Humanizmə və insanpərvərliyə söykənən çevik idarəetmə fəlsəfəsi

 

Tarix boyu çətin sınaqlarla üzləşən, milli dövlət qurmaq uğrunda şərəfli mübarizə aparan xalqımız bütün dövrlərdə yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, özünəməxsusluğunu, milli kimliyini qoruyub saxlaya bilmişdir. Bu baxımdan azərbaycanlıların milli düşüncə sistemində xeyirxahlıq, mərhəmət, humanizm və nəciblik kimi dəyərlər də daim xüsusi yer tutmuşdur.

Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, xeyirxah işlər görmək həm də xalqımızın etiqad bəslədiyi dini dəyərlərdən irəli gəlir. Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq ilk növbədə onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dərin məzmunlu nitqlərində deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Belə seçilmiş insanlar pak əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edir, zəmanənin problemlərinə əsl ziyalı yanğısı, yüksək vətəndaş təəssübkeşliyi ilə yanaşırlar. Mənəviyyatı maddiyyatdan üstün tutan belə dəyərli ziyalılarımız müxtəlif dövrlərdə yaşasalar da, milli ləyaqət hissinə sadiq qalmış, xeyirxahlıq ənənələrini yaşatmağa, daha da zənginləşdirməyə çalışmışlar.

 

İnsanların güvənc yeri

 

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, ulu öndərin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin möhkəmlənməsinə, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərin qorunmasına çalışan Heydər Əliyev Fondu ötən 13 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirmişdir.

Fondun başlıca məqsədləri həm də xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək; elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq; milli mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq; respublikanın beynəlxalq nüfuzunu daha da artırmaq; milli həqiqətləri dünyaya çatdırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq qurumun məqsədləri sırasında mühüm yerlərdən birini tutur.

Fondun Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti də bəşəri miqyasda rəğbətlə qarşılanır. Son illər UNESCO, ISESCO, UNICEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi də ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi son 13 ildə vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını inamla doğruldur.

Azərbaycanın Birinci vitse-prezidentinin 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatına, 2010-cu ildə isə Fransanın “Fəxri Legion” ordeninə, yenə də UNESCO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi isə onun beynəlxalq nüfuzunun bariz təcəssümüdür.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il iyunun 29-da imzaladığı sərəncamla fondun prezidenti Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, ölkəmizin müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə görə “Heydər Əliyev ordeni” ilə təltif edilmişdir. Bu məqamda Azərbaycanın təşkilatçılığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi faktını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan hələ 2012-ci ildə “Evrovizionmusiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri, sözün həqiqi mənasında, heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Üstəlik, sonrakı mərhələdə - 2015-ci ildə ilk Avropa Oyunları, 2016-2017-ci illərdə “Formula-1” yarışları zamanı respublikamızın nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan da zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası, xalqımıza xas milli koloriti, mətbəxi, ədət-ənənələri, incəsənət nümunələrini Avropaya təqdim etmişdir.

Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi idi. Təsadüfi deyil ki, dövlət başçısının IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaratdığı komissiyaya da Azərbaycan Respublikasınını Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. “Evrovizionmusiqi yarışmasında və ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək zövqlə həyata keçirilmişdir.

 

Fəal vətəndaş mövqeyi

 

Heydər Əliyev Fondunun son 13 illik fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncuümid qapısı” kimi məhz bu ünvanı döyürlər. Bu mənada fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti özü bu barədə belə deyir: “Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridirbu gün biz Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq”.

2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı bir daha təsdiqini tapmışdır. Amnistiya qanunverici tərəfindən humanizm və mərhəmət hissinin mücəssəməsi olub, sadəcə, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüşgeniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir.

Heydər Əliyev Fondunun gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi də mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

FondunDiabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri də cəmiyyətdə böyük rəğbətlə qarşılanmış, bu xəstəliklərdən əziyyət çəkən insanların, ələlxüsus da körpələrin və uşaqların şəfa tapmasına, pulsuz müayinə və müalicə almasına imkan yaratmışdır. Azərbaycanın birinci xanımının dəstəyi ilə ölkədə bir sıra yeni tibb müəssisələri, o cümlədən Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə verilmişdir.

