Fəvvarələr meydanında növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb

 

Dekabrın 1-də Fəvvarələr meydanında “Nargis Fundun rəhbərliyi və “A+A Eventsin təşkilati dəstəyi ilə növbəti, beşinciSoyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. AZƏRTAC xəbər verir ki, yarmarka 2018-ci il yanvarın 15-dək davam edəcək.

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında səhnə qurulub. Səhnədən ətrafa oynaq musiqi sədaları yayılır. Kiçik taxta köşklərdə qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri və s. təklif olunur.

Nargis Fundun icraçı direktoru Nərmin Əliyeva müsahibəsində bildirdi ki, artıq beşinci ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf ediləcək. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxt sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyat və hədiyyələr gözləyir. Ümumilikdə, Fəvvarələr meydanında 46 kiçik taxta “evlər” təsis edilib. Buradan hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyats. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokoladya çay içə, təzə şirniyyatdanmilli yeməklərdən dada bilər. Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.

Nərmin Əliyeva qeyd edib ki, “Nargis” xeyriyyə fondu 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis olunub, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub. Yarandığı gündən fond tərəfindən bir sıra xeyriyyə layihələri reallaşdırılıb, uşaqqocalar evlərinə, aztəminatlı ailələrə maddi yardım göstərilib, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və cərrahi əməliyyatları həyata keçirilib.

ABŞ-dan olan qonaqlar Polina Zaberfield  Vilyam Zaberfield Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər. Bakıya ikinci dəfə gələn cütlüyün burada Yeni ilə belə gözəl və yüksək hazırlığın onlar üçün gözlənilməz olduğunu deyiblər.

Pakistandan Bakıya Yeni ili qeyd etmək üçün gəlmiş turist Zulfikar Siyal deyib: “İlk dəfədir Bakıdayam. Paytaxtınız çox canlı şəhərdir. Burada insan özünü nağıldakı kimi hiss edir. Mənim Pakistanda 16 kitabım işıq üzü görüb, düşünürəm ki, gələcəkdə Bakı haqqında da bir kitab yazım”.

Artıq bir neçə gündür  Bakıda olduğunu deyən Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş turist Abdulraxman İbn-Faysal şəhərimizlə bağlı fikirlərini bölüşüb: “Dayanmadan canlı həyat yaşayan Bakı, hər an müasirliyi, əsrarəngizliyi və təkrarolunmazlığı ilə təəccübləndirir. İndidən deyə bilərəm ki, mən növbəti dəfə də əminliklə Bakıya qayıtmaq istəyəcəyəm. Gördüklərimi dostlarımla sosial şəbəkələrdə bölüşdükcə, onlar da Bakıya gəlmək istədiklərini bildirir”.

Qeyd edək ki, “Nargis Fundun fəaliyyəti barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri Nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar: Instagram: Soyuqelleristiurek

Yarmarkanın açılış mərasimində xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Miri Yusif və digər ifaçılar çıxış etdilər.

 

Azərbaycan.- 2017.-2 dekabr.- S.7.