Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşüblər

 

Azərbaycan Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikasının xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü çərçivəsində noyabrın 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.

Nazirlər dövlət başçılarının qarşılıqlı səfərlərini, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il oktyabrın 20-də İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını və bunun ardınca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etmək üçün Bakıya səfərini xüsusi vurğulayıblar.

Görüşdə hər iki ölkə prezidentinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələri təqdir edilib və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki ölkənin iştirakçısı olduğu Qərb-Şərq nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına və layihənin imkanlarından istifadə edəcək dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər hər iki ölkənin iştirakçısı olduğu “Asiyanın Qəlbi” - İstanbul Prosesininbu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransının əhəmiyyətini qeyd ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verib.

Nazirlər, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd ediblər və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələrimiz arasında əməkdaşlığın inkişafını təşviq edəcəyinimühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildiriblər.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.7.