Gənc müstəqil ölkənin yeni tarixi nailiyyəti

 

Bunu Qarabağın adını daşıyan komandanın qazanması qürur doğurur

 

Siz Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub”.

Bu fikirləri Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağfutbol klubunun heyətini qəbul edərkən söylədi. Dövlət başçısı dedi ki, bu qələbəni Qarabağın adını daşıyan, işğal altında olan Ağdam şəhərini təmsil edən komandanın qazanmasının böyük mənası var. Ona görə də bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir.

Müstəqilliyinin 25 ilini arxada qoyan Azərbaycan dövləti bu gün bir çox sahələrdə əldə etdiyi uğurlarla, həyata keçirdiyi meqalayihələrlə regionun lider dövlətinə, dünya birliyinin isə etibarlı tərəfdaşına çevrilib. Digər inkişaf etməkdə olan dövlətlərdən fərqli olaraq, Azərbaycan bu uğurları müharibə şəraitində ola-ola qazanıb. Torpaqlarının 20 faizinin işğal altında, bir milyondan çox qaçqın və məcburi köçkünü olan bir dövlətin 25 illik zaman kəsimində bu qədər nailiyyətlər qazanması həqiqətən böyük uğurdur. Məhz bu uğurların nəticəsidir ki, bu gün Azərbaycan həm döyüş meydanlarında, həm də idman sahəsində böyük qələbələr qazanır. Bu nailiyyətləri dövlət başçısı belə qiymətləndirir: “Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır”.

Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində dalğalanan Azərbaycan bayrağı, həmçinin Qarabağımızın adını daşıyan komandamızın yaşıl meydanlarda qazandığı zəfərlər düşmənə göz dağı verir. Dövlət başçısının söylədiyi kimi, aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir və idman sevincini xalqımıza idmançılar bəxş edir.

Komandamızın uğurlarının memarı, baş məşqçi Qurban Qurbanov da aprel döyüşlərini xatırladaraq dedi ki, Azərbaycan əsgərinin aprel zəfərindən sonra komandada əlavə bir ruh yaranıb. “Qarabağ”ın bütün legioner futbolçuları bir daha Qarabağı daha yaxından tanıdılar: “Bu, həqiqətən futbolçular üçün böyük ruh yüksəkliyi oldu. Onlar bizim azərbaycanlıların, bizim dövlətimizin mərdliyini gördülər. Düşünürəm ki, bu, bizim builki uğurlarımızda çox böyük bir addım oldu. Bizim üzərimizə düşən budur. Əsgərlərimiz cəbhədə bizi qoruyurlar. Bizim üzərimizə düşən vəzifə onlarınkından daha asandır. Biz də çalışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək”. Həqiqətən də komandanın legionerlərinin sərgilədiyi oyun hər kəsin diqqətini çəkir. Meydanda sonadək mübarizə aparan futbolçuların əzmkarlığından hiss olunur ki, hər bir oyunçu hansı klubu təmsil etdiyini çox yaxşı anlayır.

Ölkəmizin futbol tarixində yeni səhifə açan “Qarabağ”ın bu uğuruna hər kəs sevinir. Çünki bu ad bizim üçün müqəddəsdir. Bu ad çəkiləndə gözümüzün önündə məruz qaldığımız qətliamlar, uğrunda canlarını fəda edən şəhidlərimiz canlanır. Bu adda bir niskinlikintiqam hissi var.

Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyü işlər göz önündədir. Məhz bu fəaliyyətin nəticəsidir ki, bu gün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanı isə işğalçı dövlət adlandırır. “Qarabağ”ın yaşıl meydanlardakı zəfəri və ilk dəfə olaraq ölkəmizi Çempionlar Liqasında təmsil etməsi aparılan bu kampaniyanın tərkib hissəsi olacaq.

Çünki Azərbaycanın işğal altında olan bir şəhərinin komandası dünyanın üç güclü dövlətinin paytaxtında - London (İngiltərə), Madrid (İspaniya) və Roma (İtaliya) şəhərlərində milyonlarla tamaşaçının izlədiyi, yüz minlərlə azarkeşin toplaşdığı, məşhur “Stemford Bric”, “Visente Kalderon”, “Stadio Olimpico” stadionlarında Azərbaycan bayrağını dalğalandıracaq. Bu, həqiqətən qürurverici faktdır.

Eləcə də dünyanın ən güclü komandalarından olanÇelsi”, “Atletiko” və “Roma” klublarının həm öz ölkələrində, həm də digər ölkələrdə yaşayan minlərlə azarkeşi Bakıya təşrif buyuracaq. Təbii ki, oyundan öncə ölkəmizə gələcək insanlar qədimiliklə müasirliyi özündə canlandıran paytaxtımızın füsunkar gözəlliyinin, azərbaycanlıların qonaqpərvərliyinin, buradakı tolerant mühitin canlı şahidi olacaqlar. Bu, həm Azərbaycanın dünyaya təbliğinə, həm də ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərəcək.

Prezident İlham Əliyev məhz bu məsələyə də toxunaraq qeyd etdi ki, bu zəfər ölkəmizin təbliğində çox önəmli hadisədir: “Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır”.

Adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdıran “QarabağAvropada 650-700 klub arasında ilk 32-liyə daxil oldu. Avropanın 32 güclü klubu arasında doğma Qarabağımızı təmsil edən komandanın zəfəri böyük şərəfdir.

Əlbəttə ki, bu qələbə son illər ərzində ölkəmizdə idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropadünya çempionatlarında, istərsə də Olimpiya oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Azərbaycan komanda hesabında Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutdu. “Rio-2016” Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançılarının qazandığı 18 medalla ölkəmiz dünya miqyasında 14-cü yerdə qərarlaşdı. Dövlət başçısının söylədiyi kimi, bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-26 avqust.- S.1; 6.