Cəbrayıllılar doğma yurdda

 

Cəbrayılın işğalından 24 il ötür

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayonun - Cəbrayıl və Füzulinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il keçir. 1993-cü il avqustun ortalarında Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın cənub istiqamətində başlanan genişmiqyaslı hücumu ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının böyük hissəsinin işğalı ilə nəticələndi.

Xatırladaq ki, ondan bir ay öncə erməni quldur birləşmələri Ağdamı işğal etmişdilər. Ağdama qədər isə Qarabağın qala qapıları sayılan Laçın, Şuşa və Kəlbəcər düşmən əsarətinə keçmiş, bununla da Dağlıq Qarabağ faktiki Ermənistana birləşdirilmişdi.

Cəbrayılın işğalı həm də Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun - Qubadlı ilə Zəngilanın mühasirəyə düşməsi demək idi. Rayonun ərazisi 1050 kv.km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun 80-dən çox yaşayış məntəqəsi işğal altındadır.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb. Rayonda 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən məhv edilib.

Cəbrayıl rayonunun işğaldan azad edilən yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı isə 23 ildən sonra özünün doğmalarını yenidən qoynuna aldı. Azərbaycan Ordusunun ötən ilin qısamüddətli aprel döyüşlərində işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə sığınmış Cocuq Mərcanlı kəndinin sakinlərindən 50 ailənin doğma yurda qayıdışı üçün yeni salınan qəsəbə düşmənə ciddi xəbərdarlıq və göz dağıdır. Bu, əslində, Azərbaycan torpaqlarının bir qarış torpağının belə düşmən əsarətində qalmayacağına dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin verdiyi bəyanatın real nəticəsidir.

Ötən əsrin əvvəllərində olduğu kimi, sonlarında da ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bu yerlərdəki milli-mənəvi sərvət sayılan maddi mədəniyyət abidələri yerlə-yeksan edildi. Təəssüf ki, bu işğalçılıq və terrorçuluğa dünya hələ də dözür, təcavüzkar Ermənistan isə havadarlarının köməyi ilə çirkin siyasətini davam etdirməkdə, beynəlxalq hüquq və normaları pozmaqdadır.

Tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələri ilə zəngin Cəbrayıl rayonunun işğala məruz qalmış ərazilərində də tarixin yadigarları az deyildi. Erməni vandalları onları yer üzündən silərək, ya tamamilə məhv etmiş, yaxud da üzərinə xaç çəkməklə “özününküləşdirmə”yə çalışmışdır. Erməni təcavüzkarları Azərbaycanın mədəni irsi olan abidələri xüsusi qəddarlıqla talan edib. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanın dəyərini dəqiqləşdirmək o qədər də asan deyil. Çünki elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onları heç bir meyarla qiymətləndirmək mümkün deyil. Dağıdılmış sərvətlər nəinki Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda min illiklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən başqa, Həkəri və Araz çaylarından qidalanırdı. Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğalı günü (23 avqust 1993-cü il) 50 nəfər canını torpağa qurban verdi. Ümumilikdə isə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda 246 cəbrayıllı şəhid oldu, 91 nəfər əsir və itkin düşdü, 177 nəfər isə əlilə çevrildi.

Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli, Şıxlardakı Dairəvi türbələr, Xudafərin körpüləri, Diridağdakı Qız qalası, Dağtumasdakı Başıkəsik günbəz, Gordubaba dağındakı məzar da məhz həmin mədəniyyətdini məbədlərdən sayılırdı. “Hacı Qaraman”, “Cəbrayıl ata”, “Dül-dül”, “Mazannənə” ziyarətgahları və s. Dağtumasdakı “Tumas ata”, “Divlər sarayı”, Mahmudludakı “Canqulu” və “Qumtəpə” kurqanları, Tatardakı Siklop tikililərin hər biri inanc yerinə və ziyarətgahlara çevrilmişdi.

Rayonun ərazisindəki tarixi yadigarlar yalnız adları çəkilənlər deyil. Burada qədim dövrlərdən qalmaAğoğlan” abidəsi vardı. Tarixi mənbələrdə göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən bir gənc burada dəfn edilib. İslam dini meydana gəldikdən sonraAğoğlan” abidəsi müsəlmanların ziyarətgahına çevrilib.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbaslının bildirdiyinə görə, zəngin memarlıq və arxeoloji abidələr, xalqın minillik qan yaddaşından xəbər verən ayrı-ayrı yaşayış məntəqələri, mühüm tarixi əhəmiyyət daşıyan ərazilər buranın qədimliyini təsdiqləyir: “Rayonun ərazisi başdan-başa tarixi memarlıq abidələri ilə zəngin idi. Araz çayı üzərindəki çoxtağlı Xudafərin körpüləri, Xubyarlı və Şıxlardakı səkkizguşəli və dairəvi türbələr, Dağtumasdakı Başıkəsik günbəz, Sirikdəki qala, Çələbilərdəki məscid-mədrəsə kompleksis. dediklərimizə aiddir. İşğalla bağlı artıq onların taleyindən xəbərimiz yoxdur.

Mazannənə, Mərmərnənə ziyarətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumata görə, Nənə qədim türkdilli tayfalarda Allahın anasının adı olub. Professor Z.İ.Yampolskinin Mazannənə abidəsi barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlıq zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdırılaraq “Ocaqhesab edilib. Həmin abidənin yaxınlığında nişanələri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannənə kəndi adlandırılıb. Bu kəndin ətrafındakı qədim qəbiristanlıqdakı məzarların birinin sinə daşı üstündə yazılıb: “Əziz ibn Seyid Əl-Məhəmməd”. Digər qəbirlərin üstündə hicri 750, 760 və 809-cu illər yazılması da təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri oğuz türkləri, indiki azərbaycanlılar olublar. Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən Mazannənə hesab edilməsi də maraqlıdır”.

Rayonun Dağtumas kəndi yaxınlığındakı Tumasata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Kəndin sakinləri Tumasatanı öz əcdadları sayır və müqəddəs ocaq kimi sitayiş edirdilər.

Erməni işğalçılarının talan etdikləri abidələr xalqımızın tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün qəddarcasına, vəhşicəsinə yer üzündən silinirya erməniləşdirilir. Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin muzeylərində qorunub saxlanan zəngin sərvətlər də talan edilərək Ermənistana daşınmışdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-23 avqust.- S.6.