Qəbələdə qida təhlükəsizliyinə böyük önəm verilir

 

Turizm bölgəsində bunun xüsusi əhəmiyyəti var

 

Daha çox turizm bölgəsi kimi tanınan Qəbələdə kənd təsərrüfatı da sürətlə inkişaf edir. Göz işlədikcə uzanıb gedən taxıl zəmiləri, müxtəlif meyvələrin yetişdirildiyi bağlar da bu diyarın təbii sərvətidir. Qəbələdə heyvandarlığa da maraq çoxdur. Son illər yaradılan müasir heyvandarlıq kompleksləri indi bu sahəni daha gəlirli edib.

Qəbələ Rayon Baytarlıq İdarəsinin rəisi Bəhmən Abdurəhmanov məlumat verdi ki, Qəbələdə 2 müasir heyvandarlıq kompleksi və 2 kiçik həcmli heyvandarlıq təsərrüfatı fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının yerli istehsal hesabına ödənilməsi sahəsində müsbət dəyişikliklər baş verib. Hazırda rayon ərazisində 47 min baş qaramal və 190 min başdan çox davar var. İdarə rəisinin sözlərinə görə, bu günə kimi 13,4 min baş qaramaldan bruselyoza qarşı qan nümunəsi götürülüb. Onların arasından 8 baş heyvanda xəstəlik aşkarlanıb və onlar təsərrüfatdan kənarlaşdırılıb. Qarayaraya qarşı 43,7 min baş qaramal, 190 min başa yaxın davarda isə peyvəndləmə aparılıb. Hazırda rayonda heç bir infeksiya qeydə alınmayıb. Baytar həkimləri bütün ərazilərdə vəziyyətə nəzarət edirlər.

Qəbələnin coğrafi ərazisi və iqlim şəraiti baxımından burada dabaq hər an gözlənilən xəstəlikdir. Lakin görülən profilaktiki tədbirlər nəticəsində son 5 ildə rayonda dabaq, eləcə də digər xəstəliklər müşahidə olunmayıb. Lakin Qəbələnin yaşayış məntəqələri vəhşi heyvanlarla zəngin meşə massivləri və dağlarla əhatə olunduğundan ərazidə quduzluq xəstəliyi hər an gözlənilir. Ona görə də quduzluğa qarşı peyvəndləmə aparılır. Tək-tək hallarda xəstəlik aşkarlansa da, dərhal qarşısı alınır.

Rayonun Qəmərvan kəndinin Dağıstan Muxtar Respublikası ilə 18 kilometr sərhədi var. Oradakı sərhəd zastavasının xidmətçiləri və həkimlər bütün hərəkətlərə nəzarət etdikləri üçün kənardan Qəbələyə hansısa heyvanın keçməsinin qarşısı vaxtında alınır.

63 kənddə 21 sahə baytar məntəqəsi olduğunu deyən B.Abdurəhmanov bütün sahə baytar məntəqələrinin həkim və feldşerlərlə təmin olunduğunu bildirdi: “Lakin son zamanlar baytarlıq sahəsi üzrə ixtisas almaq üçün müraciət edənlər demək olar ki, yox səviyyəsindədir. Ona görə də yaxın gələcəkdə baytar kadrları sarıdan sıxıntı yaşanması ehtimalı çox böyükdür”.

Qəbələnin turizm mərkəzinə, beynəlxalq festivallar şəhərinə çevrilməsi burada qida təhlükəsizliyini də ön plana çıxarıb. İdarə rəisi dedi ki, bu sahədə narahatlığa əsas yoxdur: “Səbəb kənardan Qəbələyə ətin daxil olmamasıdır. Yalnız peşəkar qəssablarımız tərəfindən kəsilən heyvanlar satış məntəqələrinə çıxarılır. Ətlərin hamısı həkim nəzarətindən keçirilir. Küçə ticarəti bizdə yoxdur. Rayonun mərkəzi bazarında isə baytarlıq sanitar ekspertiza laboratoriyası fəaliyyət göstərir. Bir sözlə, nəzarətsiz ət satışa buraxılmır. Hotellərin və istirahət mərkəzlərinin ət təminatı isə rayondakı iri heyvandarlıq kompleksi tərəfindən ödənilir. Oradakı müasir standartlara cavab verən ət kəsimi məntəqəsində heyvanlar həkim yoxlanışından sonra ünvanlara göndərilir”.

Bəs, həmin heyvandarlıq təsərrüfatlarına baytar nəzarəti necə aparılır? B.Abdurəhmanov bildirdi ki, Qəbələdəki 2 iri heyvandarlıq kompleksinin hər birində 2 min başa yaxın qaramal varheyvanlara özlərinin baytar həkimləri baxır: “Zərurət yarandıqda bizprofilaktiki tövsiyələr veririk. 106 baş qaramalın saxlandığı digər təsərrüfata nəzarəti isə oradakı baytar sahə məntəqəsi həyata keçirir”.

İdarə rəisi söylədi ki, yay üçün ən qorxulu xəstəlik qızdırmadır: “Bu xəstəliyə heyvanlar gənələr vasitəsilə yoluxurlar. Onun üçünheyvandarlar arasında daim maarifləndirmə işi aparırıq”.

Rayonda mal-qaranın cins tərkibinin, eləcə də damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün süni mayalama üzrə 9 mütəxəssis fəaliyyət göstərir. Keçən 6 ay ərzində onlar tərəfindən 3874 baş inək və düyələrdə süni mayalama aparılıb və süni mayalanmış heyvanlardan 1448 baş yüksək genetik potensiala malik buzovlar alınıb. Məlum olduğu kimi, 2016-cı ilin oktyabr ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir baş buzova görə subsidiya verilir. Cari ilin 6 ayında 918 baş süni mayalanmadan alınmış buzovlara subsidiya hesablanıb. Bu mütəmadi olaraq hər ay davam etdirilir. Ona görə də maldarlar süni mayalamaya üstünlük verirlər.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.- 29 avqust.- S.5.