu heç zaman təsirsiz qalmamış, tamaşaçını həmişə həyatın mənası haqqında, sənətin yüksək dəyərləri barədə düşünməyə məcbur etmişdi. Xalq yazıçısı M.İbrahimov yazırdı: “Təəccüblü və qəribə görünə bilər ki, biz bu sözləri ən çox mənfi surətlər yaradan bir sənətkar haqqında deyirik. Əslində isə burada təəccüblü və qəribə heçyoxdur... Mənfi və çirkin təbiətləri nifrətlə ifşa edib damğalayan sənətin əsasında həmişə müsbət ideala məhəbbət var, yüksək əxlaqi prinsip durur”. Gəraybəylinin sənəti belə bir sənətdir və ona görə də aktyor mənfi surətlər yaradarkən də böyük ictimai-əxlaqi məqsədlərə nail olurdu və həm də onun obrazları xalq tərəfindən sevilirdi.

Deyirlər ki, Ağasadıq Gəraybəyli başqa dünyanın adamı idi. Onun dünyasında təmizlik, saflıq, haqq-ədalət, səmimiyyət, düzlük, doğruluq hökm sürürdü. Ona görə də A.Gəraybəyli sənətinə hər zaman geniş rakursdan baxmaq lazımdır. Öncə xatırlayaq ki, bu insanın çiyinlərində uzun və çətin illərin yorğunluqları qalaqlanmışdı. Bəy nəslindən idi. 1897-ci il martın 15-də Şamaxıda anadan olmuşdu. Atasını erkən itirdiyindən uşaq vaxtından həyatın ağrı-acıları ilə üz-üzə qalmışdı. Amma anadan xoş taleli doğulmuşdu. Sonralar özüdeyirdi ki, heç bilmirəm necə oldu, Bakıya gəldim. Tanımadığım bir ailənin himayəsinə düşdüm. Əlisəttar kişidən atalıq qayğısı, Heyran xanımdan analıq nəvazişi gördüm.

Təhsil aldığı illərdə o, Cəfər Cabbarlı ilə tanış olur. Həyat yollarının başlanğıcında böyük aktyor Hüseyn Ərəblinski ilə rastlaşır. Mirmahmud Kazımovskinin teatr dərnəyinə gedir. Sonra Ərəblinskinin köməyi ilə digər teatr dərnəklərində də iştirak edir. İlk gənclik illərində tanış olduğu görkəmli insanlardan biri də yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. O, aktyorun yaddaşında çox ciddi, zabitəli, hökmlü, həm də maraqlı bir insan kimi qalmışdı. Yazıçının bir sıra əsərlərinin ilk oxucusu olduğundan sonralar da qürur duyardı.

1908-ci ildə A.Gəraybəyli dövrün tanınmış ziyalıları olan Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Üzeyir bəy və Zülfüqar Hacıbəyli qardaşlarının rəhbərlik etdikləri truppalarda əmək fəaliyyətinə başlayır. 1921-ci ildən “Tənqid-Təbliğ Teatrı”nın aktyoru olur. Bu teatrın əsasında “Bakı Türk İşçi Teatrı” təşkil olunanda orada işləməyə keçir. 1933-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayır və ömrünün sonuna kimi bu sənət ocağından ayrılmır. Eyni zamanda, kinematoqrafiya ilə də əlaqəsini qırmır. Hər iki sahədə eyni həvəs və məhəbbətlə çalışır.

Görkəmli aktyorun qarşısına hər zaman yaxşı, xeyirxah insanlar çıxmışdı. Üstəlik də, nadir istedad sahibi və təbiətən sanballı, xoşxasiyyət insan olduğu üçün ətrafındakılar tərəfindən həmişə sevilmişdi.

Gənclik illərində həyat yollarında rast gəldiyi böyük insanlardan biri Üzeyir bəy idi. Dostları xatırlayır ki, bu dahi insanın adı gələndə Ağasadıq ayağa qalxarmış, onun ruhuna ehtiramla yanaşar, dualar oxuyarmış. Böyük bəstəkar haqqında xoş xatirələri var idi. Deyirdi: “Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” - dedi. Teatr kursuna yazılmağını, ilk əməkhaqqı almağını, ona ikiotaqlı mənzilin verilməsini də Ağasadıq Üzeyir bəyin adı ilə bağlayırdı. Dahi bəstəkar gənc aktyorun toyunda da iştirak etmişona xeyir-dua vermişdi.

