Görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyi qeyd edilib

 

Dekabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Prezident İlham Əliyevin Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən reallaşan tədbirdə əvvəlcə qonaqlar sənətkarın ömür yolunu əks etdirən fotosərgiyə baxıblar.

Gecədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından danışıb.

Vurğulanıb ki, 1937-ci il noyabrın 2-də yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan bəstəkar 1954-cü ildə o vaxtkı Azərbaycan Milli Konservatoriyasında (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsil alıb. Daha sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Yuri Şoporinin bəstəkarlıq sinfində təhsilini davam etdirən E.Sabitoğlu sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, konservatoriyada müəllim işləyib.

O qeyd edib ki, 600-dən artıq mahnının müəllifi olan bəstəkar 9 musiqili komediya və 40-dək filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Bu dənizin gözü yaşlı sənsiz” və digər onlarla mahnısı dinləyicilərinin qəlbini ram edərək böyük sevgi qazanıb.

E.Sabitoğlunun milli kinolarımızın bəzəyi olan bəstələrindən söz açan Firəngiz Əlizadə deyib ki, onun kino yaradıcılığı 1962-ci ildə çəkilmiş “Dağlarda zavod” sənədli filmi ilə başlanır. SonraBizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Od içində”, “Ad günü”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və digər filmlərə bəstələdiyi mahnılar onu xalqının yaddaşında əbədi olaraq heykəlləşdirib.

Bəstəkarın sənətinə böyük məhəbbətlə vurğunluğundan söz açan F.Əlizadə onun yaratdığı mükəmməl musiqi incilərinin bu sevgidən qaynaqlandığını söyləyib.

Tədbir konsert proqramı ilə davam edib.

Bəstəkarın əsərlərinin səsləndiyi gecədə solistləri Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri müşayiət edib.

 

Azərbaycan.- 2017.-2 dekabr.- S.7.