Beynəlxalq miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ, Türkiyə və Rumıniya və digər ölkələrdə filialları olan fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən, o cümlədən zəlzələdən ziyan çəkən insanlara da yardımlar etmişdir. Pakistanda zəlzələdən ziyan çəkən insanlara humanitar yardımın göstərilməsi bu missiyanın Azərbaycan hüdudları ilə məhdudlaşmadığını göstərir. Həmin tədbirlərin davamı olaraq 2012-ci il iyunun 14-də - Beynəlxalq Donorlar Günündə Pakistanda talassemiya, hemofiliyaqan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili, habelə 2 min qanköçürmə paketi təqdim edilmişdir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq eviinternat məktəblərdə mövcud problemlər öyrənilmiş və aradan qaldırılması üçün konkret işlər görülmüşdür.

 

Milli mədəniyyətə qayğı örnəyi

 

UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti hələ 1990-cı illərin ortalarından başlayır. O, 1995-ci ildən “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. Həmin vaxtdan musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, habelə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nunDünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. “Qarabağ xanəndələri” adlı nəfis albomun buraxılması da fondun uğurları sırasında qeyd oluna bilər.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını isə yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir. Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək vermişdir.

 

Gənc nəslin intellektual inkişafının təminatçısı

 

Müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə isə daha 100 ədəd yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr, əsasən, “Təhsil hamı üçün” proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər UNESCO baş direktorunun rəhbərliyi ilə bu qurumun çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar.

 

Milli həqiqətlərin carçısı

 

Ölkəyə rəhbərlik etdiyi son 14 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə olduqca sevindiricidir. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar da mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə AMEA-nın mütəxəssisləri ilə birgə “Pirlər və müharibə” kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilmişdir. Fond hərbi-vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olacaq bilgilərin yer aldığı “Hərbçinin qeyd-yaddaş kitabçası”nın, “Hərbi and” qəzetinin nəşrini də həyata keçirmişdir.

Ölkə reallıqlarının internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqın minillər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədilə 2005-ci ildə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliyinə, habelə istifadə olunmuş texnologiyalara görə ölkədə analoqu olmayan “Azərbaycan” internet portalı yaradılmışdır. İstifadəçilərinin sayı milyonlarla olan portalda Azərbaycanın bugünü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir. “Azərbaycan” internet portalı zəngin informasiya mənbəyi kimi ölkə həqiqətlərinin dünyaya çatdırılmasında da misilsiz rol oynayır.

 

Beynəlxalq əməkdaşlığa layiqli töhfə

 

Son 10 ildə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada, ABŞ-da filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. Bu da təsadüfi deyildir ki, Azərbaycan diasporunun formalaşmasındakı xidmətlərinə görə Leyla xanım Əliyeva Azərbaycan Prezidentinin 5 iyul 2011-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Fondun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycanın dünya miqyasında tanınmasına, üzləşdiyi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət” Beynəlxalq Məlumat-Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla Əliyeva demişdir ki, bu aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. “Bu gün dünyanın bir çox ölkəsində “Xocalıya ədalət” veb-saytının təqdimetmə mərasimi keçirilir, harada ki faciə haqda dolğun məlumat almaq olar”, - deyə Leyla Əliyeva vurğulamışdır.

Fondun Moskva nümayəndəliyinin Rusiya ilə Azərbaycan arasında mədəni dialoqunun genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər də bu baxımdan təqdirəlayiqdir. Qısa müddətlə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində addımlar atmışdır. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan “Bakı” jurnalı Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatlar əldə edə bilirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla xanım Əliyeva təhsil sahəsində həyata keçirilən layihələrə fəal dəstək verir. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü və fəal rəhbərliyi ilə son illərdə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan dilində “bazar günü məktəbləri” açılmışdır. Fondun Moskva filialı bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompüterlərlə təchiz olunmasına kömək göstərir. Fond indiyə qədər İvanovo, Tula, TverSurqut şəhərlərindəki “bazar günü məktəbləri”nə yardım etmişdir.

Leyla xanım Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun Azərbaycanda və bir sıra dünya ölkələrində həyata keçirdiyi insanpərvər layihələrin icrasına da layiqli töhfəsini verir. Fondun Moskva filialının rəhbərinin müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla körpəyə böyük qayğıkeşliklə yardım göstərməsi onun yüksək mənəviyyat sahibi olduğunu göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva dəyərli vaxtını, enerjisini insanların rifahına, firavanlığına, ali bəşəri amalların təbliğinə sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir. Bu fəaliyyətin fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim ön plandadır. Şübhə yoxdur ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfəsini verəcəkdir.

 

Şahsultan HƏSƏNOV,

Rusiya Federasiyasının Prezidenti yanında

İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri

 

Azərbaycan.- 2017.-25 avqust.- S.5.