Svati Sureka: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər

 

Dünyanın müxtəlif ölkələrindən fərqli mədəniyyət və düşüncəyə malik gəncləri bir forumda toplamaq çox gözəl ideyadir. Biz burada müxtəlif peşə sahibləri ilə tanış olur, təcrübələrimizi bölüşür, yeni ideyalar irəli sürürük.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunun iştirakçısı, ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən Kornell Universitetində biologiya üzrə tədqiqatçı Svati Sureka söyləyib. O deyib: “Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər. Bu baxımdan Forumun böyük əhəmiyyəti var”.

Svati Sureka qeyd edib ki, Forumun panel iclaslarının mövzuları günümüzün aktual məsələlərini əhatə edir. Burada təcrübəli insanlarla müzakirələrin aparılması biz gənclərin fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə kömək edir.

Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq Bakıda keçiriləcək bu cür tədbirlərdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb.

 

Azərbaycan.- 2017.-23 avqust.- S.2.