Gözəlliyin və məhəbbətin rəmzi

 

26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür

 

Elə musiqilər, elə nəğmələr var ki, yaşı bilinmir. Onların bəstəkarı, söz yazarları xalqdır. Təkcə ona görə yox, zamanın gərdişində müəlliflərinin adları unudulub, həm də ona görə ki, onlar mənsub olduğu xalqların tarixinin bir hissəsinə, milli sərvətinə, mənəvi xəzinəsinə dönüb. Muğamlar da tariximizə çevrilib, varlığımıza köçübbu gün bizi dünyada tanıdan ən böyük dəyərlərimizdən biri olub.

Azərbaycan muğamı bu xalqın yaddaş kitabıdır. O, dünənimiz, bugünümüz, gələcəyimizdir. Azərbaycanlılar həmişə muğam dinləməkdən zövq alıblar, bu sənəti yaşadan, qoruyaraq inkişaf etdirən sənətkarları hər zaman uca tutublar. Elektro-texnikanın inkişaf etmədiyi dövrlərdə xanəndələrin möhtəşəm ifalarını lentə almaq, gələcək nəsillər üçün qorumaq mümkün olmayıb. O zaman da xalq öz böyük sənətkarlarını yaddaşlarda saxlayıb. Onların adları dildən-dilə keçib, ifa tərzləri, sənət yolları özlərindən sonra gələn xanəndələrin yaradıcılığında davaminkişaf etdirilib.

Tarixin ayrı-ayrı dönəmlərində muğam sənətinə yanaşmada haqsızlıqlara da yol verilib, onu gözdən salmaq istəyənlər tapılıb. Xüsusilə sovet hakimiyyətinin ən sərt dönəmlərində, 1930-cu ildən 1970-ci ilədək muğam sənətinin bəsit, primitiv olduğunu iddia edənlər tapılıb. Ancaq bu sənətin qiymətini bilənlər onu yenə yüksək tutublar. Xalq o illərdə də öz milli kimliyini ifadə edən dəyərləri qorumaq gücündə, qüdrətində olduğunu muğam sənətinə münasibəti ilə də bir daha göstərib.

Bu sənəti yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, ümumilikdə dünyada sevənlər çoxdur. Muğam bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən sayılır. Dünya mədəniyyətində onun özünəməxsus yeri var. UNESCO hələ 1971-ci ildə 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılıb.

Muğamlarımız yalnız Yer kürəsi sakinlərini heyran etmir. 1977-ci ildə ABŞ Milli Kosmik Agentliyi Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini peyklə kosmosa göndərib.

Xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyinin daha bir bariz nümunəsi də budur: 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi Günü kimi qeyd olunur. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilib.

Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi Günü elan olunması Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə göstərilən diqqət, maraq, yüksək dəyərdir.

26 avqust tarixi bütün muğamsevərlərin, xüsusilə də bu sənəti qoruyub yaşadan, təbliğ edənlərin bayramıdır. Hər ilin həmin günü bir daha dünyanı öz sehrinə salan Azərbaycan muğamları bu sənətin xalqımızın tarixində dərin kökləri olduğunu bir daha bəyan edir.

Azərbaycan muğamları bu gün ən gözəl çağlarını yaşayır. Çünki dünyada da, öz vətənində də layiqli qiymətini alır. Hər bir azərbaycanlı üçün qürurvericidir ki, ölkəmiz müstəqildir və öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq iqtidarındadır. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur, təbliğ edilir, inkişaf etdirilir. Milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin təbliği sahəsində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət var. Belə ki, ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Regionlarda muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunub. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar təşkil edilir. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan muğam müsabiqəsi də bu sənətin yaşadılması, təbliği və inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

Həmçinin fond tərəfindən 2007-ci ildə muğamın qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə muğam müsabiqəsi keçirilib.

2008-ci ildə, həmçinin, fondun Azərbaycan muğamına həsr olunan daha bir nəşri - “Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) Azərbaycan, rusingilis dillərində nəşr edilib.

Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələr həyata keçirilməkdədir. “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunub.

Dünyada ilk dəfə olaraq, respublikamızın paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı və onun çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, eləcə də dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak ediblər.

Qeyd edək ki, muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Ümumiyyətlə, Mehriban xanım Əliyeva Azərbaycan muğamının təbliğinə və inkişafına böyük diqqət və qayğı göstərir. O, bənzərsiz sənətlə bağlı deyib: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.

Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında peşəkar musiqiçilərimizin və xanəndələrimizin də rolu böyükdür. Onlar dünyanın əksər ölkələrinin konsert salonlarında müxtəlif milli mənsubiyyətə, fərqli dilə mənsub olan tamaşaçıların qarşısında bu təkrarsız sənət nümunələrini böyük sevgi ilə təqdim edirlər. Onların səsləndirdikləri “Rast”, “Şur”, “Humayun” “Çahargah”, “Segah”, “Bayatı-Şiraz” və digər muğamlar musiqisevərlərin qəlbini riqqətə gətirir.

Azərbaycanda keçirilən beynəlxalq musiqi tədbirlərinin hər birində muğam elementlərinin olması da dünya musiqiçiləri tərəfindən maraqla qarşılanır.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.-26 avqust.- S.4-5.