Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Əlcəzairdə səfərdədir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzair Xalq Demokratik Respublikasında rəsmi səfərdədir.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində AMEA ilə Əlcəzair ElmTexnologiyalar Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb. Həmçinin Əlcəzairin ətraf mühit və bərpa olunan enerji naziri Fatimə Zəhra Zərvati, təhsil və peşə hazırlığı naziri Muhəmməd Mübarəki, həmçinin ElmTexnologiyalar Akademiyasının prezidenti İlab Yakir Müleykə ilə görüş keçirilib.

Görüşdə xanım Fatimə Zəhra Zərvati hər iki ölkənin elmi qurumları arasında əlaqələrin qurulması və birgə strateji layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Akademik A.Əlizadə Əlcəzairdə fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin qurulması, iki ölkə arasında kadr və təcrübə mübadiləsinin aparılması, dünya elminin prioritet istiqamətlərində birgə tədqiqatların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində Əlcəzair Respublikasının Baş naziri Əhməd Ouyəhya da akademik Akif Əlizadəni qəbul edib. Qəbulda akademik Rasim Əliquliyev, Əlcəzairin Ali təhsil və elmi axtarışlar üzrə naziri Tahir Həccar və digər rəsmi şəxslər iştirak edib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2017.-2 dekabr.- S.5.