Bakıda “Reinkarnasiya - tanımadığınız İçərişəhər” sərgisi açılıb

 

Dekabrın 1-də “Zəncirli mülk” binasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaranmasının 10 illiyinə həsr olunanReinkarnasiya - tanımadığınız İçərişəhər” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək sərginin qədim tarixə malik olan İçərişəhərin rəssamların gözü ilə təqdim olunmasındakı əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, sərginin məqsədi gənc nəsli maarifləndirməklə bərabər, qədim şəhəri müasir rəssamların təqdimatında sevdirməkdir.

Qeyd edilib ki, sərgidə müasir Azərbaycan rəssamlarının interpretasiya edərək, qədim şəhərin sirli və əfsanəvi abidələrinin dili ilə danışaraq yaratdıqları maraqlı əsərlər yer alıb. Hazırlanmış instalyasiyalar və rəsmlər insanları düşündürərək şəhərin sirlərini açmağa sövq edir. Hər bir əsərdə yeni məqam və məna görən tamaşaçı İçərişəhəri özünün gördüyü kimi tanıyaraq sevir.

Diqqətə çatdırılıb ki, “Tanımadığınız İçərişəhər” adlı sərgi Azərbaycan Milli İncəsənət Muzeyində “Reinkarnasiya - incəsənətdə ruhlar dövranı”, AMEA Milli Azərbaycan Tarix Muzeyində “Reinkarnasiya - tarixi eksponatlar” adlı silsiləli layihənin davamıdır.

Dekabr ayı ərzində davam edəcək sərgi tamaşaçıların böyük marağına səbəb olub.

 

Azərbaycan.- 2017.-2 dekabr.- S.7.