Relyefindən, iqlimindən asılı olmayaraq vətənimizin sərhədləri sayıqlıqla qorunur

 

18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günüdür

 

26 il əvvəl Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşıda duran ən vacib məsələlərdən biri ölkəmizin ərazi hüdudlarının qorunması, sərhədlərimizin bərpası və etibarlı mühafizəsi idi. Xüsusilə, sərhəd qoşunlarının gücləndirilməsi, xidmətin yüksək səviyyədə təşkili gənc dövlətin daha çox diqqət etdiyi sahələrdən biri oldu. Bu sahədə əsaslı islahatlar aparıldı, kadrların yetişdirilməsi gündəmə gətirildi. Eyni zamanda, yeni sərhəd məntəqələri yaradıldı, sərhədçilər müasir texnika və avadanlıqla təchiz olundular.

Hələ dövlət müstəqilliyinin ilk illərində bu istiqamətdə atılan addımlar ilbəil daha da inkişaf etdirildibugünkü yüksək səviyyəyə çatrılıdı. Sərhədlərimizin yüksək səviyyədə qorunması isə xalqımızın əmin-amanlıq şəraitində yaşamasına təminat yaradan əsas amillərdən biri oldu. Dövlətçiliyin mühüm atributlarından olan sərhədimizin öz sərhədçilərimiz tərəfindən mühafizəsi müstəqilliyimizi daha da möhkəmləndirdi və sərhədlərimizin etibarlı əllərdə olduğunu bir daha sübut etdi.

Milli sərhəd mühafizəsini yaşadaninkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiramla, gələcəyinə inam hissi ilə yanaşır, bu günündən qürur duyur. Bu hisslərin təməlində dövlət sərhədlərinin mühafizəsinə ən yüksək səviyyədə verilən önəm durur. Ulu öndər Heydər Əliyev sərhədlərimizin toxunul-mazlığının təmin edilməsini dövlətimizin mühüm vəzifəsi kimi dəyərləndirmiş, sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, sərhəd siyasətinin konseptual müddəalarını müəyyənləşdirmiş, milli sərhəd strategiyasını yaratmış, bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini göstərmişdir.

 

Milli sərhədçi kadrların hazırlanması zamanın tələbi idi

 

Peşəkar kadrlar olmadan sərhəd xidmətini yüksək səviyyədə təşkil etmək çox çətindir. Azərbaycan sərhəd mühafizəsi müstəqilliyimizin ilk illərində bu çətinliklərlə üz-üzə qalmışdı. Sovet dövründə ölkəmizin yalnız cənubunda sərhəd infrastrukturu var idi. Həmin sərhədləri isə sovet qoşunları mühafizə edirdi və sərhədçi kadrlar arasında azərbaycanlılar çox az idi.

Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülmüşdü. Respublikamızda C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması və hər il onlarla, yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə göndərilməsi müstəqillik dövrünə hesablanmış böyük strateji addımlar olmuşdur. Eyni zamanda, Heydər Əliyevin sovet ordusunda, o cümlədən sərhəd qoşunlarında azərbaycanlı zabitlərin irəli çəkilməsinə, onlara yüksək hərbi rütbələrin verilməsinə xüsusi diqqət yetirməsi müstəqilliyimizin bərpasından sonra ölkəmizin təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb etdi: sovet dövründə hazırlanmış hərbçilər müstəqilliyin ilk illərində kadrların hazırlanmasında böyük rol oynadılar.

Bu illərdə ən vacib məsələlərdən biri kimi dövlət sərhəd xidmətinin gücləndirilməsi və bu istiqamətdə konkret islahatların aparılması oldu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin şəxsi nəzarəti altında dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Belə ki, cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmazlığı müəyyən çətinliklər yaratsa da, mülki həyatdan gəlmiş zabit və gizirlər müəyyən müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Bundan əlavə, kadr çatışmazlığının olduğu bir zamanda Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində sərhədçi zabitlərin hazırlanmasına başlanıldı. Lakin məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması son nəticədə dövlət sərhədinin etibarlı mühafizəsinə mənfi təsir göstərirdi. Odur ki, ulu öndər Heydər Əliyev 1998-ci ilin dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman imzaladı. Akademiyada yaradılmış sərhəd qoşunları fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı...

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində isə bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd infrastrukturu yaradılıb, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silahtexnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Prezident İlham Əliyev bu sahənin ixtisaslı kadr potensialının formalaşmasına xüsusi önəm verir. Belə ki, ölkə başçısının 2007-ci ilin iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncamı və 3 il sonra Dövlət Sərhəd Xidmətinin Akademiya kompleksinin istifadəyə verilməsi bu sahədə olan kadr çatışmazlığını birdəfəlik həll etdi. Eyni zamanda, sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilmişdir. Əsas məqsədi dövlətə, xalqa sadiq, yüksək səviyyədə təlim və təhsil verən, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında oxuyurlar.

Ümumiyyətlə, uğurla həyata keçirilən kadr hazırlığı prosesi deməyə əsas verir ki, ölkəmizdə savadlı, intizamlı, məsuliyyətli, Vətəni və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi işini peşəkarlıqla təşkil edə bilən yeni sərhədçi nəsil yetişməkdədir.

 

Sərhəd gözətçi gəmiləri sahil mühafizəsinin təşkilində xüsusi rol oynayır

 

Sərhədçilərimiz quruda olduğu kimi, su sərhədlərimizin də mühafizəsini etibarlı təşkil edirlər. Ölkə başçısının bu il yanvar ayının 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, sərhəd təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üzrə göstəriş və tapşırıqlar verməsi, DSX-nin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi üzrə qərarlar qəbul edilməsi və yeni silahlı birləşmələrin yaradılması bu istiqamətdə aparılan xidmətin yüksəlməsinə təkan verib.

Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi imkanlarının gücləndirilməsi, dəniz kampaniyasına “Tufan” və “Şahdağtipli ən müasir gəmilərin qəbul olunması, çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə keçirilən irimiqyaslı taktiki təlimlərdə şəxsi heyətin yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirməsi, dövlət sərhədlərinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi cari ilin qürurverici hadisələrindəndir.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmilər inşa etməsi bir neçə il öncə çox da inandırıcı görünməsə də, artıq günümüzün reallığıdır. Bunun üçün Prezident İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Ölkə başçısının 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir. Bu baxımdan, yaxın gələcəkdə yaradılması nəzərdə tutulan yeni infrastrukturların fəaliyyətə başlaması qarşıya qoyulmuş tapşırıqların daha mükəmməl həyata keçirilməsinə zəmin yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinin açılışını etməsi, 2015-ci il sentyabr ayının 7-də, 2016-cı ilin iyun ayının 13-də və cari ilin yanvar ayının 13-də həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin muhafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.

 

Peşəkarlıq xidməti tapşırığı yerinə yetirərkən özünü göstərir

 

Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir.

Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silahtexnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Keçən ildən başlayaraq Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikadan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrlikeçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir.

 

Müasir texniki avadanlıqların tətbiqi işi asanlaşdırır

 

Elmi-texniki tərəqqinin tətbiqi sərhəd təhlükəsizliyinin də təminatını gücləndirir. Bu səbəbdən ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksininçevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlət olması, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır.

 

Sərhədçilər vətəni sevdikləri kimi, sevdirməyi də bacarırlar

 

Sərhədçilər hər zaman hərbi, mənəvi-psixoloji, fiziki hazırlıqlarının yüksək səviyyədə olması ilə seçiliblər. Yəqin sərhədçi olduqlarına görədir ki, Vətənə daha çox bağlı olurlar. Dəfələrlə onlarla söhbət edərkən bu sevginin şahidi olmuşuq. Onlar üçün Vətən həqiqətən, sərhəddən başlayır. Yəqin elə həm də bu səbəbdən Vətəni çox sevirlər. Belə sərhədçilər sərhədin müqəddəsliyinə zərrə qədər xələl gəlməsinə yol verməzlər və bu yolda hər an varlıqlarından keçməyə hazırdırlar. Qoruduqlarının qədrini bilən sərhədçilər həm də Vətənin daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin olmasını daim arzulayırlar. Məhz buna görə də sərhədçilər həm Vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında qəhrəmanlıq nümunələri göstəriblər və bu gün də hər cür fədakarlığa hazırdırlar. Təbii ki, ciddi nizam-intizam, peşəkarlıq səviyyəsinin yüksək olması və müasir texnologiyanın tətbiqi xidmət zamanı öz müsbət nəticəsini verir. Ümumilikdə deyə bilərik ki, sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq və cəsurluq nümunələri çoxdur. İstər torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında, istər Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin təmin edilməsində, istərsə də xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri şəxsi igidlik və şücaətə görə onlarla sərhədçi yüksək təltiflərə layiq görülmüşdür. Hər bir sərhədçi tam şəkildə dərk edir ki, Vətən sevgisi sözlə deyil, əməllə sübut olunurbunun üçün yüksək hərbi hazırlıq, peşəkarlıq, qabiliyyət çox vacibdir. Əldə silah gecə-gündüz sərhədin mühafizəsinə çıxan sərhədçilər daim döyüş tapşırığını yerinə yetirirlər və bu zaman hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazırdırlar. Döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlıq vəhdət təşkil edir və hər bir sərhədçidə cəsurluq hissi yaradır.

Bəzən adama elə gəlir ki, sərhədçilərin bir işi də Vətəni sevdirməkdir. Axı, ölkəmizə gələn qonaqları ilk qarşılayan, onlarla həmsöhbət olan şəxslər sərhədçilərdir. Azərbyacan və xalqımız haqqında ilk təəssürat da məhz bu qısa görüş zamanı yaranır. Odur ki, Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşları, hər bir sərhədçi bunun məsuliyyətini dərindən dərk edir.

Bu səbəbdən də dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin yüksək səviyyədə təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində xidmət edən şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsinə, onların ən azı 2 xarici dili sərbəst bilmələrinə ciddi diqqət yetirilir. Şəxsi heyətin peşəkarlığı, sərhəd nəzarəti məntəqələrində yüksək səviyyəli xidməti şəraitin yaradılması, xidmətdə ən müasir texniki vasitələrin tətbiqi sərhəd keçid prosedurlarını sadələşdirilməklə yanaşı, sərhəd nəzarətinin etibarlığını daha da artırmışdır.

Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin qurusu sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur. Bu tarix yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əlamətdardır. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. Sərhədçilər bu il də peşə bayramlarını xidmətdə qazanılmış ciddi nailiyyətlərlə, yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsadüfi deyildir ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri fəxri adlarla, medallarla təltif olundular. Sözsüz, sərhədçilərin belə ali dövlət təltiflərinə layiq görülməsi onlarda böyük ruh yüksəkliyi yaratdı və heç şübhə yoxdur ki, DSX-nin şəxsi heyəti bu etimadı daha şərəflə doğrultmağa çalışacaq.

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2017.- 18 avqust.- S.2.