Ağasadıq Gəraybəyli milli teatrımızın klassiki adını qazanmış, sənət fədaisi kimi tanınmışdı. O, 200-dən çox müxtəlif rollarda, ayrı-ayrı qrim və qiyafələrdə səhnəyə çıxmışdı. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralarVaqif “, “Həyat”, “On ikinci gecə”, “Xanlar”... bu siyahını xeyli uzatmaq olar. Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılmışdı. Çünki o, təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına tabe olmur, səhnəyə çıxanda itaətkar aktyor kimi oynamırdı. Həm də hər bir əsərin mahiyyətini anlayır, etibar edilmiş rolların milli dəyərlərini dərk edirdi. O, amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışırdı. Bu cəhətlərinə görə də sevilir, hörmət qazanırdı.

Təsadüfi deyil ki, dövrünün ən görkəmli adamları Gəraybəyli istedadını çox yüksək dəyərləndirirdilər. Xalq şairi Səməd Vurğun yazırdı: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”.

Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyirdi: “Aktyorluq onun alın yazısı idi. 1940-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi”.

Xalq artisti Əliabbas Qədirov isə onu belə dəyərləndirirdi: “İnstitut bitirmək, təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz. Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq”.

Elə tamaşalar olur ki, insanlar teatra həmin əsərdə hansısa rolu oynayan aktyora görə gəlir. Ağasadıq Gəraybəyli məhz belə aktyorlardan idi. Qoqolun “Müfəttiş”ində, Cəlil Məmmədquluzadənin “Ölülər”ində, Cəfər Cabbarlının “Sevil”ində, İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan”ında və onlarca digər tamaşalarda Ağasadıq Gəraybəyli elə obrazlar yaratmışdır ki, onlar həmişəlik bir məktəbə çevrilmişdir - aktyor sənətkarlığı məktəbinə.

Cəlil Məmmədquluzadənin “Poçt qutusunda aktyorun istedadının ən dərin “sirlər”i açılır. Mirzə İbrahimovun “Həyat” pyesində aktyorun sonsuz imkanlara malik olduğu bir daha öz təsdiqini tapır. Burada da Gəraybəyli obrazın mimikasını, plastikasını, daxili aləmini, xarakterini təşkil edən hər bir xüsusiyyəti mərhələ-mərhələ seçib canlandırır, əslində yaradırdı.

Bütün bunlara görə müasir dramaturqlar, rejissorlar onunla məmnuniyyətlə əməkdaşlıq edər, işbirliyi qurardılar. Aktyoru yazıçı Sabit Rəhmanla sıx yaradıcılıq telləri bağlayırdı. Əksər tamaşalarda ona baş rol etibar edilirdi. Çünki Ağasadıq Gəraybəyli bir aktyor olaraq müəllifin ideyasını tamaşaçılara tam çatdıra bilirdi. Təsadüfi deyil ki, “Xoşbəxtlər” əsəri oynanılanda insanlar tamaşanı izləməyə düşmək üçün növbəyə dayanırdılar. Buradakı Nəsirov rolu ilə aktyor həqiqətən bənzərsiz bir oyun nümayiş etdirirdi. Mehdi Məmmədovun quruluş verdiyi “Əliqulu evlənir” tamaşasında Əliqulu obrazı əsl komediya cəbbəxanasına çevrilmişdi.

Xalq artisti Ağasadıq Gəraybəylinin kino fəaliyyəti də ayrıca bir tədqiqat mövzusudur. Onlarla filmdə çəkilmiş aktyor unudulmaz obrazlar qalereyası yaratmışdı.

Gəraybəyli “Bəxtiyar” filmindəki Ağabala rolu ilə Azərbaycan kinosunun ən şedevr obrazlarından birini canlandırmışdır. Bu obrazı tək-tək sənətkar belə uğurla oynaya bilərdi. “Ağabala” elə bu günün özündə də ən çox sevilən rollardan biridir.

“O olmasın, bu olsun” filmindəki Rüstəm bəy də klassik kino sənətimizin parlaq örnəyi kimi çox dəyərlidir. Bu, dünyanın 90-dan çox ölkəsində nümayiş etdirilmiş nadir Azərbaycan filmlərindən sayılır.

