Xalçaçılığın genişləndirilməsi qeyri-neft sektorunun inkişafına xidmət edir

 

Yaxın illər ölkədə “Azərxalça”nın 30-dan çox fabriki fəaliyyət göstərəcək

 

 Avqust ayında Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində burada “Azərxalça” ASC-nin filialının açılışında iştirak etdi. Tikintisinə keçən il başlanılan və inşası bu il başa çatan, ümumi sahəsi 1100 kvadratmetr təşkil edən, 150 toxucu və inzibati-təsərrüfat bölümündə çalışan daha 12 nəfərin yerinə çevrilən yeni müəssisə Şəmkir rayonunun iqtisadiyyatına sanballı töhfə oldu.

 Müəssisənin binası toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgah quraşdırılıb. Emalatxana eləcə də zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Xatırladaq ki, Şəmkirdə fəaliyyətə başlayan bu müəssisə “Azərxalça”nın sayca ikinci filialıdır. “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncamı Prezident İlham Əliyev keçən ilin may ayında imzalamışdır. Noyabr ayında isə bu qurumun Füzuli rayonunun Horadiz şəhərindəki ilk filialının açılışında iştirak etmişdir. Həm Horadizdəki, həm də Şəmkirdəki filiallarda ümumən Azərbaycan xalçaları toxunur. Bununla belə, işin əsasında hər regionun öz xalçaçılıq ənənələri dayanır. Belə ki, Horadiz filialı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən birini - Qarabağ xalçaçılıq məktəbini təmsil edir. Yeni filialda isə Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Ən müasir standartlara cavab verən fabrikdə istehsal edilən xalçalar həm daxili bazarlarda, həm də xarici ölkələrdə satılacaq. Beləliklə, həm ölkəyə gəlir gələcək, həm müəssisənin yerləşdiyi ərazilərdə yaşayan qadınların məşğulluq problemi həll olunacaq, həm də qədim xalçaçılıq sənətimiz dünyada bir daha nümayiş etdiriləcək. Belə ki,  Azərbaycan xalçalarının ixrac coğrafiyasının genişlənməsinin ölkəmizin təbliğatı, tanıdılması istiqamətində böyük mənası var.

Satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalçaxalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.

Şəmkirdə xalçaçılarla söhbət zamanı Prezident İlham Əliyev demişdir: “Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan - onların mütləq əksəriyyəti qadınlar olacaq - daimi işlə təmin ediləcək. Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçaçılıq məktəbi mövcuddursizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız”.

Xalçaçılıq həqiqətən də azərbaycanlı xanımların nəsildən-nəslə ərməğan verdiyi sənətdir. Şəmkirin Tatarlı kəndindən olan xalçaçı Zəminə İsgəndərovanın dediyi kimi: “Bu, nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar”.

Təqdirəlayiqdir ki, toxucular işə kor-koranə qəbul edilməyiblər, bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarını keçib, çalışdıqları sahədə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Kurslar filial fəaliyyətə başladıqdan sonra da davam edəcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Hazırda həmin kurslarda qonşu Tovuz, AğstafaQazax rayonlarından gəlmiş xalçaçılar da iştirak edirlər. Çünki bu ilin sonunadək həmin rayonlarda da filiallar  açılacaq. Üç filialda 450 nəfər xalçaçı çalışacaq. Gələcəkdə isə “Azərxalça”nın işçilərinin sayının 5 mini ötəcəyi gözlənilir.

“Azərxalça”nın Şəmkir filialındakı görüşlər zamanı ümumiyyətlə, xalçaçılığın perspektivləri barədə də söhbət getdi. Belə ki, indi xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər görülür. Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur. Belə bir müəssisənin açılması xaricdən boya idxalını azaltmaq məqsədi daşıyır. Yun tədarükü məsələləri də öz həllini tapır.

Azərbaycanda eyni zamanda ipəkçilik də sürətlə inkişaf etdirilir. İndi həmçinin ipək xalçaların toxunması gündəmdədir. Beləliklə, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan verəcək.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-27  avqust.- S.1; 3.