Daniel Qoldstern: Qlobal Gənc Liderlər Forumu gənclərin öyrənmələri üçün yaxşı platformadır

 

Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu gənclərin öyrənmələri üçün çox yaxşı platformadır. Dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərlə görüşmək həyəcanvericidir. Bu, həm də fərqli baxışlara, mədəniyyətlərə malik insanlarla tanış olmaq deməkdir. Biz bu Forumda qlobal siyasi məsələləri də öyrənməkdə maraqlıyıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunda iştirak edən ABŞ təmsilçisi Daniel Qoldstern deyib.

Amerikalı qonaq qeyd edib ki, Bakı Forumu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkandır. Forumun daha bir əhəmiyyəti ondan ibarətdir ki, burada gənc liderlər təcrübəli insanlarla bir araya gələrək aktual məsələləri müzakirə edirlər. O, əmin olduğunu bildirib ki, Forumda aparılan fikir və təcrübə mübadilələri faydalı nəticələr verəcək.

Daniel Qoldstern Azərbaycana ilk dəfədir gəldiyini, Bakının gözəlliyinə valeh olduğunu, insanların qonaqpərvərliyinin onda zəngin təəssüratlar yaratdığını söyləyib.

 

Azərbaycan.- 2017.-22 avqust.- S.9.