Bütün bunlar təsdiqləyir ki, Ağasadıq Gəraybəyli Azərbaycan kinosunda öz mövqeyi olan aktyorlardan olmuşdur. Elə aktyorlar var ki, əsl teatr artistidir, filmdə özünü göstərə bilmir. Tam cəsarətlə deyə bilərik ki, Azərbaycanın mədəniyyət tarixində barmaqla sayılan iki-üç aktyor var ki, onlar üçün teatr səhnəsi ilə ekranın fərqi olmayıb. Onlardan biri, bəlkə də birincisi A.Gəraybəyli idi. O, ilk dəfə 1923-cü ildə 26 yaşında “Qız qalası əfsanəsi” filmində həkim roluna çəkilmiş və sonra ardıcıl olaraq onlarla filmdə müxtəlif obrazları ekranın yaddaşına köçürmüşdür. Onun 1985-ci ildə 88 yaşında çəkildiyi “Nəvəmin nəvəsinin nəvəsi” filmindəki son rolu Baba obrazı olmuşdu. Dünya kinosu tarixində də tək-tək aktyorlar var ki, ömrünün doqquzuncu onilliyini tamamlayarkən çiyninə belə ağır yük götürsün.

Ağasadıq Gəraybəyli 30-a yaxın filmə çəkilib. Bu filmlərin hamısında aktyor bir-birindən dolğun və mənalı obrazlar yaradıb. Mütəxəssislərin fikrincə, onun bu ekran qəhrəmanları sırasında üç obraz xüsusilə seçilir. Həmin obrazlarla Ağasadıq Gəraybəyli dünyanın ən məşhur kinoaktyorları ilə bir zirvədə dayanır. Bu, “Bəxtiyar” filmindəki Ağabala, “O olmasın, bu olsun” filmindəki Rüstəm bəy, “Qızmar günəş altında” filmində oynadığı kolxoz sədri Niyaz Sərdarov obrazlarıdır.

Ağabala” olmasaydı, bəlkə də “Bəxtiyar” filmi bu qədər sevilməzdi. Ağasadıq Gəraybəyli bu rola elə bir damğa vurmuşdu ki, orada başqa aktyoru təsəvvür etmək qeyri-mümkündür.

Dünya şöhrətli ifaçı Rəşid Behbudov xatirələrində yazırdı: “Bəxtiyar” filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görülənlər real təsvirlər təki baxılırdı”.

“O olmasın, bu olsunda aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.

Maraqlıdır ki, Ağasadıq Gəraybəyli yaşa dolandan sonra da istər böyük, istərsə də kiçik rollarda özünün tükənməz enerjisi, düşüncə tərzi ilə fərqlənib. O, 76 yaşında “Bizim küçənin oğlanları” filmində necə böyük ustalıqla obraz yaratmışdısa, 86 yaşında çəkildiyi “Musiqi müəllimi”ndə də o cür entuziazmla oynamışdır. O, ən kiçik epizodik rolla da yaddaqalan aktyor idi.

Ağasadıq Gəraybəylinin böyük sənəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1936-cı il fevralın 1-də, 39 yaşında ikən əməkdar artist, bir neçə il sonra, 1940-cı il may ayının 4-də xalq artisti fəxri adına layiq görülmüşdü. Təltif olunduğuLenin”, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr inqilabı”, “Şərəf nişanı” ordenləri isə o dövrün çox yüksək mükafatları idi. Azərbaycan Prezidenti tərəfindən bu il iyulun 12-də xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanmışdır. Həmin sərəncamla qeyd olunacaq yubiley tədbirləri insanları yenidən böyük bir sənətin izinə salacaq, Azərbaycan teatrı və kinosunun ən dəyərli səhifələri vərəqlənəcək.

Ağasadıq Gəraybəyli səhnəmizin qüdrətli nümayəndələrindən idi. Onun bütün bu qüvvəsi və məziyyətləri reallığa tapınırdı. Bu realizmin gücünü, dərin həyati mənasını Gəraybəylinin istər müasir, istərsə də klassik əsərlərdə yaratdığı rollarda görürdük. Onun surətləri müxtəlif xasiyyətli, dolğun və zəngin idi. İllərin arxasından bu görkəmli teatr xadiminin istedadı və aktyorluq məharəti, əvəzsiz sənətkarlığı daha aydın görünür. O, yaddaşlarda həyatın, zamanın bütün sərt sınaqlarından çıxmış insan kimi qaldı. Sədaqətli dost, yaxşı həmkar, maraqlı tərəf-müqabil kimi iz qoydu. Xarakterik rolların bənzərsiz ifaçısı kimi adını teatrkino tarixinə yazdı. Onu səhnədə görənlər çoxlarına örnək olan bu ömür yolunu heyrətlə xatırlayırlar.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.-19 avqust.- S.5.